Ölkə ərazisində epidemioloji coğrafiya qorunmalıdır
Ekspertlər deyir ki, insanların
həssas davranışları vərdiş halı alarsa, daxili turizmin açılması haqda düşünmək
olar
Hazırda koronavirus pandemiyasından dolayı tətbiq edilən karantin
rejimi ilə bağlı paytaxtdan respublikanın bölgələrinə gediş-gəliş
məhdudlaşdırılması davam edir. İlk vaxtlar bununla bağlı etirazlar çox olmasa
da, yayın gəlişi, insanların bölgələrə getmək istəyini artırdı.Belə fikirlər səsləndirilir ki, regionlara gediş-gəlişə məhdudiyyətin
qoyulması mənasızdır, bu, yoluxmanın qarşısını almır, regionlardakı istirahət
mərkəzlərinə gedilsə, hər hansı problem yaranmaz və s. Maraqlıdır, bu
məhdudiyyətin aradan qaldırılması nəyi dəyişər? Tutaq ki, məhdudiyyət sərbəst
gediş-gəlişlə əvəz olundu, daxili turizmin imkanlarından istifadə imkanı əldə
etdik, bəs həmin obyektlər virusla mübarizəyə nə dərəcədə hazırdırlar?
Tibbi ekspert Adil Qeybulla deyir ki,
regionlarda virusla mübarizə cəhətdən geniş tibbi yardım təşkil etmək imkanı
olmadığı üçün epidemioloji coğrafiya qorunmalıdır: "Rayonlarda yoluxma
potensialı müəyyən qədər var. Çünki onsuz da insanlar müxtəlif yollarla
rayonlara gedib-gəlirlər. Karantin də azərbaycansayağıdır. Amma bir məsələ var
ki, Bakı və Abşeron yarımadasında əhalinin yoluxma potensialı çox yüksəkdir. O
baxımdan da, burda proses kollektiv immunitetin yaranmasına doğru gedir.
Azərbaycan əhalisi rayonlarda seyrəkdir. Rayon əhalisinin böyük əksəriyyəti ya
Bakıdadır, ya Rusiyada, ya da başqa yerlərdə. Ona görə, çalışmaq lazımdır ki,
mümkün qədər epidemioloji coğrafiya qorunsun. Çünki regionlarda virus yayılsa,
vəziyyət ürəkaçan olmayacaq. Bizim rayonlarda geniş şəkildə tibbi yardımı
təşkil etmək imkanlarımız yoxdur”.
A.Qeybullanın sözlərinə görə, insanlar karantin qaydalarına tam məsuliyyətlə
yanaşsalar, regionlara gediş-gəlişdəki məhdudiyyətin aradan qaldırılması
problem olmaz: "Əgər insanlar karantin rejimi qaydalarını tamlıqla ciddiyə
alsalar, sosial məsafə gözləsələr, mistik fikirlərə inanmasalar, regionlara
istirahətə getmək də olar. İnsanlar normal həyatlarını sürərək də bu infeksiya
ilə birgə yaşaya bilər. Təəssüf ki, belə deyil. Xeyli adam var ki, qaydaları
çox da riayət etmir. Karantin qaydaları yumşaldılanda, biz Bakı bulvarında,
küçələrdə insanların heç bir sosial məsafə gözləmədən, maska geyinmədən
gəzməsini, öpüşüb-görüşmələrini, qucaqlaşmalarını gördük. Əlbəttə, bu,
infeksiyanın xeyli yayılmasına səbəb oldu. Biz onun nəticələrini hazırkı
statistikada görürük”.
Turizm eksperti Ceyhun
Aşurov deyir ki, bölgələrə gediş-gəlişə məhdudiyyətin qoyulması turizmə
mənfi təsir edir, ancaq indi daha çox sağlamlıq istiqamətinə fokuslanmaq
vaxtıdır: "Regionlardakı turizm obyektləri böyük ümidlə gözləyirdilər ki, ilk
olaraq daxili turizm obyektləri açılacaq, insanlar regionlara səfər edəcəklər
və s. Hətta, bəzi otellər, yerləşdirmə müəssisələri bununla bağlı kampaniyalara
da başlamışdılar və buna tam hazır olduqlarını bildirirdilər. Ancaq yoluxma
sayındakı mövcud vəziyyət bir az da sərtləşdirməyə məcbur etdi. Ölkə üzrə
yoluxmanın təxminən yarısının Bakı şəhərinə, Abşeron ərazisinə düşdüyünü nəzərə
alsaq, verilən qərarla barışmamaq olmur. Dövlət rəsmiləri də bildirir ki,
vəziyyətin nəzarətdən çıxmaması üçün bu cür karantin rejiminə gedilir. Burda
iki seçim var. Birincisi, bütün obyektləri açmaq, regionlara gediş-gəlişi
sərbəstləşdirməkdir. Bu zaman insanların sağlamlıqları risk altına düşür.
İkincisi isə insanların sağlamlığını qorumaq və mümkün qədər səbirli davranmaq.
Ona görə də, düşünürəm ki, istənilən halda, sağlamlıq və təhlükəsizlik
məsələləri varsa, burda hər hansı turizmdən söhbət gedə bilməz”.
Ekspert bildirir ki, insanların hamısının məsuliyyətli davranacağına
öncədən zəmanət vermək mümkün deyil, ona görə, turizmi düşünüb belə bir addımı
atmaq da riskli olardı: "Cəmiyyətdə virusa inanmayan, şübhə ilə yanaşanlar olsa
da, bu faktdır ki, bütün dünyada pandemiya şəraiti mövcuddur, artıq
yoluxanların sayı milyonlarla ölçülür, ölkəmizdə də günük 500-dən çox yoluxma
qeydə alınır. Bu da onu deməyə əsas verir ki, insanların ölkə boyu tam sərbəst
hərəkəti, səyahəti yolverilməzdir. Bütün insanların məsuliyyətli davranacağına
heç kim zəmanət vermir. Mən o mövqe ilə razılaşıram ki, biz bu virusla paralel
yaşamağı öyrənməli, özümüzü, yaxınlarımızı qorumağa çalışmalıyıq. Bu xəstəliyin
belə bir tərəfi var ki, bəzən insan yoluxur, amma özünü normal hiss edir, o
adam başqaları ilə ünsiyyətdə olanda, artıq onlara da virus keçirir. Düşünürəm
ki, bu istiqamətdə verilən qərarlar doğrudur, təəssüf ki turizmə mənfi təsir
göstərir. Amma biz bir az da səbirli olmalıyıq”.
C.Aşurovun sözlərinə görə, regionlardakı istirahət mərkəzləri artıq
virusla mübarizə cəhətdən hazırlıqlara başlayıblar: "Təbii ki, bununla bağlı
müəyyən layihələr var. Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyinin,
Otellər Assosiasiyasının, Qida Təhlükəsizliyi Agentliyinin birgə iştirakı ilə
Sahman – Sanitariya və Gigiyena Metodları və Normaları hazırlandı. Bununla
bağlı onlayn təlimlər keçirilir, həmin yerləşdirmə müəssisələri "Sahman”
fərqlənmə nişanı alırlar ki, otelləri daxilində müştərilərə yönəlik sanitar-gigiyenik
normalara riayət edirlər. Burda da məqsəd odur ki, insanlar, getdikləri,
qaldıqları məkanlarda onlara tam şəkildə sanitar gigiyenik normalara cavab
verən xidmət göstərildiyindən, öz həyatlarını təhlükəyə atmadıqlarından,
müəyyən qədər qabaqlayıcı tədbirlər görüldüyündən əmin olsunlar”.
Ekspert qeyd etdi ki, müəssisələrin bu tədbirləri görməsi həm öz
əməkdaşları, həm də müştərilərinin sağlamlığını qorumaq cəhətdən vacibdir: "Bir
çox ölkələrdə bu cür layihələr, hazırlıqlar var. Burda müştəri davranışları da
dəyişir. Müştərilər getdikləri yerin tam təhlükəsiz, sanitar-gigiyenik
normalara tam cavab verdiyini, bu qaydaların müəssisə rəhbərliyi, personalı
tərəfindən nə dərəcədə nəzarətdə saxladığını görmək istəyirlər. Müəssisə
virusla mübarizə tədbirləri görməklə həm işçisinə, həm müştərilərinə dəyər
verdiyini, onların sağlamlıqlarını qoruduğunu göstərmiş olur. Hazırkı vəziyyət
müəyyən dərəcədə təhlükəli sayıldığı üçün hələ ki, gözləmə mövqeyidir. Ancaq
gələcəkdə müştəri qəbulu məhz bu qaydalar çərçivəsində olacaq. Yoluxma sayında
azalma, yoluxma tempinin yavaşıması, insanların həssas davranışları vərdişə
keçdikdən sonra, düşünürəm ki, yenə də ilk olaraq regionlarda turizm canlanmağa
başlayacaq. Əslində turizm sənayesi buna hazırdır, indi də turist qəbul etmək
imkanı var. Lakin burda həm sahibkarlar, həm də müştərilər məsuliyyətli
davranmalıdır ki, vəziyyəti daha da çətinləşdirməyək”.
Aygün Asimqızı