• cümə axşamı, 28 mart, 12:40
  • Baku Bakı 16°C

Litvanın mədəni həyatının güzgüsü - Reportaj

12.05.16 11:37 2305
Litvanın mədəni həyatının güzgüsü - Reportaj
Vilnüsun mərkəzi küçələrindən birində yerləşən Litva Teatr, Musiqi, Kino və Art Muzeyi may ayında 90 yaşını qeyd edəcək. Muzey heyəti yubileyə böyük həvəslə hazırlaşır. Vilnüsdə olarkən ölkənin bütün mədəni sferalarını nadir eksponatlarında əks etdirən muzeyə ziyarətimiz zamanı həmçinin insanların öz dəyərlərinə necə hörmətlə yanaşdıqlarının şahidi olduq.

Muzeydə saxlanılan eksponatlar Litva sənətkarlarının mənəvi ruhunu əks etdirmək baxımından qiymətlidir. Qədim binada yerləşən muzeyə ayaq qoyarkən onun tarixi ilə bağlı materiallar ilk növbədə diqqəti çəkir. 1926-cı ildə Kaunas Universitetində yazıçılar Spuoqa və Vinsas Krevenin təşəbbüsü ilə yaradılan muzey 1936-cı ildə teatr kimi fəaliyyət göstərib və dövlət statusu əldə edib. Teatrın aktyoru Statis Pilka teatrın meneceri təyin olunub. Müharibə illərində muzey binası bombardmana məruz qalıb və eksponatları daşınıb. Litva Teatr Cəmiyyəti muzeyin arxivini Vilnüsdə yerləşdirib. Muzey işlərinin bərpası isə 1957-ci ilə qədər çəkib. 1964-cü ildə Litva Teatr və Musiqi Muzeyi Litva Bədii Muzeyinə çevrilib. 1992-ci ildə muzey Litvanın teatr, musiqi və kinonu özündə birləşdirərək müstəqil fəaliyyət göstərməyə başlayıb.

1994-cü ildə muzey yenidən Umiastovski sarayında yerləşdirilib. İki il sonra isə muzeyin eksponatları yenidən qurulan Kiçik Radvilos Sarayına daşınıb. Muzeyin bələdçisi Anna Yermolasın bildirdiyinə görə, muzeyin yerləşdiyi binanın tarixi daha qədimdir. Belə ki, 15-16-cı əsrlərə aid olan hazırkı tikili abidələrin mühafizəsi və regional tədqiqatlar cəmiyyətinin binası olub. 18-ci əsrin axırlarında isə binanın Radvilos Sarayı ilə əvəzlənməsi həyata keçirilib. Bu arxitektura abidəsi 15-ci əsrə aiddir. Hazırda qalereya ikimərtəbəli qotik binada yerləşir. 1748-ci ildə bina yanğın zamanı zədələnib. Nəticədə pavilyonun və qalereyanın böyük hissəsi uçub. Restavrasiya zamanı bina müvəqqəti olaraq yaxınlıqdakı Oskerkayi sarayına köçürülüb. Teatrın truppası bir müddət həmin sarayın səhnəsində çıxış edib. 19-cu əsrin əvvəlində teatr zalı yenidən qurulub. Klassik üslubu qorumaq üçün ən məşhur sənətkarlar dəvət olunublar və onlar binanın layihəsini dəyişməyiblər. Sonradan bu binanın səhnəsində dünya klassiklərinin ən məşhur əsərləri də oynanılmağa başlanılıb. Müxtəlif teatr truppalarının tamaşaları Kiçik Radvilov Sarayında oynanılıb.

«19-cu əsrdən 20-ci əsrə»

Bu gün muzey kolleksiyasının zənginliyi ölkənin mədəni həyatını bütünlüklə əks etdirir. Bu kolleksiyada 440 min eksponat qorunur. Muzeyin daimi sərgisi «19-cu əsrdən 20-ci əsrə» adı ilə təqdim olunur. Bələdçi deyir ki, muzeyə gələnlər üçün eksponatlar vasitəsilə ölkənin keçmiş həyatını öyrənmək və mədəni tarixinə yaxından bələd olmaq ən yaxşı vasitədir.

Muzeyin Teatr bölümündə ölkə teatrının tarixi boyu oynanılan tamaşaların köhnə afişaları, aktyorların əlbisələri yer alıb. Həmçinin köhnə şəkillər, məktublar, plakatlar, əlyazmalar və başqa materiallar da muzeyin kolleksiyası kimi qorunur. Aktrisalardan Ona Rymaite və Uni Babiskayte-Qraysyunenenin paltarları, mebeli, şəxsi əşyaları muzeyin qiymətli eksponatları sayılır. Teatr bölümü özünün qədim eksponatları ilə fəxr edir. Həmçinin bölümdə Litva Teatrının görkəmli simaları sayılan Borisas Dauquvietis, Yuozas Vaitkus, Antanas Sutkus, Laymonas Çadaravisiusvun qiymətli şəxsi kolleksiyaları və Litva teatrının bədii epoxalarını əks etdirən arxiv materialları qorunur. Vilnüs teatrının başqa ölkələrlə mədəni əlaqələrini əks etdirən müxtəlif plakatlar da diqqət çəkir. 2008-ci ildə muzeydə "Vilnüsun mədəni həyatının güzgüsü” adlı konfrans da keçirilib.

2001-ci ildə teatrşünas Vitaytas Maknus öz arxivini muzeyə hədiyyə edib. "Bu, muzeydə ən məşhur və informativ şəxsi fondlardan biridir. Şəxsi arxiv 1900-cü ilin əvvəllərindən başlayan materiallarla zəngindir. Maknusun eksponatlarında Litvanın mədəni həyatı, onun iqtisadi, siyasi həyatı da əks olunub”- deyə bələdçi məlumat verir.

Teatr bölümünün fondunda müxtəlif maraqlı kukla kolleksiyası da var. Ən qədim və qiymətli kukla Statis Usinskasa aiddir. Bu marionetka kolleksiyası ilk kukla tamaşasından və ilk kukla filmindən yadigar qalıb. Həmçinin muzeydə ölkənin keçmiş siyasi fiqurlarının kuklaları da qorunur.

Qədim alətlər

Muzeyin musiqi bölümündə Litvanın bəstəkar, dirijor, opera solistləri, balet artistləri və rejissorları, həmçinin musiqi kollektivləri (orkestr, ansambl, xor və s.), musiqili teatr və cəmiyyətlərə aid kolleksiyalar qorunur. Yuozas Nauyalis, Konstantinas Qalkauskas, Mikolasa Buksa, Yuozas Qrubauskas və Bronius Kelbauskasın yaradıcı irsi xüsusən qiymətlidir. Son illər Litva emiqrantlarının arxivləri dünyanın müxtəlif ölkələrindən muzeyə daxil olub.

Musiqi bölümü həmçinin 18-ci əsrin musiqi alətləri ilə də fəxr edə bilər. Bu alətlər – pianino, royal, kankles, fisqarmoniya, bandoneon və s. - öz orijinallığı ilə fərqlənir. Xüsusən «Ozmianies» royalı özünün əfsanəvi dəyəri ilə seçilir. Ən görkəmli musiqiçilərin ifa etdiyi bu alət bir çox şairləri də öz səsi ilə ilhamlandırıb. Müasir nəslin heç vaxt təsəvvür edə bilmədiyi qədim pianolar muzeyin qiymətli eksponatlarındandır. Muzeydəki alətlərin hər birində dövrünün görkəmli insanları ifa etdikləri musiqilərlə dinləyiciləri heyran qoyublar.

Həmçinin kolleksiyada bir çox musiqi səsyazmaları var. 19-cu əsrə məxsus məşhur müğənnilərin səsləri yazılan, görkəmli dirijorların və ansamblların ifası ilə əbədiləşən vallar muzeydə qorunur. Musiqi bölümü ölkənin 18 və 20-ci əsr ab-havasını dolğunluqla əks etdirir.

Keçmişdən bu günə körpü

Muzeyin Kino bölümündə Litva kinostudiyalarının istifadə etdiyi antikvar və müasir avadanlıqlar saxlanılır. Litva kinostudiyasına məxsus kolleksiyalar içərisində həmçinin sovet filmlərinin kadrları, kinoplakatlar, filmlərin mətnləri də var. 20-ci əsrin birinci yarısında çəkilən filmlərin lentləri də bölümdə qorunur. Həmçinin peşəkar kameralar, köhnə kino lentləri də kolleksiyalarda yer alıb. Kinematoqrafçıların şəxsi kolleksiyalarının materialları da muzeyin nadir eksponatlarıdır. Bu nadir materiallarla Litvanın kino tarixinə səyahət etmək mümkündür.

Muzeyə gələnlər salonda Litvanın tarixindən bəhs edən sənədli filmi də izləyə bilirlər. Bu film ölkənin həm siyasi, həm mədəni, həm də ictimai həyatı ilə ziyarətçilər üçün tanışlıq yaradır. Həmçinin ilk kukla tamaşasını izləmək də maraq doğurur. Muzeydə tarixi qədim eksponatlarla müasir dövrün sintezi ziyarətçilər üçün keçmişdən bu günə körpü yaradır. Muzey bələdçisinin bildirdiyinə görə, muzey bu gün də Litvanın teatr, musiqi, kino və rəssamlıq tarixi ilə əlaqəli eksponatları araşdırır və toplayır. Həmçinin burda sənətkarların gecələrini təşkil edir, sərgilər düzənləyir. Muzeyə məktəblilərin, tələbələrin tematik ekskursiyaları həyata keçirilir. Şəhərin qonaqları ölkənin incəsənət aləmini birləşdirən nadir sənət nümunələri ilə tanış olmaq üçün bu muzeyə tələsirlər. Həmçinin muzey xarici institutlarla əməkdaşlıq edir. O cümlədən xarici ölkələrin tanınmış rəssamlarının sərgilərinə ev sahibliyi edir. Həmçinin müasir rəsm sərgiləri keçirir. Yay ayları isə xüsusən muzeyin ziyarətçiləri üçün maraqlı hadisələrlə yadda qalır.

Muzey hər gün saat 11.00-dan 18.00-a qədər açıqdır. Şənbə-bazar və milli bayram günlərində isə muzey işləmir. 2 avro ödəməklə muzeyin nadir eksponatları ilə tanış olmaq mümkündür. Tələbələrə, təqaüdçülərə isə müəyyən güzəştlər nəzərdə tutulub. 7 yaşına qədər uşaqlar və əlillər üçünsə muzeyə giriş pulsuzdur. Mətbuat işçiləri təmsil etdikləri qurumun vəsiqəsini təqdim etməklə muzeyə pulsuz daxil ola bilirlər. Vülnusə səfər edənlər isə təkcə şəhərin sakit küçələrini, qədim hissəsini gəzmir, həm də muzeylərinə tələsir.







Təranə Məhərrəmova
Vilnüs

banner

Oxşar Xəbərlər