• çərşənbə axşamı, 16 aprel, 14:31
  • Baku Bakı 19°C

Koronavirusun yayılma dinamikasına təsir edən ən səmərəli vasitə

01.07.20 15:00 787
Koronavirusun yayılma dinamikasına təsir edən ən səmərəli vasitə
Hazırda bir çox ölkələr COVID-19-la mübarizə çərçivəsində yenidən sərt karantin rejiminin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Çünki hazırkı vəziyyətdə karantin rejiminin sərtləşdirilməsi virusun yayılma dinamikasına təsir edən ən səmərəli vasitədir. Başqa çıxış yolu yoxdur. Virusa qalib gəlməyin yeganə yolu karantin qaydalarına riayət etmək, həm öz sağlamlığı, həm də digərlərinin sağlamlığı üçün məsuliyyətli olmaqdır. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq.
Milli Məclisin deputatı Könül Nurullayeva bu fikirləriAZƏRTAC-a açıqlamasında deyib.
Deputat bildirib ki, ölkəmizdə mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətini artırıb. Təəssüflər olsun ki, Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başladı və gündəlik yoluxma sayı artıq beş yüzü ötür. Ölüm sayında da artım müşahidə olunmaqdadır. Bir sözlə, mövcud yoluxma sayı və epidemioloji vəziyyət ciddi narahatlıq yaradır.
"Koronavirusun ölkəmizdə aşkarlandığı ilk gündən əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dövlətimiz bütün mümkün tədbirləri həyata keçirdi. Azərbaycan hökuməti vətəndaşının sağlamlığının hər şeydən üstün olduğunu sübut etdi, dəstək proqramları reallaşdırıldı. Yeni modul tipli xəstəxanaların inşası, ölkədə tibbi sənayenin inkişafı virusla mübarizədə effektiv nəticələr verdi. Lakin həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da virusun yayılma sürətinin artmasına səbəb oldu. Bu da sərt karantin tədbirlərinə zərurət yaratdı. Mütəxəssislər də bəyan edirlər ki, virusla mübarizənin asan həlli yoxdur. Epidemiyanın vaksin tapılmayana qədər bəşəriyyəti narahat edəcəyi dəqiqdir. Biz davranışlarımızı və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”, - deyə Könül Nurullayeva vurğulayıb.
Deputat birmənalı şəkildə bildirib ki, vətəndaşlarımız karantin qaydalarına riayət etməlidir. Təcrübə də göstərir ki, karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz yanaşma daha ciddi təhlükəyə səbəb olur. Vətəndaşlarımız bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Cəmiyyət olaraq sona qədər həmrəylik nümayiş etdirəcəyimiz halda bu mürəkkəb vəziyyətdən çıxa biləcəyik. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər tez və müsbət nəticə əldə edə bilərik.
banner

Oxşar Xəbərlər