• cümə, 29 Mart, 15:36
  • Baku Bakı 14°C

Koronavirus və rəhmətlik Məşədi Kazım

07.04.20 20:05 803
Koronavirus və rəhmətlik Məşədi Kazım
Ömrümüzün elliklə sosial təcrid olunma məqamını virusun üstünə yazsaq da, çox şeyi dərk etdik. Öyrəndik ki, insanlığın azala-azala getdiyi məqama gəlib çatırıq. Bildik ki, bir-birimizi qucaqlayıb öpməklə, qarşımızdakını elə də çox sevməmişik. Sadəcə, bunu ona "göstərmək”lə məşğul olmuşuq. Ağzımız açıq olanda (maskasız halda) çox zaman söylədiklərimizin fərqinə varmamışıq. Tikanlı sözlər də işlətmişik, rişxəndlə də danışmışıq... Hər birimizin haqqı olduğu müsbət təmayülləri özümüzə qıymamışıq, əlçatımlı etməmişik. Bir sözlə, özümüzü əfv edə bilməmişik.
Yaxşı ki, evdə oturub bunları düşünməyə vaxtımız oldu. Bir tanışım deyir ki, "insanın öz səhvləri üzərində öyrənməsi tamamilə yanlış bir şeymiş. Məsələn, həyat insana saçını daramağı baş keçəl qalandan, yəni saçları büsbütün töküləndən sonra öyrədir.” Deyilən fikirdə əlbəttə, həqiqət var. Amma nə edəsən ki? Bundan artığı da əlimizdən gəlməyib. Belə çıxır ki, çoxumuzun həyat təcrübəsi az olub.
Uşaq vaxtı valideynlərimiz, nənə-babalarımız bizi öpüb əzizləyiblər, bağırlarına basıblar. İndi isə baxıb görürük ki, bəs, öpüşmək-zad olmaz, viruslardan qorunmaq üçün arada məsafə saxlamaq lazımdır, özü də nə az, nə çox, elə bir məsafə ki, əlini uzadanda yanında dayanan adama çatmasın.
Bir az ötən zamanlara boylanaq. Deyirlər ki, keçmişdə çobanlar arvadlarını minnətdarlıq hissi ilə öpürmüşlər. Belə ki, onlar mal-heyvana yaxşı baxdıqlarına görə mükafatlandırırmışlar arvadlarını. Folklorda isə öpüşmə qara qüvvələrin qovulması və cadu-pitinin pozulması niyyətinə qulluq edib. Ağlayan, ağrıyan uşağı öpməklə ağrını götürməyin mümkünlüyü də öpüşün "ayağına yazılıb”. Bundan əlavə, qədim inanclara görə, öpüşərkən insanlar bir-birinə müsbət enerji ötürürlər. Zamanında əlin və ayağın öpülməsi də dəbdə olub və bu, tabeçilik və sadiqlik rəmzi kimi qəbul edilib.
Əyalət yerlərində yaşlı qadının bir qohum uşağını tutub o üzündən, bu üzündən marçamarçla öpməsi uşaq yiyəsinin xoşuna gəlməsə də (heç uşağın özünün də), dillənə bilmirdi. "Hörmətsizlik olar” kimi düşüncələr qarşısındakının xətrinə dəyməməyə əsas verirdi. Bəzi gənc valideynlər heç öz ata-anasının da nəvəsini - onun övladını – öpməsindən xoşlanmırdılar. Amma təbii ki, etiraz yersiz umu-küsüyə səbəb olacaqdı. Artıq qocalmağa başlamış valideynlər balalarını yoluxmaq üçün "o boyda yolu gəldiklərinə” peşman olacaqdılar. Gənc qızlar da bir-birini görərkən, öpüşməyi sevirlər. Amma bu ənənə yeniyetmə oğlanlar arasında daha geniş yayılmışdı. İki saat bundan əvvəl görüşüb ayrılan gənclər yenidən rastlaşdıqda qucaqlaşıb "Xoş gördük, BRAT...”, - deyə öpüşürdülər. Hətta metroya minərkən və iki-üç stansiyalıq yolu bir yerdə getdikdən sonra da öpüşüb ayrılmaq mütləqləşmişdi. Öpüşmək elə geniş əhatəli olmuşdu ki, qohumluqları olmayan qadın və kişilər də yüngülvari öpüşürdülər. Yeri gəlmişkən, bu hallar elə Qərbin özünün ənənəsi idi və məşhur Braziliya seriallarından sonra dəbə düşmüşdü.
Yaxın keçmişin öpüşmə halları haqda saatlarla danışmaq olar. Amma pandemiya gəlib bütün bu davranışlara öz nöqtəsini qoydu. Yaxşı da elədi! Bundan sonra virus daşıyıcısı olub-olmamasından asılı olmayaraq, hər kəsin öpüşə münasibəti dəyişdi. Demək ki, sevgi, hörmət heç dodağını irəli uzatmadan da göstərilə bilər və ən yaxşısı da elə budur! Necə deyərlər, virus var, vəssalam!
Dünyanın yeni düzəninin mühüm atributlarından biri də budur: öpüşmədən, hətta bəzən əl sıxmadan üz-üzə dayanmaq və qınanmamaq. Bu, insanlar arasındakı təbəqəni götürüb onları bir sahədə bərabərləşdirdi: səhhətimi (özümü) səndən çox istəyirəm və bunu anlatmaqda sıxılmıram. Bu, əsl "xətir üçün xəstə yatmaq” idi və canımı bundan xilas etdim!
Amma insanlar yəqin ki, sosial şəbəkələrdə öpüş işarəsini bildirən "smaylikləri” bir-birlərinə göndərməkdə davam edəcəklər. Yəqin ki, bu zaman onları virus hədələyə bilməyəcək. Həm də bu, "səni görsəydim öpərdim” də demək olmayacaq. Şəkildir də, barmağını üstünə basıb göndərdi, qurtardı getdi.
Bir məsələ isə açıq qalır: bir-birini sevən ər-arvad cütlüklərin nümayişkaranə deyil, sadəcə, öz aləmlərində istifadə etdikləri sevgi jestləri məsələsi. Bu yerdə məşhur "Qaynana” filmində Xalq artisti Nəsibə Zeynalovanın işlətdiyi bir fraza yada düşür; qardaşı oğlunun minnətdarlıq hissi ilə onu öpmək istədiyi məqamda rəhmətlik əri Məşədi Kazımın onunla illərlə necə dolandığını dilinə gətirir. O zaman koronavirus və ya başqa virus olmasa belə, bu, əlbəttə, Məşədi Kazımla Cənnət xalalnın öz işi idi. Və bütün təcrid növlərinə baxmayaraq, bu barədə biz də bir söz deyə bilmərik. Unutmayaq ki, bütün növ viruslar isti, həqiqi, dolğun bir sevgi qarşısında heç nədir...

Zeynəb Əliqızı

banner

Oxşar Xəbərlər