• çərşənbə axşamı, 19 mart, 08:14
  • Baku Bakı 8°C

Krallıq səltənətinin teatral qəhrəmanı...

15.05.17 12:15 5327
Krallıq səltənətinin teatral qəhrəmanı...
Xudaverdiyev Kamal - milli teatr və kino sənətimizdə tək-tək fərqləndirilən isimlərdən biri... Onun portretini bəlkə də rəssam fırçası daha asanlıqla çəkmək olardı, amma biz bu gün aktyorun portretini sözlə çəkməyə çalışacağıq... Zahirən sərt, qəddar görünsə də, daxili saysız-hesabsız roldan rola girən su kimi şəffaf Kamal Xudaverdiyevin portretini...
Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, "Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinifə qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər məktəbində təhsil alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyət göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə də göndəriblər. Bakıya artıq 21 yaşlı gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.
O, məhz teatrı seçdi. Özü də səbəbini bilmədən sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verdi. Kamal, 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə daxil oldu və böyük sənətkarlar Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürüldü və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı rollar yaratdı. Kamal Xudaverdiyev "Almaz”da İbad, "Aydın”da Surxay (Cəfər Cabbarlı), "Kral Lir"də Kral Lir (U.Şekspir), "Xoşbəxtlər”də Sadıq, "Yalan”da Fərman (Sabit Rəhman), "Vaqif” də Eldar, "Mahnı dağlarda qaldı”da Bahadır, "Bağlardan gələn səs”də Kamandar (İ.Əfəndiyev), "Yollara iz düşür”də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi (Elçin), "Şah Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı oldu.
Aktyor K.Xudaverdiyev güclü, diapozonlu və gözəl tembri olan unikal səsə malik idi. O səsə ki, ona kütləvi səhnədən tutmuş monoloqlara qədər istənilən Zamanda, istənilən Məkanda seçilmək imkanı verirdi. Kamal Xudaverdiyevin üz cizgiləri mərhəməti ilə ən yüksək səviyyəyə qalxa da bilərdi, Kral Lirin qəddarlığı, zalımlığı ilə vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü (hündür boyu, düz qaməti), gülüşü, həlim davranışı, eləcə də zabitəsi tamaşaçını cəlb etməyə bilməzdi.
Kral Kamal. Əgər aktyorun yaradıcılığını bir-bir incələsək onun səhnə ulduzunun Kral Lir obrazı olduğunu qətiyyətlə söyləmək olar. Daha doğrusu, Kral Lir yox, məhz Kral Kamal. Kral Kamal Xudaverdiyevin qəhrəmanı idi. Onun özü də krallıq səltənətinin teatral qəhrəmanı idi. Onun haqqında yazılanlara diqqət edəndə bir çıxış diqqətimdən yayınmadı. Bu səhnə əsərini izləyən litvalı rejissor Andros Keyin yazırdı: "Kral Lir” tamaşası məni valeh etdi. Kamal Xudaverdiyevin ifasında Kral Liri gördüm. Onun geyimi, qrimi obrazın xarakterinə uyğun seçilmiş, sifət jestləri, mimikaları, baxışları, əl işarələri, səhnə davranışı yüksək səviyyədə idi”.
Aktor tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. İ.Əfəndiyevin «Atayevlər ailəsində» İldırım, Ə.Məmmədxanlının «Şərqin səhəri» Cavanşir bəy, M.Hüseynin «Alov» Qaşqay, Ə.Hacızadənin «Yadigar» Müəllim, N.Hikmətin «Bayramın son günü» Firuz və «Şöhrət və ya unudulan adam» Doktor, E.Mehrəliyevin «Yurd yeri» Mahal kişi. Bu rolların içində İ.Əfəndiyevin «Atayevlər ailəsində» İldırım Atayev obrazı tamaşaçıların xüsusi rəğbətini qazanmışdı. İldırım Kamal Xudaverdiyevin həqiqi kimliyinə çox bənzəyirdi. Həm sərtliyi, həm həssaslığı, dərin mənalı dərki oyun üslubunun əsasını təşkil edirdi. Hətta o zaman taşamanın quruluşçu rejissoru, Xalq artisti Lütfi Məmmədbəyov demişdi: "Bu rolu kimə verməyim barədə düşünürdüm. Qəfil Kamalı xatırladım. O, əsərdəki İldırımın həyatdakı prototipidir”.
O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. "İstintaq davam edir" də Çingizov, "Dağlarda döyüş" filmində Rüstəmov, "Sonuncu məhəbbət"də Həsənov, "Nəsimi”də Yusif, "Abşeron”da Əli, "Üzü küləyə” filmində Kombinant müdiri, "Oteldə bir otaq”da Alim, "Dədə Qorqud”da Ata obrazları ilə kinomatoqrafiya sənətinin incilərindən olub. Müsahibələrinin birində Kamal Xudaverdiyev Çingizov obrazı haqqında belə demişdi: "Filmə az çəkilmişəm. Çünki o zamanlar adətən rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə meyl göstərirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru işləyəndə xeyli milli kadrlar yetişdi. "İstintaq davam edir” filmi çəkiləndə Çingizov roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər. Adil müəllim imkan vermədi, dedi ki, bu rola Kamal çəkiləcək”. K. Xudaverdiyev də bu rolu məharətlə ifa etmişdi.
Kamal Xudaverdiy haqqında oxuduğum istənilən materialda həqiqətin maskasını cırıb darmadağın edən, ədalətsizliyə qəzəbli, həyata bağlı, gəncləri düşünən, teatrı isə evindən də çox sevən bir insan gördüm. Kamal Xudaverdiyevin insan-sənətkar partiturasını öz dilindən çıxan fikrlərlə cızmaq istəyirəm. K.Xudaverdiyev deyirdi: "Rejissor hazırladığı tamaşaya öz balası kimi baxmırsa, o əsərdən heç nə gözləməyə dəyməz. İnsan öz balasına xəyanət edə bilməz.”
..."Aktyoru rejissor yetişdirməlidir. Rejissor aktyorun damarına baxıb qanını almalıdır. Stanislavski deyirdi ki, bir aktyoru məhv etmək istəyirsənsə, institutu bitirən kimi ona Otello rolunu ver, qalsın rolun altında, ömrünün axırına kimi yükün altından çıxa bilməyib məhv olsun. Rejissor pedaqoq olmalıdır, aktyoru yetişdirməlidir.”
..."Yaradıcı adamın gündəlik məişət problemi olmamalıdır. Yaradıcılıqla məşğul olan insanın ocağının işığı həmişə yanmalıdır.”
Kamal Xudaverdiyev həqiqi tənqidçi idi. Özünə də, ətrafına da tənqid aktyorun həyat "deviz”lərindən idi. Bütün müsahibələrində K.Xudaverdiyev narazıdır, özündən, həyatdan, yaradıcılıqdan. O, sənəti göylərdə axtarırdı. Ən yüksəklikdə aktyor sənətinə hörmət arayırdı. Təəsüf ki, ömrünün sonuna qədər o bunu tapmadı.
Hər halda, Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 23 aprel, 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini əbədi yumub.
Ruhun şad olsun, böyük sənətkar!
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər