• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

Lider yetişdirən universitet - Reportaj

11.04.15 07:05 4238
Lider yetişdirən universitet - Reportaj
İnsan ömrünün ən gözəl dövrü tələbəlik illəridir. Hər kəs ömrünün bu gözəl çağlarını gözəl, bütün imkanlarla əhatə olunmuş universitetdə keçirmək istəyir. Etiraf etməliyik ki, ölkəmizdə belə ali təhsil müəssisləri o qədər də çox deyil. Amma Azərbaycanda fəaliyyət göstərən bu universitet dünyanın ən məşhur ali təhsil ocaqlarından heç də geridə qalmır. Söhbət ADA Universitetindən gedir. Bura istər təhsil, istərsə də tələbələrin asudə vaxtlarını əyləncəli keçirmək, maraqlı tələbəlik həyatı yaşamaq üçün ən ideal məkandır.
Biz də universitetlə maraqlanmaq, tələbələrlə söhbətləşmək üçün Azərbaycanın ən yaxşı ali məktəblərindən biri olan ADA Universitetinə yollandıq.
“Təhsil almaq və özünü inkişaf etdirmək”

Universitetin həyətinə girdiyin andan etibarən insan özünü hansısa xarici ölkədə hiss edir. Burada əsl qaynar tələbə həyatını müşahidə edirsən. Günün bütün saatlarında ADA-da tələbələrlə rastlaşmaq mümkündür. Kimisi imtahanlara hazırlaşmaq üçün gec saatlara qədər kitabxanada olur, kimisi layihələrini həyata keçirir, kimisi də tədbir təşkil edir. Burada tələbələr bir ideya ətrafında düşünür: Təhsil almaq və özünü inkişaf etdirmək.
Məlumat üçün bildirək ki, “ADA”nın əsas məqsədi innovativ qlobal liderlərin yetişdirilməsi və diplomatiya, ictimai və beynəlxalq münasibətlər, biznes, kompüter mühəndisliyi, iqtisadiyyat sahələrində tədqiqatların aparılmasıdır.
Universitetdə 4 - “İctimai və beynəlxalq münasibətlər”, “Biznes”, “Təhsil”, “İnformasiya texnologiyaları və mühəndislik” fakültələri fəaliyyət göstərir. Burada bakalavr proqramları üzrə “Biznesin idarə olunması”, “İqtisadiyyat”, “Beynəlxalq münasibətlər”, “İctimai əlaqələr”, “Kompüter elmləri”, “İnformasiya texnologiyaları və sistem mühəndisliyi fəaliyyəti” ixtisasları, magistr proqramları üzrə isə “Diplomatiya və beynəlxalq münasibətlər”, “İctimai siyasət”, “Beynəlxalq MBA (Biznesin İdarəolunması), Ekzekyutiv (icraedici) MBA ixtisasları var.
Universitet 4 kampusdan ibarətdir: Tələbə Mərkəzi, İctimai və Beynəlxalq Münasibətlər İnstitutu, Biznes İnstitutu və kitabxana.
Tələbə mərkəzində tələbələrin asudə vaxtlarını keçirmələri üçün böyük kafe fəaliyyət göstərir. Burada həm də tədbirlərin təşkil olunması üçün auditoriyalar, otaqlar var. Əvvəlcə auditoriyalara baş çəkirik. Otaqlar tam fərqli üslubda dizayn edilib. Hər sinif otağı elektron lövhələr və kompüterlərlə təchiz edilib. Dərslər o qədər maraqlı keçir ki, canlanmanı görməmək mümkün deyil. Tələbələrin müəllimləri ilə ingilis dilində sərbəst ünsiyyəti burada təhsil səviyyəsinin yüksək olduğunun göstəricisidir. Tələbələrlə söhbətimizdən məlum olur ki, onların ümumi dünyagörüşü, bilik səviyyələri də fərqlidir.
Tələbə Toğrul Novruzlu deyir ki, burada ən çox müzakirə olunan mövzu tədrisin çətinliyidir. Onun sözlərinə görə, burada oxuyan tələbə qiymət üçün oxumamalı, dərslərdən zövq almalıdır: “ADA-da ən əsas motivasiya öyrənməkdən həzz almaqdır. Bura qiymət üçün oxuyanın yeri deyil, həqiqətən nə isə öyrənmək istəyirsənsə, bizim universitetdə təhsil almalısan”.
And içirik, and içirik, and içirik...

Söhbət əsnasında məlum olur ki, tələbələr və müəllimlər hər tədris ilində şərəf andı içirlər. Tələbələr ADA-nın Şərəf Kodeksində qeyd edilmiş öhdəlikləri öz üzərilərinə götürmək və Şərəf Andını imzalamaq şansı əldə edirlər. ADA Universitetinin yeni tələbələri Şərəf Kodeksini imzalamaqla dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşacaqlarına, özlərinə, tələbə yoldaşlarına və professorlarına hörmət edəcəklərinə, heç bir halda ayrı-seçkilik və diskriminasiyaya yol verməyəcəklərinə, eyni zamanda, imtahanlar zamanı köçürmə halları, akademik layihələr zamanı plagiat kimi hallardan qaçacaqlarına söz verirlər.
Sinif otaqlarını müşahidə etdikdən sonra tələbələrin ən çox sevdiyi məkana - universitetin kitabxanasına yollanırıq. Bəli, özlərinin də qeyd etdiyi kimi bura onların ən sevdiyi məkandır. Çünki dərsdən sonra bəzən gec saatlara qədər vaxtlarını bu kitabxanada keçirirlər.
Kitabxananın daxilində tələbələrin kitab oxuyarkən çay içmələri üçün kafe də fəaliyyət göstərir. Kitabxana haqqında məlumat verən kitabxanaçı Vəfa Məmmədova deyir ki, burada 45 minə yaxın kitab var və onların 98 faizi ingilis dilindədir: “Bundan əlavə, onlayn kitabxana vasitəsi ilə 500 minə qədər kitaba çıxışımız var. Tələbələr kitabxanaya tez-tez gəlirlər. Xüsusilə də imtahan vaxtlarında burada növbə olur. Həftənin şənbə gününə qədər hansı saat gəlsəniz, burada tələbə görərsiniz. Hətta kənar şəxslərin də kitabxanamızdan istifadə etməsi üçün imkanlar yaradılıb. Müəyyən mövzu üzrə tədqiqata ehtiyacı olan və ən az magistr dərəcəsi olan şəxslər qeydiyyatdan keçib ADA-nın kitabxanasına gələ bilərlər”.
Sanki xaricdə təhsil alırıq...

Kitabxananı müşahidə edərkən burada “istirahət edən” tələbələrə yaxınlaşırıq. Orxan Əhmədli Beynəlxalq münasibətlər fakültəsinin üçüncü kursunda təhsil alır. O deyir ki, ADA dünya universitetləri ilə rəqabət aparmaq qabiliyyətindədir: “Mən bura qəbul olan il ADA Universiteti ilk dəfə idi ki, bakalavr qəbul edirdi. Araşdırdıqda, gördüm ki, burada perspektivlər həqiqətən var və bu universiteti seçdim. Mənə elə gəlir ki, ADA Universiteti Azərbaycanda ən yaxşı universitetlərdən biridir. Hətta dünya universitetləri ilə də rəqabət apara bilər. Düzdür, digər ali məktəblərlə müqayisə etdikdə burada dərslər çətindir. Amma biz öyrənməyə gəlmişik”.
Tamella isə deyir ki, xarici ölkədə təhsil almaqla, ADA-da təhsil almaq arasında heç bir fərq yoxdur: “ADA-da təhsil fərqli olduğu üçün mən bu universiteti seçdim. Burada təhsil almaqla xarici universitetdə təhsil almağın fərqi yoxdur. Təhsil sistemi çox gözəl qurulub. Təhsildən əlavə kampusun özü əsl tələbəyə uyğundur. Tələbələrlə burada çox gözəl münasibətlər qururuq, bir-birimizə köməklik edirik. Əsl tələbə həyatını yaşayırıq. Müəllimlərlə münasibətlərimiz də çox səmimidir. Hətta biz problemlərimizi də bəzən müəllimlərimizlə danışırıq”.
ADA-nın xeyriyyəçi tələbələri

Kampusda gəzərkən tədbir elanları diqqətimizi çəkir. ADA Universitetinin Kommunikasiya Departamentinin rəhbəri Vəfa Səfərli deyir ki, burada çoxsaylı tələbə klubları fəaliyyət göstərir. Bu klublarda tələbələrə sosial məsuliyyət aşılanır: “ADA-da tələbələr yalnız təhsil almaqla kifayətlənmirlər. Onlar sosial məsuliyyətlərini də layiqincə yerinə yetirirlər. ADA Universitetində incəsənət, şahmat, BMT modeli, film, xeyriyyə klubları fəaliyyət göstərir.”
Qeyd edək ki, hər il may ayında ADA Universitetində ən yaxşı üç layihəyə Hacı Zeynalabdin Tağıyev mükafatı verilir.
Onu da deyək ki, universitetdə 1148 tələbə təhsil. Hazırda ADA Universitetində “Tələbə Mübadiləsi Proqramı” çərçivəsində 32 ölkədən - ABŞ, İtaliya, Norveç, Montenegro, Macarıstan, Moldova, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Vyetnam, Cənubi Koreya, Yaponiya, Pakistan, Suriya, Əfqanıstan, Küveyt, Sudan, Banqladeş, Baham Adaları, Maldiv adaları, Keniya, Qambiya, Zambiya, Ekvador, Tanzaniya, Qana, Nigeriya və Argentina və sair ölkələrdən 64 tələbə təhsil alır.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər