• cümə, 19 Aprel, 14:09
  • Baku Bakı 25°C

Koronavirus serialları da dayandırdı

31.03.20 14:37 1286
Koronavirus serialları da dayandırdı
Hələ ki öncədən çəkilmiş bölümlər işə yarayır

Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq, dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış etmişdi. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən, ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.
Bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri və kütləvi tədbirlər də ləğv edildi. Buna baxmayaraq, televiziyalarımızda bayram çəkilişləri davam edir və serialların yeni bölümləri nümayiş olunur. Qonşu Türkiyədə yeni növ koronavirusun yayılması səbəbi ilə bəzi kino, reklam və televiziya sahəsində çalışanların çəkilişlərə iki həftə fasilə verilməsi tələb ilə çıxış etdikləri xəbərini aldıq. Aktyorların tələbindən sonra prodüserlər "Hekimoğlu”, "Savaşçı” və "Bir Annenin Günahı” seriallarının çəkilişlərinin müvəqqəti olaraq dayandırılacağını açıqlayıblar.
Bəs görəsən, bizim seriallarımızın çəkilişləri necə, davam edirdimi?

"Xəzər” telekanalında yayımlanan "Xalxın evi” və "Ay yay yay” seriallarının quruluşçu rejissoru,Əməkdar artist Ramin Hacıyev dövlətimizin qoyduğu qanunlara riayət etdiklərini, serialların çəkilişlərini müvəqqəti olaraq saxladıqlarını bildirdi: "Bacardığımız qədər kütləvi şəkildə bir araya gəlmirik. Serialın növbəti həftə efirə gedən çəkilişlərini hər zaman öncədən çəkdiyimiz üçün belə məqamlarda çarəsiz qalmırıq. Aprelin birinci həftəsinə qədər bizim efirimiz var. Əgər bizə tapışırıq gəlsə ki işləmək mümkündür, işimizə davam edəcəyik. Əgər icazə verilməsə, yəqin ki, serialın təkrar bölümləri nümayiş olunacaq. Qaydalara riayət etmək lazımdır. Əgər dövlətimiz bizi qoruyursa, biz də öz sağlamlığımızın qeydinə qalmalıyıq. Hazırda müvəqqəti olaraq "İşdə sevgi macərası”, və "Xalxın evi” seriallarının çəkiliş prosesini dayandırmışıq”.
Xəzər televiziyasında yayımlanan"Ata ocağı” serialının baş rejissoru Rüfət Şahbazov deyir ki, ayın 15-dən serialın çəkilişləri dayandırılıb: "Panikaya düşmək lazım deyil. Bu virusun öldürücülüyündən çox, yayıcı olduğu deyilir. Əslində biz çəkilişi Novruz bayramına görə dayandırmışdıq, virusa görə deyil. O ki qaldı Türkiyədə məşhur serialların dayanma səbəbinə, onların çəkiliş meydançalarında 150-dən çox insan çalışır. Bu, böyük rəqəmdir. Bizdə isə çəkiliş meydançasında 20 nəfərdən artıq adam olmur. Bizə elə bir tapşırıq gəlməyib ki, yayılan virusa görə çəkiliş dayandırılsın. Çalışdığımız komanda bizimlə tez-tez maraqlanır, gigiyenik qaydalara əməl etməyimizə də şərait yaradıblar”.
Rejissor deyir ki, evdən çölə çıxmırlar, spirtdən daimi istifadə edirlər: "Maskaya güvənmirəm. Bacardığım qədər insanlarla kontaktda olmur, kütləvi yerlərə getmirəm. Bizim ölkədə çox yaxşı tədbirlər görülüb”.

ATV telekanalında yayımlanan "Bir qadın” serialının baş rejissoru Şahin Qəhrəman deyir ki, artıq serialın çəkiliş prosesi bitib: "Biz artıq mövsümü bitirmişik. Martın əvvəli çəkilişlərimizi yekunlaşdırdıq. Serialın çəkilişlərinə avqustdan başlamışdıq, 160 seriya idi, onu da zamanında – 7 ay ərzində çəkib bitirdik. Yeni layihələrimiz isə virusun bitməsindən sonraya qalıb”.
Ş.Qəhrəman bildirir ki, virusla evdə mübarizə aparır: "Koronovirusun dünyanı necə cənginə aldığını sosial mediadan, televiziyadan izləyirik və məsələnin ciddiyyətindən xəbərdarıq”.

ARB telekanalında yayımlanan "Uçurum” serialınınquruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, koronavirusun yayılması xəbərlərindən sonra kütləvi tədbirlər təxirə salınsa da, televiziyalarda bayram çəkilişləri davam edirdi. Hazırda isə televiziyalarda nümayiş olunan serialların da çəkiliş prosesi dayandırılıb: "Məsələnin ciddiliyini nəzərə alaraq, biz də çəkilişlərə ara vermişik. Bu həftə sonuna qədər bundan sonra hansı rejimdə işləyib-işləməyəcəyimiz bəlli olacaq. Günlük serial olduğumuz üçün biz öncədən çəkilişlər edir, bir neçə həftənin bölümünü öncədən hazırlayırıq. Biz buna ehtiyat çəkilişi deyirik. Belə məqamlarda yeni bölümləri rahat şəkildə istifadə edirik. Serialımız ARB televiziyasında hər gün 21:00-da efirdədir”.

ARB telekanalında yayımlanan"Atılmışlar” və "Yad gəlin” seriallarının ssenaristi Pərviz Seyidli deyir ki, artıq serialın çəkilişləri bitib: "Seriallarımız indi efirdə getsə də, ssenarini yazıb bitirmişik, sürətli işləmişik. İki serialın ikisinin də finalını yazmışam. Mən də bir az narahat idim. Ancaq rejissorlar gücləndirilmiş iş rejimi ilə serialı bitiriblər. Həmin ərəfədə seriallar nümayiş olunsa da, öncədən planı doldurub vermişik”.

Qeyd edək ki, virusun yayılması ilə bağlı evdə oturan və çölə çıxmamağa çalışan aktyorlarımız üçün yarım iş günü hesablandığı üçün, onlarla işləyən şirkətlər çalışmadıqları günlərə görə ödəniş etməyəcəklər. Onların 99 faizi xidməti müqavilə ilə işlədikləri üçün aylıq qazanclarında ciddi azalma olacaq.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər