Lənkəran Teatrının Bakı tamaşaçıları ilə uğurlu görüşü

Lənkəran Teatrının Bakı tamaşaçıları ilə uğurlu görüşü

Mədəniyyət
03 Dekabr 2019, 09:00 495
Səyad Əliyev: "Tamaşanın nümayişindən sonra bizə deyirdilər ki, siz paytaxt teatrlarından heç də geri qalmadığınızı sübut etdiniz”
 
Noyabrın 27-də Lənkəran Dövlət Dram Teatrı Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”  tamaşasını nümayiş etdirdi. Quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayev olan səhnə işində rolları Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirdilər. Qastrol səfərindən sonra tamaşada Rüstəm obrazının qəhrəmanı Səyad Əliyev təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, qastrol səfərləri bölgə teatrlarının tanınmasında, onların hazırladıqları tamaşaları daha böyük auditoriyaya təqdim etməsində böyük rol oynayır. Bir sözlə, qastrol səfərləri bölgə teatrlarının daha həvəslə çalışması, bölgələrdə maraqlı tamaşaların hazırlanmasını sübut etmək üçün əsas vasitədir. 

- Səyad bəy, səfər təəssüratlarınızı eşitmək xoş olardı. 
 
- Bakı səfərimiz çox maraqlı və yaddaqalan oldu. Açığı, səfərə yola düşməmişdən öncə "görəsən, paytaxt teatrının səhnəsinə uyğunlaşa biləcəyikmi, ümumiyyətlə fərqli səhnədə oynayacağımız tamaşa necə qarşılanacaq, seviləcəkmi, alqışlancaqmı?” kimi suallar bizi həyəcanlandırırdı. Ancaq nümayiş etdirdiyimiz "Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası böyük maraq doğurdu. Tamaşadan sonra bizə yaxınlaşıb, Lənkəran teatrının belə bir performansla çıxış edəcəyini gözləmədiklərini deyirdilər. Onu da diqqətinizə çatdırım ki, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri tərəfindən izlənən tamaşa Cəfər Cabbarlının qələmindən çıxan nakam məhəbbət dramının maraqlı səhnə yozumu idi. Ailə-məişət mövzusundakı tamaşada bir-birinə səmimi hisslər bəsləyən Səriyyə və Rüstəmin məhəbbəti ön planda təsvir olunur. Səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsir kəskin tənqid olunur.
 
- "Vəfalı Səriyyə” əsəri paytaxt və bölgə teatrlarında bir neçə dəfə səhnələşdirilib. Sizin tamaşanızı onlardan fərqləndirən əsas hansı xüsusiyyət oldu?
 
- Cəfər Cabbarlı bu əsəri yazanda yaşı çox az olub. Buna baxmayaraq, əsər çox maraqlıdır. Tamaşanın rejissoru Firudin Məhərrəmov əsərin sonluğunda bir az dəyişiklik edib. Belə ki, əsərdə baş qəhrəmanlar qovuşduğu halda, rejissor onu dəyişərək bədbin sonluqla, hər iksinin ölümü ilə bitirdi. Təbii ki, tamaşaçılar tamaşanın belə bitəcəyini gözləmirdilər. Biz bu tamaşanı cəmi 20 gün ərzində hazırlasaq da, ən çox bəyənilən tamaşalardan oldu. 
 
- Bu, Lənkəran Teatrının Bakıya neçənci qastrol səfəri idi?
 
- Mən 2005-ci ildən Lənkəran Teatrında çalışıram. O vaxtdan artıq altıncı dəfədir ki, Bakıya gəlirik. Bu dəfəki gəlişimiz möhtəşəm oldu, açığı, mən belə maraqlı səfər olacağını gözləmirdim. 
 
- Qastrol səfərləri teatra nə qazandırır?
 
- Daha çox paytaxt tamaşaçılarının alqışını və paytaxt tamaşaçıları ilə görüşləri qazandırır. Tamaşa paytaxtda nümayiş olunanda, təbliğat daha çox aparılır və bütün mətbuatda xəbərlər yayılır. Qastrol səfərləri bizi ruhlandırır. Daha yaxşı işləmək üçün həvəsləndirir. 
 
- 14 ildir ki, Lənkəran Teatrında çalışırsınız. Bu teatrla ilk tanışlığınız necə yaranıb?
 
- Şagird olarkən bayramlarda məktəbdə keçirilən tədbirlərdə iştirak edirdim. O zamanlar bu tədbirlərdə epizodik rollarla çıxış edirdim. Hətta səsim yaxşı olduğu üçün mahnılar oxuyurdum. Uşaq yaşlarımdan teatra, səhnəyə böyük marağım vardı. İllər keçdikcə isə teatra olan marağım daha da artmağa başladı. O zamanlar dayım teatrda səhnə ustası olaraq çalışırdı. O məndəki bu istedadı görüb, Baba Rzayevin yanına gətirdi. Ondan sonra taleyim dəyişdi. 
 
- Və beləliklə, Lənkəran Teatrı daha bir gənc aktyor qazandı. Nədənsə bu teatr uzun müddətdir ki, gənc aktyor baxımından qıtlıq yaşayır. Siz bunu nə ilə əlaqələndirirsiniz?
 
- Mən teatra gələndə teatrımızda gənclər kifayət qədər idi - Elnur, Ələddin, Kamran, Asif, Emin, Emil var idi. Düzdür, onların çoxu bu və ya digər səbəblərdən teatrdan uzaqlaşdılar, teatrda gənclər azalmağa başladı. İndi də gənc kadra ehtiyacımız var. Gənclər teatra gəlsin, yeni tamaşalarda rol alsınlar ki, bizim də yükümüz azalsın. Teatrımızın direktoru Tofiq Heydərov aktyor qıtlığı ilə bağlı ali və orta təhsil ocaqlarına müraciət edir, ordakı istedadlı uşaqları teatra dəvət edir. Hətta tədris ocaqlarının rəhbərləri ilə söhbətdə istedadlı uşaqları teatra yönləndirmələrini xahiş edib. Həmin istedadlı gənclər teatrda potensiallarını artıra bilərlər. Təəssüflər olsun ki, gənclər özlərinə sığışdırmırlarmı, yoxsa başqa səbəblərdən teatra gəlmək istəmirlər.
 
- Sizcə, Lənkəran bir qədər mühafizəkar olduğu üçünmü bu düşüncədədirlər?
 
- Əvvəllər maaşımız çox az idi. Cənab prezidentimiz İlham Əliyevin sərəncamından sonra maaşlarımız artırıldı. Yəqin ki, gənclər elə düşünürlər ki, yenə də teatrlarda maaş azdır. Ancaq biz yenə də təbliğatımızı aparırıq. 
 
- Bəzən bölgə teatrlarından söhbət düşəndə, onların hazırladığı tamaşalara dırnaqarası baxırlar və "dərnək səviyyəsində tamaşa” kimi ifadələr səsləndirirlər. Belə hallarla rastlaşmısınızmı? 
 
- Təəssüf hissi ilə qeyd edim ki, mən də bu sözləri eşitmişəm. Əvvəllər teatrlarda nə olub - xəbərim yoxdur. Ancaq mən gəldiyim ildən bəri edilən dəyişikliklərin şahidiyəm. Misal üçün, əvvəl aktyorun maaşı çox az idi və gününün çox hissəsi teatrda keçənlərin fikri maddi çətinliklərdə qalırdı, aktyor məcbur olurdu ki, teatrdan kənarda özünə iş tapsın. Belə olan halda, işin keyfiyyəti aşağı düşürdü. Aktyor bir neçə hissəyə parçalanmağa məcbur olurdu. İndi vəziyyət başqadır. Maaşlarımız qalxıb, artıq rahatsan ki, ayın axırında ailəni dolandıra biləcəksən. Bunun üçün bütün enerjini işinə sərf edirsən. Əvvəl ayda 10-11 tədbirə gedərdiksə, indi o tədbirlərin siyahısını azaltmışıq. Sonuncu dəfə paytaxta gətirdiyimiz tamaşa göz qabağında idi. Tamaşanın nümayişindən sonra söylədilər ki, siz paytaxt teatrlarından heç də geri qalmadığınızı sübut etdiniz.
 
- Sizin üçün paytaxt teatrının səhnəsi ilə Lənkəran Teatrının fərqi varmı?
 
- Əlbəttə ki, Lənkəran Dövlət Dram Teatrının səhnəsi bizim üçün əziz və qiymətlidir. Çünki biz o səhnədə yetişmişik. Paytaxt teatrının səhnəsi isə fərqli səhnədir. İlk dəfə idi ki, Akademik Rus Dram Teatrının səhnəsində çıxış edirdim. Bu səhnənin akustikası bizim teatrın səhnəsinin akustikasından çox fərqlidir. Hətta səhnədə pıçıltı ilə danışanda da səs ötürülürdü. Akustika tamaşanın keyfiyyətində çox böyük rol oynayır. 
 
- Lənkəran Teatrını digər bölgə teatrlarından fərqləndirən nədir?
 
- Lənkəran Teatrının yaradıcı heyəti arasında səmimi münasibət, ailə ortamı var. Düzdür, ailədə mehribançılıq da olur, söz-söhbət də. Ancaq bizim teatrın kollektivi yaradıcı mühitlə məşğuldur, teatrda bir-birindən maraqlı və fərqli tamaşalar hazırlanır. Hazırlanan tamaşalarda bir-birimizə kömək edir, nəyisə bilməyəndə məsləhətləşirik. Bir də onu qeyd edim ki, direktorumuz bizimlə çox səmimidir. Bəlkə də onun səmimiyyəti bizim aramızda belə bir mehribançılıq yaradıb. 
 
- Sizin teatrda da yeni nəsillə köhnə nəsil arasında qısqanclıq varmı?
 
- İnanmıram ki, yeni gələn gənc nəsil yaşlı nəsli qısqansın. Nə də yaşlı nəsildə belə bir şey olsun. Bu günün gənclərinə daha çox meydan verilir, onlara özlərini, istedadlarını göstərmək, teatrda çalışmaq üçün hər bir imkan yaradılıb. Bu gün yeni gələn nəsil qısa zamanda məşhur olmaq imkanına malikdir. Belə ki, hər hansı bir tamaşadan şəkil paylaşanda, artıq hər kəs ondan xəbərdar olur və sosial şəbəkələr də insanı daha çox məşhurlaşdırır. Bundan əvvəlki illərdə isə vəziyyət daha çətin olub. Bu gün bir şəkillə məşhur olmaq mümkündür.
 
- Teatrda çalışmaq üçün təhsil, yoxsa təcrübə böyük rol oynayır?
 
- Aktyor olmaq üçün həm təhsilin, həm də istedadın rolu əvəzedilməzdir. Bəzən deyirlər ki, bir dəlilər, bir də aktyorlar anadan olduğu kimi doğulurlar. 14 ildir ki, teatrda çalışıram, bu mənim üçün elə təcrübədir. Təhsilim olmasa da, təhsil alan aktyorlardan pis oynamıram. Mənə görə, insan bir işi ürəkdən görməlidir. Heç vaxt da bu sənətə dırnaqarası baxmamışam.
 
- Ən maraqlı qastrol səfəriniz hansı olub?
 
- Elə sonuncu qastrol səfərimizi deyə bilərəm. Mən gözləmirdim ki, bu tamaşaya baxmağa cəmiyyətimizdə tanınmış insanlar gələcək və bizim dəyərli sənətkarlarımız tamaşamızı izləyib onun haqqında yüksək fikirlər səsləndirəcək. O sənətkarlardan gözəl sözlər eşitmək həqiqətən sevindirici haldır. Mən bu qastrol səfərimdə köhnə dostlarımı, tanışlarımı gördüm və onların Lənkəran Teatrına olan sevgisini hiss etdim. Kənardan tamaşamız haqqında gözəl fikirlər eşitdim və bu da bizi ruhlandırdı. 
 
Xəyalə Rəis