Ölkəmizi turistlərə tanıdan peşə - Reportaj

Ölkəmizi turistlərə tanıdan peşə - Reportaj

Gənclik qəzeti
25 Oktyabr 2019, 15:30 2336
"Keçən dərsimizdə Gülüstan, Türkmənçay müqavilələri, bir zamanlar mövcud olan xanlıqlar dönəmindən danışdıq. Bugünkü dərsimizdə isə ən incə, həssas məqamlardan birinə toxunacağıq. Əmin olun ki, bu sualı sizə çox verəcəklər. Bu, millətin adı ilə bağlıdır. Çünki müxtəlif tarixi dönəmlərdə fərqli adları olub. Daha sonra isə ölkəmiz haqqında ən çox verilən coğrafi suallardan danışacağıq. Yadınızda saxlayın, əgər onlar bizdən çox bilsələr, biz uduzarıq”.  
 
Əminəm ki, bir çoxunuz yazının girişini oxuyanda bu dəfə ki reportajımızın tarix və ya coğrafiya dərsindən olduğunu düşündünüz. Amma elə deyil, bu dəfə Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə "Baku Guide Service”in tərkibində keçirilən "Bələdçilik” kursuna baş çəkdik, bir dərs prosesində iştirak etdik.
 
Saat yarımlıq dərs, demək olar ki, ölkəmizin tarixi və coğrafi əsaslarına həsr olundu. Sözün açığı, dərs ilk dəqiqələrdə sıxıcı gəlsə də, müəllimin verdiyi məlumatlar sonrakı təəssüratı dəyişdi.
 
Öyrəndik ki, bu kursda dərslər iki hissədən - mühazirə və seminardan ibarətdir. Biz mühazirə dərsində iştirak etdik. Müəllim bir saat dərsi izah etdikdən sonra yarım saat iştirakçılarla sual-cavab oldu. 
 
Bələdçi tərəddüd etsə...
 
Dərs bitdikdən sonra kursun müəllimi, tarixçi Anar Abbasovla həmsöhbət oluruq: "Dərslərimiz bir neçə hissəyə bölünür. Bələdçinin peşə fəaliyyəti, yəni ekskursiyanı aparmaq qaydaları, mikrofonu necə tutması, səs tembri və s. kimi mövzuları artıq keçmişik. Hazırda mətnləri keçirik. Biz ekskursiya bələdçisi hazırlayırıq. Onlar adi bələdçidən və ya tərcüməçidən fərqlənməlidir. 6 ildir bu sahədə işləyən biri olaraq deyə bilərəm ki, ekskursiya zamanı sualların 70-80%-i məhz tarix və coğrafiyadan olur. Üstəlik, kursumuzun iştirakçılarının böyük əksəriyyəti rusiyalı qonaqlarla işləyəcəklər. Həmin qonaqların bir çoxu bu tarixi məlumatları bilirlər. Ona görə, tarixi bilikləri yüzdə doxsan səviyyədə olmalıdır. Əgər bələdçi turistə informasiya verən zaman hansısa mövzuda tərəddüd etsə, bu zaman onun dediklərinə inanmayacaqlar”. 
 

 
Anar müəllim deyir ki, dərs proqramı Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov tərəfindən tərtib edib olunub, bu günədək bütün qruplarda tədris bu proqram əsasında aparılıb: "Ancaq yenə də daim araşdırma edirik, turistlər üçün hansı məlumatların maraqlı olduğunu, ekskursiya zamanı nələrin daha çox sual edildiyini öyrənib dərsdə tətbiq edirik. Bu cür informasiyalar əsasında qurulan ekskursiyalardan turistlər çox razı qalırlar”.
 
Kursun müddəti 3 aydır. Ölkəmiz, regionlarımızla bağlı məlumatların hamısını bu müddətə sığdırmaq nə dərəcədə mümkündür? Anar müəllim deyir ki, 3 aylıq kurs müddətində bələdçiləri bölgələr üzrə yetişdirmək imkanı olmur: "Ona görə çalışırıq ki, ümumi olaraq həm coğrafi, həm də tarixi baxımdan məlumatlar verək. Digər tərəfdən, bütün məlumatları dərhal vermək də mümkün deyil. Çünki elə iştirakçılar olur ki, bələdçiliyə sıfırdan bu kursla başlayır. Həmin şəxsi birdən-birə 3 aya bu qədər informasiya ilə yükləmək olmaz. Ekskursiyaların böyük hissəsi Bakı ərazisində təşkil edildiyindən məlumatların bir çoxu Bakı və Abşeron yarımadasını əhatə edir”.
 
Turistlər istənilən sualı verə bilər
 
Anar müəllim deyir ki, dərslər həm nəzəri, həm də təcrübə xarakterli olur. Nəzəri olaraq bəzi informasiyaları verdikdən sonra, onlar təcrübə vasitəsilə də öyrədilir: "Təcrübədə ekskursiyanın necə aparılmalı olduğunu göstəririk. Məsələn, ilk ekskursiyamız keçən həftə İçərişəhərə baş tutdu. İkincisi isə dünən oldu və məni çox təəccübləndirdilər. Çox hazırlıqlı gəlmişdilər. Təbii ki, bir sıra çatışmazlıqlar var idi. Bəziləri informasiyanı utanaraq verirdi, bəziləri tam fikrini ifadə edə bilmirdi. Bunlar ilk dəfə üçün normaldır. Düşünürəm ki, kursun sonuna hər biri sərbəst şəkildə şəhərimizə gələn turistlərə bələdçilik edə biləcək”.
 

 
Anar müəllim qeyd edir ki, əslində, bir şəxsin bələdçi kimi yetişməsində 3 aylıq kurs kifayət etmir: "Bələdçilik peşəsi çox dərin sahədir. Kurs müddətində biz işin 50 faizini öyrədə bilirik, qalan 50 faizi isə gələcəkdə iştirak edəcəkləri ekskursiyalar və araşdırmalar zamanı öyrəniləcək. Bizim öyrətdiyimiz materialla 3-4 ay bələdçi kimi fəaliyyət göstərə bilərlər. Lakin növbəti mərhələdə özləri daha çox araşdırmalı, yeni informasiyalar əldə etməlidirlər. Turistlər istənilən sualı verə bilər. Ona görə biz hər informasiyanı bütün xırdalıqlarına qədər öyrədirik”.
 
Dərs zamanı Anar müəllim "əgər onlar bizdən çox bilsələr, biz uduzarıq” deyə bir cümlə işlətdi. Maraqlıdır, gələn turist haqqımızdan bizdən çox informasiyalı ola bilərmi? Həmsöhbətimiz bunun mümkün olduğunu deyir: "Bəli, təəssüf ki, bu cür hallar da baş verir. Məsələn, Azərbaycanın 1992-ci ildə müstəqillik əldə etdiyini, 1918-ci ildə ilk dəfə dövlət qurduğunu, Səfəvi dövlətinin 1501-ci ildə yaradıldığını bilməyən bələdçilərimiz var. Amma bunları turistlər bilir. Çünki hazırlıqlı gəlirlər. Turistlərin əksəriyyəti gedəcəkləri ölkə ilə bağlı məlumat toplayırlar. Hansısa suala cavab verə bilməyəndə bizim üçün böyük ayıb olar”. 
 
 
 
Biz tələbələrimizi işlə təmin etmirik, amma...
 
Anar müəllimlə söhbətimizi yekunlaşdırıb AzTA-nın icraçı direktoru Əhməd Qurbanov və "Baku Guide Service” direktoru Teymur Mahmudzadə ilə kursla bağlı danışırıq. Əhməd bəy qeyd edir ki, ilk "Bələdçilik” kursu 2015-ci ildə təşkil edilib: "Ölkəmizdə turizm sahəsinin inkişafı bələdçilik peşəsinə tələbat yaratdı. Çünki həmin dövrdə hərtərəfli şəkildə yetişmiş bələdçi yox idi. Ona görə düşündük ki, ölkəmizdə belə bir kursa ehtiyac var. İlk kursumuz ödənişsiz oldu. 100 nəfər arasından 17-si kursda iştirak etmək hüququ qazandı. İlk buraxılışımızda o vaxtkı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev şəxsən iştirak etmişdi. İndi isə kursumuz ödənişlidir və 3 aylıq 450 manatdır. Sonda isə sertifikat veririk hansı ki, bu sertifikatlar ölkəmizdə fəaliyyət göstərən muzeylərdə, tarixi qoruqlarda və turizm şirkətlərində tanınır. Biz tələbələrimizi işlə təmin etmirik. Ancaq çoxsaylı turizm şirkətləri bizə müraciət edib bələdçi istəyirlər, biz də iştirakçılarımızı onlara yönləndiririk”.
 
Teymur Mahmudzadə isə bələdçilər üçün vacib olan nüanslardan, iştirakçıların seçim mərhələsindən danışdı: "Bələdçiliyin əsas tələblərindən biri ölkəmiz haqqında kifayət qədər bilgi sahibi olmaq və xarici dil biliyinin olmasıdır. Yəni bizim kursa yazılan hər kəs bilməlidir ki, turistlə işləyəcək və ən azından rus-ingilis dilində danışmağı bacarmalıdır. Təbii ki, kursumuza heç bir dil biliyi olmayanlar da yazıla bilər. Amma bu, onun sabah iş tapmasında problem yaradacaq. Çünki dil bilmirsə, turist sual verəndə, nə onu başa düşəcək, nə də cavab verə biləcək. Seçim mərhələsi isə çox sadədir. Kursa qoşulacaq şəxslərə ali təhsil tələbi də qoymamışıq. Çünki onsuz da dərs prosesində əsas məlumatlarla təmin edirik. Amma bələdçi üçün ali təhsilin, dünyagörüşünün geniş olması üstünlükdür. Digər tərəfdən, insanın nitqinə, özünü ifadə etmə qabiliyyətinə fikir veririk”.   
 

 
Bildiklərimizin təqdimatı çox önəmlidir
 
Daha sonra iştirakçılara yaxınlaşıb onların da fikirlərini öyrənirik. İlk həmsöhbətimiz Sevda Əliyevadır. Sevda xanım ali təhsilini beynəlxalq münasibətlər üzrə alıb, amma turizm sahəsi maraqlı gəldiyi üçün bələdçilik kursuna yazılıb: "Turizm hazırda ölkəmizdə inkişaf etməkdə olan sahələrdəndir. Düşünürəm ki, bir neçə ilə bu sahədə peşəkar bələdçilərə böyük ehtiyac olacaq. İlk dəfədir turizmlə bağlı bir kursa qatılıram, çox maraqlıdır. Bilirsiniz, tarix və coğrafiya sahəsində verilən informasiyalar bir çoxumuzun bildikləridir. Amma bildiklərimizin turistə necə təqdim etməyi öyrənirik. Rus və ingilis dilini mükəmməl bildiyim üçün bu sahədə uğurlu fəaliyyət göstərəcəyimə inanıram”. 
 
Əfsun Mehdiyeva italyan dilini bildiyini və bunun xüsusilə də italyan turistlərlə əlaqə qurmaqda ona kömək etdiyini qeyd edir: "Rəssamlıq Akademiyasını bitirsəm də, bu sahəyə olan marağım məni "Bələdçilik” kursuna yazılmağa vadar etdi. Məncə, bir bələdçi daim axtarış etməli, yeni nələrsə öyrənməlidir. Hər sahədən informasiyası olmalıdır. Turist istənilən an gözləmədiyimiz bir sual verə bilər”. 
 
Həmidə Camalaova isə ingilis dili müəllimidir. Deyir ki, turistlərin ölkəmizə çox gəldiyi bir dönəmdə dostları ona turistlərə bələdçilik etməyi təklif edib və iki ilə yaxındır ki, "freelancer” bələdçi kimi fəaliyyət göstərir: "Məncə, yaxşı bələdçi olmaq üçün ilk növbədə insan özü səyahət etməyi sevən biri olmalıdır. Özüm bir çox ölkədə olduğum üçün turistə hansı informasiyanın lazım olduğunu yaxşı bilirəm. Turistlər getdikləri yerdə "mədəni şok” yaşamağı, müxtəlif yeməklər haqqında məlumat əldə edib, onların dadına baxmağı çox sevirlər. Bələdçi işini sevərək görməlidir. Bunun üçün də xalqını, mədəniyyətini, ölkəsini sevməlidir. Çünki bir bələdçinin işi ölkəsini turistlərə tanıtmaq və həqiqətləri təbliğ etməkdir”. 
 
Günel Azadə