• çərşənbə, 24 Aprel, 18:55
  • Baku Bakı 23°C

Koronavirusun iqtisadiyyata mənfi təsirini minimuma endirəcək tədbirlər planı

06.04.20 20:19 1368
Koronavirusun iqtisadiyyata mənfi təsirini minimuma endirəcək tədbirlər planı
Ekspertlər hesab edirlər ki, proqramın icrası mövcud itkiləri qarşılamaqla yanaşı, sahibkarlıq subyektlərinin pandemiyadan sonrakı inkişafını da təmin edəcək

Bu günlərdə "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar imzalanıb. Baş Nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.
Tədbirlər planı bir sıra istiqamətləri özündə əks etdirir. İlk növbədə qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin məvaciblərinin ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı nəzərdə tutulub. Həmçinin, layihə 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı; Vergi güzəştləri, imtiyazları və tətilləri proqramı ı özündə cəmləşdirir. Bundan başqa, yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramının həcmi 500 milyon manat təşkil edir. Bu proqramın, virusun iqtisadiyyata vurduğu ziyanı zərərsizləşdirmək üçün hansı əhəmiyyət kəsb etdiyini ekspertlərdən soruşduq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, məşğulluğa və sahibkarlığa mənfi təsirinin azaldılması məqsədilə dövlət başçısının imzaladığı müvafiq Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən hazırlanmış Tədbirlər Planı iqtisadi dayanıqlılığın, etibarlı sosial müdafiənin təmin edilməsi və postvirus dövründə iqtisadi fəallığın artmasına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir: Millət vəkili qeyd etdi ki, Tədbirlər Planı üç əsas hədəfi - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyin təmin edilməsi istiqamətlərini əhatə edir: "Burada əsas meyar, yəni bu siyasətin ana xəttini və fəlsəfəsini vətəndaşa sosial dəstək, əməyinə qiymət, iş yerinin qorunmasıdır. Ən əhatəli istiqamətlərdən biri iqtisadi artıma və sahibkarlığa dəstək istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsinə dövlət dəstəyidir. Bu gün ölkədə 1,6 milyon muzdlu işçi var. Onların 915 min nəfəri dövlət və neft sektorunda çalışır və müntəzəm qaydada maaşını alır. Onlar onsuz da həmin iş yerlərində maaşlarını alır və məzuniyyətə buraxılmaqla əməkhaqları saxlanılacaq. Qalan 640 min muzdlu işçinin 300 min nəfəri müxtəlif qeyri-neft və qeyri-dövlət sektorlarında, məsələn, turizm, otelçilik, ticarət, iaşə, xidmət, nəqliyyat və sairə sahələrdə çalışan rəsmi əmək müqaviləsi, vergi və sosial müdafiə orqanlarında qeydə alınan muzdlu işçilərdir. Onlar da pandemiyadan zərə çəkiblər və çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq onların əməkhaqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Bu zaman əsas meyar ölkə üzrə orta aylıq əmək haqqı, yəni 717 manat müəyyənləşək və həmin məbləğdə vəsait ödəniləcək. Həmin 300 min işçiyə dövlət tərəfindən 215 milyon manat vəsait ayrılıb. Muzdlu işçilərin qalan hissəsi, yəni təxminən 300 min fərdi, yəni mikrosahibkardır. Onlar da normal əmək münasibətləri, vergi, sosial müdafiə və s. məsələlərdə leqal işləyən işçilərdir. Bu zaman əsas meyar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş mikro sahibkarlar əsas götürülür. Həmin 300 min mikrosahibkara qarşıdakı 2 ayda 80 milyon manat ödəniləcək”.
Aydın Hüseyov bildirdi ki, Tədbirlər Planında sosial müdafiə və məşğulluq məsələləri ilə bağlı mühüm istiqamətlər də mühüm əhəmiyyət kəsb edir: "İlk növbədə, məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində, yəni 190 manat birdəfəlik ödəmələr ediləcək. Belə vətəndaşların sayı 200 mindir. Bundan başqa, hökumət qarşıdakı 2 ayda 50 min haqqı ödənilən ictimai iş yerləri yaradacaq. İctimai işlərdə adambaşına orta aylın əmək haqqı 300 manat olacaq. Bu məqsədlər üçün 30 milyon manat nəzərdə tutulub”.
Milli Məclisin deputatı Tədbirlər Planında kredit ödənişlərində güzəştlərin də nəzərdə tutulduğunu bildirib. "Kredit ödənişlərində yaranan çətinliklərin aradan qaldırılması üçün həm biznesə, həm də ev təsərrüfatlarına güzəştlər edəcək. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora məxsusdur. Bu gün pandemiyadan daha çox zərərçəkmiş sahələr ticarət və xidmət, turizm, nəqliyyat, rabitə sektorlarıdır. Burada iki istiqamət üzrə dəstək mexanizmi nəzərdə tutulub. Birincisi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu sənəd daha geniş olmaqla 1 milyard manatlıq maliyyə yükünə malikdir”.
Millət vəkili dövlətin sahibkarlıq sektoruna vergi güzəştləri və imtiyazlar verdiyini də vurğuladı: "Burada, əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin, bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. Sahibkarlara veriləcək vergi güzəştləri sırasında mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştlər, müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi yer tutur”.
A.Hüseynov Tədbirlər Planının Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, sosial rifahını təmin edəcəyini, virusdan sonrakı dövrdə yeni inkişaf hədəflərinə çatmaq üçün güclü strateji sənəd olacağını bildirdi.

İqtisadçı millət vəkili Azər Badamov bildirdi ki, koronavirus pandemiyası dünyanın əksər ölkələrinin iqtisadiyyatına öz mənfi təsirini göstərir: Belə bir məqamda dövlətimizin sahibkarlara maddi dəstəyin verilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi çox mühüm addımdır: "Dünya iqtisadiyyatının inkişaf dinamikası aşağı düşdükcə, insanların sosial vəziyyətinə də istər-istəməz təsir edir. Bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılması iqtisadiyyatın ayrı-ayrı strukturlarına ciddi zərbə vurur. Belə bir qlobal iqtisadi problemin qarşısını almaq üçün ölkə başçısı tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir. Azərbaycan dövləti sahibkarlara, sosial vəziyyəti aşağı olan təbəqəyə öz dəstəyini hər zaman göstərib və göstərir. Makroiqtisadi sabitliyinin və iqtisadi fəallığın təmin edilməsi məqsədilə dövlət başçısının xüsusi sərəncamı ilə Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Müəyyən edilən istiqamətlər üzrə iqtisadiyyatın müxtəlif sektorlarına dövlət dəstəyi göstəriləcək. 300 minədək sahibkarlıq subyektinə maddi dəstək ediləcək. Belə bir məqamda sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi, vergi tətilləri çox mühüm qərardır. Bank kreditlərinin ödənilməsi məsələsi də iqtisadi paketdə öz əksini tapıb. Sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə sosial yardımla təmin edilməsi də bu paketin bir hissəsidir. İqtisadi və sosial paket bir sıra vacib istiqamətləri özündə birləşdirir. Bu istiqamətlərin əhatə dairəsi xeyli genişdir. Ümumilikdə götürdükdə, atılan hər bir addım sahibkarlıq subyektlərinin pandemiyadan sonrakı fəaliyyətinin inkişafı məqsədi daşıyır. İşçilərin ixtisarının qarşısının alınması və onların əmək haqlarının dövlət hesabına ödənilməsi çox vacibdir. Belə bir çoxşaxəli proqramın icrası üçün 3 milyard manat dövlət vəsaiti cəlb edilib. Hesab edirəm ki, proqramın icrası koronavirusun iqtisadiyyatımıza vurduğu mənfi təsiri minimuma endirəcək”.

İqtisadçı ekspert Pərviz Heydərov vurğuladı ki, indiki məqamda bu çox mühüm qərardır: "Dövlət başçısının verdiyi sərəncama əsasən, ölkə iqtisadiyyatını mövcud vəziyyətdən daha az zərərlə çıxarmaq və əhalinin gəlirlərinin təmin edilməsi məqsədilə dörd işçi qrupu yaradılıb. Bu işçi qrupu aidiyyəti qurumlar nəzdində təşkil edilib. Koronavirusun iqtisadiyyata vurduğu zərər və vətəndaşların sosial müdafiəsinin təşkili istiqamətində hökumət tərəfindən ciddi addımlar atılır. Sözügedən tədbirlər planı bu müddət ərzində işçi qrupunun apardığı analiz və təhlilləri nəticəsində imzalanan sənəddir. Bu tədbirlər planı mövcud itkiləri sığortalamaq məqsədi daşıyır. Koronavirus neftə olan tələbi aşağı saldıqca, qlobal bazarlarda neftin qiyməti xeyli aşağı düşdü. Neftin qiymətinin düşməsi fonunda dövlət gəlirlərimiz azalır. Dövlət gəlirlərinin azalması isə müəyyən çətinlikləri də gətirir. İqtisadiyyatın ən gəlirli sahələri olan turizm, xidmət sektorları, kiçik və orta sahibkarların fəaliyyəti ciddi zərbə aldı. Özəl sektorda çalışan muzdlu işçilər sənəddə göstərilən mexanizmə əsasən, dövlət tərəfindən maliyyə dəstəyi ala biləcək. Çünki bu sahələrin fəaliyyəti demək olar, tamamilə dayandırılıb. Bu tədbirlər planı mövcud itkilərin aradan qaldırılması məqsədi daşıyır”.

İqtisadçı-ekspert Turab Rzayev deyir ki, Nazirlər Kabinetin təsdiq etdiyi sənəd koronavirusun iqtisadiyyata vurduğu zərəri qarşılamaq baxımından müsbət addım kimi qiymətləndirilməlidir: "Paketdə beş yüz milyon manat həcmində məbləğ maliyyə sabitliyinin və kreditləşmənin təmin olunmasına ayrılıb. Bu, kifayət qədər ciddi rəqəmdir. Digər məsələ isə xidmət sektorunun fəaliyyəti ilə bağlıdır. Pandemiyadan zərər çəkən sahələrə dövlət tərəfindən maliyyə yardımı nəzərdə tutulub. Həmçinin, əhalinin işsiz təbəqəsinə müəyyən məbləğ ayrılıb. Pandemiya bütün dünya iqtisadiyyatının inkişaf dinamikasını aşağı saldı. Azərbaycan da bu proseslərdən kənarda qalmır. Neft sektorunda bir müddətdir ki, qiymət enmələri müşahidə olunur. Turizm sahəsindəki fəaliyyət tamamilə dayandırılıb. Sənəd sahibkarların və bu sahədə çalışan şəxslərin zərərini az da olsa, qarşılaya biləcək. Ümumilikdə götürdükdə, pandemiyanın dünya iqtisadiyyatına vurduğu bu zərbələrin tam sağalması minimum 3 il vaxt tələb edir. Belə bir vaxtda dövlət tərəfindən bu zərərin minimuma endirilməsi üçün atılan addımlar çox mühümdür”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər