• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

Laçın folkloru

31.10.16 09:54 3810
Laçın folkloru
RAST MAŞIN DÜŞDÜ

Oğuldərə kənd orta məktəbindən Abbasəli müəllimi avqust konfransında iştirak etmək üçün ra­yon mərkəzinə - maarif şöbəsinə çağırırlar. Səhəri günü ça­ğırışa gələn Abbasəli müəllim Laçında Su anbarı deyilən yerdə maşından düşür. Elə bu dəm yolun əks tayından "Oğuldərəyə gedən? Oğuldərəy gedən?” - deyə başqa bir sürücü özünə uzaq yola qulaq yoldaşı olan müştəri axtarır. Rayon mərkəzindən kəndə qayıtmağın müşkülünü bilən Abbasəli müəllim tez yolu keçib sürücünün yanında yerini rahatlayır və orada olan tanışlardan birinə deyir:
- Əmioğlu, maarifdə deyərsən ki, Oğuldərədən Abbasəli müəllim gəlmişdi, Su anbarının yanında rast maşın düşdü, geri qayıtdı.

QARABAĞDA BİR QUŞ GÖRDÜM

Şuşadan məşhur tarzən Abbasqulu xanəndə ilə Laçında toy aparırmışlar.
Xanəndə oxumağa bu sözlərlə başlayır "Qarabağda bir quş gördüm ağlı-qaralı”. Bu yerdə Abbasqulu tara daban verib xanəndəyə deyir:
- Ə, tay denən sağsağan görmüşəm da!
TƏRS DANA

Oğuldərə kəndində bir kişinin danası həyətdən təzir. Dana qa­baqda, sahibi də arxasınca kəndin içində fırlanırlar, axırı hey­van kənddən çıxıb üz tutur meşəyə tərəf. Dananın qırı­mın­dan onu tezliklə qaytara bilməyəcəyini duyan sahibi arxadan səslənir:
- Ay dana, uzaq gedəcəksənsə, qayıdım özümə çörək götürüm.

İŞIĞI SÖNDÜRƏRSƏN

Zabux kəndində ot çalınının qızğın çağıymış. Hamı tezdən qa­ranlıqlı kövşənə gedir, axşam ulduz çıxanda yorğun-arğın evə dönür. Kənddə qoca bir qarı təklikdən gün uzunu yatar, ax­şam da söhbət eləmək üçün bir evə qonaq gedərmiş. Bir axşam da gəlir Sabir müəllimgilə. Çay-çörəkdən sonra aynabənddə otu­rub ordan-burdan söhbət eləyirlər. Gecə keçir, kövşəndən yor­ğun gəlmiş ev adamlarının gözündən yuxu tökülür, amma qarı durub evə getmir. Bir azdan əlacı kəsilmiş ev adamları bir-bir gedib yatırlar. Ən axırda mürgü tutan Sabir müəllim durub aynabənddən yataq otağına gedə-gedə qarıya deyir:
- Qaratel, mən yatıram, gedəndə işığı söndürərsən.

ÜSTÜNDƏ TOĞLU

İmanlar kəndində Şahpəri adında arvadın oğlu kənddən başqa bir arvadın oğluyla gəzməyə gedirlər. Axşam Şahpərinin oğlu Əjdər evə gəlir, amma, o biri arvadın oğlu gəlmir. Oğlu gəlməyən arvad gəlir Şahpərinin yanına deyir:
- Uşaqlar bir yerdə gediblər, səninki gəlib, mənimki yox.
Arvadın əl çəkmədiyini görən Şahpəri qayıdır:
- Az, özünü öldürmə, ala Əjdəri apar.
Arvad Əjdərə baxıb deyir:
- Sənin oğlun mənim oğlumun tayı deyil.
Şahpəri arvadı razı salmaq üçün deyir:
- Üstündə də bir toğlu verirəm.
BALIQ OVU

