• çərşənbə axşamı, 16 aprel, 20:07
  • Baku Bakı 18°C

“Korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsidir”

08.07.14 11:15 1817
“Korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsidir”
Mayın 14-dən etibarən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb. Altı ay bu quruma sədrlik edəcək Azərbaycan korrupsiya ilə mübarizədə güclü əməkdaşlığı özü üçün əsas prioritetlərdən biri elan edib. Bundan irəli gələrək, artıq ötən ayın sonunda Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfrans çərçivəsində “Azərbaycanda antikorrupsiya qanunvericiliyinin tətbiqi və onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında rolu”, “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlər: ASAN Xidmət - Azərbaycan modeli” mövzularında plenar iclaslar keçirilib, xarici və yerli mütəxəssislərin, dövlət rəsmilərinin məruzələri dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirləri, bu günə kimi görülən işlər, əldə edilən uğurlar, gələcək perspektivdə həyata keçiriləcək layihələr və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov cavablandırır.
- Vasif müəllim, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirəcəyi 18 tədbirdən birincisi “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda oldu. Sizin həmin konfrans barədə təəssüratlarınız necədir?
- Beynəlxalq konfransda yerli rəsmilərlə yanaşı, Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan, Monako və Lixtenşteynin baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiyanın ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun prezidenti, IACA-nın icraçı katibi, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının baş katibi də iştirak edirdi. Fikrimcə, bu konfrans Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində çox önəmli rol oynaya bilər. Çünki tədbirin məramı ölkəmizin korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübədən istifadə etməsi yollarına nəzər salmağa və sairə yönəlmişdi. Amma bu o demək deyil ki, Azərbaycan korrupsiya ilə mübarizədə təzəlikcə addımlar atır. Artıq Azərbaycan 10 ildir dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparır. Bununla bərabər, beynəlxalq səviyyədə mübarizəyə də qoşulub. Bu mübarizənin aparılmasında dünya ölkələri ilə bir sırada gedir. O da məlumdur ki, bu istiqamətdə aparılan mübarizə bir neçə il ərzində səmərə verə bilməz. Xüsusən də Azərbaycan kimi başqa bir sistemdən tamamilə fərqli sistemə keçən ölkələrdə. Təkrar konfransa diqqət çəkərək xüsusilə qeyd etmək istəyirəm ki, 60-cı illərdən korrupsiyaya qarşı mübarizə aparan ölkələrin təcrübəsindən aydın olur ki, bu gün də onlar həmin mübarizəni davam etdirirlər. Mühüm nəticələr, statistik göstəricilər əldə olunmasına baxmayaraq, mübarizəni bu gün də davam etdirirlər. Çünki korrupsiyaya qarşı mübarizə davamlı xarakter almalıdır. Beynəlxalq konfransda diqqətimi çəkən başqa bir məqam bəzi ölkələrdəki korrupsiyaya qarşı mübarizə metodları oldu. Fikrimcə, Malayziyada, Honkonqda, bəzi Qərb ölkələrində korrupsiyaya qarşı mübarizə tədbirlərinin Azərbaycanda da tətbiq olunması yaxşı effekt verə bilər. Misal üçün, Malayziyada korrupsiyaya qarşı mübarizə aparan orqanlar təkcə paytaxtda deyil, həm də 26 regionda fəaliyyət göstərir. Bu o deməkdir ki, korrupsiyaya qarşı mübarizə təkcə mərkəzdə deyil, bütün regionlarda aparılır. Bu, olduqca yaxşı təcrübədir. Azərbaycanda da belə bir təcrübənin reallaşdırılmasına ehtiyac var. Çünki Azərbaycan regionlarında əhalinin hüquqlarının pozulması, korrupsiya hallarına daha çox rast gəlinir. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yerlərdə nümayəndəliklərinin olmasına ciddi ehtiyac var.
- Qeyd etdiniz ki, Azərbaycanda artıq 10 ildir çoxdur dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılır. Bu istiqamətdə görülən işləri necə qiymətləndirirsiniz?
- Azərbaycanın son 10 ildə korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlər, bu istiqamətdə yeni mexanizmlərin tətbiq olunması onu göstərir ki, mübarizənin davamlı olması ən yüksək səviyyədə dəstəklənir. Hesab edirəm ki, bu mübarizə davamlı olmalıdır. Bəzən bu mübarizəyə kampaniya donu geyindirmək istəyənlər, onun effektivliyini gözdən salmağa çalışanlar olur. Amma əsl reallıqda bu, belə deyil. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsidir. Bu siyasi iradə davamlı olaraq ictimai iradə ilə dəstəklənməlidir. Yəni, əhali, vətəndaşlarımız da dövlət başçısının ortaya qoyduğu siyasi iradəyə dəstək verməlidirlər. Bu, bütün dünya təcrübəsində belədir. Vətəndaş cəmiyyəti olaraq biz bunu əsas götürüb yerlərdə maarifləndirmə işləri aparırıq. Korrupsiyaya qarşı mübarizənin davamlı olması üçün dövlətin atdığı addımlar, o cümlədən elektron hökumətə keçid, ASAN Xidmət mərkəzlərinin yaradılması, bu sahənin, eləcə də xidmətlərin sayının daha da genişləndirilməsi aşağılarda korrupsiya hallarının azalmasına çox kömək edir. Bunun bəhrəsini hər kəs görməkdədir. Elə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” adlı beynəlxalq konfransda da bu məqam dönə-dönə vurğulandı. Beynəlxalq təşkilat nümayəndələri, xarici ölkə rəsmiləri bu barədə olduqca yüksək fikirlər söylədilər, ASAN Xidmət Mərkəzləri korrupsiyaya qarşı mübarizə tədbirləri baxımından Azərbaycan təcrübəsi kimi qəbul olundu. Bir sözlə, atılan addımlar öz bəhrəsini verməkdədir və bundan sonra da verəcək.
