• cümə axşamı, 25 aprel, 21:43
  • Baku Bakı 21°C

“Leyli və Məcnun” bu dünyaya imtahan vermək üçün gəldiyimizi xatırladır”

27.07.16 12:51 3836
“Leyli və Məcnun” bu dünyaya imtahan vermək üçün gəldiyimizi xatırladır”
Teatr mövsümü bağlansa da, sənətinə bağlı olan insanlar bu isti yay günlərində dincəlmək niyyətində deyillər. Elə müsahibimiz - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rejissoru, Əməkdar artist Nicat Kazımov kimi. Müsahibimiz bu gün işi ilə əlaqədar Moldova Respublikasına yola düşür. Belə ki, rejissor Moldovada Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb. Dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan milli teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsindən ibarətdir.
Səfər öncəsi Nicat Kazımov "Kaspi”nin suallarını cavablandırdı. Rejissor bizimlə söhbətində fərqli üslubda hazırladığı "Leyli və Məcnun” tamaşasından da danışdı.

- İlk olaraq Sizi təbrik edir, işinizin axırıncı deyil, axarıncı olmasını diləyirik. İstərdik Moldovada görəcəyiniz işlər barədə bizi məlumatlandırasınız.
- Diqqətiniz üçün təşəkkür edirəm. Bu gün artıq Moldovaya yola düşürəm. Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvəti ilə oraya gedirəm. Həmin teatrda görkəmli türk yazıçısı və dramaturqu Əziz Nesinin "Öldür məni, can-ciyər” pyesi əsasında tamaşa hazırlayacağam. Sentyabr ayının 1-ə qədər Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb, təhvil verib, öz doğma teatrımıza geri dönəcəyəm.

- Bu, Sizin vətəndən kənarda ilk işinizdir?

- Rejissor kimi vətəndən kənarda ilk işimdir. Aktyor kimi isə xaricdə nümayiş olunan bir neçə əcnəbi filmlərə çəkilmişəm.

- Teatr cameəsində çoxdandır maraq obyektinə çevrilən "Leyli və Məcnun” tamaşasını tamam başqa bir ampluada hazırlayırsınız. İstərdik tamaşa barədə bir də sizin fikirlərinizi eşidək.

- Tamaşa oktyabrın sonlarına yaxın hazır olacaq. Elə indidən bütün tamaşaçıları oktyabrın son günlərində Gənc Tamaşaçılar Teatrında mənim quruluşumda hazırlanan "Leyli və Məcnun”a baxmağa dəvət edirəm. "Leyli və Məcnun” həqiqətən də bir yenilikdir və sevinirəm ki, bu, bizim teatrın adı ildə bağlıdır. Əslində hər kəsin yaxşı bələd olduğu bir əsəri səhnələşdirmək çox çətin bir işdir. Tamaşa vasitəsi ilə Füzuli dilini tamaşaçılara çatdıracağıq. Tamaşada müasir hisslər, düşüncə öz həllini tapacaq. Bu tamaşanı hazırlamaq öz ideyam idi. Əsərin səhnə variantını da özüm işləmişəm. Füzulinin əsərini bu formada təqdim etmək mənim çoxdankı arzum idi. İstəyirdim ki, "Leyli və Məcnun”u opera və balet variantında deyil, daha anlamlı şəkildə, Məhəmməd Füzulinin yazdığı kimi tamaşaçıya çatdıraq. Poemanı səhnəyə hazırlayanda çətinliklərimiz oldu. Birincisi, poema həddindən artıq genişdir. Ona görə əsərin əsas xəttinə ziyan dəymədən hansı səhnələri saxlamaq, yaxud çıxarmaq haqda düşündük. Bundan başqa, ən önəmli məqam tamaşanın açarını, yəni onu necə təqdim etməyin yolunu tapmaq idi. Şükür ki, açar tapıldı. Tamaşada böyük aktyor heyəti çalışır. Tamaşada Leyli rolunu gənc aktrisalar Səbinə Məmmədova, Asya Atakişiyeva, Məcnunu Bəhram Əliheydər, Mirzəağa Mirzəyev canlandıracaq.
Digər rolları isə Kərəm Hacızadə və Nicat Kazımov (Məcnunun atası), Mehriban Abdullayeva və Sevinc Mehrəliyeva (Məcnunun anası), Elşən Çalxanlı, Nofəl Vəliyev (Leylinin atası), Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nuriyyə Əliyeva (Leylinin anası), Elşən Rüstəmov, Vüsal Mehrəliyev (Nofəl), Manaf Dadaşov, Rasim Cəfər (İbn Salam), Elnur Hüseynov (Zeyd) ifa edəcək.
Tamaşanın məsləhətçisi İlqar Fəhmi, səhnə geyimlərinin modelləri, musiqi tərtibatı, səhnələşdirilməsi mənə aiddir. Ümid edirəm ki, maraqlı olacaq. Çox istəyərdim ki, Leyli və Məcnun obrazlarını canlandıran sənətkarlar da bu tamaşanı izləməyə gəlsinlər.

- "Leyli və Məcnun” dəfələrlə opera şəklində Azərbaycan teatrının səhnəsində oynanılıb. Sizcə, bu əsərin mövzusu XXI əsrdə nə qədər aktualdır?

- Çox aktualdır. İlk növbədə sevgi bütün əsrlərdə sevgidir. Hətta günümüzün də öz Leyli və Məcnunları var. "Leyli və Məcnun” bizim bu dünyaya imtahan vermək üçün gəldiyimizi bir daha xatırladır. Hər kəs bilməlidir ki, bu dünya imtahan yeridir. Tamaşaya baxanda hərə özünə düşən payı oradan götürəcək.

- Yeni mövsümdən nələr gözləyirsiniz?

- Hələ ki yeni mövsümdən "Leyli və Məcnun” tamaşasının uğurlu keçməsini gözləyirəm. Hazırda mənim üçün həyəcanverici anlar məhz "Leyli və Məcnun”la bağlıdır. Mənim üçün yeni mövsüm bundan ibarətdir.

- Sizi rejissor və aktyor kimi də yaxşı tanıyırıq. Sizcə, aktyor olmaq asandır, yoxsa rejissor?

- Aktyor olmaq daha asandır. Tamaşada aktyor kimi iştirak edirsənsə, o zaman sən ancaq özünə cavabdeh olursan. Misal üçün, biz artıq məzuniyyətdə olsaq da, hələ də tamaşanın geyimləri, səhnə dizaynı haqqında düşünürəm. Bu gün yola düşsəm də, hər an mətnlərin üzərində işləyirəm. Əgər tamaşanın rejissorusansa, tamaşada baş verən hadisələrin məsuliyyəti sənin üzərində olur. Tamaşanın musiqisindən tutmuş aktyorun seçiminə qədər hər şeyin cavabdehliyini daşıyırsan. Ancaq işini bilən aktyor üçün işləmək asandır.

- Sizin rejissorluq etdiyiniz uşaq və böyük tamaşalarını da izləmişik. Əsərə xüsusi yanaşma tərziniz var. Sizin üçün uşaqlarla, yoxsa böyüklərlə işləmək asandır?

- Onun heç bir fərqi yoxdur. Tamaşaçı tamaşaçıdır. Yeri gələndə uşaq tamaşaçıları daha tələbkar olur. Çünki indiki uşaqları aldatmaq olmur. Əgər tamaşada uşağın diqqətini cəlb edə bilmirsənsə, o, söhbət etməyə və diqqətini yayındırmağa başlayır. Hazırladığım bütün tamaşalara enerjim gedir. Ötən gün "Leyli və Məcnun” tamaşasının məşqlərindən sonra evə gedib çox yorulduğumdan, indiyə kimi məni heç bir tamaşanın bu qədər yormadığından gileylənirdim. Həyat yoldaşım isə bildirdi ki, sən demə, hər dəfə yeni bir tamaşa üzərində işləyəndə eyni sözləri deyirəmmiş. Bu da ondan irəli gəlir ki, hər dəfə daha qəliz, böyük enerji tələb edən tamaşalar hazırlayıram.

- Bəs yeni mövsümdə film, serial təklifləri necə, varmı?

- Hələ ki yoxdur. Əslində film çəkmək istəyirəm, ancaq sponsor tapmaq bir az çətindir. Əlimdə 2 ssenari var. Özümü kinorejissor kimi sınamaq istərdim. Ssenarilərin mövzuları dramatik və komediya janrındadır. Ancaq bizim öyrəşdiyimiz o standart komediyalardan deyil. Maraqlı mövzulardır.

- Komediya demişkən, hazırda kifayət qədər komediya və dramatik filmlər çəkilir. Nə üçün çəkilən filmlərdə Sizi bir aktyor kimi görmürük?

- Yəqin ki, məni kinoya az çəkirlər, bu ondan irəli gəlir. Əslində bir neçə filmə çəkilmişəm. Rejissorlar da məndən narazı qalmayıblar. O ki qaldı seriallara, vaxtım olmadığı üçün seriallara çəkilə bilmirəm. Seriallara çəkilmək üçün gərək gününün müəyyən hissəsini çəkilişlərə həsr edəsən. Filmlərə gəlincə isə, yaxşı qonorarlı film olsa, təbii ki, çəkilərəm.

- Nicat Kazımov isti yay günlərində istirahət edə bilirmi?

- Xeyr, istirahət ağ adamlar üçündür. Mən ki qapqarayam (gülürük). İstirahət etməyə vaxtım yoxdur. Elə işləyəndə dincəlirəm. Əgər işim yaxşıdırsa, yolunda gedirsə, o zaman istirahət etmiş oluram.

- Nicat bəy, bu mövsüm Sizin üçün ikiqat bayram oldu. Bildiyimiz kimi, oğlunuz da sənətinizi davam etdirmək üçün universitetə qəbul olub. Ötən ay bizimlə müsahibənizdə bildirmişdiniz ki, yalnız xaricdə təhsil alarsa, oğlunuzun aktyor olmasına icazə verərsiniz.

- Elədir. Oğlum da sənətimi davam etdirir. O, iki universitetə qəbul olub. Hələ ki seçim qarşısındayıq. Həm Türkiyədə, həm də Azərbaycanda istədiyi ixtisasa qəbul olunub. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu” fakültəsinə daxil olub. O, ixtisas imtahanından iki "9” alıb. Həm də Türkiyədə İstanbul Dövlət Universitetinə daxil olub. İstanbulda digər universitetlərin aktyorluq ixtisas imtahanları ilə bağlı heç bir xəbər çıxmadığı üçün hələ ki gözləyirik.

- Yəqin ki, Türkiyədə baş verən hadisələrdən xəbərdarsınız. Bir valideyn olaraq bu Sizi narahat edirmi?

- Qardaş ölkədə baş verən hadisələrdən xəbərdaram. Təəssüf hissi ilə qeyd edim ki, bu səbəblərə görə Türkiyədə veriləcək imtahanların vaxtı uzadılır. Sözün açığı, mən özüm də qərar verməmişəm. Əgər oğlum bizim universiteti seçsə, böyük ehtimal ki, onun magistr təhsilini xaricdə davam etdirəcəyini düşünürəm.




Xəyalə Rəis

banner

Oxşar Xəbərlər