• cümə axşamı, 28 mart, 20:39
  • Baku Bakı 13°C

“Öküzlər”in 35 illik həsrətinə son qoyan “xoruz” - Portret

07.11.16 12:37 1914
“Öküzlər”in 35 illik həsrətinə son qoyan “xoruz” - Portret

İtaliya futbolu dedikdə, öncə güclü müdafiə xətti barədə düşünürük. Təsadüfi deyil ki, İtaliya yığması bu günə kimi əldə etdiyi uğurların əksəriyyətini məhz arxa xətdəki inamlı oyun sayəsində qazanıb. Ancaq "katenaçço” (italyanlara məxsus müdafiə taktikası) İtaliyadan güclü hücumçuların çıxmasına mane olmayıb. İtalyanlar həmişə dünya futboluna güclü hücumçular bəxş ediblər. Bu cür forvardlara misal olaraq, Salvatore Skillaçi, Cüzeppe Sinyori, Kristian Vyeri, Luici Riva, Antonio Di Natale, Roberto Baccio, Filippo İnzaqi, Paolo Rossi, Canluka Villi, Silvio Piola, Cüzeppe Meatsanı göstərmək olar. Bu siyahını bir xeyli uzatmaq mümkündür. Ancaq son illərdə İtaliyada hücumçu "istehsalı” bir qədər axsayır. Düzdür, Mario Balotelli, Çiro İmmobile, Qrasiano Pelle kimi hücumçular müəyyən vaxt aralığında öz oyunlarıyla diqqət cəlb etsələr də, bu hücumçuların oyununda stabillik çatışmır. Ancaq italyanlar tezliklə bu problemdən qurtula bilərlər. A seriyası təmsilçisi "Torino”nun gənc hücumçusu Andrea Belotti bir müddətdir ki, qollarını sıralamağa başlayıb. Artıq Appenində bu gənc hücumçuya olan ümid bir xeyli çoxalıb. Bu gün sizə "Torino”nun və İtaliya millisinin gənc forvardı Andrea Belottini tanıdacağıq.

Atası və babasının arzusunu ürəyində qoysa da...

Andrea Belotti 1993-cü il, dekabrın 20-də Berqamonun Kalçinate qəsəbəsində dünyaya gəlib. Kiçik yaşlarından bir çox yerli uşaqlar kimi futbola meyl salıb. Lombardiya vilayətətində doğulub, futbol həvəskarı olmamaq, demək olar ki, mümkün deyil.
Çox çəkmir ki, o, yerli "Qrumellese” komandasında top qovmağa başlayır. 10 yaşında bu komandada oynamağa başlayan Belotti, 13 yaşında "Albinoleffe”yə üz tutur. Bir müddət "Albinoleffe”də çıxış edən balaca Andrea özünü "Atalanta”da sınamağa qərar verir. Onun bu istəyi təsadüfi deyildi. Axı onun atası və babası bu komandanın çılğın azarkeşlərindən idi. Ancaq Belotti atasının və babasının arzusunu gerçəkləşdirə bilmir. Berqamo təmsilçisi Andreanı bəyənmir və o, "Albinoleffe”də qalmalı olur. "Atalanta”nın seleksiyaçı məşqçiləri isə necə böyük səhvə yol verdiklərini illər sonra anlayacaqdılar.

17 yaşında özünü tapan Andrea

Ancaq Berqamo təmsilçilərinin məşqçilərini qınamalı da deyil. Belottinin həmin vaxtlar xüsusi istedadı ilə fərqlənmədiyini nəzərə alsaq, "Atalanta”lı məşqçiləri başa düşmək olar. Onu da vurğulayaq ki, Belotti əvvəlcə hücumçu mövqeyində yox, yarımmüdafiədə çıxış edirdi. Bu mövqedə isə o, rəqiblərinə açıq-aşkar məğlub olurdu. Andrea üçün hər şey "Albinoleffe”nin baş məşqçisi Alessio Palanın qərarından sonra dəyişdi. Belotti özünü 17 yaşından bu komandada, məhz bu baş məşqçinin rəhbərliyi altında tapdı. sonra tapır. Alessio Pala həmin vaxtadək həmişə yarımmüdafiənin cinahında oynamış Andreanı hücumda sınayır. Bu eksperiment özünü doğruldur. Pala hücumda daha çevik və faydalı olmağa başlayır. Gənc hücumçunun istedadını üzə çıxarmış məşqçi onu belə xarakterizə edir:
"Həmişə gənc oyunçularla çalışmaq üçün səbr lazım olduğunu demişəm. Andreada fiziki güc var. Ancaq texniki cəhətdən bir az "axsayır”. Buna baxmayaraq, onun əzmkarlığı bu qüsuru ört-basdır edir. Mən onu Canluka Viallinin "Kremoneze”də oynayan vaxtlarına bənzədirəm. Gec və ya tez, onun, istedadını tam ortaya çıxaracaq məşqçiyə rast gələcəyinə əminəm. Mən isə onun həyatında vaxtında peyda oldum”.

3-cü liqadan A seriyasına

Gənc Andreada nə güclü zərbələr, nə də ki, güclü texnika var idi. Ancaq onun bir xüsusiyyəti var ki, bu, digər qüsurları gizlədirdi - meydanda topsuz hərəkət etmək qabiliyyəti və əzmkarlıq. Məhz bunun sayəsində Andrea "Albinoleffe”nin gənclərdən ibarət komandasından B seriyasında çıxış edən əsas komandaya yüksəlməyi bacardı. Gənc Belotti B seriyasında meydana çıxdığı 8 oyunda 2 qola imza atır. "Albinoleffe” həmin mövsümdə 3-cü liqaya yuvarlanır. Bu isə Andreaya özünü göstərmək üçün yaxşı fürsət yaradır. Aşağı liqada keçirdiyi 30 oyunda 12 qola imza atan Belotti, B seriyasında mübarizə aparan "Palermo”nun diqqətini cəlb edir. Siciliya təmsilçisi əvvəlcə 500 min avrosundan keçərək, gənc hücumçunu icarəyə götürür. Andrea "Palermo”da keçirdiyi ilk mövsümdə özünü doğruldur - 24 oyun, 10 qol. A seriyasına vəsiqə qazanan komanda yüksək liqada da Belottinin xidmətindən istifadə etmək qərarına gəlir. Ancaq bunun üçün öncə onun komandası "Albinoleffe”ylə anlaşmaq lazım idi. Siciliyalılar aşağı liqa klubunu 5,5 milyon avro qarşılığında yola gətirir.
Beləliklə, Belottinin A seriyasına yolu açılır. A seriyasında keçirdiyi ilk mövsümdə 38 oyunda meydana çıxan gənc hücumçu 6 qola imza atır. Onun A seriyasındakı debüt mövsümündəki çıxışı bir neçə klubun diqqətini çəkir. Onlar arasında ən fəalı isə "Torino” olur. Maraqlıdır ki, Siciliya təmsilçisi İtaliya gənclər millisinin də üzvü olan Andreanı əldə saxlamaq üçün ciddi cəhd göstərmir. Turin təmsilçisi 8,4 milyon avro qarşığında gənc hücumçunu heyətinə cəlb edir.

35 illik həsrətə son qoyan "xoruz”

Andrea "Torino”da da ilk mövsümdəcə özünü doğruldur. Ancaq İtaliya millisinin baş məşqçisi Antonio Konte A seriyasında 35 oyunda 12 qol vuran Belottini AÇ-2016-ya aparmağı məsləhət bilmir.
Lakin Andreanın İtaliya millisində debütü özünü çox gözlətmir. O, AÇ-2016-dan sonra millinin "sükanı arxasına” keçən Campyero Ventura tərəfindən milliyə dəvət alır. Belotti Fransaya qarşı yoldaşlıq görüşündə (1:3) millidə debüt edir. Andrea debüt oyununda cəmi 16 dəqiqə meydanda olur.
Əslində, Belotti millidə hələ 18 yaşı olarkən, "Albinoleffe”də çıxış etdiyi zaman debüt etmişdi. Həmin vaxt U-19 millisində çıxış edən Andrea, daha sonra U-20, U-21 yaş qruplarında da mavi formanı geyinir.
DÇ-2018-in seçmə mərhələsinin Makedoniyaya qarşı səfər oyununda (3:2) isə Belotti "skuadra adzurra”da qol hesabını açır. Bu qol "Torino” azarkeşləri tərəfindən xüsusi sevinclə qarşlanır. Zarafat deyil, son 35 ildə ilk dəfə "Torino”nun futbolçusu millidə qol vururdu. Belottinin bu tilsimi qırması onu azarkeşlərin gözündə bir az da ucaltdı.
Andrea Belotti hər dəfə qol vurduqdan sonra bunu maraqlı tərzdə qeyd edir. O, əlini başına qoyaraq, özünü xoruza bənzədir. Andreanın bu qol sevinci onun ləqəbiylə bağlıdı. Belə ki, İtaliyada onu həm də, "İl Qallo” (xoruz) deyə çağırırlar. Bu ləqəbin hardan qaynaqlanması barədə isə bir neçə versiya var. Bəziləri onun bu ləqəbi uşaqlıq dostu Yurio Qallonun, bəziləri isə Qaletti soyadlı sabiq məşqçisindən qaynaqlandığını deyirlər. Başqa bir versiyaya görə, Andrea uşaq vaxtı xalasının həyətindəki toyuqların arxasınca qaçmağı çox sevdiyindən, ona bu ləqəb qoyulub.

"Başqa zamanın adamı”

Belotti ailəsinə çox bağlıdır. O, "Torino” ilə yaxşı məbləğdə müqavilə bağladıqdan sonra "artıq ailəm qazanmaq üçün bu qədər çox çalışmalı olmayacaq” deyərək, ailəsinə nə qədər bağlı olduğunu nümayiş etdirdi: "İndi valideyinlərim işləməyə bilərlər. Anamın necə yorulduğunu görmək istəmirəm. Valideyinlərim qarşısında borcluyam”. Andrea Turində sevgilisi Corciya ilə birlikdə yaşayır. Onlar gələn yayda toy etməyi planlaşdırırlar. Corciya Belottini "başqa zamanın adamı” kimi xarakterizə edərək, onu antik qəhrəmanlara bənzədir.
Artıq Belottinin xidmətində Avropanın nəhəng klubları da maraqlıdır. "Arsenal” və "Liverpul” gənc istedadı heyətə cəlb etmək üçün fürsət gözləyir. Lakin "Torino” rəhbərliyi "Palermo”nun funksionerlərinin etdiyi səhvi təkrarlamaq fikrində deyil. Təkliflərin artmasından sonra Turin təmsilçisi gənc hücumçu ilə müqavilə müddətini 2021-ci ilin yayınadək uzatdı. Müqavilyə əsasən, Belotti "öküzlər”in heyətindəki çıxışına görə, ildə 800 min avro qazanacaq. Təbii ki, bura əlavə bonuslar daxil deyil. "Torino” Belottini dəyər-dəyməzə əldən buraxmamaq üçün ona heç də az qiymət qoymayıb. Andreanı heyətinə cəlb etmək istəyən klub nə az, nə çox, 60 milyon avro ödəməli olacaq.
Gənc hücumçu məhsuldarlığını cari mövsümdə də davam etdirir. O, "Torino”nun heyətində meydana çıxdığı 8 oyunda 6 qol vurub. "İl Qallo” bu çıxışını davam etdirsə, Rusiyada təşkil ediləcək dünya çempionatında İtaliya millisinin əsas qol ümidlərindən olacaq.



banner

Oxşar Xəbərlər