Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiya
Azərbaycan prezidentiİlham ƏliyevKörfəz Ərəb
Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid
Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Əbdüllətif bin Raşid Əl-Zəyyənin mövcud
əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiklərini və onun daha da
möhkəmləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan-Körfəz Ərəb
Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak edəcəklərini
məmnunluqla qeyd edən Əbdüllətif bin Raşid Əl-Zəyyənin bu tədbirin Azərbaycan
ilə təşkilata üzv dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün
əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanla əməkdaşlığın
gücləndirilməsi regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın
təmin olunması baxımından önəmlidir. Qonaq deyib ki, Azərbaycana körfəz
dövlətlərindən gələn turistlərin sayının artması məmnunluq doğurur.
Azərbaycanda turizmin inkişafı üçün böyük işlərin görüldüyünü
bildirən dövlət başçısı respublikamıza xarici ölkələrdən, o cümlədən körfəz
dövlətlərindən gələn turistlərin sayının durmadan artdığını məmnunluqla qeyd
edib.
İqtisadi əməkdaşlığımız üçün də yaxşı imkanların mövcud olduğunu qeyd
edən dövlət başçısı ölkəmizdə investisiya qoyuluşu üçün əlverişli şəraitin
olduğunu vurğulayaraq? bu baxımdan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq
Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanların
mövcud olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının
artdığını məmnunluqla qeyd edən prezidentİlham Əliyevvurğulayıb ki,
bu il Davos Dünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabət
qabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq
görüb.
Bundan başqa? Körfəz Ərəb Dövlətlərinin
Əməkdaşlıq Şurası Azərbaycan iqtisadiyyatına təqribən 1,3 milyard dollar
sərmayə yatırıb.
Bunu Azərbaycan
- Körfəz Əməkdaşlıq Şurasının biznes-forumunda iqtisadiyyat naziri Şahin
Mustafayev deyib. Nazir qeyd edib ki, bu investisiyalar əsasən BƏƏ, Səudiyyə və
Bəhreyn tərəfindən qoyulub. Ş.Mustafayev bildirib ki, Azərbaycanda təqribən
Küveyt, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanı kapitallı 280 şirkət fəaliyyət
göstərir: "Azərbaycan investisiya qoyulması baxımından əlverişli
ölkədir".
O əlavə edib
ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında əmtəə dövriyyəsi
son illərdə artım nümayiş etdirsə də, yüksək səviyyədə deyil - cari ilin 8 ayı
ərzində 40 milyon dollardan çox.
Körfəz
ölkələrinin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın hansı
perspektivə yol açacağını, ümumiyyətlə, investisiya qoyuluşunu daha da
artırmağın yollarını mütəxəssislərdən öyrənməyə çalışdıq.
İqtisadçı Pərviz Heydərov investisiyasız heç bir sektoru inkişaf
etdirməyin mümkün olmadığını deyir: "Ərəb ölkələrində sərbəst vəsait həddindən
artıq çoxdur. Belə ölkələrin də Azərbaycan iqtisadiyyatına vəsait qoyması
hazırkı halda xüsusən zəruridir. Çünki bildiyimiz kimi, ölkə iqtisadiyyatında
hal-hazırda bir nömrəli vəzifə qeyri neft sektorunu inkişaf etdirməkdir. Bu cür
şəraitdə də xarici investisiyalara böyük ehtiyac var. Yəni investisiyasız heç
bir sektoru genişləndirmək mümkün deyil. Amma burada bir məsələ var.
İnvestisiya özü ilə bərabər texnologiya gətirmirsə, yalnız pul şəklində daxil
olursa, qoyulan investisiya müəyyən mənada keyfiyyətcə aşağı olur. Qeyd oluna ərəb ölkələri bilavasitə texnologiyaya malik deyillər.
Doğrudur, onların iqtisadiyyatı həddən artıq inkişaf edib. Turizm və xam mal
ehtiyatı baxımından dünyanın ən zəngin ölkələri sayılırlar. Ancaq onların
iqtisadiyyatının bu qədər irəliləməsində Avropa, Amerika, Şərqi Asiya
ölkələrinin qoyduğu investisiyanın rolu böyükdür. Bu, gələcəkdə də belə olacaq”.
Müsahibimiz
deyir ki, əgər söhbət ərəb ölkələrinin vəsaitindən gedirsə, biz bunu elə
sahələrə yönəltməliyik ki, həmin sahələrdə daha sürətli inkişaf əldə edək: "Biz
qeyri neft sektorunu ümumi götürürük. Onun da əsas sahələrindən birini kənd
təsərrüfatı təşkil edir. Kənd təsərrüfatı elə bir sahədir ki, çox zəngin,
mütərəqqi texnologiya tələb etmir. Burada əsas tələb sərbəst vəsaitdir. Bu
mənada mən hesab edirəm ki, ərəb ölkələrinin Azərbaycana investisiya cəlbi
nəticəsində ən çox turizm, xidmət sektoru və kənd təsərrüfatında mühüm
irəliləyişlər əldə etmək olar. Düşünürəm ki, bu ölkələrin vəsaitlərindən
tikinti sahəsində də istifadə edilməsi çox yüksək nəticələr əldə etməyə imkan
yarada bilər. Amma bu ölkələrin
vəsaitinin sənayedə güclü yüksəliş yaradacağını düşünmürəm”.
İqtisadçı
cəlb olunan 1.3 milyard dolların heç də kiçik rəqəm olmadığını, amma həmin
ölkələrin sərbəst vəsait potensialı baxımından kiçik rəqəm olduğunu qeyd edir.
Yəni ərəb ölkələri bundan dəfələrlə artıq investisiya qoymaq imkanına
malikdirlər.
İqtisadçı ekspert Qadir İbrahimlisərbəst vəsait qoyuluşunun ölkədəki
investisiya və biznes mühitindən asılı olduğunu deyir: "Həmin investisiyanın iqtisadiyyatın
konkret hansı sektoruna qoyulması haqqında bir məlumat yoxdur. Ərəb ölkələri deyilən məbləği qoyubsa, bu,
iqtisadiyyatda hiss olunmalıdır. Çünki bu kifayət qədər ciddi və böyük
vəsaitdir. Amma hələ ki, bu iqtisadiyyatda özünü göstərməyib. Ölkəmizə Türkiyə, Rusiya və MDB ölkələrindən
vəsait yatırımı çox olur. Həmçinin Avropa ölkələrindən də investisiya cəlb
olunması mümkündür. Ümumiyyətlə, Azərbaycana sərbəst vəsait qoyuluşu
ölkədəki investisiya və biznes
mühitindən asılıdır. Bu məsələdə investisiya mühitinin təhlükəsizliyi vacibdir.
Burada mülkiyyət toxunulmazlığına və kapitalın təhlükəsizliyinə təminat
əsasdır. Hazırda Azərbaycanda iki sektor daha aktiv sayılır. Bunlardan biri
turizm, digəri isə kənd təsərrüfatı sahəsidir. Düşünürəm ki, bu iki sektor hələ
uzun müddət xarici investisiya üçün cazibədarlığını qoruyacaq”.
Günel
Azadə