• cümə, 29 Mart, 16:23
  • Baku Bakı 14°C

Liverpullu “qırmızılar”ın Canı - Portret

26.12.16 13:33 2072
Liverpullu “qırmızılar”ın Canı - Portret

Son vaxlar Almaniya və Türkiyə milliləri arasında gərgin mübarizə gedir. Yox, söhbət heç də bu ölkələrin yığmalarının hansısa beynəlxalq səviyyələri turnirdəki mübarizəsindən getmir. Söhbət Almaniyada yetişən türk əsilli futbolçuların milli seçimi ilə bağlı bu ölkələrin futbol federasiyaları arasındakı rəqabətdən gedir.
Hər şey DÇ-2002-dən sonra başladı. Tarixində ikinci dəfə dünya çempionatının final mərhələsinə qatılan "ay-ulduzlular” Yaponiya və Cənubi Koreyada təşkil edilən mundialı 3-cü pillədə başa vurur. Uzaq Şərqdə tarix yazan "bürünc heyət”də bir neçə Almaniya futbolunun yetirməsinin olması alman futbol funksionerlərini "ayıltdı”. Məhz bundan sonra almanlar "niyə biz yetişdiririk, türklər sahib çıxır” fikri ilə ölkə futbolunun yetirməsi olan türk əsilli futbolçular uğrunda mübarizəyə başladı. Ancaq almanlar üçün bu mübarizə heç də rahat keçmirdi. Almaniya millisi hər nə qədər dünya nəhəngi sayılsa da, bu yığmada əsas heyətə düşə bilməmək qorxusu və ya vətənpərvərlik hissləri türk futbolçulara ağ-qırmızı formanı geyindirirdi.
Almaniya Futbol Federasiyasının funskionerlərinin türkiyəli həmkarları ilə mübarizədə ilk ciddi uğuru isə hazırda "Arsenal”da top qovan Məsut Özil oldu desək, yəqin ki, yanılmarıq. İstedadlı futbolçunun ata-baba yurdu Türkiyəni yox, Almaniyanı seçməsi türklərə o qədər təsir etdi ki, yarımmüdafiəçi doğma vətənində hətta "xain” də adlandırıldı. Ancaq Məsut almanların türklər üzərində ilk qələbəsi olmadı. Deyəsən, Məsut Özilin yolu ilə gedən "Liverpul”lu Əmrə Can da türkiyəli azarkeşləri və yerli futbol funksionerlərini gələcəkdə çox təəssüfləndirəcək. Hər halda, gənc futbolçunun son vaxtlar "qırmızılar”ın heyətində sərgilədiyi oyun belə deməyə əsas verir. Bu yazıda sizə Almaniya futbolunun türk əsilli yetirməsi Əmrə Candan bəhs edəcəyik.

Afyonkarahisardan Frankfurta

Əmrə Can 1994-cü il, yanvarın 12-də Almaniyanın türklərin sıx məskunlaşdığı Frankfurt şəhərində dünyaya gəlib. Əmrənin ailəsi Türkiyənin Afyonkarahisar bölgəsindən Almaniyaya köçüb. Bir çox uşaq kimi Əmrə də kiçik yaşlarından məhəllədə top qovmağı çox sevirdi. Ancaq yaşıdlarından fərqli olaraq bu, onda çox yaxşı alınırdı. Əmrə bu oyuna o qədər aludə olur ki, ailəsi onu futbol qrupuna yazdırmaq qərarına gəlir. O, 6 yaşında Frankfurtda fəaliyyət göstərən "SV Blau-Gelb” komandasına qoşulur. Əmrə burda 6 il futbolun sirlərinə yiyələnir. 2006-cı ildə isə şəhərin əsas komandası "Ayntraxt”a qoşulur. 3 il doğma şəhərin komandasında çıxış edən Can, 2009-cu ildə "Bavariya”nın skautlarının diqqətini çəkir. O, Münhen klubuna havayı başa gəlir. 2009-11-ci illər aralığında "Bavariya”nın aşağı yaş qruplarında çıxış edən Əmrə, 2011-ci ildə bu klubun 2-ci komandasında debüt edir.

"Bavariya”dan "qaçış”, şəfa verən "asprin” və "Liverpul”

Əvəzedici heyətdə uğurlu çıxışı Almaniya nəhənginin əsas komandasının qapılarını türk əsilli futbolçunun üzünə açır. Əmrə Münhen klubunun əsas komandasının heyətində Bundesliqada 2013-cü il, aprelin 13-də "Nürnberq”ə qarşı oyunda debüt edir. Cəmi 14 gün sonra, "Frayburq”la ev oyununda isə Bundesliqada ilk qoluna imza atır. Ancaq "Bavariya” kimi komandada heyətə düşmək 19 yaşlı gənc üçün heç də asan deyildi. Həmin vaxtda Almaniya nəhənginin orta xəttində - Əmrə Canın mövqeyində Xavi Martines, Luis Qustavo, Bastian Şvaynştayger, Toni Kroos, Anatoli Timoşuk kimi futbolçular çıxış edirdi. Bu cür rəqiblərlə mübarizədə Əmrənin əsas heyətə düşmək şansı demək olar ki, yox idi.
Bunu nəzərə alan türk əsilli futbolçu yayda karyerasında bəlkə də ən doğru addımı atır və "Bavariya”nı tərk edir. O, Bundesliqanın başqa köklü klubu Leverkuzen "Bayer”inə transfer olunur. "Asprinlər” 19 yaşlı istedad üçün "Bavariya”ya 5 milyon avro ödəyirlər. 2013/14 mövsümü Əmrənin seçiminin nə qədər doğru olduğunu göstərir. Yarımmüdafiəçi məhz Leverkuzen klubunda potensialını aça bilir. Cəmi 1 mövsüm "asprinlər”ın şərəfini qoruyan Əmrə, 39 oyunda şans qazanıb, 4 qola imza atır.
Leverkuzen klubundakı uğurlu oyunu Avropa nəhənglərinin diqqətini Əmrənin üzərində cəmləşdirir. Bu klublardan "Livepul” daha cəld tərpənərək, gənc istedadı heyətinə cəlb edir. "Qırmızılar” onun üçün 12 milyon avrosundan keçir. Əmrə İngiltərədə keçirdiyi ilk mövsümdə "Liverpul”un əsas heyət üzvünə çevrilir.

Lövün SMS-i, "imperator”a rədd cavabı

Məhz "qırmızılar”dakı oyunu Almaniyanın əsas millisinin də qapısını gənc futbolçunun üzünə açır. Ancaq Can ilk yığma təcrübəsini bundan illər öncə, 15 yaşında yaşamışdı. O, Bundestimədək bu ölkənin U-15-dən U-21 millilərinədək bütün yaş qruplarında forma geyinmişdi. Türk əsilli futbolçu hətta aşağı yaş qruplarında kapitan sarğısına da yiyələnmişdi. Belə olan təqdirdə, Yoahim Lövün Canı Almaniyanın əsas millisinə dəvət etməsini gözlənilməzlik yox, qanunauyğunluq saymaq olar. Ancaq Əmrə Almaniya millisinə dəvət edilmədən öncə vətəni Türkiyənin yığmasından da dəvət almışdı. "Ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim Canı öz komandasında görmək istəsə də, Əmrə "imperator”a "yox” cavabını verir. Ancaq yarımmüdafiəçinin sözlərinə görə, seçimi heç də qısa müddətdə etməyib: "Seçimi uzun müddət düşündükdən sonra etdim. Yoahim Lövlə 3 aya yaxın danışdıq. Mənə fikrindəki planlarını danışdı. Bir həftə əvvəldən isə məni heyətə daxil edəcəyi barədə SMS göndərdi. Bu mesajdan sonra çox xoşbəxt oldum. Qürur duydum”.
Yəqin ki, Lövün məlum mesajı olmasaydı, Can hazırda Fatih Terimin rəhbərliyi altında, "ay-ulduzlu” formada çıxış edirdi.
Löv Əmrəyə verdiyi sözü tutdu. O, 2015-ci ilin 4 sentyabrında, AÇ-2016-nın seçmə mərhələsinin Polşaya qarşı ev oyununda Bundestimdə debüt etdi. Almaniya millisinin 3:1 hesabı ilə qalib gəldiyi oyun Əmrənin doğma şəhəri Frankfurtda baş tutdu.
Əmrə Almaniya millisini seçsə də, demək olar, bütün açıqlamarında türk olduğunu qürurla vurğulayır. Milli seçimindən sonra yerli mətbuata açıqlamalarının birində özünü həm alman, həm də türk hiss etdiyini, bununla qürur duyduğunu deyib: "15 yaşımdan bəri Almaniya millisinin müxtəlif yaş qruplarında oynamışam. Hədəfim Almaniya millisi idi. Ancaq bir alman olduğum qədər, həm də türkəm. Anam və atam almanca çox yaxşı danışırlar. Həm bununla, həm də "alman olduğum qədər türkəm də” deyə bildiyim üçün qürur duyuram. Evdə həmişə türkcə danışırıq. Ancaq etiraf edim ki, almanca daha yaxşı danışıram”.

Ailənin, qonşuların qürur duyduğu Can

Əmrə ailəsinə çox önəm verir. Əslən Afyonkarahisardan olan türkiyəli futbolçu arabir ata yurduna gedir və orda qohumları ziyarət edir. Onun babası, nənəsi və qohumlarının çoxu hələ də Türkiyədə yaşayırlar. "Bayer”də oynadığı dövrdə isə gənc futbolçu nəinki ailə üzvlərinə, hətta qonşularına da jest etmişdi. Belə ki, o, həmin vaxt şərəfini qoruduğu "Bayer”lə doğma şəhərinin komandası "Ayntraxt”ın oyunu üçün 30 bilet alaraq, yaxınlarına və qonşularına paylamışdı. Oyun Əmrə üçün uğurlu alındı. O, komandasının 2:0 hesablı qələbəsinə 1 qolla töhfə verdi. Əmrə qolu vurduqdan sonra künc nöqtədəki tribunaya tərəf qaçaraq, əllərini havaya qaldırdı və tribunanı işarə etdi. Həmin tribunada Əmrənin doğmaları əyləşmişdi. O, daha sonra açıqlamasında biletləri oyundan bir neçə ay öncə aldığını, hətta anasına və bacısına bu oyunda qol vuracağına dair söz verdiyini deyir: "Anama, xüsusən də bacıma bu oyunda qol vuracağımı demişdim. Qol vurduqdan sonra sözümü yerinə yetirdiyimi göstərmək üçün onların oturduğu tribunanı işarə etdim”.
Əmrənin atası isə oğlunun bu jestinə görə qürur duyduğunu deyir: "Əmrənin bu hərəkəti hamımızı xoşbəxt etdi. Onun bu cür addımı məni qürurlandırdı. Bütün qohum-qonşu bir yerdə futbola getdik”.

Portreti

Əmrə Can Almaniya futbolunun yetirməsi olsa da, oyununda türk xarakteri də özünü göstərir. Təslim olmağı sevməyən, sonadək mübarizə aparan Canı Almaniyada "gələcəyin Şvaynştaygeri, Kroosu” adlandırırlar. Əmrənin uğurlarında yüksək fiziki göstəriciləri də rol oynayır. 1.84 sm boya malik olan türkiyəli futbolçu bu cəhətdən kimə bənzədiyini özü də bilmir. Belə ki, onun atası 1.70, anası isə cəmi 1.55 sm boya malikdir. Əmrənin əsas xüsusiyyəti isə ruhdan düşməməkdi. Bir vaxtlar "Bavariya”dan təcrübəli oyunçularla rəqabət apara bilmədiyinə görə ayrılan Can, indi Almaniya millisində əsas heyət üzvü olmaq üçün irəliləyir. Çox güman ki, Əmrənin Almaniya millisinin liderinə çevriləcəyi gün elə də uzaqda deyil. Onda olan əzmkarlıq və istedad buna imkan verir.










banner

Oxşar Xəbərlər