- Siz korrupsiyaya qarşı mübarizədə yalnız ASAN Xidmət Mərkəzinin adını çəkdiniz. Bu, bir nəticədir. Sözügedən istiqamətdə digər uğurlar, nəticələr əldə olunmayıbmı?
- Korrupsiyaya qarşı mübarizənin nəticələrindən danışarkən təkcə ASAN Xidmət Mərkəzinin adını çəkmək kifayətdir. Çünki Azərbaycanda vətəndaşlar ən çox məişət korrupsiyasından əziyyət çəkirlər. Ayrı-ayrı idarələrdə vətəndaş süründürməçiliyi, rüşvət hallarının olması dediklərimizi təsdiqləyir. ASAN Xidmət mərkəzlərinin daha da genişləndirilməsi, ayrı-ayrı sahələrdə tətbiqi vətəndaşların canını bu süründürməçilikdən, rüşvətdən qurtarır. Beləliklə də aşağılarda narazılıq, məişət korrupsiyası hallarının sayı azalır. Biz bu faktı apardığımız sorğuların nəticələrindən də aydın görürük.
- Sizcə, korrupsiyaya qarşı mübarizənin effektivliyini artırmaq üçün daha hansı addımlar atılmalıdır?
- Korrupsiyaya qarşı mübarizədə mütəmadi olaraq mexanizmlər yenilənməlidir. Mexanizmlərə də yeni-yeni çalarlar əlavə edilməlidir ki, mübarizə səmərə versin. Misal üçün, hal-hazırda şikayət edənlərin qanunla qorunmasına ehtiyac var. Çünki, hansısa dövlət orqanında çalışan vətəndaş işlədiyi yerdən korrupsiya faktı ilə bağlı şikayət edirsə, ona qarşı çox böyük təzyiqlər olur. Hətta həmin şəxsi işdən çıxarmaqla da hədələyirlər. Belə şəxslərin hüquqlarının qanunla qorunmasına çox böyük ehtiyac var. Bu fikri son vaxtlar bizə edilən müraciətlərə əsaslanaraq deyirəm. Düzdür, biz imkanımız daxilində onların hüquqlarının qorunmasına çalışırıq. Bu zaman kütləvi informasiya vasitələrinin köməyindən, ictimai qınaqdan istifadə edirik. Lakin bu, yetərli deyil. Sözügedən şəxslərin hüquqlarının qorunması qanuni hal almalıdır. Beynəlxalq təcrübədə də bu hallara rast gəlinir. Əgər biz istəyiriksə ki, vətəndaşlar daha aktiv şəkildə korrupsiyaya qarşı mübarizə aparsınlar, o zaman bununla bağlı müraciət edən şəxslərin hüquqları qanuni şəkildə qorunmalı, məmurların onlara təzyiq göstərməsinin qarşısı alınmalıdır. Digər tərəfdən, korrupsiyaya qarşı mübarizədə bir məqam üzərində də düşünmək gərəkdir. Belə ki, bəzən hər hansı korrupsiya halı ilə bağlı müraciət həmin faktın araşdırılması üçün şikayət olunan dövlət qurumuna yönəldilir. Bunun özü də düzgün deyil və birbaşa qanunlara ziddir. Hesab edirəm ki, bütünlükdə bu çatışmazlıqları aradan qaldırmaq üçün korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndirmək gərəkdir. Eyni zamanda məmurların gəlirləri də bəyan edilməlidir. Bununla bağlı müvafiq qanun var, mexanizmlər dövlət başçısının sərəncamında da göstərilib. Lakin nədənsə həmin qanunun tətbiqi gecikir. Bu gecikmə isə korrupsiyaya qarşı mübarizənin daha da səmərəli aparılmasına maneə törədir. Ona görə də cəmiyyətdə sözügedən qanunun tətbiqinə böyük ehtiyac var. Vətəndaşların ərizə və şikayətlərinə baxılma məsələsi daha da təkmilləşdirilməlidir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyətinin, strukturunun genişləndirilməsinə ehtiyac var. Düzdür, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161” “Qaynar Xətt”i var və vətəndaşlar korrupsiya halları ilə bağlı bura müraciət edirlər. Ancaq sahibkarlar onlara qarşı edilən təzyiqlər, fəaliyyətlərinə qeyri-qanuni müdaxilə, hüquq pozuntuları, məmur özbaşınalığı ilə bağlı müraciət etməyə yer tapmırlar. Bu faktlar “Qaynar xətt”lərin sayının artırılmasını zəruri edir. Eyni zamanda bu “Qaynar xətt”lərin vətəndaşlara çatdırılmasına, kütləvi informasiya vasitələri, televiziya və radiolar vasitəsilə maarifləndirilmənin aparılmasına da ciddi ehtiyac var.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər