• cümə axşamı, 25 aprel, 08:28
  • Baku Bakı 14°C

Koronavirus ölkənin kənd təsərrüfatına necə təsir edəcək?

02.04.20 18:52 1532
Koronavirus ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Pandemiyanın təsadüf etdiyi dövr cəhətdən kənd təsərrüfatının bəxti gətirib, ancaq...
Hazırda bütün dünyanı cənginə alan koronavirus pandemiyasının təhlükəsi təkcə sağlamlıqla bağlı deyil. Eyni zamanda pandemiya, yayıldığı ölkələrin bir çox sahələrində mənfi təsirlərini göstərməkdədir. Onlardan biri də kənd təsərrüfatıdır. Maraqlıdır, Azərbaycanın kənd təsərrüfatında indiki dövr üçün pandemiyanın mənfi təsirləri varmı, yaxud belə hallar ola bilərmi?

May ayının sonuna qədər kütləvilik zəruri olmayacaq

Aqrar sahə üzrə ekspert Nicat Nəsirli deyir ki, pandemiyanın kənd təsərrüfatına təsir etməyəcəyini demək olmaz: "Pandemiya ilə mübarizədə əsas tədbirlərdən biri insanların hərəkətliliyini aşağı salmaq, sosial məsafəni saxlamaqdır. Aqrar sektorda isə hər iki faktor var. Məsələn, bir hektar pambıq sahəsində təxminən 180 nəfərə yaxın adam eyni vaxtda iş apara bilir. Bu, böyük kütləvi aktivlik tələb edən sahədir. Kənd təsərrüfatında risklər daha çoxdur. Biz bu gün desək ki, təsir etməyəcək, yalan olar. Amma təsiri minimallaşdırmaq üçün dünyada və bizdə tətbiq olunan metodlar var”.
N.Nəsirlinin sözlərinə görə, pandemiyanın təsadüf etdiyi dövr cəhətdən kənd təsərrüfatının bəxti gətirib: "Pandemiya elə dövrə təsadüf edib ki, payız əkinləri çoxdan başa çatıb. İndi yazlıq bitkilərə aqrotexniki qulluq dövrüdür, bu isə sırf texnika ilə gedən prosedir, kütləvi fəaliyyətə ehtiyac yoxdur. Bir də yazlıq bitkilərin əkin dövrüdür. Bu mənada xoşbəxtlikdir ki, kütləvi fəaliyyətə ehtiyac yoxdur. May ayının sonuna qədər kütləvilik zəruri olmayacaq”.
Ekspert deyir ki, indiki halda kənd təsərrüfatında kütləvilik tələb edən xidmətlər var və onların minimuma endirilməsi istiqamətində müəyyən işlər görülməlidir: "Fermerlərin ehtiyacı olan bəzi xidmətlər kütləvilik tələb edir. Texnikaya tələbat, gübrələr üçün pestisid almaq, toxum axtarmaq və s. Bunları almaq üçün fermerlər bir yerə yığışırlar. Elektron xidmətlər lazımdır. Bir çox xidmətlər məsafədən idarə olunmalıdır. Azərbaycanın "Elektron kənd təsərrüfatı” sistemi bu işləri məsafədən idarə etməyə imkan verir. Fermer bu sistem üzərindən öz xidmətlərini sifariş edib ala bilir.
İkinci məsələ səyyar xidmətdir. Keçən ildən ölkəmizdə bunun icrasına başlanıb. Bu, daha da genişləndirilməli və şaxələndirilməlidir. Məsələn, hazırkı dövrdə fermerlərin, əsasən, gübrəyə ehtiyacı var. Gübrə alan zaman 100-200 nəfərin bir yerə yığışmaması üçün səyyar gübrə satışı sistemi keçən ildən qurulub, ancaq bunu daha da genişləndirmək lazımdır. Keçən il rayon mərkəzində satılırdı, artıq hər kənddə, hər yaşayış məntəqəsində, hətta texniki imkanı güclənidirib sahələrdə satışını etmək lazımdır ki, insanlar kütləvi şəkildə harasa getməsinlər”.
Ərzaq qıtlığı pandemiya effekti yarada bilər

N.Nəsirli deyir ki, pandemiya dövründə əsas məsələ insanların sağlamlığının qorunması, yoluxmanın qarşısının alınmasıdır. Ancaq digər tərəfdən, pandemiya dövrüdür və insanların ərzaq məhsullarına tələbatı ödənməlidir: "Bu dövrdə ərzaq məhsulları ilə bağlı qıtlıq olsa, qiymət bahalaşsa, elə pandemiyanın yaratdığı effekti yaradacaq. Heç bir şəkildə kənd təsərrüfatı fəaliyyəti ikinci plana keçə bilməz. Ola bilər ki pandemiya dövrü uzun çəksin. Çünki proqnozlar da bədbindir. Hələ ki, biz aprelin 20-nə qədər müddət üçün danışırıq, amma bir az da kəskinləşsə, heç şübhəsiz ki, ərzaq təhlükəsizliyi məsələsi ortaya çıxacaq. Bu mənada, pandemiya dövrünün də bir proqramı, yanaşmaları, təlimatları olmalıdır. Ən optimal varinat odur ki, kənd təsərrüfatında yanaşmalar dəyişsin, yerli istehsal gücləndirilsin ki, resurslar ölkənin özündə olsun. Hökmən kənd təsərrüfatında fasiləsizlik təmin edilməli, hətta yeni istehsal sahələri olmalıdır. O məhsulları ki, xaricdən alırıq, onların təminatı ilə bağlı risklər getdikcə artır. Şübhəsiz ki, həmin məhsulları digər ölkələr bizə verməyəcəklər, yaxud idxalında müəyyən fasilələr yaranacaq. Bütün dövlətlər çalışacaqlar ki, əsasən, öz daxili ərzaq təhlükəsizliklərini təmin etsinlər. Hətta rezervləri zəngin olsa belə, verməyəcək. Biz bu hallarla qarşılaşacağıq. Yığım dövrü qarşıdadır deyə, bu təsirləri hələ hiss etmirik.
İxrac sturukturumuzda birinci yerdə heyvan və heyvan məhsulları durur. Azərbaycanın torpaq-iqlim şəraiti on milyon əhalini qırmızı ət və heyvani qidalarla təmin etməyə imkan verir. Qarabaşaq, soya, noxud, darı və s. təxminən 11 bitkini demək olar ki, yüz faiz xarici ölkədən alırıq. Bu məhsullarla bağlı yerli istehsal çox aşağı səviyyədədir. 90-100 günə yetişən məhsullardır və onların da Azərbaycanda əkin sahələrini genişləndirmək olar”.
İyun ayının əvvəlində isə kənd təsərrüfatında yığım və biçin prosesi başlayacaq ki, burda kütləvilik zəruridir. N.Nəsirli qeyd etdi ki, buna da hazır olmalıyıq: "100 hektarı bir-iki nəfər biçə bilməz, çox adamın iştirakı lazım gələcək. Bu zaman isə təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Sahəyə dezinfeksiya materialları qoyulmalı, qoruyucu vasitələrdən istifadələrlə təmin edilməlidir. Bizim təsərrüfat sahələrində ayaqyolu yoxdur. Havalar isinəndə işləyənlər tez yorulurlar, tez-tez fasilə verirlər və bu zaman da bir yerə yığışırlar. Nahar vaxtı 100 adam bir yerə yığışır, bu, təhlükəlidir. Pandemiya dövrünün tələblərinə uyğun olaraq həm fermerlər, həm yerli icra orqanları, polislər biçin dövrü başlayanda buna çox ciddi nəzarət etməlidirlər”.

İndiki dövr üçün mənfi təsiri yoxdur

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirdi ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi elan olunmasının kənd təsərrüfatına indiki dövr üçün mənfi təsiri yoxdur: "Hazırda kənd təsərrüfatının aktiv fazası deyil. Payızlıq əkinlər oktyabr ayından aparılıb. Yazlıq əkinlər də aprelin 10-dan sonra başlanacaq. Yazlıq əkinlər üçün lazım olan gübrə, toxum və şitil təminatı ilin əvvəlindən formalaşdırılıb. Hələ karantin elan olunmamış dövrdən əvvəl, istər, nazirlik, istər də təchizatçılar tərəfindən yazlıq əkinlərə hazırlıq prosesi aparılıb. Yaxınlarda pambıq səpinləri həyata keçiriləcək. Bununla bağlı pambıq şirkətləri ilə əksər fermerlər arasında müqavilələr fevral ayının sonundan bağlanıb. Digər proseslər də davam edir. Pambıq səpinində fermerlərin toxum, gübrə və dərmanların təmin olunması şirkətlər tərəfindən müqavilə əsasında həyata keçirilir. Nazirlik həmin pambıq şirkətləri ilə mütəmadi olaraq əlaqə saxlayır. Hazırda həmin şirkətlərin də toxum, gübrə, dərman məsələsində heç bir problemi yoxdur”.
V.Hüseynovun sözlərinə görə, fermerləri narahat edən məsələ texnikanın bir rayondan digərinə daşınması ilə bağlı idi, ancaq hazırda elə bir maneə də yoxdur: "Əvvəlki illərin təcrübəsində belə bir fakt var ki, bir rayonda fermerin hansısa texnikaya ehtiyacı olanda, onu digər rayonun arqoservisindən gətirə bilirdi. İndiki halda ölkənin rayon və şəhərləri arasında nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı qaydalar tətbiq olunur. Fermerləri belə sual düşündürür: "Məsələn, Ağsuda olan fermer Göyçaydan o texnikanı gətirə bilərmi?” Nazirlər Kabinetinin qərarında hərəkətinə məhdudiyyət qoyulmayan nəqliyyat vasitələri siyahısına kənd təsərrüfatı texnikaları da aid edilib. Yəni kənd təsərrüfatı təyinatlı texnikanın ölkə ərazisində aqrar fəaliyyətlə bağlı sərbəst fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb”.

Digər ölkələrdə təsir edirsə...

V.Hüseynov deyir ki, hazırda karantin normalarına ciddi şəkildə riayət etməklə, bölgələrdə səyyar gübrə satışları həyata keçirilir: "Ara məsafənin saxlanması, satış yerlərinin tez-tez dezinfeksiya edilməsi, maska və qoruyucu vasitələrdən istifadə etməklə satış həyata keçirilir. Hazırda yazlıq əkinlərə müəyyənləşmiş gübrə tələbatının (əvvəlki illərin təcrübəsində əsasən o tələbatı təxmini bilirik) böyük qismi ödənilib”.
Nazirliyin sözçüsü əkin sahələrində karantin rejiminə riayət olunması məsələsinə də toxundu: "Karantin qaydalarına görə, 10 nəfərdən artıq şəxsin bir yerdə toplaşması qadağandır. Hazırda yazlıq əkinə hazırlıq prosesi gedir. Əkin-səpin prosesində bir-iki nəfər iştirak edir. Burda kütləvilik yoxdur. Kütləvilik yalnız çoxillik əkinlərdə ola bilər. Bu da təxminən may ayının sonu iyunun əvvəllərinə təsadüf edir. Gələcəkdə necə təsir göstərəcəyini zaman göstərəcək. Çünki proseslər günbəgün dəyişir”.
V.Hüseynov inkişaf etmiş dövlətlərdə pandemiyanın kənd təsərrüfatı fəaliyyətinə mənfi təsir etdiyi halda, Azərbaycanda belə halın yaşanmamasının səbəbindən də danışdı: "Problem yaşayan ölkələr var, bu, faktdır. Azərbaycanda da eyni zərər ola bilərmi? Yox. Çünki İtaliya, İspaniya, Portuqaliyada kənd təsəsrrüfatının işçi qüvvəsinin böyük əskəriyyəti xarici ölkələrdən gətirilən ucuz işçilərdir. Karantin rejimi ilə əlaqədar xaricdən ucuz qiymətə bu cür içiləri gətirə bilmirlər. O baxımdan, belə problem yaranır. Azərbaycanda isə kənd təsərrüfatına xarici ölkələrdən işçi cəlb olunmur. Hər kəs Azərbaycanda, öz rayonundadır. Nazirlər Kabinetinin də karantin rejimi ilə əlaqədar əlavə tədbirlər haqqında son qərarında da konkret göstərilib ki, icazə verilən fəaliyyətlər sırasında fermerlərin təsərrüfat fəaliyyəti var. Ölkə başçısı da çıxışında qeyd etdi ki, kənd təsərrüfatı ilə bağlı idxaldan asılığı azaltmaq üçün bu sektorun inkişafına, daha da genişləndirilməsinə ehtiyac var. İşçi qüvvəsi baxımından da problem yoxdur”.
V.Hüseynov əlavə etdi ki, nazirlik, fermerlərlə mütəmadi olaraq əlaqə saxlayır: "Dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə bildirir ki, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı hər hansı problem yaşanarsa, bununla bağlı aqrar inkişaf mərkəzlərinə, nazirliyin 1652 çağrı mərəzinə müraciət etsinlər. Bu müraciətləri operativ şəkildə cavablandırırıq, problem varsa, həll etməyə çalışırıq. Nazirlik, işlərini karantin rejiminin tələblərinə uyğun olaraq müvafiq orqanlarla koordinasiya edilimiş şəkildə həyata keçirir”.
Aygün Əhmədova
banner

Oxşar Xəbərlər