• cümə, 29 Mart, 02:40
  • Baku Bakı 7°C

“Lapşinin ekstradisiyası Ermənistan xarici siyasətinin çökməsi idi”

14.02.17 12:00 1727
“Lapşinin ekstradisiyası Ermənistan xarici siyasətinin çökməsi idi”
Azərbaycan dövləti əleyhinə yönəlmiş açıq çağırışlar edən və dövlət sərhədini qanunsuz olaraq keçən bloger Lapşinin ekstradisiyası ədalətli qərardan əlavə, ermənilərə vurulan ciddi zərbə kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu, işğalçıların aprel döyüşlərindən sonra aldığı ikinci ciddi məğlubiyyət hesab olunmalıdır.

Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Hikmət Babaoğlu dedi ki, bu fakt dünya ölkələri arasında münasibətlərdə yeni bir presedent olıdu və bunu Azərbaycan yarada bildi: "Bu gün dünyada bir sıra ölkələrin əraziləri işğal altındadır və həmin ərazilərə müxtəlif səfərlər olur. Amma indiyə qədər heç birinin ərazi bütövlüyünü tapdayan blogerlə bağlı bu cür ekstradisiya həyata keçirilməmişdi. Bu, bir ilkdir və əlamətdardır. Bu gün Amerika mətbuatında bu haqda danışılanda deyilir ki, Azərbaycan bu mövzuda yeni bir presedent yaratdı. Bundan sonra başqa ölkələr də onların icazəsi olmadan sərhədlərini pozan şəxsləri, jurnalistləri tələb edə bilərlər. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu, həm də Azərbaycanın Ermənistana vurduğu növbəti zərbədir. Erməni mətbuatı qeyd edir ki, Lapşinin ekstradisiyası Ermənistan xarici siyasətinin çökməsi idi. Bunu Ermənistanla bir qurumda olan Belarus etdi. Ermənistan mətbuatı sual edir ki, Lukaşenko doğulanda, Azərbaycana sevgi ilə doğulmamışdı. Azərbaycanın siyasəti, diplomatiyası onu bu ölkə ilə yaxşı münasibətlər qurmağa vadar etdi. Deməli, növbəti dəfə digər dövlətlər də bu cür addım ata bilərlər. Göründüyü kimi, erməni mətbuatı bu kimi məqamları açıq qeyd edir və panika içərisindədirlər. Azərbaycan bir daha sübut etdi ki, öz suveren hüquqlarını bütün ərazisində bərpa etmək iqtidarındadır. Azərbaycan torpaqlarının 20 faizi işğal edilsə də, gec-tez öz torpaqları üzərində suveren hüquqlarını bərpa edəcək”.

Millət vəkili əmindir ki, bundan sonra Dağlıq Qarabağa səfər etmək istəyən jurnalistlər, mədəniyyət xadimləri və başqaları bu məsələ haqda iki dəfə düşünəcəklər. Çünki ürəklərində daim xof, narahatlıq olacaq ki, yaxalanıb təhvil verilə bilərlər: "Bu hadisə Azərbaycan prezidentinin qətiyyətini, dövlətin gücünü göstərən bir hadisə idi”.

Qhtxəbər.az saytının baş redaktoru Sənan Nəcəfov qeyd etdi ki, aprel döyüşləri Azərbaycanın şanlı tarixlərindən biridir: "Bunu ölkə başçısı keçirilən tədbirlərdə, Dünya Azərbaycanlılarının Həmrəylik günündə səsləndirib. Düşmən bir saniyə də olsun təxribat-informasiya müharibəsində fasilə vermir. Eləcə də biz. Ümumiyyətlə, bu, müharibənin qanunlarıdır. Burada ani fasilə, arxayınlıq böyük fəlakətin əsasını qoyar. Baxın, son günlərdə bir qrup sözdə QHT təmsilçisinin, guya ictimai fəalın xaricdə aksiya keçirməsi, Avropa Parlamentinə və AŞPA-ya müraciət ünvanlamasını sakit və təmkinli qarşılaya bilmirik”.

S.Nəcəfov qeyd etdi ki, indiyə kimi belə təxribatlar çox olub: "Azərbaycan prezidentinin son illərdə milli və həssas məsələlərlə bağlı atdığı son addımları xatırlayın. Ramil Səfərovun ekstradisiyası (Xədicə İsmayıl öz dəstəsi ilə bu məsələdə ermənilərin "balta” ironiyasını təkrarlamaqdan yorulmadı, sosial şəbəkələrdə müzakirə açıldı və s.), Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin Azərbaycana gətirilməsi (ermənilərin diversant adlandırdıqları milli qəhrəmanımızın geri qaytarılması üçün bizim donosbazlar bir dəfə də olsun müvafiq təşkilatlara müraciət etmədilər), sonuncu fakt - Çingiz Qurbanovun nəşinin geri alınması və dərhal Milli Qəhrəman adının verilməsi və nəhayət, Lapşin məsələsi. Lapşinin ekstradisiyası son illərdə izlədiyim ən uğurlu və hədəfə tam dəymiş ən böyük diplomatik hərəkətimiz idi. Bununla bağlı beynəlxalq münasibətlər üzrə ekspertlər danışa bilərlər. Mən başqa səmtdən fikrimi bildirəcəyəm. Məsələyə az öncə söylədiyim informasiya müharibəsi yönündən yanaşaq. Sirr deyil ki, separatçı rejim sözdə müstəqilliyini dünyaya çatdırmaq üçün turizm "potensialını” ortaya qoyub. Yəni eşşək yarışı, Qədim alban kilsələrini erməniləşdirərək "ən qədim xristian kilsələri” adı ilə tanıtmaq, ən uzun dolma və s. festivalları buna hesablanıb. Eyni hal Dnestryanı, Abxaziya, Cənubi Osetiya sayaq separatçı rejimlərin mövcud olduğu ərazilərdə də var. Bu ərazilərdə qurulmuş separatçı rejimlər bir-birilə əlaqə yaradaraq, "özümüzü necə tanıdaq” sayaq fikir mübadiləsi aparır, bir-birinin ərazisinə pasportsuz getmə və s. haqda razılığa gəlirlər. Təbii ki, bu ölkələrin ərazilərinə tanınmış və məlumatsız insanların dəvət olunması PR kampaniyanın tərkib hissəsidir. Ağıllı, dünyagörüşü olan insan bu addımı atmaz. Amma Lapşin kimi təxribatçılar, 150 dollara özünü satanlar yetəri qədərdirlər. Belə halda, ərazisi işğal olunmuş, separatçı rejimlərin nəzarəti altında olan ölkələr nə etsinlər? Mənim xatirimdədir, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2014-cü ildə Tbilisidə İşğal olunmuş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans təşkil olunmuşdu. Orada müxtəlif məruzələr dinlənildi, fikirlər səsləndi. Yekun nəticə bu oldu ki, dövlətlərin yanaşması fərdidir, kim necə bacarırsa, elə mübarizə aparsın. Misal üçün, Gürcüstan bu haqda qanun qəbul edib. Azərbaycan isə XİN-in qara siyahısına salmaqla cəza tətbiq edir. Və məncə, uğurlu variantlardan biri idi. Bir neçə dəfə qara siyahıda olan tanınmış insanların Azərbaycandan rəsmi şəkildə üzrxahlıq etdiyinin şahidi olmuşduq. Onların üzrxahlığı həm də dünyaya bəyan edir ki, bizim ərazilərimizə Azərbaycanın icazəsi olmadan gedənlərin cəzası var. Lapşində vəziyyət başqa idi. Bu beynəlxalq fırıldaqçı erməni PR-ının siması idi və onun Azərbaycan dövlətinə qarşı qarayaxmaları, hədyanları əndazəni keçirdi. Və təbii ki, dövlət bunu boş buraxmayacaqdı və onunla bu tonda danışan adamı sonunda əli-qolu bağlı ölkəyə gətirib, beynəlxalq hüququn verdiyi imkan daxilində hüquqi cəzalandıracaqdı, necə ki, etdi”.

Həmsöhbətimiz qeyd etdi ki, Lapşinin ölkəyə gətirilməsi erməni lobbisinə, diplomatiyasına və özlərini tanıtmaq üçün tutduqları PR yola sərt sillə idi: "Bu sillə illərlə ölçüldü və məhz bir diplomatik jestlə uğurla başa çatdırıldı. Aprel döyüşləri ilə bu hadisənin bir-birinə bağlılığı nədədir? Hər ikisində gözləmə və bir anlıq çevik hərəkət çoxdan gözlənilən uğurlu nəticəni gətirdi.

İkincisi isə, bir az kobud səslənsə də, sözün əsl mənasında, bizimlə bu tonda danışanın sonda "anası ağlayır” mesajını vermək idi. Lapşinin anası xahiş-minnətə gəlib. Həmin ərəfədə İrəvanda "Əsgər anaları” təşkilatı Sarkisyan rejiminə qarşı növbəti aksiya keçiriblər. Erməni analar ağlayırlar ki, övladlarımızı nahaq ölümə verməyin.

Son günlərdə cəmiyyətdə və mediada olan ruh yüksəkliyini biz davamlı yaşayırıq. Faktları sadaladım. Ümid edirəm ki, belə sevincli xəbərlər almaq, dövlətimizlə hər zamankı kimi fəxr etmək və Ali Baş Komandanın atdığı hər addımdan qələbə və qürur hissi keçirmək uzun müddət nəsibimiz olacaq”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər