• cümə, 29 Mart, 09:00
  • Baku Bakı 5°C

Koronavirusa qarşı mübarizədə qlobal həmrəylik vacibdir

01.07.20 14:45 695
Koronavirusa qarşı mübarizədə qlobal həmrəylik vacibdir
Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi böyük uğurdur
Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Koronavirus infeksiyası dünyada nəinki insanların həyatı üçün, sosial-iqtisadi və humanitar sahələr üçün də ciddi təhlükələr yaradıb. Təbii ki, bu pandemiyanın qarşısının alınmasında dünya birliyinin birgə fəaliyyəti vacibdir. Təəssüflər olsun ki, bu istiqamətdə beynəlxalq münasibətlər sferasında mühüm rol oynaya bilən və böyük təsir gücünə malik, əsas aktorlardan sayılan BMT və onun əsas qurumlarının rolunu görə bilmədik. Həmçinin dünyada aparıcı rola malik dövlətlər isə fərdi səviyyədə addımlar atdılar. Görünən o oldu ki, beynəlxalq münasibətlər sistemində qlobal səviyyədə əməkdaşlıq ürəkaçan səviyyədə deyildir.
Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran HüseynovaAZƏRTAC-a açıqlamasında söyləyib. O xatırladıb ki,2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu görüşdə ən mühüm çağırışlardan biri böhrana qarşı birləşməyin və birgə mübarizə aparmağın zəruri olmasının qeyd edilməsi idi. Prezident İlham Əliyev Zirvə görüşündə bildirib ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
Bu çağırış bir daha göstərir ki, ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək olmadan heç bir problemi həll etmək mümkün deyil. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Qeyd etmək istəyirəm ki, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan çox dövlətə humanitar yardım verib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.
Məlumat üçün bildirmək istəyirəm ki, BMT Nizamnaməsi ilə Təhlükəsizlik Şurası, eləcə də Baş Assambleyasının mandatı var ki, zəruri hallarda xüsusi sessiyalar çağırılsın.
Təklif Nyu-Yorkda 120 Qoşulmama Hərəkatı üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi böyük uğurdur.
Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüsün dəstəklənməsi bir sıra mühüm məqamları özündə birləşdirir. Ölkə başçısının təşəbbüsü əsas olaraq ondan ibarətdir ki, qlobal həmrəylik olsun. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Burada bir məqamı da diqqətə çatdırmaq istərdim. Ermənistan bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olub. Bütün dünya bu virusla mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan bu hərəkəti ilə bir daha özünün çirkin mahiyyətini beynəlxalq birliyə göstərib.
Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə bağlı BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu qeyd edilir.
Təbii ki, xüsusi sessiyanın çağırılması, dövlətlərin bir araya gələrək COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
banner

Oxşar Xəbərlər