AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusun yayılmaması üçün vətəndaşlar da məsuliyyətli olmalıdırlar

Koronavirusun yayılmaması üçün vətəndaşlar da məsuliyyətli olmalıdırlar

Siyasət
19 Mart 2020, 16:52 811
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirus infeksiyasının dünyada yayılması məsələsinə də toxunub.

Dövlətimizin başçısı koronavirus xəstəliyinin dünya gündəliyinin bir nömrəli məsələsi olduğunu söyləyib. "Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq”, – deyə Prezident qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. "Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.