“Kütləvi qətl törədən birisinə “psixi xəstə” diaqnozu qoymaq çox asan seçimdir”
Bir neçə gün
bundan öncə ABŞ-ın Las Veqas şəhərində dinc insanların ölümü ilə nəticələnən daha
bir qətliam baş verib. "Mandalay Bay” otelində qalan 64 yaşlı multimilyonçu
Stiven Peddok 32-ci mərtəbədəki otağından yaxınlıqdakı "Route 91 Harvest”
musiqi festivalının qonaqlarına atəş açıb. Avtomat silahla 59 dinc sakini qətlə
yetirən, 527 nəfəri yaralayan qatil sonda özü də intihar edib. Hadisədən sonra
S.Peddokun otağından videogörüntülər yayan ABC telekanalı qatilin optik
nişangah quraşdırılmış avtomat silahını və sair əşyalarını nümayiş etdirib.
Axtarışlar zamanı qatilin oteldəki otağından 23, mənzilindən 19 ədəd silah
aşkarlanıb. Cinayətin motivləri məlum olmasa da, video poker qumar oyununun alüdəçisi
kimi tanınan S.Peddokun psixi problemlərinin olması barədə məlumatlar bəzi Qərb
medialarında yer almaqdadır. Bu hadisədən əvvəl də Amerikada, eləcə də bir sıra
Avropa ölkələrində baş verən oxşar qətllər zamanı da medianın qatilləri psixi
xəstə kimi qələmə verməsi diqqət çəkicidir. Sanki, media məqsədli şəkildə
ictimai rəyi əsas hədəfdən yayındırır. Lakin eyni cinayət əməli hansısa
miqrant, xüsusən də müsəlman bir şəxs tərəfindən törədilən zaman Qərb mediası
bunu şişirdir, terrorla, İslamla əlaqələndirir, baş verən hadisəyə müxtəlif
siyasi çalarlar qatır.
Mövzu ilə bağlı
fikirlərini "Kaspi”yə bölüşən Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylibildirib ki, kütləvi qətl törədən birisinə "psixi xəstə” diaqnozu qoymaq çox
asan seçimdir. Onun fikrincə, belə addım atan hansısa dövlətin xüsusi-xidmət
orqanı məsuliyyətdən yayınmağa çalışır. Siyasətçi deyib ki, əsl reallıqda
Amerikada baş verən son hadisənin səbəbi tamam başqadır: "Las Veqasda yaşanan
olayla əlaqədar BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimaiyyətə
geniş açıqlama verib. Konkret faktlara istinad edilməklə bildirib ki, bu faciə
hansısa bir psixopatın törətdiyi qətliam deyil. Millət vəkili Las Veqasda
baş verən qətliamın qurbanlarının əslində siyasi korrupsiyanın qurbanı olduğunu
vurğulayıb. Uzun illərdir ABŞ-da silah satışına
məhdudiyyətlər qoyulması ilə bağlı müzakirələr gedir. ABŞ-da hər bir sadə vətəndaş
silah satışına dövlətin ciddi nəzarəti etməsini istəyir. Buna rəğmən, silah
satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qanunun qəbulu mümkün olmur.
Hətta Barak Obama da prezidentliyinin 8 ili ərzində nə qədər cəhd etsə belə,
buna nail ola bilmədi. Silah satışında mövcud olan xaosun qarşısının
alınmamasına əsas səbəb 1871-ci ildə Amerikada yaradılan və hazırda 5 milyona
yaxın üzvü olan Milli Tüfəng Assosiasiyası (National Rifle Association - NRA)
rəhbərliyinin Respublikaçılar Partiyasının təmsilçilərindən təşkil olunmasıdır.
Bu assosiasiyanın üzvü olan şəxslərin böyük bir qismi konqresmenlərdir.
Sözügedən qurum tərəfindən onlara həm maliyyə yardımları edilir, həm də rüşvət
və korrupsiya faktlarına yol verilir. Elə Donald Trampın ABŞ prezidenti seçilməsində
də bu assosiasiyanın müstəsna xidmətləri olub.Məhz bu kimi səbəblərdən
Amerika vətəndaşlarının silah satışının dövlət nəzarəti altına keçməsi, silah
satışının məhdudlaşdırılması barədə qanun layihəsinin hazırlanması, qəbulu
barədə istəkləri reallaşmır. Milli Tüfəng Assosiasiyası və bu assosiasiyanın
korrupsiya yolu ilə ələ aldığı konqresmenlər buna imkan vermirlər. Beləliklə də
dünyaya korrupsiya dərsi keçməyə iddialı olan bir dövlət vətəndaşlarının
kütləvi qətlinə gətirib çıxaran bir prosesə son qoymur. Bu da mahiyyət
etibarilə demokratiya, insan hüquq və azadlıqlarına riayət olunmadığını aşkar
edir, sözügedən dövlət təmsilçilərinin başqa ölkələrdə bu mövzuda danışmağa
mənəvi haqqının olmadığını sübutlayır”.
Yurddaş Partiyasının (YP) sədri Mais Səfərlibildirib ki, dünyada baş verən proseslər, xüsusən də savaşlar hamı tərəfindən
qəbul edilən beynəlxalq normalara, qanun-qaydalara riayət edilməməsindən
qaynaqlanır. Onun sözlərinə görə, bir çox hallarda konkret hadisəyə ikili
standartlardan yanaşmaq da neqativ nəticələrə səbəb olur: "Həm Las Veqasda, həm
də İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr zamanı insanlara qarşı
törədilən əməllər insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır.
Birinci halda hadisənin törədilməsinə səbəblərdən biri silah satışına qadağanın
vaxtında tətbiq edilməməsi, bunun dövlət nəzarətinə keçməməsidir ki, son
nəticədə həmin silah-sursat dinc vətəndaşlara qarşı yönəlir, onların ən böyük
hüququ sayılan yaşamaq hüququna son qoyulur. Təsəvvür edin, əgər Azərbaycanda
hansısa müxalifyönümlü bir şəxs cinayət əməli törədirsə və buna görə qanun
çərçivəsində məsuliyyətə cəlb olunursa, dərhal bəzi Qərb dövlətləri, beynəlxalq
təşkilatlar onu siyasi məhbus adlandırır, verilən cəzanı insan hüquq və
azadlıqlarının tapdanması kimi qələmə verirlər. Ancaq özlərində bu proses baş
verdikdə, buna fərqli yanaşırlar. Bu da bir daha sübut edir ki, aparıcı
dövlətlər, böyük güclər yalnız öz maraqlarına xidmət edirlər. Böyük dövlətlər
beynəlxalq hüququ öz maraqları üçün alətə çevirirlər. Bu gün dünyada baş verən
bir çox hadisələr, xüsusən də münaqişələr, müharibələr, separatizm və
terrorizmlər məhz bundan qaynaqlanır”.
Politoloq Mübariz Əhmədoğlu hesab edir ki,
dünyadakı bir çox problemlərin səbəbi nə Azərbaycanda, nə də digər kiçik
dövlətlərdədir. Onun fikrincə, dünyanın qarşılaşdığı problemlərin günahını elə
dünyaya rəhbərlik edən dövlətlərdə axtarmaq gərəkdir: "Demokratik dəyərləri
əsas silaha çevirən Qərb dövlətlərinin hadisələrə ikili standartlar
çərçivəsində yanaşması müasir dünyanı indiki vəziyyətə salıb. Separatizm,
terrorizm, aclıq geniş vüsət alıb, iqtisadi inkişaf geriləyib, ən xırda hadisə
geosiyasi problemə çevrilib. Bunlar ona görə baş verir ki, bu gün dünyanı idarə
edənlər yerində olmayan, səriştəsiz insanlardır. Bəzi Avropa ölkələrini çıxmaq
şərti ilə, digərlərində son 10-15 il ərzində bir nəfər də olsa normal adam
siyasi hakimiyyətə gəlməyib. Hakimiyyətə gələnlərin ya şəxsi problemi olub, ya
da hakimiyyətdən gedənlər rüşvət və korrupsiya ilə əlaqələndirilib. İkili standartlar,
İslam dininə qeyri-ordinal yanaşma və sair xoşagəlməz hadisələr dünyanın
başında duran dövlətlərin düzgün olmayan idarəçiliyi ilə əlaqədardır”.
Politoloq
M.Əhmədoğlu bildirib ki, hazırda qlobal miqyasda ən düzgün və güclü siyasət
aparan, sabitliklə təhlükəsizliyin ortaq məxrəcini tapan, kompromis xətti
tutan, milli-dövlətçilik maraqlarını qoruyan ölkələrdən biri Azərbaycandır. Onun
qənaətincə, bu mənada hətta Qərb ölkələrinin də Azərbaycandan öyrənəcəyi çox
şey var: "Misal üçün, Kataloniyada nümayişçilərə qarşı polis ən sərt tədbirlər
gördü. Halbuki, demokratiya, insan hüquq və azadlıqları kimi dəyərlər
qanunsuzluğun qarşısını yalnız qanuni yolla almağı çıxış yolu kimi təlqin edir.
Söhbət ərazi bütövlüyünün qorunmasından, bunun üçün hətta ən sərt tədbirlərə əl
atmağa haqq qazandırmaqdan gedirsə, nə üçün Qərb dövlətləri Azərbaycanın ərazi
bütövlüyünə eyni münasibəti nümayiş etdirmir, işğalçını öz adı ilə çağırmır,
Ermənistana hər hansı təzyiq etmir? Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi
bütövlüyünə xüsusilə həssas yanaşan, oradakı separatçılara ən sərt qadağalar,
sanksiyalar tətbiq edən Qərb dövlətləri niyə eyni münasibəti Dağlıq Qarabağdakı
separatçılara, terrorçulara, qondarma rejimə sərgiləmir?”
Rufik İSMAYILOV