• cümə, 19 Aprel, 15:08
  • Baku Bakı 25°C

Lavrovun boğçasında nə olub?

21.11.17 10:30 2950
Lavrovun boğçasında nə olub?
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son aylarda yenidən ATƏT-in Minsk qrupunun həmsədrləri və onların təmsil olunduğu ölkələrin tərəfindən hərəkətlilik müşahidə edilir. Burada əsas hərəkətverici məqamlardan biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri oldu. Səfərdən sonra Türkiyə və Rusiya münaqişənin tez bir zamanda həllində maraqlı olduqlarını dilə gətiriblər. Həmsədr ölkələrdən biri kimi Rusiya bir neçə il əvvəl münaqişə tərəflərinin problemin həllinə yaxınlaşması üçün ayrıca təşəbbüslə çıxış etmişdi. Amma Ermənistan Dağlıq Qarabağda status-kvonu saxlamaq üçün danışıqları pozdu. Onu da qeyd edək ki, Ermənistan Minsk qrupunun həmsədrlərinin təklif etdiyi mərhələli həll planına razılaşsa da, sonrakı illərdə müxtəlif bəhanələrlə münaqişənin uzanmasına çalışır. Buna baxmayaraq, bu günlərdə Rusiya yenidən Qarabağ məsələsinin həlli istiqamətində hərəkətə keçdiyini nümayiş etdirdi. Bu proseslərin nəticəsi kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan-Rusiya əlaqələri, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr keçirilib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Rusiya qlobal maraqları olan dövlətlərdən biridir: "Bu nöqteyi-nəzərdən Rusiya xarici işlər nazirinin Azərbaycana, ardınca isə Ermənistana səfəri heç şübhəsiz, siyasi əhəmiyyətli hadisədir. Səfər çərçivəsində ən çox müzakirə olunan məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacağı öncədən də proqnozlaşdırılırdı.Onu qeyd edim ki, son günlər münaqişənin tənzimlənməsi prosesində görüşlərin sayının artması baxımından bir intensivlik, dinamika müşahidə olunmaqdadır. Belə ki, noyabrın 13-də Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü, noyabrın 14-də Ermənistan xarici işlər nazirinin Moskvaya səfəri və həmsədrlərlə görüşü, bunun ardınca Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə Rusiya paytaxtında apardığı danışıqlar, Sarkisyanın Putinlə görüşü və indi isə Sergey Lavrovun Azərbaycana və Ermənistana səfəri bu intensivliyin əyani təzahürüdür. Bütün bunlar onu göstərir ki, tənzimlənmə prosesində kəmiyyət baxımından heç bir problem yoxdur, amma bizim gözləntimiz keyfiyyətlə bağlıdır. Yəni, münaqişənin həlli ilə bağlı aparılan intensiv danışıqların məntiqi sonluğu olaraq bir irəliləyiş əldə edilsin”.
E.Nəsirov qeyd etdi ki, dekabrın 7-8-də Vyanada ATƏT-in xarici işlər nazirləri şurasının toplantısında da Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılır: "Yəni qeyd etdiklərimizdən bu qənaətə gəlmək olar ki, həmsədrlərin özlərinin də vurğuladığı kimi, onlar regiona turist səfəri etmək istəmirlər. Onlar bu münaqişənin həllinə töhfə vermək istəyirlər. Əslində elə biz də onu gözləyirik. Hesab edirəm ki, həmsədr dövlətlərdən birinin, Rusiyanın xarici işlər nazirinin Bakıya və Yerevana səfəri tənzimlənmə prosesindəki mövcud dinamikanı bir qədər də gücləndirə bilər. Biz heç olmasa, münaqişənin həlli ilə bağlı müəyyən taktiki tərpənmələrin şahidi ola bilərik”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da düşünür ki, S.Lavrovun səfərində əsas müzakirə mövzusu olan məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi olub. S.Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlı olduğunu dilə gətirib: "Eyni zamanda o, bu istiqamətdə fəal səylərin göstərilməsinin lazımlığını vurğulayıb. Bu açıqlamalar görüşün mətbuata açıq hissəsində səslənib. Görüşün qapalı hissəsində nələrin danışıldığını ancaq ehtimal edə bilərik. Ancaq Lavrovun mətbuat üçün açıq hissədə dediyi bir neçə cümlədən gəldiyim qənaət budur ki, onun münaqişənin həlli ilə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək, deməli, Azərbaycanın tələb etdiyi "mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov "fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, "əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.
E.Şahinoğlunun fikrincə, Rusiya XİN başçısının "BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrindəki bəzi məsələlər səylər tələb edir” fikri Moskvanın Ermənistanı bu qətnamələri yerinə yetirməyə məcbur etməyəcəyi anlamına gəlir: "Onu da qeyd edim ki, Lavrov bölgəyə ötən səfərində də demişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın daxili işi deyil”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər