AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Levon Ter-Petrosyan da həyəcan təbili çaldı"

Cəmiyyət
06 İyun 2020, 21:06 269
"Ermənistanın baş naziri Nikol Paşinyan başını itirib. İşğalçı ölkədə koronavirusa yoluxanların sayı artır. Paşinyanın "maska taxın, sosial məsafəyə riayət edin” çağırışları əvvəlkitək qulaqardına vurulur".
 
Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Baş nazir koronavirusla mübarizədə sonuncu üsula əl atıb: "Paşinyan Ermənistanda epidemiya əleyhinə hərəkatın yaradılmasını təklif edib.

Təklifin mahiyyəti nədən ibarətdir?

Birincisi, Paşinyanın məntiqinə görə, hər bir erməni karantin qaydalarına əməl etməlidir. Bu çağırışda yeni heç nə yoxdur.

İkincisi, karantin qaydaların əməl edən erməni başqalarından bu qaydalara əməl etməyi tələb etməlidir.

Üçüncüsü, Paşinyan karantin qaydalarını pozanların şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını təklif edib.

Görünür, Paşinyan ermənilərin bir-birindən şikayət etməsini işə yarayacağını düşünür. O sosial şəbəkələrdə paylaşılan şəkilləri araşdırmaq məqsədilə polisdə monitoriqn qrupunun yaradılığını bildirib. Yəni Paşinyanın məntiqinə görə, həmin monitorinq qrupu qaydaları pozanları müəyyənləşdirib onlara cəza kəsməlidir. Ancaq hazırda polis özü ağır vəziyyətdədir. Ermənistanın polis rəisi Arman Sarkiosyanın son açıqlamasına görə, 100-dən çox polis koronavirusa yoluxub.

Ermənistanda vəziyyət o dərəcə kritikdir ki, illərdir susan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da açıqlama vermək məcburiyyətində qalıb. Levon Ter-Petrosyan Ermənistandakı vəziyyəti nə az, nə çox müharibə adlandırıb. O bunu belə izah edib: "Birincisi, koronavirus Ermənistana müharibə elan edib. İkincisi, bu müharibəyə görə bütün məsuliyyət hökumətin üzərindədir. Üçüncüsü, bu vəziyyətdə hökumətə qarşı savaşan istər-istəməz xalqı satır. Müharibə dövründə daxili mübarizə ağılsızlıqdır və heç bir məntiqə sığmır”.

Beləliklə, Levon Ter-Petrosyan açıq-aşkar keçmiş tələbəsi Nikol Paşinyanı müdafiə edib. Çünki, hər ikisinə bəllidir ki, Robert Köçəryan və Serj Sərkisyan tərəfdarları Ermənistanda ağırlaşan vəziyətdən hökumətin mövqelərini zəiflətmək üçün istifadə edəcəklər. Bu mümkün ssenarilərdən biridir.

Ermənistanda hətta epidemiya zəifləsə belə iqtisadiyyatı əvvəkli axarına qaytarmaq çətin olacaq. Bu Paşinyanın imkanı xaricindədir. Belə vəziyyətin yarandığını heç Paşinyan da gizlətmir. Demək, Paşinyana müxalif olan güclər üçün münbit şərait yaranır. Həmin güclər artır fəallaşıblar və Ermənistanda "Paşinyan istefa verməlidir” səsləri güclənir. Levon Ter-Petrosyan isə hakimiyyətdə təmsil olunmasa da, vaxtilə onu devirən güclərin – "Qarabağ klanının” yenidən hakimiyyəti ələ keçirməsini istəmir. Ancaq indiki ağır vəziyyətdə bu ondan asılı məsələ deyil".