AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kukla ilə oynayan gənc  aktrisanın debütü

Kukla ilə oynayan gənc aktrisanın debütü

15 Sentyabr 2014, 14:00 1422
DEBÜT

Bu gün teatrlarda aktyor, aktrisa deyərkən səhnədə illərdir obrazlar yaradan, ömrünü sənətə fəda edən insanlar canlanır göz önümüzdə. Hesab edirəm ki, teatrın sütunları qocaman aktyor və aktrisalardırsa, ona bəzək verən, canlandıran, yeni nəfəs qatan məhz həyat dolu sənətə ilk addımlarını atan gənclərdir. Çünki adətən sənətə yenicə gələn, böyük ümidlərlə teatr dünyasına qədəm qoyan gənclərdə yaratmaq eşqi daha da çox olur.

Biz də teatr laboratoriyası olaraq diktofonumuzu gəldiyi ilk gündən səhnədə bir neçə obraz canlandıran gənc aktyorlara uzatdıq. Uzatdıq ki, görək onlar bu sənətə nə üçün, hansı məqsədlərlə gəliblər. Həm də öyrənmək istəyirik ki, teatra üz tutan, peşəkar səhnənin tozunu udan bu gənclər gələcəkdə teatrımıza hansı yenilikləri gətirmək niyyətindədirlər...

İlk rubrika, ilk qonaq...

Beləliklə, “Debüt” adlı yeni rubrikamızın ilk qonağı Abdulla Şaiq adına Kukla Teatrının aktrisası Nərmin Nəbiyevadır.

Müsahibim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Estrada aktyorluğu fakültəsində (Telman Adıgözəlovun kursunda) təhsil alıb. Tələbə ikən “Qaynana” tamaşasında Sədaqət, “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasında Sənəm və “Vağzalda” tamaşasında əsas obrazlardan birini canlandırıb. Universiteti bitirdikdən sonra Kukla Teatrının mərhum baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadəyə müraciət edib. Ona Kukla Teatrında aktrisa kimi çalışmaq istədiyini və kuklalarla işləməyin ona böyük zövq verdiyini söyləyib. R.Əlizadə Nərminin teatra olan həvəsini görərək onu Kukla Teatrının yaradıcı heyətinə qəbul edib. Gənc aktrisa teatra qədəm qoyduğu ilk gündən Rəhman Əlizadənin özünün qələmə aldığı və quruluş verdiyi “Sindibadın xoşbəxtlik adasına səyahəti” tamaşasında epizodik rolda yer alıb. Daha sonra Nərmin repertuarda olan bir sıra tamaşalarda oynamağa başlayıb: “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Şərəfnisə, “Pinokionun sərgüzəştləri” tamaşasında epizodik obrazlardan birini, yenə də Rəhman Əlizadənin rejissorluğu ilə hazırlanan “Göyçək Fatma” tamaşasında Sənəmi, “Balaca şahzadə” tamaşasında isə tülkü obrazını canlandırıb. Daha sonra Rəhman Əlizadənin quruluşunda “Dəli Domrul” tamaşasında Əzrail, Anar Məmmədovun hazırladığı “Kim güclüdür” tamaşasında Ana obrazını oynayıb.

Kuklaları oynatmaq kənardan göründüyü kimi asan deyil

Nərmin deyir ki, uşaqlıqdan kuklalara böyük marağı olub. Kiçik yaşlarından kuklalarla oynayan Nərmin çox keçmir ki, özünü Kukla Teatrında böyük kuklalar arasında görür. Bu dəfə isə kuklaları o özü idarə edir. Hər şeyin qismətdən asılı olduğunu deyən Nərmin indi də kuklaların onun həyatında böyük rol oynadığını bildirir: “Uşaq yaşlarımda, mərhum aktyor Ələkbər əminin işlədiyi illərdə Kukla teatrına gələr, şer deyib, mahnı oxuyardım. Heç zaman ağlıma belə gəlməzdi ki, gələcəkdə Kukla Teatrında çalışacam. Ümumiyyətlə, kuklalarla oynamağı uşaqlıqdan sevirəm. Rusiyaya gedəndə bu yaşımda belə əlcək kuklalar, cürbəcür kuklalar almışam, onlarla evdə məşq edirəm”.

Nərmin deyir ki, tələbəlik illərində müəllimləri onu xarakterik obrazlara daha çox uyğun görüblər. Nərminin özü isə hər zaman dramatik obrazlar canlandırmaq arzusunda olsa da tale onu uşaqların dünyası olan Kukla Teatrına gətirib. Səsinin diapazonuna görə bir dəfə də olsa hökmdar qadın obrazı oynamağı arzulayıb. Kukla Teatrına gəldikdə hər şeyin heç də kənardan göründüyü kimi asan olmadığını görən Nərmin əslində kuklalarla işləməyin çətinliyindən danışdı: “Teatra ilk gələndə aktyorların hərəkətlərinə kənardan baxırdım. Hər şey mənə möcüzə kimi gəlirdi. Ancaq gün keçdikdə işin dərinliklərinə vardım və öyrənməyə başladım. Teatrda çalışaraq təcrübə qazandım. Məni teatra gətirən Rəhman Əlizadədən, Cəmilə Allahverdiyevanın səhnə təcrübəsindən bəhrələndim”.

Əsas odur ki, kukla dinamik, asan oynadılan olsun

Nərminin sözlərinə görə, universitetdə oxuduğu dərs vəsaitləri ilə teatrda gördüyü məşqlər bir birindən tamamilə fərqlənir. Çünki səhnə tamam başqa bir aləmdir. Bu iş həm çox çətin, həm də maraqlıdır. Maraqlı olduğu qədər də əyləncəlidir. O, teatrda çalışmaq üçün ilk növbədə həmin sənətə sevginin əsas olduğunu vurğulayır: “Kukla Teatrında əsas səsdir. Səs tamaşaçıya düzgün və zamanında çatmalıdır. Həm də səsi oynatmaq lazımdır. Əsas odur ki, kukla dinamik, asan oynadılan olsun. Ağır kuklalarla çalışmaq əziyyətlidir. Kukla Teatrında obraz canlandırmaq digər teatrlardan tamamilə fərqlənir. Belə ki, bizim teatrda aktyor həm səsi çatdırmalı, həm dinamikliyi kuklaya ötürməlidir. Kukla Teatrının aktrisası olmaq digər teatrlara nisbətən daha çətindir, çünki digər teatrlarda təkcə özün obraza girirsənsə, burada özündən əlavə, əşyanı da canlandırmağı bacarmalısan. Balaca tamaşaçıları nağıla inandırmaq üçün gərək plastikan düzgün olsun”.

Nərmin deyir ki, yaxın zamanlarda Kukla Teatrının baş rejissoru Qurban Məsimov teatrın yaradıcı heyətinə plastika məşqləri keçəcək: “Canlı planları oynamaq istəyirəm. Tələbə vaxtında istədiyimi oynamırdım. Burda isə başqa variant yoxdur. Bir dəfə imtina edəndə ikinci dəfə başqa obrazı sənə vermirlər. Oynadığımız rola görə də maaş alırıq. Universitetdə hər şey rahat olur. Orada mənə katibə rolunu vermişdilər.

Nərminin ən böyük arzusu gələcəkdə Leninqrad Dövlət Kukla Teatrında təcrübə keçmək, fərqli obrazlar yaratmağı öyrənməkdir. O, qeyd edir ki, rusların iş metodları ilə tanış olub, xarici teatrların iş qrafikini Azərbaycanda tətbiq etmək istəyir. Ən böyük arzusu isə dünya teatr prosesindən yaxından tanış olub öz bilgilərini daha da artırmaqdır.

Yeni mövsümə böyük enerji ilə qayıdan Nərmin hər dəfə teatra gedəndə Rəhman Əlizadəni xatırladığını və onun daima teatrda yerinin göründüyünü deyir. Nərmin bizimlə söhbətində Rəhman Əlizadənin daima gənclərə dəstək olduğunu deyir: “Əgər o sağ olsaydı, yenə də teatrdakı gənc heyətə yeni obrazlar yaratmağa və öz potensiallarını göstərməyə şərait yaradacağına əminəm. Gənclərə qayğı Rəhman Əlizadənin dövründə daha yaxşı idi”.

“Aldığım maaş özümə kifayət etmir”

Nərmin Universiteti bitirdikdən sonra teatrda işləməklə kifayətlənmir. O, ADMİU-da Estrada aktyorluğunun ifaçılığı və nəzəriyyəsi fakültəsinin magistratura pilləsinə daxil olub. Elmi rəhbəri professor İlham Rəhimlidən teatrın nəzəriyyəsini öyrənib. Gələcəkdə təhsilini davam etdirmək və oxuduğu Universitetdə müəllim kimi çalışmaq da onun böyük arzuları sırasındadır.
Teatrda əsas obrazları oynamaq üçün ona hansı şansların yaradıldığını sual etdik?

Kukla Teatrında gənclərin özlərini realizə etdiklərini desə də, gülümsəyərək: “İnanıram ki, yaxın gələcəkdə əsas obrazları yaratmaq üçün teatrda gənclərə geniş imkanlar açılacaq”. Nərmin teatra digər gənc aktyorlar kimi heç də iddialı gəlmədiyini, heç kimin yerində gözü olmadığını deyir.

Gənc aktrisadan qonorarının onu qane edib-etmədiyini də soruşduq. Nərmin hazırda heç bir teatrda qonorarın aktyorların gündəlik xərclərini ödəmədiyini vurğuladı: “Heç bir aktyoru teatrdan aldığı qonorar qane etmir. Əslində indi bütün teatrlar belədir. Aldığım maaş özümə kifayət etmir. Gündəlik xərclərimi valideynlərim ödəyir. Onlar hər zaman mənə dəstək olublar. İstər maddi cəhətdən, istərsə də mənəvi cəhətdən. Mən onlara da çox minnətdaram. Valideynlərimin haqqını heç zaman ödəyə bilmərəm”.

Nərminin öz həyat və yaradılıcılıq yoluna yeni başlayıb. Bu yolda ona bol-bol uğurlar arzulayırıq. Seçdiyin yolda iri addımlarla irəliləmək arzusu ilə...

Xəyalə Rəis
Teatrşünas