• şənbə, 20 Aprel, 09:57
  • Baku Bakı 14°C

Küçə divarlarını incəsənət əsərinə çevirənlər - Fotolar

08.06.17 16:11 7358
Küçə divarlarını incəsənət əsərinə çevirənlər - Fotolar
Belarus rəssamlarının Rusiya şəhərlərində binaların boz divarlarında incəsənət əsərləri yaratması maraqla qarşılanıb. Darıxdırıcı boz divarları "Street art”a (küçə incəsənəti) çevirən rəssamlar öz işlərini hətta bir məmləkətlə məhdudlaşdırmırlar. Son ilyarım ərzində küçə-incəsənəti sənətkarları Sankt-Peterburqda, Soçidə, Xantı-Mansiyski Muxtar Dairəsində onlarla sənət əsəri yaradaraq, fikirlərini şəkillərlə söyləyiblər. Parlaq ağ, qırmızı və qara rənglərin ahəngini vizit kartlarına çevirən rəssamlar "İncəsənətin dilində hayqıraraq, danışmaq lazımdır”- sözlərini şüara çeviriblər. Soçi binalarından birində «I əməliyyatı və Şurikin başqa macəraları» bədii filmindən kadrları çəkən rəssamlar, təkcə rəssamlıq deyil, həmçinin kino sənətinə xidmət etmiş olduqlarını isbatlayıblar. Soçililərin rəğbətini qazanan rəssamlar "Bu gözəlliklərə görə bizi heç kim pulla təmin etmir, biz yalnız öz hesabımıza çəkirik. Bu isə böyük xərc tələb edir. Çox da böyük olmayan küçə-incəsənəti rəsmlərinə qiyməti 200-300 rubl olan onlarla balon rəng işlənir. Hobbiyə olan sevgi isə çox böyükdür”- deyirlər.

Rəssamların çəkdiklərindən xalq sadəcə, həzz alır, turistlər isə bu diqqətəlayiq portretlərin fonunda şəkillər çəkdirirlər. Baxmayaraq ki, adətən hakimiyyət küçə rəssamlarını sevmir və onları barbar adlandırırlar, ancaq bu qrafitlər hətta meriyada da rəğbətlə qarşılanıb. Hətta 9 May bayramı ərəfəsində müdiriyyətdən müraciət olunaraq sakinlərin yaşadığı binanın divarında «Döyüşə yalnız qocalar gedir» filminin qəhrəmanı Leonid Bıkovun - Maestronun şəklinin çəkilməsi xahiş olunub. Meriya rəssamları lazım olan rəng və qaldırıcı kranla təchiz ediblər. 100 kiloqramdan artıq boyanın işləndiyi şəkil iki həftə ərzində çəkilib və sakinlərin o qədər xoşuna gəlib ki, onlar binanın fasadına Yuri Qaqarinin də portretinin çəkilməsini istəyiblər. Artıq rəssamların işləri TV ekranlarından da nümayiş etdirilir. Media onların işlərinə biganə deyil. Rəssamlar küçə-incəsənəti rəsmlərinin get-gedə daha geniş yayılacağına əminliklərini gizlətmirlər. Hətta bu sahədən pul qazanacaqlarına da ümid edirlər: "Əvvəlcə insanları "Street art” nümunələri ilə yaxından tanış etmək lazımdır. Onlar get-gedə bu əsərlərə qiymət verəcəklər”.


"Bu, mənəm”

Son illər Bakının küçələrində də rast gəlinən "Street art” nümunələri incəsənətin bu növünün bizdə də yayılmağa başlamasından xəbər verir. Daha çox qrafiti kimi tanınan şəkillər qeyri-adiliyi, rənglərin koloriti ilə diqqəti cəlb edir. Xüsusən xarici filmlərdə gördüyümüz küçə rəsmləri, tədricən bizim divarlarda da yer alır. Divarları bəzəyən şəkillərin insanların diqqətini cəlb etmədiyini söyləməmək də olmaz. Amma söhbət həm də, rəsmlərin başa düşülməsindən və qiymətləndirilməsindən gedir.

Bakı küçələrini "Street art” nümunələrinə çevirməyi qarşıya məqsəd qoyan "Urban art” qrupunun üzvləri bu istiqamətdə xeyli işlər görüblər. Qrafitiyə sırf incəsənət prizmasından yanaşdığını deyən rəssam illüstrator Azər Məmmədli qrafiti texnikasını fərqli baxış bucağından göstərməyə çalışdığını deyir: "Qrafitlər mesaj verməkdən çox, estetik baxımdan insanları qane etməlidir. Qrafiti özü incəsənətdir. İncəsənət də öz daxilini əks etdirməkdir. Qrafitrayterlər də öz hisslərini divara köçürürlər”. A.Məmmədli qrafitinin çox da inkişaf etmədiyini deyir: "İncəsənətin bu sahəsi daha çox Avropada yayıldığı üçün bizdə az adamın bu barədə məlumatı var. Belə ki, daha çox gənc nəsli maraqlandırır. Hətta belə bir standart var ki, divarları korladığımı düşünrlər. Buna görə qrafitə qarşı insanlarda mənfi rəy yaranır. Hardasa rəsm çəkməyə başlayanda böyüklər elə bilir ki, divarları korlayırsan. Ona görə mane olurlar. Biz də çalışırıq ki, daha böyük işlər görək”. Bu yaxınlarda Azadlıq prospektində «Yarpaq saçlı qız» adlı qrafiti işlədiklərini deyən A.Məmmədov indi daha çox köhnə divarların üzərində işləməyə çalışdıqlarını bildirir: "Son iki ildə bu cür əsərlərin sayı divarlarda daha çox artıb. Həmçinin məşğul olmaq istəyənlərin sayı çoxalıb».
Bizdə qrafit üçün satışda heç bir materialın olmadığından təəssüflənən rəssam «materialı ya xaricdən gətizdirir, ya sifariş edirik” deyir: "Materialları da tapa bilməyəndə iş görmək həvəs səviyyəsində qalır». A.Məmmədlinin fikrincə, qrafit sırf şəhərin görünüşünü gözəlləşdirmək üçün köhnə divarları şəkillərlə bəzəmək baxımından əhəmiyyətlidir: «İnsanlar yolla gedərkən şəkilli divarlara baxanda onlar üçün darıxdırıcı olmur. Həmçinin o şəkillərə baxıb düşünürlər. Bu, sırf incəsənətdir». Mövzu seçiminə gəlincə, rəssam hesab edir ki, sosialyönümlü, insanları düşündürə, onlara estetik zövq verə bilən daha rəngli şəkillər üçün mövzular seçilir: "Yəni bu mövzular etiraz xarakteri daşımamalıdır. Rəssamların aralarında mesaj verənlər də var, amma hamısının məqsədi mesaj vermək deyil. Son vaxtlar bəzi Şərq ölkələrində münaqişələr baş alıb gedir. Həmin ölkələrdəki qrafitrayterlər diqqəti sırf bu mövzuya yönəltməyə çalışırlar. Bu baxımdan, mövzu dəyişə bilər. Rəssam sosial, siyasi, ictimai mövzularda qrafitlər çəkə bilər. Qrafit rəngləri sırf özünü tanıtmaq üçündür: yəni, bu, mənəm». Çox vaxt şəkillərin altında öz adlarımızı yazırıq. Tədbirin formatına uyğun olaraq mövzu dəyişə bilir».


A.Məmmədli hesab edir ki, bu sahə ilə bağlı spesifik idarəçilik olsa, incəsənətin bu növünü daha geniş şəkildə tanıtmaq olar: "Çünki müasir incəsənət növü kimi bu sahə son vaxtlar məşhurlaşıb». İncəsənətin bu sahəsi ilə bağlı müxtəlif festivallar keçirildiyini deyən rəssam, bu yaxınlarda Gürcüstanda keçiriləcək qrafit festivalında iştirak edəcəklərini bildirir: «Həmçinin belə bir festival Sankt-Peterburqda keçiriləcək. Ümumiyyətlə, dünyada bu cür festivallar çox keçirilir. Eləcə də biz özümüz festivallar keçirməklə incəsənətin bu növünü gündəmdə saxlamağa və inkişaf etdirməyə çalışırıq».

Rəssam-illustrator Emil Məcnunov müasir incəsənətin növü saydığı qrafitin bu gün təkcə insanlar tərəfindən başa düşülməməyindən deyil, bu sahə ilə məşğul olan rəssamların az olduğundan gileylənir: «Bəlkə də bu səbəbdən rəssamlığın bu sahəsini inkişaf etdirmək, irəli aparmaq olmur. Elə insanlar var ki, daha çox klassik incəsənətdən zövq alırlar. Bu baxımdan, qrafiti başa düşən azdır. Küçə-incəsənəti başqa ölkələrdə çox məşhurdur. Məsələn, Rusiyada, Türkiyədə ən azı 1990-cı illərdən inkişaf etməyə başlayıb. Bizdə isə hələ də birmənalı qarşılanmır».

İctimailəşən təsvir

Binaların divarlarına fərqli görkəm verilməsini vacib hesab edən sənətşünas Ziyadxan Əliyev hazırda bizdə simasının dəyişilməyə ehtiyacı olan binaların çox olduğunu bildirir: "Standartlara görə, tikilən hər binanın dəyərinin 2-3 faizi onun tərtibatına xərclənməlidir. Çox təəssüf ki, bizdə bu qaydalara əməl olunmur. Ona görə də tikililərin hamısı inkubator kimi bir-birinin eynidir. Binaya fərqli görkəm verilməsinə böyük ehtiyac var. Bu amil həmin binanı digər divarlardan fərqləndirər”. Sənətşünasın fikrincə, qrafit tipli təsvirlər həmin binalara tətbiq olunsa, rəngarənglik yaradar: "Vaxtilə «Vətən» kinoteatrının yaxınlığında rəssamların əsərlərinin küçə satışı zamanı insanlar böyük maraq göstərirdilər. Onlar muzeylərdə, art qalereyalarda görə bilmədikləri sənəti küçələrdə görürdülər. Küçə satışı maarifçilik baxımından bu sənətin estetikasını insanlara bəxş edirdi. Bu baxımdan, divar rəsmləri də tikilən binalara, ayrı-ayrı binalara tətbiq olunsa, çox effektli olar: "Həmçinin bu işdə peşəkarlardan istifadə olunması lazımdır. Bu cür əsərlərin seçilməsi planlı şəkildə olmalıdır. Əvvəllər Bədii Şuralar fəaliyyət göstərirdi. Bu cür rəsmlər bəyənilməlidir ki, ictimailəşən təsvir kimi hamı maraqla baxılsın».

Rəssamların dediyi kimi, hələlik bizdə "Street art” nümunələrinə az hallarda rast gəlinsə də, müasir incəsənət növü kimi diqqət çəkməkdədir. Rəsmlərin çox vaxt qəbul olunmamağına gəlincə, rəssamlar bunu hər bir yeniliyin çətin qəbul olunması kimi dəyərləndirirlər: "Nə vaxtsa "Street art” nümunələri də rəssamlığın digər janrları kimi populyar olacaq. Bəlkə də daha çox seviləcək. Sadəcə, buna zaman lazımdır. Hələlik isə küçə divarlarını bəzəyən rəsmləri gənc nəsil sevir”.
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər