• cümə, 29 Mart, 08:40
  • Baku Bakı 5°C

Ölkənin iqtisadi təhlükəsizliyinə Naxçıvan töhfəsi - Fotolar

28.03.17 13:30 2002
Ölkənin iqtisadi təhlükəsizliyinə Naxçıvan töhfəsi - Fotolar
Azərbaycanda sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün əlverişli hüquqi baza mövcuddur. 1992-ci ildə qəbul edilmiş "Sahibkarlıq fəaliyyəti haqqında” qanun ölkəmizdə sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində də azad sahibkarlıq hüququ haqqında qeydlər yer alıb. Bildirilib ki, hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən bu Konstitusiyada hər bir sahibkarın öz fəaliyyətini həyata keçirməsi üçün qanunvericiliyə əməl etməklə hansı hüquqlara malik olması açıq şəkildə göstərilib. Qanunlarla yanaşı, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə iqtisadi sahədə aparılan islahatlar və qazanılan uğurlar, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyə qədər imzalanan çoxsaylı fərman və sərəncamlar da dövlətin iqtisadi təhlükəsizliyi ilə bilavasitə bağlı olan sahibkarlıq fəaliyyətinin inkişafına səbəb olub.

Qeyri-neft sektorunda sənayenin çəkisi

Son illərdə də sahibkarların dövlətin iqtisadi və sosial təhlükəsizliyi modelində yeri və rolu nəzərdən qaçırılmayıb, bu istiqamətdə islahatlar həyata keçirilib. Bunun nəticəsində qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu isə qeyri-neft sektorunun inkişafında sənaye parkları və məhəllələrinin əhəmiyyətini daha da artırıb. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, rəqabət qabiliyyətli sənaye istehsalının genişləndirilməsi, elm tutumlu və innovativ istehsalın gücləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdən birini təşkil edib. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla həyata vəsiqə alan sənaye məhəlləsi, texnoparklar ölkəmizdə qeyri-neft sektorunun, sənayenin, sahibkarlığın daha da inkişafı üçün atılan əhəmiyyətli addımlardandır.

Qanunvericilik bazası

Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafına hesablanmış belə iqtisadi islahatlar Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, qədim oğuz-türk yurdu Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Belə ki, sənaye parklarının əhəmiyyətli cəhətləri nəzərə alınaraq, muxtar respublikada sahibkarlığın dəstəklənməsinin bir yolu kimi sənaye parklarının yaradılmasına başlanılıb. İlk öncə bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2013-cü il 6 iyun tarixli fərmanı ilə "Sənaye parkları haqqında Əsasnamə” təsdiq edilib. Bu Əsasnamə sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm dövlət sənədidir. Sahibkarların həvəsləndirilməsi üçün stimullaşdırıcı tədbirləri də nəzərdə tutan əsasnaməyə görə, iş adamları və özəl şirkətlər sənaye parkında parkın operatoru ilə müqavilə bağlamaqla fəaliyyət göstərə bilərlər. Bunun üçün onlar parkda həyata keçirmək niyyətində olduqları investisiya layihəsi və başqa sənədlərlə idarəedici şirkətə müraciət etməlidirlər.

Kiçik və orta sahibkarlığın inkişafına zəmin

"Sənaye parkları haqqında Əsasnamə”də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra tədbirlər də həyata keçirilib. Sənaye parkının yaradılması uyğun hesab edilən dövlət, xüsusi, həmçinin bələdiyyə mülkiyyətində olan torpaq sahələri haqqında təkliflərin hazırlanması istiqamətində işlər tamamlanıb və bir sıra layihələr hazırlanıb. Naxçıvan-Sədərək magistral avtomobil yolunun 12-ci kilometrliyində 50 hektar ərazidə və Babək rayonunun Araz kəndindəki 20 hektar ərazidə dövlət mülkiyyətinə aid olan torpaq sahələri sənaye parklarının yaradılması üçün təklif olunub. Sənaye parklarının bir əhəmiyyəti də ondadır ki, burada istehsal olunan məhsullar kiçik və orta sahibkarlığın inkişafına zəmin yaradır, onlarla yeni istehsal sahələrinin yaradılmasına və inkişafına təkan verir. Elə bu məqsədlə muxtar respublikada istehsal sahələri və infrastruktur nəzərə alınmaqla izolyasiya materialları, qiymətli metallardan hazırlanmış zərgərlik məmulatları, kafel, metlax və seramik məmulatları, elektrik akkumulyatorları, elektrik naqilləri, fərdi mənzillər üçün kombi, su, qaz və elektrik sayğacları, birdəfəlik tibbi şpris, qaynaq üçün elektrod, məişət avadanlıqları və elektronik cihazlar, məktəbli və ofis ləvazimatları, sumbata bezi (pas kağızı), divar kağızı (oboy), qələm istehsalı, istismar müddəti başa çatmış avtomobil şinlərinin utilizasiyası, şurup istehsalı, yivli metal qapaq, element, birdəfəlik plastik tara, dərman preparatları, kosmetik məqsədli yağ, ekstrat və preparatlar, balıq yemi, konservləşdirilmiş qarğıdalı, südlü uşaq yeməyi, meyvəli yoqurt, bitki yağı istehsalı sahələri və digər bu kimi 32 məhsul istehsalı üzrə layihələrin hazırlanması üçün təkliflər verilib. Xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin öyrənilməsi istiqamətində də muxtar respublikada bir sıra tədbirlər həyata keçirilib.

Beynəlxalq təcrübənin öyrənilməsi

Muxtar respublikanın nümayəndə heyəti Araz Azad Ticarət Zonası ilə tanışlıq məqsədilə İran İslam Respublikasına səfər edib, bu sahədə həmin ölkənin təcrübəsi ilə yaxından tanış olublar. Həmçinin Çin Xalq Respublikasında "Azərbaycanda sənaye parkının tikintisi” mövzusunda keçirilmiş seminarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı da iştirak edib. Təlim proqramı çərçivəsində Çin Xalq Respublikasının Kommersiya Nazirliyi yanında Məmurlar üçün Beynəlxalq Biznes Akademiyası ekspertlərinin tövsiyə və təcrübələri öyrənilib. Bütün bu hazırlıqlardan sonra 2014-cü ildən başlayaraq "Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən Kəngərli rayonunun Böyükdüz massivində yeni sənaye şəhərciyinin yaradılmasına başlanılıb. Bu şəhərcikdə inşa olunan zavodlarda alçipan örtüklər, gips, əhəng və məsaməli beton istehsal etmək planlaşdırılıb. İlk növbədə əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib. "Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli mütəxəssislərinin və müasir maşın-mexanizmlərin cəlb olunduğu obyektdə inşaat işləri vaxtında və keyfiyyətlə aparılıb. Buradakı zavodlara Çin Xalq Respublikasının bu sahədə qabaqcıl təcrübəyə malik şirkətlərindən müasir texnoloji avadanlıqlar alınıb gətirilib. İdxal olunan avadanlıqlar həmin şirkətlərin mütəxəssisləri tərəfindən quraşdırılıb. Beləliklə, 2015-ci ilin sonunda istifadəyə verilən zavodlarda ildə 2 milyon kvadratmetr alçipan örtük, 40 min ton gips, 150 min kubmetr məsaməli beton və 36 min ton əhəng istehsal edilir. Bu da daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan yaradır.
Əhalinin məşğulluğunun təmin olunması

Halbuki, əvvəllər bu inşaat materiallarına olan tələbat xaricdən idxal olunan məhsullar hesabına ödənilir, əlavə daşınma xərci çəkilir, bir sözlə, milyonlarla vəsait xaricə axırdı. Amma yeni layihələrin reallaşması ilə bu problem aradan qalxıb. Bununla yanaşı, sözügedən istehsal müəssisələrinin yaradılması əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması üçün müəssisədə çalışan işçilər əvvəlcə ixtisasartırma kurslarına cəlb olunublar. Bu kursları müvəffəqiyyətlə bitirənlər sonradan yeni müəssisələrdə işlə təmin olunublar. Hazırda həmin zavodlarda 200-dən artıq muxtar respublika sakini daimi işlə təmin olunublar. Bu da imkan verib ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.

Bir ildə 47 yeni istehsal və xidmət sahəsi

Ümumiyyətlə, bu kimi çoxsaylı sənaye müəssisələrinin həyata vəsiqə alması nəticəsində 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında inkişafın əsas göstəricisi kimi ümumi daxili məhsul istehsalının həcmi bir il öncəki dövrlə müqayisədə artaraq 2 milyard 500 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi 5 min 771 manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq göstəricisinə nisbətən 3,4 faiz çoxdur. Ümumi daxili məhsul istehsalının 60 faizə qədərinin real sektorun payına düşməsi dayanıqlı inkişafın təmin olunmasına öz təsirini göstərib. Ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş 33 hüquqi və 2173 fiziki şəxsin dövlət qeydiyyatına alınması təmin edilib, bank və kredit təşkilatları tərəfindən sahibkarlığın inkişafı məqsədilə 17 milyon manatdan çox kredit verilib. Bunların nəticəsi olaraq, 2016-cı ildə daha 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin xüsusi çəkisi 87 faizi ötüb. Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunur. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan məhsulların daxili bazarda dövriyyəsini təmin etmək və onların ixrac potensialını artırmaq məqsədilə "Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də yaradılıb. Bütövlükdə isə 2015-ci illə müqayisədə 2016-cı ildə sənaye məhsulunun həcmi artaraq 942 milyon manatı ötüb.

Qarşıda duran əsas vəzifələr

Sonda onu da əlavə edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatların, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə regionların tarazlı inkişafına, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə, ixracyönümlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Çünki enerji və ərzaq təhlükəsizliyi ilə bərabər, sənaye məhsulu istehsalı da ölkənin iqtisadi təhlükəsizliyinin əsas şərtlərindən biridir. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizin bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Kəngərli rayonunun Böyükdüz massivində salınan yeni sənaye şəhərciyi də muxtar respublikada həyata keçirilən sənayeləşmə prosesinə parlaq bir nümunədir. Bu sənaye şəhərciyinin timsalında əminliklə demək olar ki, qazanılmış təcrübələr sayəsində, gələcəkdə də muxtar respublikada yeni sənaye parkı, məhəllələri və şəhərciklər yaradılacaq, iri sərmayə qoyuluşundan ibarət çoxsaylı layihələr uğurla reallaşdırılacaqdır.

Hafizə ƏLİYEVA,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

banner

Oxşar Xəbərlər