• cümə axşamı, 28 mart, 16:44
  • Baku Bakı 16°C

Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yüksək göstəricilərə nail olub

28.01.14 15:12 1826
Ölkəmiz korrupsiyaya qarşı mübarizədə yüksək göstəricilərə nail olub
Trend Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun mətbuata müsahibəsini təqdim edir

- Cənab Baş prokuror, son günlər kütləvi informasiya vasitələrində "Prokurorluq haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi barədə qanun layihələrinin Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə verilməsi barədə məlumatlar geniş yer alıb. Əlavə və dəyişikliklərin mahiyyəti nədən ibarədir?

- Öncə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasından Milli Məclisə daxil olmuş hər iki qanun layihəsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlıdır. Son illər dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, mühüm qanunverici və praktik tədbirlər həyata keçirilib. Həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində "ASAN xidmət" mərkəzlərinin yaradılaraq bu şəbəkənin genişləndirilməsi, elektron xidmətlərin sayının artırılması, korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan baxılmasının təmin edilməsi məqsədilə "161 nömrəli qaynar xətt" əlaqə mərkəzinin yaradılması və bu kimi çoxsaylı kompleks tədbirlər nəticəsində ölkəmiz korrupsiyaya qarşı mübarizədə yüksək göstəricilərə nail olub.
Dövlət başçısının müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinə verdiyi tapşırıqların icrası qaydasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi artırılıb, idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülüb, dövlət orqanlarının məlumat bazaları və informasiya sistemlərinə qoşulmanın təmin olunması ilə bağlı işlərə başlanılıb. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi kimi mühüm funksiya ilə səlahiyyətlənmiş prokurorluq orqanları qısa müddət ərzində korrupsiya cinayətlərinin təhlükəli növlərindən olan və əksər hallarda latent xarakter daşıyan çoxsaylı rüşvət cinayətlərini aşkar etmək və qarşısını almaqla uğurlu nəticələr əldə ediblər.
Təsadüfi deyil ki, qazanılan nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından olan "Transparensy International"ın təqdim etdiyi 2013-cü ilin Korrupsiya qavranma indeksində Azərbaycan əvvəlki illə müqayisədə xeyli, yəni 12 pillə irəliləyib, eyni zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən 28-ə yüksəlib. 23-25 sentyabr 2013-cü il tarixlərdə Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci monitorinq görüşü və Rəhbər Qrupun 15-ci iclasında Azərbaycan Respublikası Şəbəkənin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olub. 17 yanvar 2014-cü ildə Bakı şəhərində dəyərləndirmə raundunun birinci mərhələsinin müvəffəqiyyətlə keçməsi ilə bağlı hesabatın təqdimetmə mərasimində OECD təşkilatının rəsmiləri korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə güclü siyasi iradə olduğunu vurğulayaraq, bu istiqamətdə görülən işləri yüksək qiymətləndiriblər.
- Yeni dəyişikliklər idarənin strukturu və səlahiyyətlərində necə əks olunacaq?

- Nəzərdə tutulan dəyişikliklərə əsasən, yeni qurum Baş idarə səlahiyyətli olmaqla, idarənin rəisi eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun yüksək statusuna uyğun olaraq vəzifəsinə görə Baş prokurorun müavini səlahiyyətlərini yerinə yetirəcək. Eyni zamanda, idarənin rəis müavinləri və tərkibində yaradılacaq yeni idarələrin rəislərinin də təsnifat dərəcəsinin yüksəldilməsi nəzərdə tutulur. Mövcud dəyişikliklərdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq funksiyasını yerinə yetirəcək Baş idarənin əməliyyat işçiləri, o cümlədən, prokuror, müstəntiq, əməliyyatçı və texniki işçilərin sayında əhəmiyyətli dəyişikliklər baş verəcək ki, bütün bunlar qurumun korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha səmərəli qurmasına şərait yaradacaq.
- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının BMT-nin "Korrupsiya əleyhinə" Konvensiyasına qoşulması ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq 2004-cü ildən yaradılan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətə başladığı andan mütəşəkkil cinayətklarlığın ən təhlükəli təzahürlərindən bu sosial hadisəyə qarşı kəskin və barışmaz mövqeyini nümayiş etdirməkdədir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılması funksiyasını yerinə yetirən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası ilə fəaliyyətini uğurla əlaqələndirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətinin kəsərini ildən-ilə daha da artırıb, qurumun göstəriciləri və potensialı yüksələn xətlə inkişaf edib. Korrupsiyaya məruz qalan sahələrin aşkar edilməsi, xarakterik korrupsiya hüquqpozmalarının müəyyən edilməsi, onları doğuran səbəb və şəraitin aradan qaldırlması və belə pozuntuların baş verməməsi üçün konkret təklifləri özündə əks etdirən çoxsaylı preventiv təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar üçün ayrı-ayrı sahələr üzrə bələdçilər, maarifləndirmə nəşrləri hazırlanıb. Eyni zamanda, müxtəlif kateqoriyadan olan korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr və müxtəlif kitablar buraxılıb, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən uğurlu siyasəti və onun nəticələrini əks etdirən və müxtəlif dillərdə hazırlanmış nəşrlərin beynəlxalq tədbirlərdə yayılması təmin edilib. İstintaq olunan və tamamlanaraq məhkəməyə göndərilən işlərin sayı əhəmiyyətli dərəcədə artıb, vurulmuş ziyanın ödəmə məbləğində əhəmiyyətli artım müşaiyət olunmaqdadır. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur.
- Gözlənilən dəyişikliklərin zərurəti və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin gələcək fəaliyyət hədəfləri barədə fikirləriniz maraqlı olardı.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasimində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları və cəmiyyət üçün bir sıra mühüm tapşırıqlar verib. Cənab Prezident cəmiyyəti ən çox narahat edən bu sosial bəla ilə işin 2013-cü ildə daha da böyük miqyasda getdiyini, bu istiqamətdə siyasi iradə olduğunu bir daha qeyd edərək həm inzibati, həm də qabaqlayıcı tədbirlərin vacibliyini vurğulayıb, cəmiyyətin səyləri və dövlət siyasəti sayəsində korrupsiyaya qarşı daha ciddi mübarizə aparılacağını bəyan edib.
Son 10 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşıb. Dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələrin həyata keçirildiyi respublikamızda korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməsi zərurəti yaranıb. Bu baxımdan korrupsiyaya qarşı mübarizənin kəsərinin daha da artırılması barədə dövlət başçısının tapşırıqlarının daha müfəffəqiyyətlə icrası üçün korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurum olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin statusu və səlahiyyətləri ilə bağlı dəyişikliklər zamanın tələbidir.
Qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi üçün cinayət işlərinin istintaqının keyfiyyətinin yüksəldilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində profilaktik işin, xüsusilə də qabaqlayıcı tədbirlərin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyətinin daha səmərəli həyata keçirilməsi, antikorrupsiya mühitinin daha da yaxşılaşdırılması, vətəndaşlarda korrupsiyaya qarşı dözümsüzlük iradəsinin formalaşdırılması idarənin əsas hədəfləri sırasındadır.
Azərbaycan prokurorluğunun kollektivi göstərilən yüksək etimadı uca tutaraq dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bundan sonra da korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mübarizə tədbirlərinin təmin olunmasını təmin edəcək.
banner

Oxşar Xəbərlər