• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Kreml İraqda baş verənlərə münasibət bildirməyə tələsmir

28.09.17 10:00 1844
Kreml İraqda baş verənlərə münasibət bildirməyə tələsmir
İraqın Kürdüstan Muxtariyyətinin referendum qərarı mərkəzi İraq hökuməti ilə yanaşı, region dövlətləri olan İran və Türkiyənin etirazı ilə qarşılaşdı. Lakin muxtariyyət rəhbəri Bərzani etirazlara baxmayaraq referendum qərarından geri çəkilmədi. Beləliklə, "millətlərin öz müqəddəratını təyin etməsi” adı ilə beynəlxalq hüquq normaları yenidən kobud şəkildə pozuldu. İlkin məlumata görə, referendumda təxminən 3,3 milyon nəfər, 72,16 faiz seçici iştirak edib. Referendumda iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyini dəstəkləyib. Səsvermənin rəsmi nəticəsi sentyabrın 28-də elan olunacaq.
Bu məsələ ilə bağlı region ölkələrinin bir qismi və həmçinin ABŞ "referendumun nəticələrini tanımayacağıq” deyərək, mövqelərini bəyan etdi. O cümlədən beynəlxalq qurum olan BMT də kürd muxtariyyəti tərəfindən referendum keçirilməsini İraqın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Maraqlıdır ki, bir çox dünya gücləri İraqın Kürdüstan Muxtariyyətinin keçirdiyi referenduma öz reaksiyasını verdiyi halda, Rusiya hələ də gözləmə mövqeyində qalıb. Rusiyanın bu susqunluğu nədən irəli gəlir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, Rusiya siyasətçiləri, parlamentin deputatları dəfələrlə İraqın Kürdüstan Muxtariyyətində keçirilən referendumu dəstəklədikləri barədə öz fikirlərini ifadə ediblər: "Rəsmi bəyanatın olmaması, yəqin onunla bağlıdır ki, Rusiya açıq surətdə beynəlxalq hüquq normalarını poza və o cümlədən İraqın suverenliyi və ərazi bütövlüyü ilə bağlı açıqlama verə bilməz. Baxmayaraq ki, keçmiş SSRİ-də və digər ərazilərdə buna bənzər hadisələrdə Rusiya öz fikirlərini ifadə edirdi. Lakin bu məsələ kobud şəkildə BMT-nin təməl prinsiplərini poza bilər. Ona görə də Rusiya öz dəstəyini siyasətçilərin, deputatların fikri ilə bildirir, amma rəsmi açıqlaması yoxdur.İndiki vəziyyətdə Türkiyə və İranla münasibətlərin gərginləşməsinə gəlincə, Rusiya dəfələrlə bu istiqamətdə addımlar atıb. Bu ölkə dünyanın bir sıra ölkələrinə açıq da olmasa, müəyyən müdaxilələr edir və heç nədən də çəkinmir”.

A.Mollazadə vurğuladı ki, kürd muxtariyyəti tərəfindən referendum keçirilməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: "Söhbət ölkələrin ərazi bütövlüyündən gedir və dəfələrlə bir sıra beynəlxalq təşkilatlar qeyd edib ki, xalqların öz müqəddəratını təyin etmək hüququ yeni dövlət yaratmaq hüququ demək deyil. Muxtariyyətin müxtəlif formaları var. Bu gün separatizm tendensiyaları dünyada bir çox münaqişələrin səbəbi ola bilər. Ona görə də əmin-amanlığı saxlamaq üçün dünyanın qəbul etdiyi hüquq normalarına riayət edilməlidir. Biz bu təhlükələri öz tariximizdə görmüşük və bunun başqa ölkələrdə təkrarlanmasını arzu etmirik”.

Politoloq Elşən Manafov bildirdi ki, Rusiyanın İraq Kürdüstan Muxtariyyətində keçirilən referendumla bağlı mövqeyinin olacağını güman etmək olar: "Çünki mahiyyət etibarı ilə bu ölkənin muxtariyyət probleminə münasibəti Rusiya-Türkiyə münasibətləri kontekstində nəzərə alınmalıdır. Rusiya başa düşür ki, Türkiyə və İranın Kürdüstan məsələsindəki narahatlığı onun bölgə üzrə əsas geosiyasi müttəfiqlərinin narahatlığı anlamında qəbul olunmalıdır. Eyni zamanda bölgədə separatizm və mövcud suveren dövlətlərin sərhədlərinə təhdid əslində Rusiyanın maraqlarına cavab vermir. Etiraf etmək lazımdır ki, Rusiya ABŞ-dan fərqli olaraq İraqın və Suriyanın mövcud sərhədlərinin dəyişdirilməsinin tərəfdarı deyil. Suriya probleminin bu ölkənin sərhədləri çərçivəsində həllini Rusiya dəfələrlə vurğulayıb. Kürdüstan Muxtariyyətində keçirilən referendum İraqın və eləcə də Suriyanın da ərazi bütövlüyünə bağlı məsələləri ciddi sual altında qoyduğundan, düşünürəm ki, yaxın vaxtlarda Rusiyanın bu məsələyə ciddi və birmənalı mövqeyini müşahidə edəcəyik. Sadəcə olaraq, Rusiyanın və Birləşmiş Ştatların kürd faktoru ilə bağlı məsələlərdə bəzi hallarda maraqları üst-üstə düşüb. Hətta Səddam Hüseynin İraqı idarə etdiyi dövrdə belə Sovetlər İttifaqı bu və ya digər şəkildə Kürdüstanın muxtariyyəti və müstəqilliyi ilə bağlı məsələlərə dəstək vermişdir. Söhbət ondan gedir ki, Kürdüstanın ayrılması əslində bölgənin zəngin neft yataqları ilə bağlı mübarizəni kəskinləşdirəcək və daha sonra bu mübarizənin növbəti mərhələyə keçməsinə səbəb olacaq. Nəzərə alaq ki, ABŞ da, Rusiya da dünya neft bazarına kifayət qədər çoxlu neft çıxaran dövlətlərdir”.
E.Manafovun sözlərinə görə, İraq Kürdüstanı ilə bağlı problem artıq dünya bazarında neftin qiymətinin qalxmasına səbəb olub: "Bu mənada Rusiyanın susqunluğu anlaşılandır. Rusiya OPEK-ə daxil olan dövlətlərlə birgə dünya bazarında neftin qiymətinin qalxmasında maraqlıdır. ABŞ isə əksinə olaraq, vaxtı ilə sovetləri çökdürdükləri layihəyə müraciət edir. Yəni, rəsmi Vaşinqton hazırda Rusiyaya yönəlik sanksiyalarla bu ölkənin neft və bank sektorunu çökdürməyi hədəf alıb.Bu mənada Rusiyanın İraq Kürdüstanı ilə bağlı susqunluğu anlaşılandır, lakin ümumilikdə rəsmi Moskva İraqın və Suriyanın mövcud problemlərinin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin tərəfdarıdır. Hesab edirəm ki, Rusiya bu məsələdə kifayət qədər ehtiyatlı və təmkinli mövqe sərgiləyir. Hələ də proseslərin hansı həddə qədər yüksələcəyini müşahidə etməkdədir”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər