Koronaviris dünyada - Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdəki çətinliklərdən danışırlar
06.04.20 16:41
1524
Karantin günlərində xaricdə yaşayan, dünyanın müxtəlif ölkələrində
ölkəmizi təmsil edən həmyerlilərimizlə əlaqə saxladıq. Onlardan yaşadıqları
ölkələrdə koronavirusun yaratdığı problemlər, insanların virusla mübarizə üsulu
barədə soruşduq. Demək olar ki, onların hər biri Azərbaycanın bu məsələdə daha
tez hərəkət etdiyini və önləyici tədbirlər gördüyünü qeyd etdilər. Finlandiyada üç
azərbaycanlı ailəsi...
Avropa Azərbaycanlıları Konqresinin
baş katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oqtay dünyanın hər yerində yayılmış koronavirus
pandemiyasının Avropa ölkələrində də sürətlə yayıldığını və COVID-19 virusunun
Finlandiyadan da yan keçmədiyini bildirdi: "Martın 12-dən
Finlandiyada həyəcan təbili çalındı. Öncə
koronavirus pandemiyasından qorunmaq üçün böyük və hətta kiçik həcmli
toplantıların, tədbirlərin may ayının sonuna qədər ləğv olunmasının vacibliyi vurğulandı.
Səyahətlərin təxirə salınması istənildi. Zaman keçdikcə vəziyyətin ciddiliyi
nəzərə alınaraq məktəblərin bağlanılmasına qərar verildi, sərhədlər qapandı. Fin
hökuməti xaricdə olan vətəndaşlarının ölkəyə qayıtması üçün bütün səylərini
həyata keçirdi. Bütün səhiyyə işçiləri ciddi iş rejimində işləməyə başladı.
Ölkənin baş naziri müəssisələri, icmaları və vətəndaşları koronavirusun
yaratdığı böhranı azaltmaq üçün əllərindən gələni etməyə səslədi. Finlandiyada
restoranlar mayın sonuna qədər bağlandı. Parlament, cümə axşamı hökumətin
bununla bağlı qərarını təsdiqlədi. Ölkədə sentyabr ayına qədər işsizlərin
sayının iki dəfə artacağı gözlənilir. İqtisadi böhran qaçılmazdır. Ölkə
daxilində şəhərlərarası sərhədləri bağlayaraq, paytaxt və ona yaxın şəhərlərə
giriş qadağan olundu. Hazırda Finlandiyada 1927 nəfər virusa yoluxan var. 20
ölüm faktı qeydə alınıb. 76 nəfər reanimasiyada süni nəfəs aparatına qoşulmuş
haldadır. Xəstəxanalarda yalnız tənəffüs almaqda çətinlik çəkən, yüksək
hərarəti olan xəstələr qəbul edilir. COVID-19 virusu aşkarlanmış digər xəstələr
isə evlərdə karantində qalmaq şərti ilə həkim nəzarətində olurlar".
A.Oqtay qeyd etdi ki, Finlandiya Azərbaycanlıları Assosiasiyası bu
ölkədə yaşayan soydaşlarımıza diqqətli olmağı, gigiyenik və digər tələblərə
maksimum şəkildə əməl etməyi tövsiyə edib: "Vətəndaşlarımıza, hər hansı
bir problem və ya çətinliklə üzləşdikləri halda bizimlə əlaqə yaratmalarını
xahiş etmişik. İmkanlarımız daxilində hər birinə yardım göstərməyə hazır
olduğumuzu bildirmişik. Onu da qeyd etmək istəyirəm ki, üç azərbaycanlı ailəsi
bu ərəfədə xarici ölkələrdən səyahətdən qayıtdıqları üçün evlərində 14 gün
karantində qalmalı oldular. Bu müddət ərzində həmin ailələrlə mütəmadi olaraq
əlaqə saxlayır, lazım olan köməkliyi göstərməyə çalışmışıq. Eyni zamanda
Azərbaycan Respublikasının İsveç Krallığında yerləşən səfirliyi İsveç, Norveç
və Finlandiyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının
vətəndaşlarına müraciət etdi ki, Covid-19 virusuna yoluxma halları baş verdiyi
təqdirdə, səfirliyə məlumat versinlər. Həmçinin Finlandiyada səyahətdə olan
həmvətənlilərimizin nəzərinə çatdırdıq ki, koronavirusun yayılması ilə bağlı
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində operativ
qabaqlayıcı tədbirlər görülüb. Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən
mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə
hesablarına, elektron poçt ünvanına, həmçinin digər elektron ünvanlarına
müraciət etsinlər. Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə
Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır".
Avropa Azərbaycanlıları konqresinin baş katibi Azərbaycandavirusu qarşı mübarizənin operativ aparıldığını bildirdi: "Məhz
bu səbəbdən də Azərbaycanda yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən
dəfələrlə azdır. Biz də cənab Prezident İlham Əliyevin "Evd qal" çağırışına
qoşularaq xalqımıza müraciət edirik. Əzizlərimiz, bilin ki, biz qürbətdə
yaşayan azərbaycanlılar vətənimizin qüdrəti, varlığı, inkişafı, sizlərin
sağlam, gümrah olması ilə qürrələnir, rahat oluruq. Qüdrətli dövlət üçün sağlam
xalq, millət gərəkdir. Dövlət rəhbərimiz bunun üçün əlindən gələni edir. Evdə
qalaq ki, dövlətimizin qüdrəti sarsılmasın".
ABŞ-da 4 azərbaycanlı virusa
yoluxub
Azərbaycan-Amerika Qadınlar
Cəmiyyətinin prezidenti Minəvvər
Vahabova bildirdi ki, Yer kürəsi belə bir pandemiya ilə üzləşəcəyinə hazır
olmadığından, insanlar arasında qorxu, inamsızlıq və ümidsizlik müşahidə olunur:
"Bu pandemiyanın, hələ üstəlik, təbiətin belə bir gözəl zamanında, müxtəlif
dindən olan insanların bayramları qeyd etməyə hazırlaşdığı bir vaxta təsadüf
etməsi daha da xoşagəlməz bir haldır. Bizim yaşadığımız ABŞ-da vəziyyət,
bildiyiniz kimi ağır olaraq qalır. Hazırda Nyu-York ştatı bu virusa
yoluxanların sayına görə birinci yerdədir. Bunun səbəbi insanların çox sıx
yaşaması, turistlərin ən çox gəldiyi ştat olması və immiqrantların sayının çox
olmasıdır. Hazırda Nyu-Yorkun bütün hospitalları xəstələrlə doludur və artıq
yeni xəstələr qəbul edilmir. Hətta qəbul olunan xəstələr belə bu virusla demək
olar ki, təkbaşına mübarizə aparırlar. Oksigen aparatları çatışmır, tibb
işçiləri və həkimlər demək olar ki, gücsüzdür. Xəstələri yoxlamaq üçün testlər
çatışmır. Nyu-Yorkun qubernatoru hər gün brifinq keçirərək ştatdakı və ümumilikdə
ABŞ-dakı vəziyyət haqda xalqa məlumat verir. Təəssüf ki, bu məlumatlar heç də
ürəkaçan deyil. Dəniz Donanmasının hərbi hospital gəmisi artıq Nyu-York
sahilinə yaxınlaşaraq xəstələri qəbul etməyə hazırdır. Gəmi-hospitalda 1000
çarpayı və 1200 tibbi personal var. Hər gün koronavirusa yoluxan xəstələrin
sayı artır".
M.Vahabova deyir ki, Amerikada insanları evdə oturmağa, ciddi zərurət
olmadan çölə çıxmamağa və təmasda olmamağa səsləyən çağırışlar səslənir:
"Bir çox iş yerləri bağlıdır və yalnız həyat üçün vacib olan obyektlər
işləyir. Bunlar hospitallar, ərzaq mağazaları, apteklər və evlərə yemək
çatdırılması ilə məşğul olan iaşə obyektləridir. Məktəb və universitetlər
onlayn təhsilə keçiblər. Məktəbyaşlı uşaqlara və ehtiyacı olan insanlara gündə
iki dəfə yemək paylanması üçün xüsusi məkanlar fəaliyyət göstərir. Metro və
avtobuslar isə öz qaydası ilə çalışırlar. Azərbaycan icmasının
nümayəndələrindən, məndə olan məlumata görə 4 nəfər bu virusa yoluxub. Onlardan
3 nəfəri Nyu-Yorkun Bruklin bölgəsində, biri isə Vaşinqtonda yaşayır.
Xəstələrdən üçünün vəziyyəti artıq qənaətbəxşdir, birinin vəziyyəti isə təəssüf
ki, ağır olaraq qalır. ABŞ-da Azərbaycan Respublikasının səfirliyi
vətəndaşlarımızın vəziyyəti ilə mütəmadi olaraq maraqlanır və bu səbəblə də
səfirlikdə qaynar xətt fəaliyyət göstərir. Azərbaycan Respublikası Diasporla İş
Üzrə Dövlət Komitəsində də qaynar xətt fəaliyyətdədir. Bütün bunlar, əlbəttə
ki, təqdirəlayiqdir. Azərbaycanda da bu pandemiya ilə mübarizədə çox geniş
tədbirlər görülməkdədir. Hörmətli prezidentimiz cənab İlham Əliyev və Birinci
Vitse prezident Mehriban xanım Əliyeva xalqımızın qayğısına qalmaq məqsədilə
bir sıra tədbirlər həyata keçirirlər. "Evdə qal, cəmiyyəti qoru."
"Evdə qal, yayılmanın qarşısını al, həyatını qoru" kimi şüarlar insanları
evdə qalmağa, həm özlərini, həm də yaxınlarını bu virusun yayılmasından
qorumağa səsləyir. Əlbəttə, vəziyyət ürəkaçan deyil, ancaq biz nikbin olmalı və
ümid etməliyik ki, yaxın zamanda koronavirus adlı bəlanın əlacı tapılacaq və
insanlar normal həyatlarına dönəcəklər. Ümid ən sonda ölür". 1200 avrodan 7000 avroya
qədər cərimə
Polşa Azərbaycanlıları Şurasının
rəhbəri Fərid Cəfərli "Kaspi"yə açıqlamasında bu ölkədə 3149
nəfərin COVID-19 virusuna yoluxduğunu, onlardan 59 nəfərin dünyasını dəyişdiyini
bildirdi.
F.Cəfərli bizimlə söhbətində qeyd etdi ki, Polşada fövqəladə vəziyyət
elan edilib, məktəb, bağça və əksər iş
yerləri fəaliyyətini dayandırıb, hökumət sərhədləri bağlayıb: "Elə bir
vəziyyət yaranıb ki, Avropa Birliyi ölkələri ilə də sərhədlər bağlanılıb. Yəni
təkcə quru yolu ilə deyil, həmçinin, hava və dəniz sərnişindaşımalarında da
əlaqə tamamilə dayandırılıb. Yalnız xüsusi hallarda dəmiryolu vasitəsilə Avropa
Birliyi ölkələrinə gediş-gəliş mümkündür. Bu halda da, həmin şəxs 14 gün karantinə
alınır. Əgər o şəxsdə xəstəliyin əlamətləri aşkarlanmayıbsa belə, o, 14 gün
ərzində karantində qalmalıdır və bu müddət ərzində polis hər gün müxtəlif
saatlarda həmin şəxsə baş çəkir. Aprelin ikisindən başlayaraq Varşava şəhərinin
bütün küçələri, ictimai yerlər ozonlu su ilə dezinfeksiya edilir. Bu proses mütəmadi olaraq hər gün saat
22:00-dan 06:00-dək davam edir. Bu saat aralığının seçilməsinin başlıca məqsədi
həmin vaxt küçələrdə demək olar ki, heç kimin olmamasıdır. 1 aprel tarixindən
etibarən Varşavada supermarketlərdə təxminən 1-1,5 saatlıq böyük növbələr
yaranır. Bunun səbəbi ərzaq, qida və digər gündəlik tələbat mallarının qıtlığı
deyil. Həmin tarixdə yeni qanun qüvvəyə minib. Bu qanuna əsasən,
supermarketlərdə 08:00-12:00 aralığında ilk növbədə yaşlı adamlar alış-veriş
edə bilər və ən azı 2 metr məsafə gözlənilməlidir. Varşava şəhərinin meri
tərəfindən yeni proqram hazırlanıb. Bu proqrama əsasən, 1 aprel tarixindən
etibarən könüllülər, dövlət qurumlarının və sosial işlərlə məşğul olan
qurumların əməkdaşları öz rayonlarında yaşayan yaşlı şəxslərə həm sosial yardım
edirlər, həm də onların hər hansı bir ehtiyacı yarandıqda, qida və ya gündəlik
tələbat mallarını alıb çatdırırlar. Nəzərə alsaq ki, Polşa Avropanın ən katolik
ölkəsidir, Pasxa bayramı yaxınlaşdığı üçün 7 aprel tarixindən etibarən
supermarketlər bayram ərəfəsində 24 saat fəaliyyət göstərəcək. Qanuna əsasən,
karantin müddətində 2 nəfərdən artıq qrup halında gəzməyə icazə verilmir. Hər
kəs yalnız yaşadığı ərazidə hərəkət edə bilər və aptek və marketlərə getmək
üçün evdən çıxmaq olar. Qeyd etdiklərimdən başqa, digər ticarət obyektlərinin
fəaliyyəti dayandırılmışdır. Hotel, hostel, dərzi, bərbər və s. bu siyahıya
daxil olan obyektləri nəzərdə tuturam. Əgər 1 mağazada 1 kassa aparatı varsa, o
mağazada 3 nəfərdən artıq müştəri ola bilməz. Cərimələrə gəldikdə isə, karantin
rejiminin pozulmasına görə 5000 zlotdan 30000 zlota qədər cərimə müəyyən
edilib. Bu da təxminən 1200 avrodan 7000 avroya qədərdir".