AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Korrupsiyaya qarşı mübarizə tədbirləri bütün sferaları əhatə edir

Korrupsiyaya qarşı mübarizə tədbirləri bütün sferaları əhatə edir

Müsahibə
23 İyul 2013, 10:52 1491
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, yüksək vəzifə sahiblərinin cinayət əməlinə görə məsuliyyətə cəlb olunması, elektron hökumət, elektron xidmətlər kimi sistemli tədbirlərin həyata keçirilməsi, qanunvericiliyə dəyişikliyin edilməsi və sair suallarla bağlı “Kaspi”nin suallarını Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev cavablandırır.

- Korrupsiya və rüşvətxorluğa qarşı tətbiq olunan cəza tədbirləri bu əməllərin azalmasına nə dərəcədə təsir edir?

- Korrupsiyaya qarşı mübarizə kompleks şəkildə aparılmalıdır. Bu mübarizə həm önləyici, həm də cəza tədbirləri həyata keçirilməklə, paralel şəkildə aparılmalıdır. İnsanların dünya görüşünün dəyişilməsi, stereotiplərdən azad edilməsi istiqamətində fəaliyyət genişlənməlidir. Bu istiqamətdə tədris prosesi reallaşdırılmalıdır. Antikorrupsiya infrastrukturunun bütün ölkə üzrə yaradılması və inkişaf etdirilməsi olmalıdır. Digər tərəfdən də korrupsionerlərin cəzalandırılması olmalıdır. Əgər bu proseslər paralel gedirsə, heç şübhəsiz onun effekti olacaq. Sevindirici haldır ki, Azərbaycanda bu proses paralel getməkdədir. Korrupsiyaya qarşı dövlət səviyyəsində müxtəlif sənədlər qəbul edilib. Yəni Prezident İlham Əliyevin imzaladığı fərmanlarla “2004-2006-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “2007-2011-ci illərdə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul olunub, onların icrası Avropa institutları tərəfindən müsbət qiymətləndirilib. 5 sentyabr 2012-ci ildə isə dövlət başçısının sərəncamları ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Bu sənədlərlə cəmiyyətdə korrupsiyaya qarşı şərait yaradan halların aradan qaldırılması, önləyici tədbirlərin həyata keçirilməsi, instusional dəyişikliklərin baş verməsi, xüsusilə isə korrupsionerlərin cəzalandırılması halları müşahidə olunur. 2004-cü ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, 2005-ci ildən etibarən isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası fəaliyyət göstərir. İdarə yarandıqdan sonra müəyyən mütəxəssislər oraya cəlb olunub. Ötən illər ərzində korrupsiya cinayətləri ilə bağlı aparılan tədqiqatlar onların peşəkarlığını daha da artırıb. 2011-ci ildən idarəyə yeni səlahiyyətlərin verilməsi bu prosesin, eləcə də korrupsionerlərin cəzalandırılmasını və məsuliyyətə cəlb olunmasını daha geniş miqyaslı edib. Bu istiqamətdə dövlət başçısının iradəsi ilə yanaşı, baş prokurorluğun fəaliyyətini də xüsusi qeyd etmək gərəkdir. Heç şübhəsiz ki, belə tədbirlərin effekti də cəmiyyətdə görünməkdədir. Diqqət yetirsək görərik ki, korrupsiya cinayətinə görə məsuliyyətə cəlb edilənlərin, cinayət işlərinin sayı getdikcə artmaqdadır. Bu sahədə bir dinamika var. Eyni zamanda müxtəlif korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunanların sayı artıb. Əvvəl bu məsələ yalnız rüşvət alanlarla bağlı idisə, hazırda ortada dələduzluq, nüfuz alveri, özəl sektorda korrupsiya halları kimi cinayət işləri var ortada. Mübarizə tədbirləri bütün sferanı əhatə edir.

- Bəzən qeyd olunur ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində orta və iri ranqlı məmurlar deyil, yalnız kiçik vəzifə sahibləri məsuliyyətə cəlb olunurlar. Siz belə fikirləri nə dərəcədə əsaslı sayırsınız?

- Çox təəssüf ki, Azərbaycan cəmiyyətində bəzən belə bir yanlış təsəvvür yaratmaq istəyənlər tapılır. Guya, yalnız kiçik ranqlı məmurlar korrupsiya cinayətinə görə məsuliyyətə cəlb olunur, orta və iri vəzifə sahibləri isə toxunulmaz olaraq qalırlar. Mən əminəm ki, bu, yanlış təsəvvürdür. Çünki korrupsiya cinayəti o qədər də asan məsələ deyil. Bu, olduqca mürəkkəb xarakterli cinayətlərdir. Burada mütəşəkkillik, sövdələşmə tərəflərinin maraqlarının təmin edilməsi var. Ona görə də belə cinayətləri aşkarlayıb ortaya çıxarmaq son dərəcə çətin və vaxt tələb edən prosesdir. Burada ən vacib məsələlərdən biri mötəbər, təkzibolunmaz sübutların toplanmasıdır. Digər tərəfdən korrupsiya cinayətlərinin istintaqı zamanı insan hüquq və azadlıqlarının qorunması da çox vacib məsələdir. Bunu da nəzərə almalıyıq. Bu gün Baş prokurorluqda 161 nömrəli “Qaynar xətt” fəaliyyət göstərir. Həmin nömrədə qəbul edilən məlumatlar ciddi emaldan keçirilir. Əgər bu məlumatlarda cinayət tərkibini göstərən əlamətlər varsa, kimliyindən asılı olmayaraq, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müvafiq istintaq hərəkətləri, əməliyyat axtarış tədbirləri həyata keçirilir. İldən-ilə belə tədbirlərin sayı artır. Bu da onu göstərir ki, korrupsiyaya qarşı mübarizə yalnız ayrı-ayrı dövlət qurumlarının deyil, eyni zamanda bütövlükdə cəmiyyətin fəallığını artırır. Artıq cəmiyyət özü “Qaynar xətt”ə zəng edərək belə hallara qeyri-tolerant münasibət göstərir, onun qarşısının alınmasına çalışır. Bu da ona gətirib çıxarıb ki, son illərdə korrupsiyaya qarşı mübarizə daha da genişlənib, sistemli xarakter alıb, uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb. Elə Azərbaycanda əhalinin təxminən 68 faizi də korrupsiyaya qarşı mübarizə istiqamətdə çox ciddi və səmərəli mübarizə aparıldığı qənaətindədir. Halbuki, dünya miqyasında bu göstərici təxminən 20 faiz səviyyəsindədir. Məncə, bu faktın özü də sizin sualınıza cavab sayıla bilər.

- Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə üçün inzibati tədbirlərlə yanaşı, sistem xarakterli addımlar da atılır. Buna misal olaraq elektron hökumət, elektron xidmətləri göstərmək olar. Sizcə bu üsullar nə dərəcədə effekt verir?

- Azərbaycanda bu gün elektron hökumətə keçid daha geniş xarakter almalıdır. Hazırda ASAN Xidmət Azərbaycanın bütün coğrafiyasını əhatə etməyə başlayır. Heç şübhəsiz, məmur-vətəndaş təmaslarının azalması, minimuma endirilməsi korrupsiya və rüşvət halının aradan qaldırılmasında mühüm instusional alətdir. Təsadüfi deyil ki, ölkə prezidenti də bu məsələni çıxışında vurğulayıb. Qeyd edib ki, qısa müddət ərzində əhali arasında böyük rəğbət qazanan ASAN xidmət öz fəaliyyətini genişləndirir. Bilavasitə onun göstərişi ilə orada göstərilən xidmətlərin sayı artır. Orada qısa müddət ərzində toplanan təcrübənin başqa sahələrdə hansı qaydada tətbiq edilməsi üzərində də iş gedir. Bildiyim qədər ASAN Xidmət yaranandan bu günə kimi keçən qısa vaxt ərzində 300 minə yaxın əhaliyə xidmət göstərilib. Bütünlükdə cəmiyyət göstərilən xidməti razılıqla qarşılayıb. Bəzən bu işlərə də qara yaxmaq istəyənlər tapılır. Belə fikir sahibləri bildirilər ki, guya, dövlət qurumlarında xidmət aşağı səviyyədə olduğu üçün ASAN Xidmət yaradılıb. Amma bütün bu deyilənlər yanlışdır. İstənilən fəaliyyəti həyata keçirən zaman effektliyini ölçmək üçün struktur dəyişiklik lazımdır. Daha modern idarəetməyə keçid zəruridir. Prezident də məhz bu kimi tədbirlərin tərəfdarı kimi çıxış edir. Dövlət qurumlarında elektron hökumətə keçidlə bağlı müvafiq sənədlər də qəbul edilib. Hazırda 417 adda xidmətin elektronlaşması istiqamətində addımlar atılmaqdadır. Faktiki olaraq, 200-ə yaxın xidmət elektronlaşdırılıb. Vətəndaşlar da bu xidmətdən faydalanırlar. Bizim üçün başlıca şərt Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə gətirib çıxarmaqdır. Dövlət başçısı da bu fikri hər dəfə çıxışında qeyd edir. O, bu istiqamətdə siyasi iradə də nümayiş etdirməkdədir. Şübhəsiz ki, bu proses davamlı xarakter alacaq.

- Gələcəkdə korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək üçün qanunverici sferada hansı addımlar atılmalıdır?

- Korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklərin edilməsi mütləqdir. Bu proses davamlı xarakter almalı, daim təkmilləşməlidir. Maksimum səviyyədə elektron xidmətlərə keçmək lazımdır. Bu gün dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin sayı mindən artıqdır. Amma bu, xidmətlərin çox cüzi bir hissəsidir. Haradasa ümumi xidmətlərin beşdə birini əhatə edir. Bundan başqa, elektron xidmətlərin özündə də təkmilləşmə olmalıdır. Səyyar elektron xidmətlər daha da genişlənməlidir. Bu gün korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində korrupsiya ilə, həmçinin korrupsiya sövdələşmələri ilə bağlı məlumat verən şəxslərin hüquqlarının qorunması, onların müdafiəsi üçün qanunun qəbul edilməsinə ehtiyac var. Sahibkarlıq subyektlərinə inzibati maneələrin aradan qaldırılması ilə bağlı qanunun qəbulu vacibdir. Bir sözlə, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, inzibati, cinayət təqib üsulları daha da genişlənməlidir. Yəni, korrupsionerlərin cəzalandırılması proseduru olmalıdır. Məhkəmələrin, hakimlərin peşəkarlığının artırılması da zəruridir. Vətəndaş cəmiyyəti də bu proseslərdə aktiv iştirak etməlidir. Xüsusilə dövlət qulluğu prosesinin daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu gün dövlət qulluğuna qəbul komissiyası tamamilə korrupsiyadan kənar bir qurumdur. Hesab edirəm ki, bu orqanın da fəaliyyəti genişləndirilməli, tədqiqat mərkəzləri yaradılmalı, maddi-texniki təchizat yüksək səviyyədə olmalıdır. Azərbaycan cəmiyyətinə xidmət edəcək peşəkar kadrları seçən bir orqanın işçilərinin sosial müdafiəsi, təminatı yüksək olmalıdır. Müəllim və həkimlərin sosial təminatını və sairi nəzərdə tutan qanunun təkmilləşdirilməsi də günün tələbidir. Sadaladığım və sadalamadığım bir çox istiqamətlər var ki, onlar məhz “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulub.

Rufik İSMAYILOV