• cümə, 29 Mart, 18:52
  • Baku Bakı 14°C

Koronavirusun ikinci dalğası daha ağır ola bilər

16.06.20 19:08 6993
Koronavirusun ikinci dalğası daha ağır ola bilər
Həmrəylik göstərib birgə mübarizə aparmasaq, COVID-19-a qalib gəlmək mümkünsüzdür
Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayında ÜST yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib. Həmin vaxtdan başlayaraq bütün ölkələr koronavirusa qarşı mübarizə tədbirlərinə start verib.Pandemiyanın statistikasını aparan "Worldometer” saytının 16 iyun tarixli, Bakı vaxtı ilə saat 12:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 8 milyon 128 min 606 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı 439 min 428 nəfərə çatıb. Eyni zamanda, 4 milyon 243 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 446 min 23 xəstədən 54 min 574-nün vəziyyəti ağır qiymətləndirilir. Təkcə son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 124 min 600 nəfər artıb və 3 min 415 nəfər həyatını itirib. Məlumata görə, ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 183 min nəfərə yaxınlaşır. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (891 min 556), Rusiya (545 min 458), Hindistan (343 min 91), Böyük Britaniya (296 min 857), İspaniya (291 min 189) və İtaliya (237 min 290) gəlir. Birləşmiş Ştatlar COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 118 min 283 nəfər. İlk beşliyə daxil olan Braziliyada 44 min 118, Birləşmiş Krallıqda 41 min 736, İtaliyada 34 min 371, Fransada isə 29 min 436 nəfər koronavirus səbəbindən vəfat edib.

"Nə vaksinimiz, nə də müalicə metodlarımız var”
Bu göstəricilər fonunda ÜST Avropa regional bürosunun direktoru Hans Klüqe online-brifinq keçirərək bildirib ki, əgər virusun qarşısını almaq mümkün olmasa, COVID-19 infeksiyasına yoluxma hallarının təkrar artması və onun daha dağıdıcı olması təhlükəsi yaranacaq. Onun sözlərinə görə, hazırda vəziyyət ilin əvvəlində olduğundan heç də yaxşı deyil. H.Klüqe koronavirus infeksiyasının ikinci dalğasının daha çox dağıdıcı olacağını bəyan edib: "Bizim əvvəlki kimi, COVID-19 virusuna qarşı nə vaksinimiz, nə də müalicə metodlarımız var. Koronavirus infeksiyasının ikinci dalğası qarşısıalınmaz deyil, lakin daha çox ölkə məhdudiyyətləri aradan qaldırır. COVID-19 infeksiyasına yoluxma hallarının təkrar artması təhlükəsi var, virusun qarşısı alınmasa, ikinci dalğa baş verəcək və o, çox dağıdıcı ola bilər”.

Özlərinin və başqalarının həyatını təhlükəyə atırlar
Bütün bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da mart ayından başlayaraq pandemiyanın ölkə ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə zəruri işlər görülüb. Dövlət öz üzərinə düşən nə varsa, vətəndaşın sağlamlığı naminə onu reallaşdırıb. Prezident İlham Əliyevin tapşırığı ilə ölkə əhalisinin sağlamlığı üçün müvafiq qurumlar səfərbər olunub. Beynəlxalq təşkilatlarla əlaqəli şəkildə, eyni zamanda beynəlxalq səviyyəli mütəxəssislərin iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilib. Ölkə rəhbəri İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə vətəndaşlara səslənərək hər kəsdən koronavirus xəstəliyinin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edib, insanlara özlərini, doğmalarını, yaxınlarını qorumağı tövsiyə ediblər. Koronavirusun Azərbaycanda geniş yayılmaması üçün mübarizə tədbirləri indi də davam etdirilməkdədir. Artıq iki həftədir ki, həftə sonları əhalinin ümumiyyətlə şölə çıxması qadağan olunur, sərt karantin rejimi tətbiq edilir. Lakin əfsuslar olsun ki, bəzi vətəndaşlar hələ də baş verənlərə laqeyd yanaşır, məsuliyyətsiz davranışları ilə, o cümlədən tibbi maskadan istifadə etməməklə, sosial məsafə saxlamamaqla, karantin qaydalarını pozmaqla nəinki özlərinin, eləcə də başqalarının həyatını təhlükəyə atırlar.

"İnfeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir”
Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovmövzu ilə bağlı bildirib ki, hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqəli bir sıra tədbirlər görülür. Həkim deyib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Onun fikrincə, bu baxımdan istər Nazirlər Kabineti yanında Operativ Qərargahın, istərsə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xidmətləri böyükdür.R.Bayramov koronavirus pandemiyası dövründə vətəndaşların da karantin qaydalarına əməl etməsinin vacibliyini vurğulayıb: "Vətəndaşlar infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar. Belə ki, ictimai yerlərdə, qapalı, o cümlədən əhalinin sıx toplaşdığı məkanlarda qoruyucu maskalardan istifadə məcburidir. Bu, COVID-19 infeksiyasının qarşısının alınması üçün əsas amillərdən biridir. Təəssüf ki, maskaların taxılması, ondan istifadə edilməsi bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Hər birimiz marketlərdə, avtobus dayanacaqlarında, bir sıra inzibati idarələrdə bəzi vətəndaşların qoruyucu maskalardan istifadə etmədiyinin şahidi oluruq. Bəziləri isə ağız və burun boşluğunu maska ilə örtmək əvəzinə, cərimə olunmamaq üçün onu çənələrinin altında saxlayırlar. Karantin rejiminin qaydalarına əməl olunması hər bir kəsin vətəndaşlıq borcudur. Həmrəylik göstərib birgə mübarizə aparmasaq, COVID-19-a qalib gəlmək mümkünsüzdür. Çünki infeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir. Buna görə də vətəndaşlar qoruyucu vasitələrdən istifadəyə, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq. Düzdür, infeksiyaya yoluxan və xəstələnənlərin maska taxması daha vacibdir. Lakin kimsə ətrafındakı insanların infeksiyaya yoluxub-yoluxmadığını bilmir. Ona görə də hər kəsin maska taxması tövsiyə olunur. Əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss eləmirlər. Bu baxımdan da həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər yerlərdə sağlam insanları yoluxdura biləcəyi labüddür. Buna görə də pandemiya dövründə hər kəsin qoruyucu maskalardan istifadə etməsi, sosial məsafəni saxlaması və zərurət olmadıqca evdən çıxmaması çox vacibdir. Həmrəy olaraq, birgə mübarizə apararaq "gözəgörünməz” düşmənlə savaşdan qalib ayrıla bilərik”.

"Ümumi xəstəlik barədə səhv fikirlər söylənilməsin”
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev də qəzetimizə açıqlamasında koronavirusla mübarizə üçün tələb olunan qayda-qanunlara riayət olunmasının əhəmiyyətini dilə gətirib. O deyib ki, bu gün Azərbaycanda COVID-19-a yoluxan xəstələrlə birbaşa çalışan həkimlərimiz ön cəbhədə həyat qurtaran səhiyyə işçiləri qrupuna daxildirlər. N.Abdullayev ölkə vətəndaşlarına səslənərək hər kəsi qaydalara riayət etməyi, dövlətin, o cümlədən tibb işçilərinin əziyyətini yerə vurmamağı xahiş edib. Gənc alim hələ virusla mübarizənin birinci mərhələsində elmlə daha faydalı olduğu təsdiq olunmuş evdə izolyasiya və karantin tədbirlərinə Azərbaycanda keçidlə bağlı baş nazir Əli Əsədovun verdiyi qərara da toxunub. Bildirib ki, virusun daha geniş yayılmasının qarşısını almaq baxımından bu qərar alqışa layiqdir və tam olaraq müasir elmi əsasa malikdir: "Bu istiqamətdə atılan və atılacaq tədbirlərin Azərbaycan üçün vacibliyi, həmçinin bu tədbirlərin hansı elmi tədqiqatlara əsaslandığı barədə ötən günlərdə mətbuatda kifayət qədər söhbət açmışdım. İndiki mərhələdə iki məqam daha vacibdir. Artıq elmi formada da təsdiqini tapıb ki, yüksək yoluxduruculuğa malik 20 faiz insan var. İstər sərt karantin rejimi zamanı, istərsə də ev şəraitində karantində qalma zamanı insanların qonşularla əlaqəsi tam kəsilməlidir. Eynilə Bakıdan rayonlara və əks istiqamətinə gediş-gəliş də tam məhdudlaşdırılmalıdır. Bu barədə maarifləndirici tədbirlər aparılmalı və lüzumsuz təmaslara, gediş-gəlişə, sui-istifadə hallarına qəti şəkildə icazə verilməməlidir. Əks təqdirdə, bu dəfə virus ev şəraitində və ümumi binada, həmçinin rayonlarda yayılacaq ki, nəticə etibarı ilə də görülən karantin tədbirlərinin heç bir effekti olmayacaq. İkinci vacib məqam isə artıq Avropanın da müəyyən ölkələrində tətbiqinə başlanılan COVID-19-la bağlı yalan və ya elmi əsası olmayan, səhv məlumat verən insanlarla bağlı olmalıdır. Belə ki, burada ən qorxulu məqam hər hansı bir elm işçisinin və ya həkimin heç bir elmi əsası olmayan fikirlər səsləndirməsi ilə yanaşı, ümumi xəstəlik barədə səhv fikirlər söyləməsidir. Bunların həqiqətləri əks elətdirmədiyini bir müddət sonra öyrənən vətəndaşlar televiziya və mətbuatla yanaşı, həkimlərə, həmçinin xəstəliyə də inamsız yanaşırlar. Bu isə görülən tədbirləri heçə endirməklə bərabər, koronavirusun daha geniş vüsət almasına, vətəndaşları yoluxdurmasına səbəb olur. Bütün bunlar baş verməsin deyə, hər bir vətəndaş məsuliyyətli davranmalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, qayda-qanunlara riayət etməlidir”.

"Simptomsuz xəstələrin yoluxduruculuq qabiliyyəti”
N.Abdullayev COVID-19-u simptomsuz keçirən xəstələrin virusu yayması barədə yayılan məlumatlara da münasibət bildirib. Həkim deyib ki, ÜST rəsmisinin xəstəliyi simptomsuz keçirən virus daşıyıcıları ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub, bəzi hallarda yanlış anlaşılıb: "ÜST rəsmisinin simptomsuz xəstələrin digər insanları yoluxdura bilmək ehtimalının az olması barədə dediyi fikirləri mediada "simptomsuz xəstələr insanları virusa yoluxdurmur” kimi qələmə vermək yolverilməzdir. Bu cür xəbərlər yazanda, onsuz da virusa inanmaq istəməyən bəzi insanların inamsızlığının daha da arta biləcəyini mütləq nəzərə almaq lazımdır. Elm adamları, infeksionistlər, epidemioloqlarımız dərhal belə fikirlərə reaksiya göstərməli, ətraflı izah verməlidirlər ki, insanlar mövcud vəziyyətə inamını itirməsin və məsələnin doğru tərəfini anlasınlar. Konkret olaraq ÜST-ün simptomsuz xəstələrlə bağlı sözügedən elmi tədqiqatlarına gəlincə, həmin tədqiqatlar arasında hələ müvafiq ekspertlər tərəfindən dəyərləndirilməyənləri də var. Bu isə o deməkdir ki, hələ elmi nəşrinə də icazə verilməyib. O tədqiqatlarda ekspertlərin rəyinə əsasən dəyişikliklər və əlavələr ola bilər. İndiki vəziyyətdə yalnız onu söyləmək mümkündür ki, sözügedən tədqiqatda simptomsuz xəstələrin yoluxduruculuq qabiliyyəti ilə bağlı verilən rəqəmlərdən kəskin fərqli, yəni onların yoluxduruculuğunun daha çox olduğu göstərilən elmi tədqiqatlar var. Həmin tədqiqatlar artıq müvafiq ekspertlər tərəfindən dəyərləndirilib və nüfuzlu jurnallarda dərc olunub. Digər tərəfdən, həmin ÜST rəsmisi bir sonrakı iclasda bunu izah edib və bildirib ki, onun bəhs etdiyi araşdırmalarda yoluxmanın sayının az olmasına səbəb simptomsuz xəstələrin bu elmi tədqiqatlara çox az daxil edilməsidir. Bütün bunları nəzərə alaraq, bir daha vətəndaşlara səslənirəm ki, spekulyativ, təsdiqini tapmamış məlumatları deyil, ciddi mənbələrin məlumatlarını əsas götürsünlər, tətbiq edilən qayda-qanunlara, ən əsası da sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və sair bu kimi tələblərə riayət etsinlər. Çünki koronavirusla hamılıqla mübarizə aparıb bu bəlaya birlikdə qalib gəlməliyik”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər