• cümə, 19 Aprel, 23:50
  • Baku Bakı 24°C

Kurikulum nədir? - Tədbir - Reportaj

23.06.14 18:09 8836
Kurikulum nədir? - Tədbir - Reportaj
“Kurikulum əslində müəllimin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçündür. Kurikulum termininin mahiyyətini düzgün çatdırmaq lazımdır. Kurikulum yaradıcı sənətdir. Bu, məktəbin və şagirdlərin xeyrinə yönələn islahatdır”. Bu fikirlər həftə sonu Təhsil Nazirliyinin təşəbbüsü ilə Şəki şəhərində “Fənn kurikulumunun tətbiqi: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən konfrans-müşavirədə səslənib.
Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodkabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilərin iştirak etdiyi tədbirdə təlimçilərin təqdimatları dinlənilib, kurikulum islahatlarına dair müzakirələr aparılıb. Müəllimlər kurikulumun tətbiqi prosesində qarşıya çıxan məsələlər, ümumilikdə, təhsildə baş verən yeniliklər barədə fikirlərini bildiriblər.
Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verərək yeni fənn kurikulumlarının təhsildə yeni bir istiqamət olduğunu vurğulayıb: “Bir çox dünya ölkələrində, o cümlədən Finlandiyada 3-cü nəsil kurikulum üzərində iş gedir. Sözsüz ki, bizim kurikulum da ideal deyil. Müəyyən təkmilləşmə lazımdır”. Şöbə müdiri növbəti mərhələdə müəyyən təkmilləşmələrin olacağını istisna etməyərək rayon təhsil şöbələrində metod kabinetlərin, ayrı-ayrı fənlər üzrə metodistlərin kurikulumla bağlı fəaliyyətini genişləndirilməsini tövsiyə edib: «Metodkabinetlər kurikulumun həyata keçirilməsində bilavasitə iştirak etməlidir”.
Təhsildə yeni yanaşmalar mövzusunda məruzə ilə çıxış edən ekspert Asif Cahangirov qeyd edib ki, çətinlikləri yalnız kurikulumun üzərinə qoymaq düzgün olmaz: “Hansısa alt standart məndən nəyi tələb edir və mən həmin alt standartı yerinə yetirmək üçün nə etməliyəm?” sualına cavab tapsaq, onda nailiyyət əldə etmiş olacağıq”. Ekspert kurikulumun ənənəvi təhsil proqramından fərqləndiyini də bildirib. Belə ki, bu, tamamilə yeni pedaqoji fəlsəfəyə əsaslanan konseptual sənəddir: “Müəllimlər bu metodun mahiyyətini dərk etsələr, bu, onlar üçün böyük fayda verəcək».
A.Cahangirov dərsliklərlə bağlı səslənən iradlara toxunaraq müəllimlərin çoxunun dərsliyi ikinci müəllim kimi qəbul etməsinə təəssüfləndiyini dilə gətirib: «Müəllimlər çox vaxt dərslərdə çatdıra bilmədiklərini şagirdlərin boynuna qoyurlar. İnternet bir müəllimdir. Müəllim internetdən şagirddən daha çox istifadə etməlidir».
TN-in QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov kurikulumla bağlı tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə danışaraq, əsas məqsədin dialoq mühiti yaratmaqdan ibarət olduğunu bildirib. Sektor müdiri həmçinin Bakı məktəblərində işləyən müəllimlər üçün keçirilən sınaq qiymətləndirmə barədə məlumat verərək onun yaxın zamanlarda bölgələri də əhatə edəcəyini qeyd edib.
Kurikulum, yoxsa təlim proqramı?

«Kurikulum nədir?», «Biz nə üçün kurikulumu yaxşı tətbiq edə bilmirik?» sualları ətrafında gedən müzakirələrə qatılanlar öz fikir və təkliflərini irəli sürüblər.
Şəki şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Musayeva qeyd edib ki, müəllimlər kurikulumu qorxulu və vahiməli metod kimi qarşılayırlar: «Kurikulum təlimçisi kimi həmişə çalışıram ki, təlimlərdə «kurikulum» yox, «təlim proqramı» sözünü işlədim. O mənada ki, bu söz müəllimlər üçün o qədər çətin olmaz. Ona görə də «kurikulum» sözünün əvəzinə «Təlim proqramı» sözünü işlətməyi təklif edirəm».
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şəki filialının müəllimi Dürdanə Eminova «Müəllimlər dərslərinin yeni təlimlər əsasında qurulmasında böyük nailiyyətlər əldə edirlər. Bu, reallıqdır” - deyə bildirib: “Mən düşünmürəm ki, kurikulum fobiya yaradır. Bizim müəllimlərlə olan işlərimizin nəticələri artıq özünü göstərir”. D.Eminova təlimdə müəyyən nöqsanların olduğunu da qeyd edib. Belə ki, bəzi məqamlar müəllimlər üçün qaranlıq qalır və onlar yeni təlimi qəbul etmək istəmirlər: “Bu, bəzən müəllimlərin özündən də asılı olur. Onlar öz üzərlərində işləmirlər. Müəllimlərin fəallığı olmalıdır ki, onlar metodları şagirdlərə aşılaya bilsinlər. Müəllim özü yaradıcı olmalıdır. Ümumilikdə müəllimin tədrisə münasibəti dəyişməlidir. Müəllim üçün stimulverici vasitələr olmalı və bərabərçilik aradan qaldırılmalıdır. Bəzi müəllimlər yeni təlimlə dərslərini qurur, bəziləri isə ənənəvi təlimdən əl çəkmirlər. Müəllim görəndə ki, onun işinə qiymət verilir, bu, onun üçün stimulverici vasitə olur».
Qax şəhər 1 nömrəli orta məktəbin direktoru Mədinə Heydərova cəmiyyətin bütün sahələrində baş verən yeniliyin təhsilə sirayət etdiyini bildirib: «Hər bir yenilik köhnəlikdən irəli getmək deməkdir. Bu baxımdan heç bir yenilik insanları qorxutmamalıdır. Müəllimlər bu proqrama maraqla meyl göstərirlər. Şəxsiyyətyönümlü təhsil şagirdlərin inkişafına böyük təsir göstərir. Kurikulumla oxuyan şagird daha yaxşı oxumağı, fikir yürütməyi bacarır». Məktəb direktoru təlimdən irəli gələn çətinlikləri də açıqlayıb: “Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar çətinliklər var. Yaxşı olar ki, hər kurikulum sinfinin fənn kabineti olsun. Bundan əlavə, dərsliklərlə bağlı iradlar çoxdur. Yaxşı olar ki, dərsliklər yenidən işlənsin. Dərsliklərdə şagirdlərin çətin mənimsəyəcəyi mövzular var. Valideyn-məktəb münasibətləri də təkmilləşməlidir. Məktəb psixoloqlarının daha yaxşı işləməsi vacibdir. Ümid edirəm ki, gələcəkdə bu nöqsanların aradan qalxacağı təqdirdə biz şəxsiyyətlərin yetişdirilməsi kimi məqsədə tam nail olacağıq».
Qax şəhər məktəbinin ibtidai sinif müəllimi Rübail Əfəndiyeva fənn kurikulumlarında yaranan problemlərdən danışıb. Belə ki, təlimlər üçün ayrılan 10 gün vaxt yetərli deyil. Yaranan problemlər də məhz bununla bağlıdır. Eləcə də məzmunun səriştəli çatdırılması ilə bağlı İKT bacarıqlarının və beynəlxalq təcrübələrə yiyələnməyin vacibliyi vurğulnıb: “Kurikulum mərkəzinin fəaliyyətinin rayonlarda da izlənməsi zəruridir. Belə mərkəzlər filial şəklində olarsa, faydalı olar. Müəllimlər üçün İKT kurslarının təşkil edilməsi və müəllimlərin öz üzərlərində işləmə bacarıqları çox əhəmiyyətli amildir.
Yerlərdə kurikulum mərkəzlərinin yaranması da yaxşı olardı. Kurikulum müsabiqələrinin təşkili, beynəlxalq təcrübənin öyrənilməsi və kursların davamlı olması da çox əhəmiyyətlidir».
Zaqatala rayon təhsil şöbəsini təmsil edən Səadət müəllimə məktəbəqədər kurikulumun nə zaman fəaliyyətə başlamasına ehtiyac olduğunu qeyd edib: «Bu, bizim yaralı yerimizdir. Uşaq bağçalarından gələn uşaqların daha hazırlıqlı olması təhsilin inkişafına kömək edər. Bu təlim uşaq bağçalarında həyata keçirilsə yaxşı olar”.
Qax şəhər tam orta məktəbin tarix müəllimi Nurlana Əzimova tədris prosesində müəllimlərin daha çox ənənəvi təhsilə üstünlük verdiklərini bildirib. Belə ki, müəllimlərin müasir təhsili mənimsəmələri səviyyəsi yüksək olsa belə, onlar kurikulumun tətbiqi zamanı böyük çətinliklər çəkirlər: «Onların çəkdiyi çətinliklər birbaşa şagirdlərə sirayət edir. Müəllimlərin ən böyük problemləri şagirdlərlə işləmə metodlarıdır. Yəni bildiklərini şagirdlərə ötürmə problemidir. Ona görə də müəllimlərin əksəriyyəti sual xarakterli tapşırıqlardan istifadə edirlər. Sual xarakterli tapşırıqlar şagirdlərdə biliyin inkişafını dəstəkləyir, fəaliyyətin inkişafını yox. Fəaliyyətin inkişafına alt standartlara uyğunlaşmış tapşırıqlardan istifadə edərək tamamlamağa çalışsalar da, bu fəaliyyət biryönlüdür. Yəni təfəkkürün növlərindən heç birini dəstəkləməyən fəaliyyətdir. Bu da bugünkü tələblərin heç birini ödəməyə imkan vermir”. N.Əzimova müəllimlərin öz üzərlərində işləməyə çətinlik çəkdiklərini qeyd edib. Belə ki, kurikulum təlimlərinə gələn müəllimlərin potensialı həmin təlim metodlarını mənimsəməyə o qədər də imkan vermir. Təlimçinin fikrincə, təlimin müddəti artırılmalı, yerlərdə müəllimlərin kurikulumla bağlı fikirlərini bölüşəcəyi müəyyən bir qurum yaradılmalıdır.
Qax şəhər 4 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Abdullayeva yeni təlimlərin müəllimlərdən çeviklik tələb etdiyini bildirib: «Azərbaycan dili dərsliklərində dil qaydalarına az yer verilir. 5-ci sinif ədəbiyyat dərsliklərində çətinliklər var. Bu baxımdan ədəbiyyat dərsliyində dəyişikliyə ehtiyac duyulur. Formativ qiymətləndirməni aparsaq da, bunun təsiri olmur. Bu qiymətləndirmədə dəyişiklik olsa yaxşı olar. Şagirdlər gündəlik fəaliyyətlərinin nəticəsini bilmək istəyir: «Müəllim, mən bu gün neçə aldım?» deyə soruşurlar.
Şəki şəhər 12 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Mahmudova təlimlərin nəzəri şəkildə fayda göstərmədiyini qeyd edib: «Mən istərdim ki, təlimlərdə müəllimlər daha çox fəaliyyətdə olsunlar. Nəzəri hissəni öyrənmək müəllimlər üçün o qədər də çətin deyil. Təcrübə böyük amildir. Təlimlərin də bu yöndə davam etməsi daha faydalı olar”.
Qəbələ rayon təhsil şöbəsinin metod kabinetin müəllimi Arifə Bayramova birinci sinfə daxil olan şagirdlər üçün məktəblərdə hazırlıq siniflərinin açılması təklifi ilə çıxış edib. AMİ-nin tələbələrindən Fərid Əzimov kurikulum üzrə hüquqi maarifləndirmənin zəif olduğunu, Nuranə Mürşüdzadə müəllimlərin peşəkarlıq səviyyəsinin qaldırılmasına ehtiyac olduğunu bildirib. Bundan əlavə, kurikurum üzrə təlimçirlərin seçilməsinə nəzarətin güclənməsi ilə bağlı təkliflər səslənib. Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova belə tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd edərək müəllimlərlə maarifləndirici görüşlərin tez-tez keçirilməsini arzuladığını deyib.
Müzakirələrdə çıxış edən Oğuz rayon 2 saylı məktəbin direktor müavini Təranə Zəkəriyyəyeva, Qəbələ rayon təhsil şöbəsinin metodkabinet rəhbəri Arifə Bayramova, Zaqatala rayon Humanitar Kollecin müəllimi İradə Əlizadə, AMİ-nin Şəki filialının metodkabinet rəhbəri Əsmayə Əkbərova və digərləri təhsil sahəsində baş verən yenilikləri müsbət qiymətləndirdiklərini vurğulayıblar. Onların fikrincə, gözlənilən nəticələrə çatmaq üçün müəllimlərin bu sahədə maarifləndirilməsi işləri davamlı olmalıdır.
Təranə Məhərrəmova
Bakı-Şəki-Bakı
Tədbir - Reportaj"> Tədbir - Reportaj"> Tədbir - Reportaj"> Tədbir - Reportaj"> Tədbir - Reportaj">

banner

Oxşar Xəbərlər