AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusa qarşı mübarizənin Azərbaycan modeli

Koronavirusa qarşı mübarizənin Azərbaycan modeli

Cəmiyyət
11 Avqust 2020, 15:30 425
Ümumbəşəri bəla olan koronavirus pandemiyası altı aydır ki, dünyanın səksəkədə saxlayıb. Bu müddət ərzində dünyada vəziyyət tamamilə dəyişdi, diplomatik əlaqələr dayandırıldı, iqtisadiyyat çökdü, dünyasını dəyişənlərin sayı getdikcə çoxaldı. Dünya bu virusun qarşısında aciz qaldı. Koronavirus pandemiyası ən qüdrətli dövlətləri belə ciddi sınaq qarşısında qoyub. Hər bir dövlət bu sınaqdan layiqincə çıxmaq üçün ciddi səylər göstərsə də, hələlik heç nəyə nail olmaq mümkün deyil. Yayılma sürəti get-gedə artan və daha çox insanı öz cənginə alan pandemiya dünyanı qorxu altında saxlamaqda davam edir. İndiyədək ən çox ölüm hallarının ABŞ, Braziliya, Böyük Britaniya, İtaliya və Fransa kimi iri həcmli iqtisadiyyata malik ölkələrdə qeydə alınması da vəziyyətin ciddiliyindən xəbər verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib.

Deputat deyib: "Söz yox ki, bir sıra ölkələr, o cümlədən Azərbaycanın ümumbəşəri bəlaya qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər təqdirəlayiq hesab edilir. Qürurverici haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən tədbirlər və qəbul edilən qərarlar sayəsində ölkəmiz bu bəladan daha az itki verən dövlətlər sırasındadır. Koronavirusla mübarizədə Azərbaycan modeli dünyaya nümunə kimi təqdim edilir. Ölkəmiz həm daxildə, həm də beynəlxalq aləmdə bu təhlükəyə qarşı ciddi mübarizə aparır. Türk Şurasının, Qoşulmama Hərəkatının videokonfrans formatında Zirvə görüşlərinin keçirilməsi, həmçinin dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri qismində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif etməsi bunun təsdiqidir. Bu təşəbbüs həm də beynəlxalq ictimaiyyətin pandemiya təhlükəsindən xilasına ölkəmizin töhfəsi oldu.

Məlahət İbrahimqızı qeyd edib ki, həm ölkə başçımızın, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımıza bütün müraciətlərində koronavirusdan xilas olmağın ən adi qaydalarına riayət edilməsinə çağırışlar olundu. Bu çağırışlar ölkə vətəndaşlarında gələcəyə inam, pandemiyadan az itki ilə çıxacağına ümid yaratdı. Mehriban xanım Əliyevanın "Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm!” kimi çağırışları hər bir ananın ürəyindən keçən çağırış idi. Hazırda ölkəmizdə virusa yoluxanların sayı sürətlə azalır və sağalanlar isə getdikcə çoxalır. Son 12 günün statistikası da bunu təsdiqləyir. Təbii ki, bu proses özbaşına və təsadüfən baş verməyib. Hazırda beynəlxalq ictimaiyyət, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar koronavirusa qarşı mübarizənin Azərbaycan modelini nümunə kimi təqdim edirlər. Mütəxəssislər də təsdiqləyirlər ki, ölkəmiz pandemiya ilə mübarizədə ən düzgün strateji yolla getdi. Ölkə başçısı həm daxildə, həm də xaricdə pandemiyaya qarşı aktiv mübarizə apararaq uzaqgörənliyini və qətiyyətli siyasətçi olduğunu bir daha dünyaya nümayiş etdirdi.

"Xatırladım ki, koronavirus ölkəmizin başı üzərini alan gündən həyata keçirilən qabaqlayıcı addımlar bu virusun geniş yayılmasının qarşısını aldı. Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili, qısa müddət ərzində modul tipli xəstəxanaların fəaliyyətinin təmin edilməsi, əksər səhiyyə ocaqlarının yenidən qurulması koronavirusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açdı. Bu gün hər bir soydaşımız bu gərgin fəaliyyətin nəticəsini gündəlik həyatında görür və hiss edir. Bu çətin dövrdə respublikamız sosial dövlət olduğunu bir daha təsdiq edərək, vətəndaşlarını da köməksiz qoymadı. Tətbiq olunan karantin rejiminin insanların işində problemlər yaratdığı nəzərə alınaraq, hətta qeyri-formal sahədə işləyənləri də unutmadan 600 min nəfərdən çox aztəminatlı insanlara, həmçinin sahibkarlara maddi dəstək verildi. Hazırda karantin rejiminin yenidən tətbiq olunması ilə əlaqədar 190 manatlıq birdəfəlik ödəmənin avqust ayında da verilməsi barədə qərar qəbul edilib. Göründüyü kimi, dövlət hər zaman öz vətəndaşlarının yanındadır. Koronavirusla mübarizədə də bunun şahidi olduq”, - deyə deputat vurğulayıb.