• şənbə, 20 Aprel, 13:51
  • Baku Bakı 23°C

Kütləvi məclislər virusun yayılması baxımından çox təhlükəlidir

28.07.20 17:18 930
Kütləvi məclislər virusun yayılması baxımından çox təhlükəlidir
Sizin toy arzunuzu reallaşdırmaq istəyiniz, kiminsə yaşamaq arzusunu söndürə bilər

Koronavirus təhlükəsinə görə dünyada əksər kütləvi tədbirlər təxirə salınır və vaxtı dəyişdirilir. Bu addımlar idmandan tutmuş mədəniyyətə, siyasətdən tutmuş, iqtisadiyyata qədər müxtəlif sahələri əhatə edir. İclaslar təxirə salınır, toylar, kütləvi yaslar qadağan edilir. Bütün dünyada kütləvi toplaşmaların qadağan olduğu halda, hələ də buna əhəmiyyət verməyən, yaranacaq təhlükələrə inanmayan insanlar var. Ölkəmizdə virusla bağlı son 2 günün statistikasına nəzər salanda biz bu təhlükənin bariz nümunəsini görürük.
"Gözlənilən” nəticə...
Təəssüf ki, Tovuzda baş verən hadisələrlə bağlı insanların kütləvi toplaşmasının fəsadları özünü əyani şəkildə göstərir. Yoluxma sayı az qala 300-dən də aşağı düşdüyü bir vaxtda, "mitinq statistikaya təsir etmədi” kimi fikirlərlə sanki, xəstəliyin bitməsini, buna görə karantinin uzadılmamasını əsas gətirənlər üçün nəhayət "gözlənilən” nəticə öz təsdiqini tapdı. İyulun 26-da yoluxma sayı 400-ü keçdi, 27 və 28-də də təxminən bu nəticəyə yaxın oldu. Bu fakt karantin qaydalarına ciddi şəkildə əməl edilməsinin nə dərəcədə vacib olduğunu bir daha göstərir. İnsanlar nə qədər narazı olsalar da, pandemiya davam etdiyi müddətcə yas, toy mərasimlərini keçirməkdən şüurlu şəkildə imtina etməlidirlər. Çünki sizin toy arzunuzu reallaşdırmaq istəyiniz, kiminsə yaşamaq arzusunu söndürə bilər. Bu istiqamətdə atılan düşünülməmiş addımlar yüzlərlə insanı yoluxdura, ölümünə səbəb ola bilər.
Məsələn, qardaş ölkə Türkiyədə toy məclisi təşkil edənlər, toyun həyəcanı bitmədən acınacaqlı vəziyyətlə üz-üzə qaldılar. Belə ki, toydan sonra gəlin və bəy də daxil olmaqla 5 nəfərin Covid-19 testi müsbət çıxıb. Gəlin və bəylə təmasda olan 70 toy iştirakçısı isə evlərində təcrid olunublar.
"Qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq olmaz”
Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris də kütləvi toplaşmaların qəti şəkildə qadağan olunmasını söyləyib: "Qəti şəkildə bildirmək istəyirəm ki, karantin qaydalarının yumşaldılması şəraitində də, qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq olmaz”.
ÜST rəsmisinin sözlərinə görə, mütləq şəkildə şəxsi gigiyena qaydalarına əməl edilməlidir: "Virusa yoluxmanın qarşısını alan amilləri bilmək çox vacibdir. Çünki yoluxma halları artanda virusun qarşısını almaq çətinləşir. Başqa amil isə nəzarətdir ki, yoluxmuş insanlarla sağlam insanlar bacardıqları qədər ünsiyyətdə olmasınlar. Mən potensial yoluxmuş insanları sağlam insanlardan təcrid etməyi əhəmiyyətli sayıram. Çünki karantin qaydaları yumşaldıqdan sonra insanların kütləvi şəkildə küçələrə axınının şahidi oluruq. Bu hal da sonradan kütləvi yoluxma ilə müşahidə olunur. Ona görə də belə yerlər mütləq şəkildə dezinfeksiya olunmalı və xüsusi təmizliyə riayət edilməlidir.”
Lakin hələ də virusun dəhşətini dərk etməyən və buna dırnaqarası yanaşan insanlar var. Virusun təhlükəsini göstərmək üçün peşəsini icra edərkən virusa yoluxan həkimin təəssüratlarını nəzərinizə çatdırırıq. Milli Sağlamlıq Mərkəzinin həkimi Kəmalə Namazova artıq 4 aydır ki, COVİD-19 ilə mübarizə aparır: "Kiçik hesabat verəcəyəm. 1-ci gün 3, 1-ci həftə 7, 1-ci ay -21 xəstə. Bu say get-gedə artdı. Xəstəxananı Çernobıla bənzədirdim. O reanimasiya dəhlizi həyat-ölüm astanasıdır. Mən həmişə o astanada dayanıb əvvəlcə reanimasiyanı süzürdüm. 40 nəfərlik palatada xəstə qəbulu... Ən dəhşətli günümüz 30 may və 5-6 iyun oldu. Xəstə insan axınının qarşısında 3 həkim aciz qaldıq. "Katalka”larda can verən, ağzıköpüklü, imdad diləyən, SPO2-18-58% olan xəstələri gətirən saysız-hesabsız Təcili Tibbi Yardım maşınlarını görəndə dəhşətə gəldim. Sürətlə, bəzən yıxıla-dura qaçıb xəstələri intubasiya edirdim. Tez ol! Profol. Rokuron. Larinqaskop. Trubka. Aparat! Bu səslər qulağımdan getmir. Bir anlıq dəhlizdə qulaqlarımı tutub bərkdən qışqırıb, ağlamağa başladım. Həkimim məndən bərk yapışıb, silkələdi. Ağlama. Biz insanlara kömək etməliyik. Bir gündə 20 xəstəni intubə etdik. Elə həmin günü yoluxdum. Hərarətim ola-ola yenə reanimasiyada işlədim. Çünki həkimlərin çoxu yoluxmuşdu, xəstələrimizi itirmək qorxusu var idi. O reanimasiyada xəstələrlə, onların yaxınları ilə dost olduq. Bir ağladıq, bir güldük. Özünüzü bir virusdan qoruyun”.
"Xeyir-şər məclisləri Azərbaycanda virusun yayılmasının başlıca mənbəyidir”
ÜST-ün konsultant həkimi Turanə Rəsulova deyir ki, virusa yoluxmanın qarşısının alınmasında sosial məsafə həddindən artıq önəmli faktordur: "Virusla mübarizədə ən effektiv üsulların nələr olduğunu bilirik: Əl gigiyenası, sosial məsafə, maskadan istifadə və tənəffüs gigiyenası. Bunlara əməl olunduğu təqdirdə virusdan qoruna bilirik. Sosial məsafə həddən artıq önəmli bir faktordur. Yəni əgər ünsiyyətdə olan iki nəfərdən hər ikisi maskadan istifadə edib və fiziki məsafəni gözləyirsə, virusa yoluxmaq ehtimalını sıfıra endirmiş oluruq. Ona görə də bu qaydalara əməl etmək lazımdır. Mən müşahidələrim əsasında deyə bilərəm ki, Azərbaycanda yoluxmanın ən çox olduğu və yayıldığı yerlər yas mərasimləridir. Ümumiyyətlə, xeyir-şər məclisləri Azərbaycanda virusun yayılmasının başlıca mənbəyidir. Hər şeyi dövlətin qadağasına bağlamaq olmaz. Öz üzərimizə düşən məsuliyyəti başa düşməli, mümkün qədər yas mərasimlərinin təşkili azaldılmalı və insanların kütləvi toplaşmasının qarşısı alınmalıdır. Qaydalara riayət etsək, biz bu mübarizədən qalib çıxa bilərik. Qarşıdan payız fəsli gəlir, bizi naməlum qış gözləyir. Bu payız COVİD-in ikinci dalğasının olma ehtimalı var. Bunun üçün güclü olmalı, özümüzü qorumalıyıq. Açıq havada yalnız insanların toplu şəkildə olmadığı yerlərdə sosial məsafə gözləyərək vaxt keçirməliyik”.
Həkimin sözlərinə görə, qonşu Türkiyədə karantinin bitməsinə baxmayaraq, virusun yayılma tempində artım yoxdur. Bunun səbəbi isə odur ki, insanlar artıq yeni reallıqla yaşamağı öyrəniblər: "Mən hazırda Ankaradayam. Burada yaşından asılı olmayaraq, hər kəs maskadan istifadə edir, sosial məsafəni gözləyir. Marketlərdə meyvə-tərəvəz seçmək üçün əlcəklər qoyulub. İnsanlar qaydalara əməl etdiyi üçün Türkiyədə vəziyyət stabildir və baxmayaraq ki, hər yer açılıb, amma yoluxma sayında kəskin artım yoxdur. Çünki yeni reallıqla yaşamağı öyrəniblər. İnsanlar yeni reallıqlarla yaşamağı öyrənsələr, biz bu mübarizədən qalib çıxa bilərik”.
"Hazırda virus hər yerdədir”
Baş infeksionist Cəlal İsayev deyir ki, son 3 gündə olan yoluxma statistikası kütləvi toplaşmanın nəticəsidir: "Hər kəs sual verirdi ki, orduya dəstək mitinqdən sonra statistika dəyişməyib. Son üç gündəki vəziyyət elə kütləvi toplaşmanın nəticəsidir. Kütləvi toplaşanda sıxlıq olur, fiziki məsafə gözlənilmir və bu sıx şəraitdə insanlar yoluxur. Bu toplananların içində virusu simptomsuz keçirənlər olur. O xəstəliyi hiss etmir, amma sən yoluxub daha ağır nəticələrlə üzləşə bilərsən. Üstəlik maskalardan da istifadə etmirlər. Bu zaman digər insanların yoluxmasına səbəb olur. Ona görə biz hər zaman deyirik ki, kütləvi toplaşmaq olmaz. İnsanların çoxluq təşkil etdiyi yerlərdən uzaq olun və qapalı məkanlarda çox vaxt keçirməyin, maskalardan istifadə edin. 4-5 nəfər bir yerə yığılıbsa, çalışın maska taxın. Taksiyə minən kimi maskadan istifadə edin. Tanıdığınız adama belə etibar etməyin. Çünki o, özü də virus daşıyıcısı olduğunu hiss etməz. Hazırda virus hər yerdədir”.
İnfeksionistin sözlərinə görə, vəziyyət belə olduğu halda yumşaldılmadan söhbət gedə bilməz: "Hələ ayın 5-nə qədər bizim 7 günümüz var. Bu dəyişikliklər təhlil olunacaq, sonra yumşalma, yaxud sərtləşmə müzakirə olunacaq. Hələ də ölkədə gizlin qonaqlıqlar verilir, bu isə çox təhlükəlidir. Nəzərə alınmalıdır ki, yasa gələnlərin heç biri COVİD testindən keçməyib. Yas iştirakçısı maskadan istifadə etməyəcək. Yemək yeyən adam maska taxa bilərmi? Məhz bu səbəbdən məclislərin təşkili, kütləvi toplaşma halları risklidir və yolverilməzdir. Biz onun ağır nəticələrini də görürük. Son vəziyyət analiz olunacaq. Əgər nəticə imkan verərsə, yumşalmaya gedilə bilər”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər