• şənbə, 20 Aprel, 04:16
  • Baku Bakı 15°C

Kuklalar aləmində maraqlı bir gün

03.12.15 13:24 2088
Kuklalar aləmində maraqlı bir gün
Seyrçinin baxdığı tamaşadan razı qalması, ondan zövq alması hər bir teatr üçün önəmli işdir. Bütün teatrlar əlbəttə, nə etsələr də başda tamaşaçı fikri dayanır: müasir dövrdə onları nə maraqlandırır, nə düşündürür, nə kimi mövzularla qarşılaşmaq istəyirlər. Amma teatrların arasında bu mənada ən həssası, bəlkə də kukla teatrıdır. Çünki burada balaca seyrçiləri maraqlandırmaq lazımdır. Bu günümüzdə isə masallah balacaları nə iləsə maraqlandırmaq o qədər də asan iş deyil. Necə də olmasa texnika, kompüter, planşetlər, sensorlu telefonlar qalan şeylərə marağı azaldıb. Lakin nə yaxşı ki, bu günümüzün özündə belə bir çox validenlər uşaqlarının daha intellektual, daha savadlı, dünyagörüşlü olması üçün onları mütamadi olaraq Kukla teatrına aparırlar.
Həmişə aktyorlardan söz düşür, kuklaları necə canlandırmalarından, onlarla necə rəftar etmələrindən danışılır. Amma unuduruq ki, axı bu kuklaları əvvəlcə yaradan insanlar var. Bəs onlar kimdir, bu kuklalar necə ərsəyə gəlir. Bu kimi suallarla müsahibim Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı İqbal Əliyev oldu.
Teatrın bütün kollektivi kimi İqbal Əliyev də bizi çox mehribanlıqla qarşıladı və ilk andan özümüzü sanki evimizdəki kimi hiss etdik. Təsadüfi deyil ki, elə müsahibə vaxtı iş prosesi vaxtına təsadüf etdi və bu da söhbətimizi daha canlı və maraqlı olmasına səbəb oldu.
-İqbal bəy, bildiyim qədəriylə siz teatrda əvvəl rəssam kimi deyil, aktyor kimi çalışmısınız. Bəs necə oldu ki, rəssam kimi fəaliyyətə başladınız?
- Əvvəla, sizi salamlayıram, xoş gəlmisiniz. Düzdür mən əvvəllər teatrda aktyor kimi fəaliyyət göstərmişəm. Lakin bir müddətdən sonra teatrın rəhbərliyinin özünün təklifi ilə rəssam, daha sonra baş rəssam vəzifəsinə gəldim.
- Hazırda da iş başında olduğunuzu görürəm, hansı tamaşa üzərində çalışırsınız?
- Bəli, hazırda yeni tamaşanın kuklalarını hazırlayırıq. Bu, teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazıranan “Oyaq gözəl” tamaşası olacaq. Tamaşanın quruluşçu rəssamı isə Əfşan Əsədovadır. Balacadan böyüyə hər kəs “Yatmış gözəl” nağılını bilir. Lakin biz istədik ki, onun motivləri əsasında daha maraqlı və yeni bir tamaşa quraq. Və inanıram ki, istəyimizə nail olcağıq.
- Tamaşanın nə vaxta hazır olması planlaşdırılır?
- Zənnimizcə dekabrın əvvəlinə planlaşdırılır. Əvvəl tamaşanın daxili baxışı olacaq, sonra balacaların ixtiyarına verəcəyik. Və bu arada onu da qeyd edim ki, “Oyaq gözəl” tamaşası gənc rəssamımızın ilk işi olacaq.
-Repertuarda daha hansı yeni tamaşalar hazırlanır?
-Hazırda böyüklər üçün Qurban Məsimovun quruluşunda “Melodiya” tamaşasının məşqləri gedir. Bununla yanaşı dekabr ayının sonu üçün yeni il qabağı balacaların görüşünə “Tilsimli meşə” tamaşası ilə gələcəyik.
-Bəs hazırladığınız kuklaların materialları necə, yerlidi, yoxsa xaricdən gətirilir. Ümumiyyətlə, kuklanın hazırlanması prosesi necə gedir?
-Əslinə baxanda xarici materillar bizimkindən elə də fərqlənmir. Ona görə də materiallar yerli olur. Öz məhsullarımızdı. Əvvəlcə rejissorla rəssam pyes üzərində işləyirlər, hər şey tamamlandıqdan sonra personajlar seçilir. Növbəti mərhələdə personajlara uyğun eskizlər müəyyən olunur, daha sonra heykəltəraş ihəmin eskizlər üzərində kuklaların başlarını hazırlayır. Onun qəlibi çıxarılır və həmin qəlibin içərisində kuklalar farmovka olunur. Bütün bu proseslər bitdikdən sonra onların üzərində mexanik işləyir və ən sonda kuklalar rəssamın ixtiyarına verilir.
-Kuklaların hazırlanması prosesində fikir ayrılığı baş verir, ya hamı eyni fikirdə olur?
- Əlbəttə, hər kəs eyni düşünə bilməz. Lakin bütün kuklalar eskizlər əsasında hazıranır və bu eskizlər rejissora göstərilir. O da mütləqdir ki, rejissor daima bu iş prosesi ilə maraqlanır. Amma buna baxmayaraq bəzən, aktyorun da təklifi maraqlı və keçərli olur. Çünki necə də olmasa bu kuklaları səhnədə aktyor canlandıracaq. Ona görə də bu işdə hər kəsin fikri qiymətləndirilir.
-Kuklaları hazırlayanda daha çox hansı rəndə üstunluk verirsiz, yaxud da ümumiyyətlə bu kuklaların ərsəyə gəlməsi üçün ən çox hansı məqama üstünlük verirsiz?
-Bu gün elə bir dövrdə yaşayırırq ki, uşaqların başını qatmaq üçün valideynlər daha rahat yola əl atırlar, komputerdə, planşetlərdə ya cizgi fimləri qoyurlar, ya da ən yaxsısı hansısa bir oyun yükləyib verirlər uşağın əlinə. Lakin düşünmürlər ki, bu, uşaqlara, onların gələcəyinə, düşüncəsinə nə qədər ziyandır. Ona görə də teatrda elə sənət göstərməlik ki, uşaqların gördüklərindən daha ilginc olsun. Həm də indiki uşaqlar çoxbilmiş olurlar (gülür), o qədər müxtəlif obrazlar görürlər ki, hər şey onlarçün adiləşir. Bu səbəbdən biz də çalışırıq ki, hansısa obrazı yaratdıqda tam fərqli bir yozumda təqdim edək.
Rənglərə gəlincə isə çalışırıq eyni ton rənglər olmasın. Rənglər özü də tamaşada mühüm yer tutur. Ancaq bununla yanaşı milli çalarlarda qırmızı, tünd qəhvəyi, qızılı rənglərə daha çox üstünlük veririk.
-Tamaşalar müəyyən dövrdən sonra repertuardan çıxarılır, bəs o zaman kuklaları nə edirsiz?
-Elə tamaşalar olduqda kuklaları rayon teatrlarına bağışlayırıq. Qalan kuklalarımız isə yuxarıda rekvizit otağında saxlanılır. Gedək ora ilə də tanış edim sizi, elə tamaşalarımız var ki, onların həqiqətən də tarixi var. Məsələn elə götürək “Göyçək Fatma” tamaşasını, düz 20 ilə yaxındır ki, teatrımızın repertuarındadır.
-Bəs elə olur ki, kuklalar qırılsın, əzilsin. Belə hallarda nə edirsiz?
-Əlbəttə ki, olur. Düzdür, kuklaların ömrü hardasa 20-30 ildir. Amma olur ki, tamaşa zamanı kuklalar zədələnir, bəzən elə qırılır da. Tamaşadan sonra həmin kuklalar yenidən bərpa olunur.
-Elə olurmu ki, hansısa köhnə tamaşanı, ancaq yeni quruluşda, fərqli yozumda hazırlayasız. Olubsa, bunu tamaşaçılar necə qarşılayır?
-Var belə tamaşalarımız. Yaxşı da qarşılayırlar. Məsələn “Tıq-Tıq xanım” tamaşasını bir az dəyişmişdik tamaşaya yeni personaj Tak-takı daxil etmişdik ki, Tıq-tıq xanım tək qalmasın, onun dostu olsun, ona öz səhvlərinin nədən ibarət olduğunu sonda desin və o da bundan nəticə çıxarıb o səhvləri etməsin. Axı burda pis nə var. Belə baxanda Tıq-tıq xanımı tək qoymamışıq, ona yeni dost da tapmıışıq (gülür).
-Bəs teatrınızda hansı çətinliklər sizi narahat edir?
-Hazırda ən böyük şətinliyimiz pyeslə bağlıdır. Düzdür, xeyli sayda xarici dramaturgiyaya müraciət edirik, yeni tamaşalarımız da var. Mən çox istərdim ki, müasir dramaturqlarımız uşaq pyesləri yazsıb bizə təqdim etsinlər və biz də onu səhnələşdirək.
- Səmimi söhbətə görə çox sağ olun.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər