• çərşənbə, 24 Aprel, 05:47
  • Baku Bakı 14°C

Koronavirus müharibə elementi kimi

28.01.20 18:32 3590
Koronavirus müharibə elementi kimi
Ekspertlər virusun qəsdən, yaxud təbii olaraq yayıldığını söyləməkdə çətinlik çəkirlər

Son günlər ərzində Çində yayılan koronavirusun mənşəyi haqda müxtəlif fikirlər səsləndirilir. Çinin Wuhan şəhərində meydana çıxan virus sürətlə yayılmaqda davam edir. Virusa yoluxanların statistik göstəriciləri günbəgün artmaqdadır. Son məlumatlara görə virusdan ölənlərin sayı 106-ya yüksəlib, təxminən 1,3 min yeni infeksiyaya yoluxma hadisəsi qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səviyyədə yeni koronavirus infeksiyasıyla yoluxma riskinin qiymətləndirilməsini "orta” dərəcədən "yüksək” dərəcəyə kimi qaldırıb. Belə bir məqamda hər kəs virusun sürətlə digər ölkələrə yayılacağından qorxur və təşviş keçirir. Əksər ölkələr Çinə birbaşa aviareyslərini bağlayıb. Bu ölkələr arasında Azərbaycan da var. İstənilən halda, bu, dünya iqtisadiyyatının aparıcı güclərindən olan Çinə böyük zərbədir. Bir çoxları hesab edir ki, koronavirus məhz Çin iqtisadiyyatının zəiflədilməsi üçün bilərəkdən ortaya atılan bir plandır. Həmçinin, bunun əksinə iddialar da kifayət qədərdir. Məsələn, Dany Shoham adlı israilli bioloji silah mütəxəssisi hesab edir ki, koronavirus Çin tərəfindən bioloji silah proqramı olaraq istehsal edilib. Bəs görəsən reallıq nədir? Onlarla insanın ölümünə səbəb olan bu virusun yayılması təsadüfdürmü?
Mütəxəssis Üzeyir Cəfərov deyir ki,hələlik bu məsələ ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür: "Yəni dəqiq fikir bildirmək çox çətindir. Təsadüfi deyil ki, bu virus məhz Çində yayılıb. Dünyada əhalisinin sayı ən çox olan ölkə məhz Çindir. Bir sıra dövlətlər Çinlə iqtisadi müstəvidə müharibə aparır. Bu mənada virusun qəsdlə yayıldığı istisna edilmir. Amma dəqiq olaraq virusun necə və kim tərəfindən yayıldığı hələ də məlum deyil. Yəqin ki, laboratoriyalarda bu virus üzərində uzun illər plan hazırlanıb. İndi isə onun tətbiqinə start verilib. Çünki virusun yayılma sürəti güclüdür və qarşısını almaq mümkün deyil. Virusa yoluxanların sayı hər dəqiqə daha da artır. Hətta, təkcə Çində deyil, dünyanın bəzi ölkələrində də virus sürətlə yayılmaqdadır. Dünya mətbuatında hər gün müxtəlif fikirlər səsləndirilir. Bütün bunlar onu deməyə əsas verir ki, belə bir məqamda hər kəs diqqətli olmalıdır. Böyük dövlətlər virusun qarşısını almaqda çətinlik çəkirsə, vəziyyət həqiqətən də çox ciddidir. Azərbaycan kimi kiçik ölkələr daha diqqətli olmalıdır. Böyük dövlətlər açıq və ya gizli surətdə bir-biri ilə müharibə aparır. Bu mənada virusun məqsədyönlü şəkildə yayılmağı istisna edilmir. Koronavirus bu müharibənin bir elementi kimi qiymətləndirilə bilər. 20-ci əsrdə müxtəlif bakterioloji və kimyəvi silahlardan istifadə olunurdu. İndi texnologiya daha da inkişaf edib və artıq daha yeni metodlardan istifadə olunur. Dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinə hərtərəfli yardım etməyə hazırıq. Bütün bunlar müəyyən şübhələrə əsas verir. Yayılan virus Çin iqtisadiyyatına böyük zərbədir. İnsanlar hələ bu təhlükəni tam məsuliyyəti ilə dərk etmir. Amma vəziyyət gündən-günə təhlükəli hal almağa başlayır. Qeyd etdiyim kim, xüsusən Azərbaycan kimi kiçik ölkələr daha diqqətli olmağa məcburdur. Gömrük xidməti, Dövlət Sərhəd Xidmətinin əməkdaşları ayıq-sayıq olmalıdırlar. Təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir. Əgər bu virus Azərbaycana da yayılsa, qarşısını almaqda çox böyük çətinlik yaranacaq”.
Hərbi ekspert Azad İsazadə bildirdi ki, koronavirusun qəsdən, yaxud təbii olaraq yayıldığını söyləmək çətin məsələdir. Çünki hər iki ehtimal mümkündür: "Viruslar mutasiya olunaraq müxtəlif formaya düşə bilirlər. Təhlükəli olmayan virus öz formasını dəyişərək təhlükəli hal ala bilər. Hələlik koronavirusun necə və hansı formada yayıldığı bəlli deyil. Bunun təbii, yoxsa bilərəkdən yayıldığı haqda müxtəlif fikirlər səsləndirilir. Ola bilsin ki, bu, sadəcə bioloji bir prosesdir. İstənilən halda, hər kəs bu ərəfədə ehtiyatlı olmalıdır. Təşvişə düşmək lazım deyil. Virusun müxtəlif ölkələrə yayılması reallıqdır. Hansısa formada Azərbaycana da gəlib çıxa bilər. Hələlik Çin real statistik rəqəmləri gizlədir. Yəqin ki, problem daha böyük miqyasdadır. Buna görə də profilaktik tədbirlər həyata keçirilməlidir. Şübhəli hallarda mütləq həkimə müraciət edilməlidir. Yəqin ki, qısa müddətdə virusun müalicəsi tapılacaq. Amma hələlik sadəcə, profilaktik tədbirlərdən danışa bilərik. Tədbirlər planı əsasən iki istiqamətdə aparılarsa, daha effektiv olar. İlk növbədə təbliğat işi düzgün qaydada aparılmalıdır ki, insanlar yersiz təşvişə düşməsin. Məhz burada mətbuatın da üzərinə böyük iş düşür. İctimaiyyət dəqiq, düzgün, obyektiv formada məlumatlandırılmalıdır. Təhlükəli məqamlarda insanlar hara müraciət etmələrini bilməlidirlər. İkinci bir məqam isə ayıq-sayıq olmaqdır. Aidiyyatı qurumlar belə həssas məqamda daha diqqətli davranmalıdırlar. Əgər virusun əlamətləri hiss olunursa, dərhal peşəkarlara müraciət olunmalıdır. Virus Azərbaycana yayılarsa, qarşısını almaq mümkün olmayacaq. Ona görə də təhlükəsizlik tədbirlərini artırmaq lazımdır”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər