• cümə axşamı, 28 mart, 23:11
  • Baku Bakı 13°C

Leyla Yunusla Xədicə İsmayıl arasında “yorğan” davası

15.12.17 11:00 1976
Leyla Yunusla Xədicə İsmayıl arasında “yorğan” davası
Özlərini "hüquq müdafiəçisi”, "demokrat” adlandıranların bir-birinə qarşı ən kəskin ittihamlar səsləndirdiklərini zaman-zaman müşahidə etmişik. Dünənə qədər bir süfrədən çörək yeyib, eyni qabdan su içən "müttəfiqlər” sonradan düşmənə çevriliblər. Belə hərəkətlər onların iç üzlərini açmaqla, əsl mahiyyətlərini tam çılpaqlığı ilə ortaya qoyub. Növbəti belə bir "şou” bu günlərdə "demokrat” Xədicə İsmayıl və "hüquq müdafiəçisi” Leyla Yunus arasında baş verib. Belə ki, Leyla Yunusun son açıqlamaları artıq onun hansı məqsədlərə xidmət etdiyini bir daha nümayiş etdirib. Vaxtı ilə onu dəstəkləyən bir sıra şəxslər də Leyla Yunusun "insan haqlarını müdafiə” etməsinin arxasında öz maraqlarının durduğuna şahidlik etməyə başlayıblar. Xüsusən də onu vaxtilə aktiv şəkildə müdafiə edən Xədicə İsmayılın sosial şəbəkə vasitəsilə açıqladığı məqamlar, bütün qaranlıq məsələləri də gün işığına çıxarıb.

Bəlli olub ki, Leyla Yunus, "casus” adlandırdığı Elçin Qənbərovun vəkil kimi xidmətini Xədicə İsmayıla tövsiyə edib: "Müsahibəni oxudum. Bu yaşlı adamın işgəncə altında ikən həbsdə nə yazdığını və nə dediyini sorğulamaq niyyətində deyiləm... O, həbsimdən əvvəl mənə vəkilim olmaq istədiyini demişdi, imtina etmişdim. Müəmmalı şəkildə Leyla Yunusa vəkil olandan sonra telefon danışığımızda Leyla xanımdan ona necə etibar etdiyini soruşdum. O da etibar etmədiyini üstüörtülü şəkildə dedi... Mənim üçün bircə sual var – azadlığa çıxandan sonra Leyla Yunus Elçin Qəmbərovun vəkilim olmasını təklif etmişdi. Sual isə budur: ... və satqın saydığınız birini həbsdə olan mənə niyə vəkil kimi önərirdiniz?”

Əslində bu məsələ ətrafında gedən müzakirələr, verilən açıqlamalar bir daha onu göstərir ki, bir sıra xarici qüvvələrin Azərbaycana yönəlik addımlarının mərkəzində duran şəxslər, heç də əsl demokratiyanın, insan haqlarının müdafiəçisi olmayıblar. Onlar ermənipərəst qüvvələrlə birləşib öz mənfəətlərini güdüb, böyük məbləğdə pul arxasınca qaçıblar. Biri digərini qəbul etməyən bu şəxslər verdikləri açıqlamalarla özlərinin iç üzlərini açıb göstəriblər.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri Azər Həsrətbildirdi ki, əslində, problem, ortada olan maddi sərvəti bölüşdürə bilməməkdir: "Bilirsiniz ki, bu cür "hüquq müdafiəçisi” adı altında pərdələnmiş adamların əsas məqsədi varlanmaqdır. Yəni, onlar ayrı-ayrı insanların faciələrindən özlərinin zənginləşməsi üçün istifadə ediblər. Leyla Yunusla bağlı vəkil Elçin Qəmbərovun dərc edilmiş kitabında da konkret faktlarla bu məsələ göstərilib. Həmin kitabda ayrıca olaraq qeyd edilib ki, hansı məbləğlərdə hansı fondlardan pul alınıb. Təbii ki, o pulların Azərbaycanda hüquq müdafiə sisteminin inkişafına xərcləndiyini heç kim sübut edə bilməz. Çünki bu sahədə olan insanlar onu görməyib. İndi də Xədicə İsmayıl və Leyla Yunusun arasında baş verənlər əslində yorğan davasıdır. Onlar bilirlər ki, hansısa biri nüfuzdan düşəcəksə, digəri üstünlük əldə edəcək. Üstünlük əldə edən tərəf də Qərbin çirkli pullarını yumaqda maraqlı olan fondlardan gələn maliyyəni mənimsəyəcək. Ona görə də bunlar biri-biriləri ilə dava edirlər.Yeri gəlmişkən, ayrıca vurğulamaq lazımdır ki, əslində onların bu münaqişəsi sadəcə olaraq, iki nəfər arasında deyil, həm də onların arxasındakı dairələrin davasıdır. O dairələr bu cür adamların əli ilə çirkli pulları yuyurlar, korrupsiya faktlarını ört-basdır edirlər. Yəni, onlar pulları bu adamların hesabına köçürüb, bir hissəsini geriyə nağd olaraq alırlar. Təbii ki, bu münaqişə Leyla Yunus və Xədicə İsmayıl arasında görünsə də, eyni zamanda həm də onların arxasındakı qüvvələrin davasıdır”.

A.Həsrət qeyd etdi ki, belə insanlar uzun müddət üzlərini maskalayaraq gizlədə biliblər: "Amma zaman keçdikcə, xüsusilə Azərbaycan dövləti şəffaflaşma istiqamətində konkret addımlar atdıqca, qanunlar qəbul edib, onları tətbiq etdikcə, bu adamların maskası yırtılmağa başladı. Yəni, bunların "qara pullar”ın yuyucusu kimi istifadə edilməsi, bütövlükdə insan haqları adı altında korrupsiya ilə məşğul olması faş edildi. Eyni zamanda, cəmiyyətin ayrı-ayrı kəsimlərini təmsil edən insanlar da bu şəxslərin əsl simasını görmüş oldu. Bir zaman şəxsən özüm də bunları hüquq müdafiəçisi, jurnalist və s. kimi qəbul edirdim və düşünürdüm ki, həqiqətən də insanların hüquqlarını qorumaqla məşğuldurlar. Çox təəssüflə qeyd etməliyəm ki, sən demə, bu adamlar insanların faciəsindən özlərinin varlanması üçün istifadə edirmişlər. Onu da qeyd edim ki, söhbət təkcə bu iki şəxs arasındakı davadan getməməlidir. Bunlar kimi insanlar yenə də var. Məsələn, Emin Milli adı altında Almaniyada oturub, çirkli pulları yumaqla məşğul olan, anti-Azərbaycan kampaniyalarının önündə gedən, ermənilər üçün sərbəst efir təklif edən biri də var. Yaxud, Emin Hüseynov adlı guya hüquq müdafiəçisi olduğunu iddia edən şəxsi də deyə bilərik. Bu şəxs də xarici donorlardan milyonlarla qrantlar almışdı və dövlətə ödəyəcəyi vergidən yayınması rəsmən sübut olunmuşdu. Özünü xilas etmək üçün Azərbaycan vətəndaşlığından öz təşəbbüsü ilə imtina elədi. Biz əvvəllər elə bilirdik Emin Hüseynovun dövlətə 250 min dollar borcu olub, amma sən demə 380 min avro vergi borcunu dövlətə ödədikdən sonra çıxıb gedib. Təbii ki, bu pulu da ona sahib duran şübhəli dairələr ödədi. Belə adamlar arasında olan münaqişələr sadəcə, ona hesablanıb ki, özlərini daha baha qiymətə sata bilsinlər”.

AZAD

banner

Oxşar Xəbərlər