Laqeydlik, yoxsa maddi çətinlik?
Səhiyyə
Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı
olan xəstələrə yardım məqsədi ilə könüllü qan verən 169 nəfərdə virus
aşkarlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar
keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2
min 614.1 litr qan tədarük olunub. 4 infeksiyaya görə Mərkəzi Qan Bankında
aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub. HİV1/2 (QİÇS) virusu
aşkarlanmayıb, 44 nəfərdə HbsAg (Hepatit B), 76 nəfərdə HCV (Hepatit C), 49
nəfərdə isə Sifilis aşkar olunub. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb
və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.
Könüllü
olaraq qanvermə aksiyasında iştirak edən beş min nəfərin 169-da virusun
aşkarlanması, əlbəttə, ciddi narahatlıq doğurur. Məsələ burasındadır ki, bu
insanlar qan verməsəydi, bir virusun daşıyıcısı olduqlarından xəbərsiz qalacaqdılar.
Bu da öz növbəsində xəstəliklərin daha böyük areala yayılmasına səbəb ola
bilərdi. Bəs görəsən insanlarımız öz sağlamlıqlarına niyə belə laqeyd yanaşır?
Niyə insanlar özlərini müayinə etdirmir?
Həkim terapevt Məlahət Abbasova deyir ki, maarifləndirmə işlərinə ehtiyac var: "Elə adam var ki,
hepatit xəstəliyinin varlığından xəbəri yoxdur. İnsanların əksəriyyəti bu haqda
məlumatlı deyil. Ona görə də maarifləndirmə işinə böyük ehtiyac var. Hər şey
orta məktəblərdən başlanmalıdır. Orta məktəblərdə ayda bir dəfə bu haqda
profilaktik söhbətlər aparılmalı, şagirdlər məlumatlandırılmalıdır. Həmçinin
müəssisələrdə, iş yerlərində maarifləndirmə işini gücləndirmək lazımdır. Daha
çox insanın maariflənməsi üçün mətbuatın, televiziyanın üzərinə böyük yük
düşür. Bundan başqa, məcburi müayinələrə də ehtiyac var. Tibb müəssisəsində
işləyən hər kəs 6 aydan bir müvafiq müayinələrdən keçir. Amma təhsil
müəssisələrində, özəl və dövlət şirkətlərində bu məsələyə diqqət edilmir. Yaxşı
olar ki, məktəblilər, tələbələr, işçilər müəyyən müddətdən bir icbari olaraq
müayinəyə cəlb olunsunlar. Çünki erkən müayinə və diaqnozun qoyulması
xəstəliyin müalicəsində mühüm rol oynayır. Hepatit virusu qan vasitəsilə
yayılır. Kimdəsə bu virus varsa, ailə üzvlərinə də asanlıqla yoluxa bilər. Ona
görə də belə müayinələr vaxtlı-vaxtında aparılmalıdır. Bu, həm də xəstəliyin
müalicəsində mühüm rol oynayır. QİÇS virusuna yoluxanlar müalicəyə o zaman
gedirlər ki, orqanizmin immun sistemi tamamilə sıradan çıxır. Belə olan halda
xəstəni müalicə etmək mümkün olmur. Erkən müayinə zamanı düzgün müalicə gedərsə,
xəstənin ömrü uzadıla bilər. Amma bizdə insanlar öz sağlamlıqlarına laqeyd yanaşırlar.
Ona görə də daim profilaktiki tədbirlərin görülməsinə ehtiyac var. Bəzən
deyirlər ki, müayinələr baha başa gəlir. Amma dövlət xəstəxanalarında belə
müayinələr təmənnasız edilir. Əsas məsələ bu haqda məlumatlı olmaq və
sağlamlığımıza biganə qalmamaqdır”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, bir çox insanların müayinəyə pulu olmur: "Buna görə də
əksəriyyət öz sağlamlığına laqeyd yanaşır: Bəzi hallarda insanların çek-ap
müayinələrdən keçməyə maddi imkanı olmur. Digər tərəfdən, Hepatit və ya QİÇS
virusuna yoluxan insan bir ay ərzində başqaları üçün yoluxucu olur. Amma qanda
bu virusun aşkarlanması 3 aydan sonra baş verir. Yəni qanda infeksiya
tapılmırsa, bu o demək deyil ki, infeksiya yoxdur. Ona görə də yoxlamalar bir
neçə ay ərzində aparılmalıdır. Belə viruslar çətinliklə aşkarlanır. 169 nəfərin
qanında virusun aşkarlanmağı ciddi məsələdir. Hətta deyərdim ki, statistik
göstəricilər tam reallığı əks etdirmir”.
"Sağlam Toplum” İctimai Birliyinin rəhbəri Lalə
Mehralı düşünür ki, icbari tibbi sığorta
işə başladıqdan sonra bu problemlər geridə qalacaq: "Qanvermə aksiyasının ən
böyük üstünlüklərindən biri də məhz budur. Bizim insanlar öz sağlamlıqlarına
qarşı həddən artıq biganədirlər. Yalnız belə hallarda onların orqanizmində
hansı xəstəliyin olduğundan xəbərdar olurlar. Elə insan var ki, illərlə
xəstəxanaya getmir, heç bir analiz vermir. Əsas problemlərdən biri də çek-ap
müayinələrin baha olması ilə bağlıdır. Qiymətlər hər kəs üçün əlçatan deyil. Bu
mənada müəyyən şeyləri başa düşmək olur. Qan analizinin qiyməti dövlət
xəstəxanasında təqribən 15-20 manatdır. Bu analizlə qanın tərkibi və faizi
təyin olunur. Xəstəliklərin təyin olunması üçün detallı analizin qiyməti isə
kifayət qədər bahadır. Özəl klinikalarda isə bu qiymət bir neçə dəfə çoxdur.
Ona görə də belə müayinələr insanlar üçün əlçatan deyil. Nəticədə çoxları öz
sağlamlığından xəbərsizdir. Belə xəstəliklərin gec aşkarlanmasının ən böyük
səbəbi də məhz budur. İnsanlar hansı xəstəliklərin daşıyıcısı olmasından
xəbərsiz halda cəmiyyət arasında gəzir.
Gələn ilin yanvar ayından tibbi sığorta işə başlayacaq. Düşünürəm ki,
belə müayinələr və analizlər artıq hər kəs üçün əlçatan olacaq. 18 yaşına
çatmamış uşaqlar və pensiyaçılar dövlət hesabına müayinə olunacaq. İş
yerlərində işçilərin sığortası təmin olunacaq. İşsizlər isə ayda 10 manat
ödəməklə istənilən tibbi yoxlamadan keçə biləcəklər. İcbari tibbi sığortanın
qüvvəyə minməsi bu baxımdan çox vacibdir və insanlara kömək edəcək. Bu məsələni
təkcə laqeydliyin üzərinə ata bilmərik. Məsələnin əsas səbəbi maddi çətinliklərlə
bağlıdır”.
Şəbnəm