60-cı illərdə Laçın kəndlərində əhaliyə səyyar kino göstərilərdi. Çayqırağı kəndlərə kino gələndə cavanlar fürsəti əldən verməz – elektrik generatorundan balıq tutmaq üçün istifadə edərdilər. Bir payız günü Zabux kəndinə kino maşını gəlir. Eyninə tut arağı ilə (payız vaxtı bu kənddə tut arağı bol olardı) çay balığı verən cavanlar axşamüstü çöldən əl-ayaq çəkiləndən sonra sürücüdən generatoru çayın qırağına aparmasını xahiş edirlər. Balıq adı eşidən sürücü əlbəəl razı olur, amma nə illah eləyirsə, mühərrik işə düşmür. Əli maşından üzülən cavanlar qaranlıq düşməmiş kənddən bir qoçaq eşşək gətirib generatoru yükləyirlər belinə və sürürlər çayın qırağına. Balıq olduğu güman edilən yerdə uşaqlardan biri əlin atır ki, sicimi açıb yükü düşürə, o birisi qoymur, deyir bəs gecdi, qaranlıq düşməmiş elə generatoru eşşəyin belində işə salmaq lazımdı. Belə də edirlər. Belində generatorun işə düşməsindən ürkən eşşək heç nəyə məhəl qoymadan qoşa şıllaq atıb götürülür. Cavanlar əvvəl mənzərəyə xeyli gülürlər. Sonra qaranlıqda gözdən itən motorlu eşşəyi axtarmağa başlayırlar. Yolda qabaqlarına çıxan iki nəfərdən: "Gəldiyiniz yerdə eşşək görmədiniz?” – deyə xəbər alırlar. Cavabında: "Eşşək görmədik, amma bir az bundan qabaq böyrümüzdən bir işıqsız motosiklet keçdi, az qala bizi batırıb qırmışdı” - deyə həmin iki nəfər cavab verir.

AYAQLARININ ALTINDA ÖLÜM

Qarlı havada Bəylikli (Çay) Cabbar Laçının mərkəzi küçə­siy­lə üzüyuxarı qalxır. Yer-yurd şüşə kimi buzdu. Birdən sü­rü­şüb yıxılan bir qız Cabbarın ayaqlarına dirənib da­ya­nır. Cabbar qıraqdan bu mənzərəni seyr edənlərə üzünü tutub deyir:
- Buna deyirlər ey, ayaqlarının altında ölüm!

HÖRÜYÜN DƏYİŞİBLƏR
Laçında bir müdiri Avtobazadan işdən çıxarıb MTS-ə mü­dir qoyurlar.
Dünyagörmüş bir ağsaqqal bunu eşidib belə deyir:
- Onun hörüyün dəyişiblər.

FƏRRUX QURTARAN MƏKTƏB

Dambulaxda orta məktəb təhsiliylə Fərrux adlı şəxs kol­xoz sədri işləyir. Bundan ürəklənən kənd sakini Şükür rayonun birinci katibi Muradxan Cabbarovun yanına gəlib iş istəyir. Cabbarov soruşur:
- Sən haranı qurtarmısan?
Əli hər yerdən üzülən Şükür deyir:
- Fərrux qurtaran məktəbi.

ARAYA SALMAQ

Oğuldərədə ot biçini vaxtı hər gün qoyun otarmağa göndərilən Balakişi qardaşlarına gileylənir ki, çətin işə məni göndərirsiniz. Səhəri gün qardaşları onu da özləriylə kövşənə gətirirlər. 8 nömrə kərəntini əlinə verəndən sonra qardaşın biri Balakişidən irəliyə düşür, o biri ardınca. Hay-harayla qabağını kəsib onu əməlli-başlı işlədirlər. Ot işini belə görən Balakişi səhər tezdən qalxıb qoyunu otarmağa gedir. Uzaqdan qardaşlarının hay-harayını eşidən Balakişi yana-yana deyir:
- Pah, yəqin yenə namərdlər araya adam salıb.

İNƏYİN ÇƏLİYİ

Dambulaqda İlqarın ala inəyini maşın vurur, inəyin qılçı sınır. Belə şərtləşirlər ki, qılçı sınan inəyin yerinə sürücü ayrı inək versin. Bir müddətdən sonra sürücü həmin inəyi qaytarıb gətirir İlqarın qapısına. İlqarın atası Müzəffər kişi axsaq heyvana baxıb deyir:
- Bəs inəyin çəliyi hanı?
TOY MAŞINI

İmanlardan gedirlər başqa şəhərə gəlin gətirməyə. Bunu eşidən Dambulaqlı Müzəffər kişi ət idarəsinin "ZİL” maşınını bəzəyib sürücüyə də pul verir ki, sür İmanlara toy evinə. Bəzəkli ma­şı­nın "siqnal” verə-verə kəndə girdiyini görən toy əhli elə güman edir ki, gələn gəlin maşınıdı. Durub oynaya-oynaya gedirlər ma­şının qabağına. Yaxınlaşanda Müzəffər kişinin zarafat et­di­yini görüb pərt olurlar.
Bir azdan gəlin maşını gəlir. Müzəffər kişi qol götürüb oy­naya-oynaya bacısı Şahpərini oyuna dəvət edir. Bacısı deyir:
- Qardaş, vallah mən oynamaq bilmirəm.
Müzəffər kişi qayıdır:
- Bajı, bı nətər olur, ət idarəsinin maşınının qabağında oynayırsan, mənnən oynamırsan?!
Toplayan: İlham Qəhrəman
banner

Oxşar Xəbərlər