• cümə axşamı, 28 mart, 16:08
  • Baku Bakı 16°C

“Ölkə başçısının nitqinin əvvəli də, axırı da “xalq”dır”

01.02.17 10:30 1456
“Ölkə başçısının nitqinin əvvəli də, axırı da “xalq”dır”
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Konfransda çıxış edən ölkə başçısı İlham Əliyev bildirdi ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib və bütün əsas vəzifələr icra olunub:"İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi. Keçən il yüz mindən çox daimi iş yeri yaradıldı. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik. Hesab edirəm ki, bu da çox əlamətdar hadisədir. Çünki neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləyib. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir”.

Prezident onu da qeyd etdi ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib. Ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək, 37-ci yerdə qərarlaşıb: "Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq. Ancaq, əlbəttə, belə bir fikirlər ortalığa qoyulanda bu, həm bizi daha da sevindirir, eyni zamanda, bu, dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ona görə bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Bir sözlə, hesab edirəm ki, 2016-cı ildə ümumi iqtisadi inkişaf müsbət qiymətləndirilməlidir. Xüsusilə, bölgələrdə aparılan işlər də öz dinamikasını saxlayıb. Keçən il bölgələrdə çox böyük işlər görülüb”.

Konfrans haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Elman Nəsirov dedi ki, prezident "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan tədbirdə çox mühüm tezislərlə çıxış etdi: "Prezident xüsusi qeyd etdi ki, 2016-cı ildə dünyada maliyyə böhranı davam edib. Eyni zamanda, Azərbaycan neftinin qiyməti xeyli aşağı düşüb. Bütün bunlar Azərbaycanın 2016-cı ildə iqtisadi inkişafını qoruyub saxlamasına mane olmayıb. Belə ki, qeyri-neft sektorunun inkişafı bizim üçün əsas hədəfdir. Kənd təsərrüfatı sahəsi qeyri-neft sektorunda xüsusi yer tutur. Bu sahədə artım qeydə alınıb. Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilib. Sahibkarlara 2004-cü ildən bu yana 2 milyard manatdan artıq güzəştli kreditlər ayrılıb. Hər il sahibkarlığın inkişafı ilə bağlı təxminən 200-250 milyon manatlıq kreditlər ayrılırdı. Bu, çox mühüm məsələdir. Prezident qeyd etdi ki, Azərbaycan özünün sosial siyasi xəttinə sadiqdir. Dövlət başçısı vurğuladı ki, bu illər ərzində ölkədə üç mindən artıq məktəb tikilib və ya təmir edilib. 600-dən artıq tibb ocağı tikilib və ya təmir edilib, 40-dan çox olimpiya kompleksi tikilib. Bu proses bu gün də davam etdirilir. Azərbaycanın regionlarında yol çəkilişi məsələsi də daim diqqətdə saxlanılır. Bu məsələlərdə də uğur əldə etmişik. Prezident qeyd etdi ki, qazandığımız nailiyyətlər, həyata keçirdiyimiz böyük layihələr həm də regionda olan kənar ölkələrin də mənafeyinə xidmət edib, onların inkişafına gətirib çıxarıb. Prezident 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə bağlı məsələləri diqqətdə saxladı. Daha sonra qeyd etdi ki, 21-ci əsrin layihəsi olan "Cənub” qaz dəhlizi ilə bağlı işləri həyata keçiririk. 2016-cı ilin fevralında "Cənub” qaz dəhlizi Məşvərət Şurasının ikinci toplantısı Bakıda keçirildi”.

Millət vəkili qeyd etdi ki, bu sahədə bizim ciddi nailiyyətlərimiz var. Azərbaycanın təşəbbüskar olduğu bu layihə uğurla həyata keçirilir: "Prezident xüsusilə vurğuladı ki, Azərbaycanın qazandığı uğurları bəzi beynəlxalq siyasi dairələrin gözü götürmür, heç bir halda belə faktları həzm edə bilmirlər. Ona görə də Azərbaycana qarşı təzyiq yolunu seçirlər. Qarayaxma kampaniyasını həyata keçirirlər. Amma bunların heç biri nəticə verməyəcək, bizim yolumuz haqq yoldur. Biz düzgün yoldayıq. Ən əsası odur ki, bütün dəyişiklikləri, islahatları, prezidentin təşəbbüskar olduğu bütün layihələri xalq birmənalı şəkildə dəstəkləyir. Bizi ruhlandıran da məhz bu məqamdır. Ölkə prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yeritməsini bəzilərinin gözü götürmür. Azərbaycanda beynəlxalq dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının mənafelərinə uyğun olaraq siyasət həyata keçirilir. Biz dünyada etibarlı tərəfdaş kimi tanınırıq. Bu, müəyyən qüvvələri qıcıqlandırır. Ona görə də ənənəvi qarayaxma kampaniyalarından əl çəkmirlər. Amma bunların heç bir nəticəsi olmayacaq. Xalqımız prezidentin yanındadır. Xalqımız ölkə siyasətini dəstəkləyir. Bu baxımdan, keçən il sentyabrın 26-da keçirilən referendum deyilənlərin təsdiqi kimi qiymətləndirilə bilər”.

Millət vəkili Elşən Musayev prezidentin konfransda söylədiyi bütün fikirləri biri-birindən dəyərli hesab edir: "Diqqət etdinizsə, ölkə başçısı ənənəvi olaraq, nitqinin əvvəlini də, axırını da yenə xalq və millət kəlməsi ilə əhatələyir. İqtisadiyyatın müxtəlif sahələrindəki inkişafla, perspektivlə, uğurlarla bağlı danışarkən, hətta məmurlara növbəti ismarıcını göndərərkən belə, hər cümləsində xalq və millət sözünü işlədir, hər şeyin xalq naminə olduğunu söyləməyi unutmur. Bu, İlham Əliyevin öz xalqına nə qədər bağlı olmasının əyani göstəricisidir, sübutudur. Prezident öz məzmunlu nitqində demək olar ki, ölkədə baş verən bütün hadisələrə, həssas məqamlara öz münasibətini bildirdi. Ələlxüsus da, iqtisadiyyatla bağlı. Milli biznes faktorunun xüsusi qabardılması da önəmli haldır. Yəni artıq xaricdən idxal asılılığımız azalacaq, yekunda isə sıfırlanacaq. Həm heyvandarlıq, həm də digər sahələrlə bağlı. Və ya olsun xalçaçılıq, kosmik sənaye və s. Bəlkə də bu sahələr lokal sahələrdir, amma bununla belə, ölkə başçısı ən xırda məqamlara qədər hər şeyi nəzarətində saxladığını diqqətə çatdırır. Cənab prezidentin "ASAN Xidmət”lə bağlı söylədikləri də hər birimizin ürəyindən xəbər verdi. Gerçəkdən, bu xidmət Azərbaycanın brendidir və İlham Əliyevin öz layihəsi, öz təşəbbüsü kimi artıq tarixə düşüb”.

E.Musayevin fikrincə, prezident çox haqlı olaraq qeyd etdi ki, Azərbaycanın öz ayağı üzərində dayanması çoxlarını narahat edir və bizi sevməyən qüvvələr yetərincədir: "Amma kimsə bizim dövlətimizin müstəqilliyinə xələl gətirə, kimsə bizə diktə edə, kimsə bizimlə "ağsaqqal” dilində danışa bilməz. Bizim hətta neftimiz, neft gəlirlərimiz də məhz xalq üçün və xalqın dəstəyi ilə, gücü ilə, birliyimiz ilə əlimizdəki müstəqilliyi əbədiyyən qorumaq üçündür! – bunu da dövlət başçısı fikrinin davamı olaraq xüsusi nida ilə vurğuladı. Hesab edirəm ki, bu konfransdan hər kəs özü üçün nəticələr çıxarmalı və prezidentin apardığı siyasətə dəstəyini verməlidir”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər