• cümə axşamı, 28 mart, 17:56
  • Baku Bakı 16°C

“Ləzzət almasam, burada 25 il işləyə bilməzdim” - Fotolar

18.04.19 09:00 2761
“Ləzzət almasam, burada 25 il işləyə bilməzdim” - Fotolar
Onunla bir neçə il bundan qabaq görüşmüşdüm. O vaxta qədər haqqında ancaq hekayələr eşitmişdim. Azərbaycanda Pantomima kimi bir teatrın əsasını qoymuşdu. Sıfırdan bir teatr yaratmış, aktyor, dramaturq, ssenarist yetişdirmişdi. O zaman onunla qarşı-qarşıya oturanda bir az həyəcanlı idim. Bu dəfə Bəxtiyar Xanızadə ilə görüşməyimin isə bir səbəbim vardı. Pantomima Teatrı 25 yaşını qeyd edəcək.Əslində, o, media nümayəndələrinə o qədər də açıq biri deyil. Deyir ki, Pantomima Teatrının qapısını tanımayan, bir dəfə belə olsa, teatrımıza gəlməyən, burada yaradıcı proseslərdən xəbərdar olmayan media əhli mənim qapıma niyə gəlsin ki? Biz onunla nədən danışacağıq?
- Mayın 16-da Azərbaycan Dövlət Pantomima Teatrının 25 illik yubileyi qeyd olunacaq. Teatr öz yubileyinə necə hazırlaşır?
- Böyük sevgi ilə hazırlaşırıq.
- Yəni iş prosesi gedir?
- Teatr mənim üçün heç zaman iş yeri olmayıb. Teatra gələndə "mən işə gedirəm” deməmişəm. Teatrı iş kimi görməmişəm. Evdən çıxarkən, ya demişəm teatra gedirəm, ya da demişəm ki, kefə gedirəm. Ləzzət almasam, 25 il burada işləyə bilməzdim. Bəzən pula ehtiyacım olduğu üçün sifariş götürmüşəm, o işdən ləzzət ala bilməmişəm deyə, sifarişi geri qaytarmışam. Yubiley də mənim üçün bir ləzzətdir. Hazırlıqlar pis getmir. Bütün prosesi sizə açıb deyə bilmərəm. 25 ildə heç kim məndən eşitməyib ki, hansısa tamaşanın iş prosesini kiməsə danışım. Çünki son ana qədər də bu yaradıcı prosesdə özüm də nəyin baş verəcəyini bilmirəm. Bu prosesdə anidən hər şey dəyişə bilər. Elə olub ki, ssenarini yazmışam, onu oxumuşam, səhəri gün tamam başqa bir ssenari oxumuşam. Ona görə, əvvəlcədən heç nə deyə bilmirəm. Bu, sonuncu günə qədər mənim özümə də bəlli olmur. Belə olan halda qabaqcadan onu sizə necə deyim?
- Yaradıcı prosesdə belə halların olmasını da çox insan düzgün anlamır.
- Bəli, hətta məndən inciyənlər də olub ki, prosesdən xəbərdar olduğum halda, nəyisə yaratmaq naminə hər şeyi gizli saxlayıram. Daha deyə bilmirəm ki, nəyin necə olacağını heç özüm də bilmirəm. Hərdən olub ki, tamaşanı hazırlamışam, onu yaxın zamanlarda göstərməyə hazırlaşdığımız an, görmüşəm ki, mən istədiyim iş alınmayıb, onu kənara qoymuşam. Heç zaman bundan pərt də olmuram. Çünki bu teatrda bilmədiyim yolları gedirəm. Azərbaycanda Pantomima Teatrı mənə qədər bir cığır yolu da qoymayıb ki, mən o yolla gedim. Cığırı açan da mənəm, o yolla irəliləyən də. Ola bilər ki, məndən sonra kimsə bu yolla gəlmək istəsə, ona asan olar. Pantomimanın 25 illiyi hər addımı bilinməyən, açılmayan bir cığır olub. Bəzən nəinki Azərbaycan Pantomima Teatrında, dünya pantomima tarixinə nəzər yetirsək, bizim verdiyimiz töhfələr olub. 25 il bundan öncə mən ilk pantomima baleti hazırlamışam. Araşdırsanız, görərsiniz ki, dünya pantomima teatr tarixində pantomima baleti yoxdur. Modern rəqs istiqamətində kifayət qədər işlərimiz var. Amsterdamda olanda vaxtilə Marsel Marso ilə birlikdə işləmiş, kifayət qədər nüfuzlu, Amsterdamda özünün teatrı olan Rob Van Reynlə görüşdük. O, bizim tamaşalara baxdı. Dedi ki, bir vaxtlar Marsel Marsoya deyirdim ki, pantomima teatrı başqa istiqamətdə inkişaf etməlidir. Bizim getdiyimiz yol dalana aparır. O, soruşanda ki, hara gedə bilərik, mən ona cavab verə bilmədim. Amma bu gün sizin tamaşaları, stili görəndə bildim ki, pantomima teatrı bu istiqamətə getməlidir ki, yaşasın. Bu 25 ildə aktyorlarıma tam müstəqil işləmək, yaratmaq və yaşamaq imkanı yaratmışam. Bəzən ağzıgöyçəklik edib deyənlər var ki, son zamanlar tamaşaları və sənin verdiyin quruluşları görmürük. Elə görürük ki, yetişdirdiyin aktyorlar tamaşanın həm müəllifi, həm də aktyorlarıdır. O zaman həmin insana övladının olub-olmadığını soruşuram. Övladı varsa, kim övladının uğuruna sevinməz ki? Əsas odur ki, övladının yaşaması üçün çalışırsan. Övladın uğur qazanırsa, bu, sənə geri qayıtmırmı? Yaşamaq ancaq başqalarını yaşatmağın hesabına mümkündür. Hər birimiz bu həyatda köçəriyik.
- Hər zaman sizə bir sualla müraciət etmək istəmişəm. Ancaq buna ürək etməmişəm.
- Buyurun.
- Məşhur aktyor idiniz, bir çox filmlərdə rol almışdınız. Kifayət qədər də fanatlarınız vardı. Niyə məhz pantomima? Sizi pantomimaya çəkən səbəb nə idi?
- Uşaqlıqdan mənim heykəltəraşlıq qabiliyyətim və bacarığım olub. Heykəldə poza, mimika, jest var. Sonra İncəsənət Universitetinə daxil oldum, burada söz, hərəkət… Həyatda təsadüfi heç nə yoxdur. Uşaqlıqdan səndə nə formalaşdırılıbsa, gələcəkdə peşəmizi, yolumuzu ona uyğun seçirik. Necə ki, mədəmizə uyğun qidanı yeyirik, peşəmiz də elədir. Mənim buna qabiliyyətim var idi ki, bunu da seçdim. Söz yoxdur ki, mən bədən dili ilə danışmaq, yaratmaq istəyirdim. 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirdim və vətənə geri döndüm. Pantomima Teatr Festivalı keçirmək üçün Həsənağa Turabova müraciət etdim. Onun reaksiyası fərqli oldu. Dedi ki, bizdə pantomimamı var, festivalını keçirək? Dedim ki, icazə versəniz, onu edərəm. O da mənə inandı və festival üçün gün təyin etdi. Biz festival keçirdik və Mədəniyyət Nazirliyinin xoşuna gəldi. Bir həftə keçmədi ki, Polad Bülbüloğlu göstəriş verdi, Gənc Tamaşaçılar Teatrında Pantomima Teatr Studiyası açıldı. Adını "Dəli yığıncağı” qoydum.
- Və üzərindən illər keçdi, teatr dövlət statusu aldı, yeni cığır açdı, tanındı, məşhurlaşdı və böyüyüb 25 yaşa gəldi. Pantomimanın bu yolu çoxmu məşəqqətli olub?
- Mən asfalt üstündə gül bitirmək niyyətinə düşdüm. İşə başlayanda bilirdim ki, bunun nə dramaturgiyası, nə aktyoru, nə ssenarisi, nə də rejissurası var. Ümumiyyətlə, dünyada bunun dramaturgiyası çox azdır. Pantomima teatrını yaradanlar bu janrda dramaturgiyanı özləri hazırlayırlar. Cəmi bir-iki müəllif var ki, pantomima üçün dramaturgiya yazıb. Azərbaycanda isə ümumiyyətlə yoxdur. Bunu yetişdirən bir məktəb belə olmayıb və hələ də yoxdur. Nəinki dramaturgiya, bunun aktyorunu, rejissorunu yetişdirən bir təhsil ocağı yoxdur. Mən onları yetişdirib bu teatrı respublikaya və dünyaya tanıtdım. Kimsə ağzıgöyçəklik edirsə, bir pantomima tamaşa hazırlasın, biz də baxaq. Ancaq məndən sonra artıq yetişmiş pantomimaçılar var və bəlkə onlarla nələrsə hazırlamaq mümkündür. Lakin olmayan yerdən o aktyorları yetişdirmək lazım idi. Bunun üçün pyeslər yazılmalı, ona quruluş verilməlidir. Onu nümayiş etdirib, sevdirmək lazım idi ki, bunları etdim. Digər tərəfdən, bizim bu vaxta qədər binamız olmayıb. Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişik. Kobud desək, kirayənişin olmuşuq. Kim kirayədə yaşayırsa, bizi çox gözəl başa düşər. Ev sahibi çirkli dəsmalını asar, sözü olmaz, kirayənişin özünün ağappaq yaylığını çıxarıb assa, bu, söz olar. 10 il kirayə həyatı yaşamışıq. Teatr aləmi sadə bir yer deyil. Teatr özü müstəqil bir dövlətdir, daxilində bütün strukturları var. Belə bir mühitdə bacardığım qədər övladlarımı pak saxlamağa çalışmışam. Kirayədə qalmışıq, sonra bura köçmüşük, arada böyük fasilə olub. Heç bir yerdə yaşamadığımız halda, mən truppamı qoruyub-saxlamağa çalışmışam. Bura köçəndən iki il sonra işləməyə şəraitimiz olmayıb. Bu binaya köçəndə istilik sistemimiz yox idi, qışda soyuqdan əsirdik. Bir otağa yığışırdıq. Biz öz əlimizlə binanın foyesindən səhnə düzəltdik. Navalça borularından işıqlandırma qurğuları düzəltdim və o güclə yığdığım truppa yenidən dağıldı. Binanı düzəldəndən sonra yenidən bir komanda yığdım. İndi işlədiyim kollektiv 8-9-cu kollektivdir.
- Heç həvəsdən düşməyibsiniz?
- Yox, bu ağırlıqları danışmaqla bitəsi deyil. Yeganə adamam ki, bir kəlmə şikayətimi eşidən olmayıb. Hərdən jurnalistlər mənə sual verir ki, şəraitiniz yaxşı deyil, bununla bağlı açıqlama verin. Məgər sən çətinlik düzəldənsənmi, dərdimi sənə danışım?
- Bəxtiyar müəllim sizə "sonuncu mogikan” demək olarmı?
- Sonuncu mogikan nədir? Hər hansı bir zirvədə olan, zirvəyə can atan birinin, hansı ki, ondan sonra bu zirvədə heç kim olmur. Mən özümə bu zirvənin son mogikanı deməzdim. Sevgi ilə, sədaqətlə, teatra qulluq edən sonuncu mogikan deyərdim. Teatr sənətində harada olduğumu bilmirəm. Düzdür, məndən sonra da teatra sevgi ilə yanaşanlar olacaq. Ancaq duyuram ki, mənim qədər sədaqətlə, sevgi ilə qulluq edənlər azdır. Bu istiqamətdə özümə sonuncu mogikan bəlkə də deyə bilərəm. Cavabım sizi qane etdimi?Evdə halım olmayanda, ağrıyanda, deyirlər ki, dur get teatra, ora gedəndə sağalırsan. Axşam evə elə gəlirsən ki, elə bil 15 yaşın var. Teatr dünyası çox qəliz dünyadır. Bəlkə gələcəkdə bizdən də yaxşıları gələcək.
- Onların gəldiyini hiss edirsiniz?
- Uzun illər baxırıq ki, yol asfaltdır. Bir də görürsən, gözləmədiyiniz bir halda asfaltın ortasında bir gül bitir. Kiminsə ağlına gələrdimi ki, nə vaxtsa Azərbaycanda Pantomima Teatrı olacaq? İndi mən niyə deyim ki, heç vaxt olmayacaq? Allahın işidir. Ancaq sədaqət, bu fərdin xüsusiyyətidir. Mən aktyorların insanlığını, tərbiyəsini əsas götürürəm. Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm. İnsani keyfiyyətlərlə teatra üz tutan insanları öyrədə bilərəm.
- Pantomima Teatrı digər teatrlardan bir çox əlamətləri ilə seçilir. Bir də yaradıcı heyətiniz güclü nizam-intizamı ilə diqqətimi çəkir. Aktyorlarla çox məşqlər edirsiniz. Sizcə, davamlı məşqlər aktyorları həddən ziyadə yormurmu?
- Əlbəttə ki, yorur. Yorulurlar. Son zamanlar anlamağa başladım ki, gün ərzində cəmi 2-3 saat yatıram. Düşünürəm ki, tez durum, zaman qurtarır. Zaman gedir… Yorulmuram, əksinə çox işləməkdən zövq alıram. Bu gün 62 yaşım var, yenə də az yatıram, işləməkdən yorulmuram. Əvvəl anlamırdım və gənclərdən tələb edirdim ki, mənim kimi olsunlar. Onlar deyəndə ki, yorulmuşuq, deyirdim ki, nə edibsiniz ki, yorulubsunuz? Onlara istirahət vermirdim. Hətta xarici səfərlərə gedəndə tələbələrə deyirdim ki, otelin foyesinə çıxın, məşq edəcəyik. Otelin foyesində gecə saat 4-5-ə qədər məşq edirdik. Sonra anladım ki, o aktyorlara zülm edirəm. Ancaq başqa yolla olmur. Brüs Li dünyaca məşhurdur. O, gününün 8-9 saatını fasiləsiz məşq edirmiş. Məhz bu məşqlərin hesabına Brüs Li olub. Hərəkətlə bağlı olan sənətlər cilalanmalıdır. Yoxsa mən iki hərəkət etdim, getdim, bununla iş bitmir.Əks təqdirdə, sən sıravi bir adamsan. Truppamız tez-tez dağılır. Səbəblər çoxdur. Pantomimadan çıxıb gedən insanlar bu gün kifayət qədər tanınmış insanlardır. Rövşən İsaak, Nicat Kazımov, Siyavuş Hüseynli, Azər Axşam, Əsəd İsmayılov - hamısını yubileydə görəcəksiniz.
- Yubileydə onları aktyor, yoxsa tamaşaçı kimi görəcəyik?
- Əksəriyyətini aktyor kimi. "Allahdan buyruq, ağzıma quyruq” deməklə, nəyəsə nail olmaq mümkün deyil. Teatr o zaman insanları valeh edir ki, küçədən keçən baxıb "bunu mən də edə bilərəm” deyə bilməsin.
- Qismətə inanırsınız?
- Sualınıza bir misalla cavab vermək istərdim. Təsəvvür edin ki, pul verib mağazadan çörək alırsınız və sən bıçağınla bu çörəyi səliqə ilə öz evində doğrayırsan. Elə o çörəyi ləzzətlə yeyən anda səni bir nəfər çağırır. Gedirsən və geri dönürsən ki, o çörəyi oğlun dişləyib yeyib. Hələ də bilmək olmaz ki, o çörək sənin qismətindir, yoxsa yox. Hər birimiz öz qismətimizi yaşayırıq. Demək ki, bu da mənim qismətimdi. O şeyi ki, sən yeyəcəksən, onu mənim ağzıma dürtsələr də, mən yeyə bilmərəm. Atalarımız deyib ki, qismətdən artıq yemək olmaz. Baxın, sizə yaxşı başlıq da dedim. Mən hər zaman şükür edirəm. Ən əsası, yağışın altında deyiləm, sağlamam.
- Siz bizdən əvvəlki nəsli də görübsünüz, indikini də. Deyirlər ki, əvvəlki tamaşaların yerini heç nə vermir.
- Mənə bu nəsildən sevdiyiniz bir şəxsin, filmin adını çəkin. Son zamanlar bir söz dəb halını alıb. Deyirlər ki, bu, mənim zövqümdə deyil. Elə şey yoxdur. Zövq ya var, ya yoxdur. Necə ola bilər ki, Şopen, Motsart sənin zövqündə olmasın? Elə şeylər var ki, onu zamana buraxmırıq, real görürük.5 it təlim edirəm, bağda saxlayıram. Bir şeyi götürüb onu kamilləşdirmək həvəsin varsa, sən onu inkişaf etdirirsən. Ancaq ortaya «7 oğul istərəm», «Uşaqlığın son gecəsi» filminə bərabər üasir film qoya bilərsinizmi?
- Məhz bu səbəbdəndir ki, siz indi çəkilən film və seriallarda yoxsunuz?
- Nəinki çəkilmirəm, heç baxmıram da.
- Dəvət alırsınız?
- Bəli, onlar məni bir neçə dəfə dəvət etdilər, gördülər ki, nə çəkilirəm, nə də təqdimatlarına gedirəm. Daha dəvət etmədilər. Düz də edirlər, mənə yalvarmalıdırlar? Heç mən də onlardan asılı deyiləm.

- Bundan sonra sizi heç bir filmdə görməyəcəyik?
- Yaxşı ssenari, işini bilən peşəkar rejissor olsa, niyə də çəkilməyim?
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər