“Kosmik baxış”dan qaynaqlanan rənglər dünyası
Rəssam Əli Səfərlinin bədii irsi
haqqında düşüncələr...
Yazının
başlığına çıxardığımız "kosmik” sözünü rənglərlə əlaqələndirməyimizin səbəbkarı
göydə Yaradandırsa, yerdə öncə Səttar Bəhlulzadə, sonra sovet kosmonavtı
Aleksey Leonov, axırıncısı isə rəssam Əli Səfərlidir. Hər üçünün də
vurğunluqlarını sözlə-rənglə ifadə etdikləri məkan qədim Naxçıvan torpağıdır.
İlk dəfə Səttar Bəhlulzadənin tablolarında Naxçıvan
dağlarının bələndiyi əlvan rəngləri görəndə çox təəccüblənmişdim. Ustadın
gördüklərinə təxəyyülündən süzülüb gələn rəngləri qatmağa meylli olduğuna bələd
olduğumdan, Naxçıvan təbiətinə yönəli baxışlarındakı "rəng bolluğu”nu da
"şişirtmə” hesab etmişdim. Amma təyyarə ilə Naxçıvana uçanda dağların səmadan
müşahidə etdiyim rəngləri mənim üçün şaşırdıcı oldu. Təzadlı rənglərə bələnmiş
dağların yan-yana sıralanmış mənzərəsi, doğrudan da, reallıq idi. Amma
zamanında hər rəssam bu "gerçəkliyi” olduğu kimi əyaniləşdirməyə cəsarət
etməzdi, amma Səttar eləmişdi və bəyənilmişdi də... Buna baxmayaraq, Naxçıvan
rəssamları yerli təbiətin – möhtəşəm dağların onlara təlqin etdiyi bu
dekorativliyi və rəng təzadını bir tabloda, bir kompozisiyada ifadə etməyə "tələsməmişdilər”.
Təzadlı rənglərin harmoikliyinin estetikasını müstəqillik illərində
davamlı və müasir, daha qabarıq və yüksək səviyyədə həyata
keçirən Naxçıvan MR-nın Əməkdar rəssamı” Əli Səfərli oldu.
Dediklərimizə dünya kosmonavtikası tarixində ilk dəfə
açıq kosmosa çıxan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Aleksey Leonovun
fikirlərini də əlavə etsək, Yaradanın əli ilə süslənmiş Naxçıvan torpağının "rəng palitrası”nın bolluğu
məsələsinə cavab tap bilərik. O, deyirdi k, "Mən 1965-ci ildə kosmosdan yeri çox
qəribə - çəhrayı rəngdə gördüm. Yerə qayıtdıqdan sonra bu ümumilikdə konkret
yeri aradım və onu Naxçıvan torpağında
tapdım. Kosmosdan
baxanda Yer, məhz Naxçıvan dağlarının, Naxçıvan səmasının rəngində görünür –
çəhrayı rəngdə!
Əli
Səfərlinin palitrasındakı miniatürsayağı harmoniyaya gəldikdə isə,
qənaətimizcə, bunun kökündə onun məşhur "Əzimzadə məktəbi”ni bitirəndən sonra
teatrda fəaliyyət göstərməsinin təsiri az olmamışdır. Belə ki, rəssamın
müstəqillik dövrü yaradıcılığını əhatə edən əksər tablolarının estetikasında
bədii ümumiləşdirmə və dekorativlik duyulduğundan, onlarda hifz olunan bu
universal funksionallığı teatr-dekorasiya sahəsində də istifadəyə də yönəltmək
olar. Onun bu il anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley sərgisində
belə əsərlər kifayət qədər idi...
Ən
maraqlısı Əli Səfərlinin bədii irsində gördüyümüz çoxsaylı əsərlərin
süjetlərini digər Naxçıvan rəssamlarının də müraciət etdikləri motivlərin
təşkil etməsidir. Aralarındakı fərq
görünənlərə müəlliflərin bir-birindən fərqli münasibəti, müşahidə olunanlarda
ilk baxışda görünməyən gözəllik qaynaqlarını aşkarlaya bilmələridir. Heç
şübhəsiz, bunun da kökündə rəssamın
ruhunda gəzdirdiyi yaratmaq gücü ilə yanaşı, onun gördüklərini obrazlı görkəmə
bələmək istedadı durur. Onun "Kələki kəndi”, "İlandağ”, "Şahbuz yolu”, "Culfa
dağları”, "Əlincə çayı”, "Qızıl payız” və s. tablolarında vurğuladığımız
məziyyətləri müşahidə etmək mümkündür. Bu
əsərlərin hər birinin bədii-estetik tutumunda fırça ustasının reallığa yaradıcı
münasibətinin işartıları
görünməkdədir.
"Kələki kəndi” (2018) əsərində buludlu səma altında
gözəlliyini sərgiləyən yaşayış məntəqəsinə "dayaq” kimi qəbul olunan dağ
zirvələrinin dalğavarı ritmində məkana dərinlik verməyə nail olan müəllif,
kəndi iki yerə bölən çayı azman ağaclarla – "qürurlu” çinarlarla
əhatələndirməklə, düzbucaqlı kompozisiyanın cəlbediciliyini əldə etmişdir.
Cəmisi bir-neçə rəngin çalarlarından ibarət olan ümumi koloritdə qabarıq görünən
harmoniya ovqatyaradıcı olmaqla yanaşı,
özündə Şərq və Qərb rəngkarlıq estetikasının qovşağını yaşatdığından
duyğulandırıcıdır..."İlandağ”
(2018) lövhəsində də müəllif miniatür
estetikasının gözünə nisbi real cizgilər qatmaqla, üstünlük verdiyi şərtiliyə
məkanın gözəlliyini qabardan ayrıntılar əlavə etməklə, məkanın cəlbediliyini
vurğulamağa çalışmışdır. Bununla belə, o, İlandağı məşhur kosmonavtı da
ovsunlayan çəhrayı rəngə bələməklə,
dağın kompozisiyanın dominantlığına nail olmuşdur...
Rəssamın
bir il sonra işlədiyi "Culfa dağları” (2019) əsərində isə mənzərənin dominantı
olan dağların bədii görkəmi rənglərin nisbətən soyuq çalarlarından
"hörülmüşdür”. Dağətəyi məkanı səciyyələndirən ayrıntıların isti rənglərə köklənməsi tabloya
nikbinlik bəxş etməklə, onun bədii bütövlüyünü şərtləndirmişdir...
"Əlincə”
(2019) tablosundakı bədii ümumiləşdirmədə nəyisə "itirmək-unutmaq” niyyətindən
uzaq olan rəssam, bir çox mühüm hadisələrə şahidlik etmiş tarixi məkanı onu
əhatələyən uzaq-yaxın dağ-kəndlə qovuşaqda təqdim etməklə, onun əhəmiyyətini
bədii tutumda vurğulamaq istəmişdir..."Əlincə
çayı” (2018) tablosunda dağətrafı məkana payız fəslində göz qoyan müəllif,
kompozisiyanı dioqonal boyu yarı bölən su axarını "nur çeşməsi” kimi
bədiiləşdirməklə, mənzərənin arzulanan ovqatyaradıcılığına nail olmuşdur...
Əli
Səfərlinin yaradıcılığında gördüklərini mənalandırmaq istəyinə rast gəlinməsi
də təsadüfi olmayıb, onun təbiətin hamının incəliklə duya bilmədiyi
"rəssam”lığını üzə çıxarmaq məqsədi daşıyır. Onun "Su gözəlləri”, "Nağıllı
dünyam”, "Təbiət gözəlləri” və s. tabloları bu qəbildəndir. Onların hər birini
incələsək, onda rəssamın dərin müşahidə qabiliyyətinin estetik dəyərə çevrilmiş
nümunələri ilə tanış ola bilərik.
"Təbiət
gözəlləri” (2018) lövhəsində tutuquşular toplusunu payız mənzərəsi ilə əlaqəli
təqdim edən müəllif, quşların müxtəlif hərəkətini və ümumi kompozisiyanın
ritmini rəng zənginliyinə bələməklə, qızılı rəng almış ağac yarpaqlarını
gözəllik qaynağına çevirməyə nail
olmuşdur. Bu tabloda da ümumi koloritin miniatür üslubu estetikasına tapınması
əsərə nikbinlik bəxş etmişdir, desək, yanılmarıq...
"Su
gözəlləri” (2018) tablosu isə adından da göründüyü kimi balıqlara həsr olunub.
Müxtəlif rəngli balıqların akvariumda bir araya gətirilməsində estetik dəyərlərin
bolluğunu görən rəssamın onların bədiiləşdirilməsinə qərar verməklə, həm də
yaradıcılığında yeni səhifənin açılmasını şərtləndirmişdir. Bu cəlbediciliyin
əldə olunasında rənglərin dekorativ-şərti estetikasının mühüm rolunun olması
danılmazdır...
Əli
Səfərlinin müxtəlif janrda yaradılmış digər əsərləri barəsində də xoş sözlər
söyləmək mümkündür. Belə ki, özündə ənənə ilə müasirliyi birləşdirən bu
tablolar Naxçıvan həqiqətlərini yaşadan mənəvi qaynaqlar kimi zamansızlığa
qovuşmuş tutumdadırlar.
Onun
bioqrafiyası zəngin hadisələrlə zəngin olduğunu nəzərə alıb demək istəyirik ki,
təhsilsonrası Naxçıvana qayıdan rəssam 1983-cü ildən yerli teatrlarla
əməkdaşlıq etmiş, iki teatrda hazırlanan 50-dən çox tamaşaya bədii tərtibat
vermişdir. Bu tamaşaların və rəngkarlıq əsərlərinin qonşu Türkiyə və İranda
nümayiş etdirildiyini nəzərə alsaq, onda onun sənətinin sorağının çoxdan
beynəlxalq məkanda yayıldığını söyləyə bilərik. Naxçıvan MR-da fəaliyyət
göstərən əksər muzeylərdə onun yaradıcılığının təmsil olunması da, Əli
Səfərlinin sənətinin gücünə inamın ifadəsidir. Sənət uğurlarına görə "Naxçıvan
Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına layiq görülmüşdür. Rəssamın
anadan olmasının 65 illiyi münasibətilə onun həyat və yaradıcılığından bəhs
edən "İşıqlı sənətkar ömrü” (müəllifi Aybəniz Ağaqızı) kitabı çap olunmuşdur...Ziyadxan Əliyev