• cümə, 29 Mart, 06:33
  • Baku Bakı 5°C

“Koronavirus müayinəsi zamanı bu mütləq nəzərə alınmalıdır”

19.05.20 16:00 784
“Koronavirus müayinəsi zamanı bu mütləq nəzərə alınmalıdır”
"COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb".
Bu barədəAPA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Həmin faktorların biri barədə danışan N.Abdullayev bildirib ki, ürək əzələsinin ilkin olaraq virus nəticəsində iltihabı prosesə cəlb olunması barədə mətbuat və televiziya vasitəsi ilə kifayət qədər tövsiyələri olub: "Sadəcə, ürəklə bağlı onu əlavə etmək istəyərdim ki, son elmi tədqiqatlara görə, təxminən 20% xəstələr xəstəxanaya ürək infarktı simptomları ilə gəlirlər. Onlar aktiv virus daşıyıcılarıdırlar və bu virus ilkin olaraq ürək əzələsinin iltihabına səbəb olduğuna görə xəstələrdə belə simptomlar yaranır. Bunun da diaqnozunu daha dəqiq ürəyin maqnit rezonans tomoqrafiyası (MRT) ilə qoymaq olar. Vaxtında qoyulan diaqnoz Azərbaycanda belə simptomlarla gələn xəstələrdə olüm sayını azaldar”.
N.Abdullayevin sözlərinə görə, ağırlaşmalara səbəb olacaq yeni elmi məlumatlardan biri də COVID-19 virusunun qanın laxtalanma sisteminə təsiridir: "Virusun bu sistemə təsir mexanizmi hələ dəqiq öyrənilməsə də, düşünülən səbəblərdən biri damarların daxili qatlarının virus nəticəsində iltihablaşmasıdır. Laxtalanma sisteminə təsir nəticə etibarı ilə kiçik damarlarda və eləcə də böyük damarlarda tromb əmələ gəlməsinə səbəb olur. Bu tromblar da müxtəlif böyük damarları tutaraq, ölümcül təhlükə yaradırlar. Məsələn, ağciyər arteriyasına düşərək ağciyər infarktı, yaxud beyini qidalandıran damarlara düşərək beyin insultu yarada bilər ki, bunlar da ağır kliniki gedişlə, hətta ölümlə nəticələnə bilər. Burada həkimlərin diqqət etməli olduğu məqam ondan ibarətdir ki, bu xəstələrdə heç də həmişə tipik ağır ağciyər pnevmoniyasına rast gəlinmir”.
Nuran Abdullayev onu da bildirib ki, hazırda elmi arenada müzakirə olunan əsas mülahizələr bunlardır: "Daha öncədən damarlarında tromb olmuş insanların xüsusi risk qrupuna daxil olması;
Virusa yoluxmazdan öncə tromb əleyhinə dərman qəbul edən şəxslərin xəstəliyin ağır gedişindən sığortalanması”.
Daha bir maraqlı məqama diqqət çəkən N.Abdullayevin sözlərinə görə, artıq müxtəlif ölkələrin böyük elmi mərkəzlərində viruslu xəstələrin xəstəxanaya qəbulu zamanı kompüter tomoqrafiya metodunun standart protokolu ilə yanaşı, ağciyər arteriyalarının da kontrastlı müayinəsi aparılır: "Bu, xəstələrdə emboliyanın vaxtından tez diaqnozunun qoyulması və ağır kliniki gedişin, o cümlədən ölümün qarşısının alınması məqsədi daşıyır. Azərbaycanda da xəstələrin qiymətləndirilməsi zamanı bu müayinə metodunun nəzərə alınması vacibdir”.
banner

Oxşar Xəbərlər