• şənbə, 27 Aprel, 03:52
  • Baku Bakı 14°C

Koreyalıların İngiltərədəki fəxri - Portret

02.12.17 10:00 3889
Koreyalıların İngiltərədəki fəxri - Portret
Futbol üzrə dünya çempionatı ən çox sevilən idman yarışlarındandır. Hər dəfə milyonlarla izləyici 4 ildən bir keçirilən bu möhtəşəm idman tədbirinə köklənir. Hətta futbolla maraqlanmayanlar belə, axın istiqamətində üzərək, özləri də bilmədən bu yarışın izləyicisinə çevrilirlər. Azarkeşlərə bu turniri sevdirən əsas xüsusiyyətlərdən biri də, burda Avropa və Cənubi Amerikanın nəhəng futbol milliləri ilə yanaşı, Afrika, Uzaq Şərq, Avstraliya kimi bizə bir xeyli uzaq olan bölgələri təmsil edən ölkələrin yığmalarının da yer almasıdır.
Bu bölgələrin milliləri mundiallarda heç vaxt çempionluğa oynamasalar da, öz çıxışları ilə dördilliyin ən nəhəng futbol turnirlərinə əlavə rəng qatırlar. Futbol azarkeşləri məhz dünya çempionatlarında 4 il ərzində gözdən uzaqda olan bu yığmaların oyunlarını izləmək imkanı əldə edə bilirlər. Bu millilər dünya çempionatının favoritlərindən hesab edilməsə də, hərdən sensasiya etməyi bacaranlar da var. Elə 2002-ci ildə Cənubi Koreya millisinin bacardığı kimi. Koreyalılar Yaponiya ilə birgə təşkil etdiyi mundialda İtaliya, İspaniya kimi dünya futbolunun nəhənglərini mübarizədən kənarlaşdırıb, yarımfinala adlamaqladünya futbol ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdü. Cənubi Koreya kimi yığmalar hər nə qədər futbol izləyicilərinə yad olsa da, bu cür millilərin də heyətində tanış simalara rast gəlmək mümkündür. Bu yığmaların heyətində az da olsa, Avropanın əsas liqalarının iddialı klublarında top qovan futbolçular yer alır. Elə məhz bu oyunçular öz yığmasının "flaqman”ı, əsas qüvvəsi hesab edilir. Cənubi Koreya millisinin də bu cəhətdən bəxti gətirib. Bu ölkənin millisinin heyəti ilə tanış olan sıravi futbol azarkeşinə, yəqin ki, burdakı qəliz adların bir çoxu yad gələcək. Ancaq Honq-Min Son adı yəqin ki, bir çox futbol azarkeşinə, əsasən də, İngiltərə futbolunun həvəskarlarına yaxşı tanış olacaq. Son bir neçə ildə "Tottenhem”in heyətində Premyer Liqadakı çıxışı ilə diqqət mərkəzinə düşən Son, öz yığmasının ən məşhur futbolçusudur. Bu yazıda sizə London təmsilçisinin və Cənubi Koreya yığmasının vingeri Son Honq-Mindən bəhs edəcəyik.

Yeni Zelandiyada keçən uşaqlıq, vətənə qayıdış
Son Honq-Min 1992-ci il iyulun 8-də Cənubi Koreyanın Çunçeon şəhərində dünyaya gəlib. Onun valideynləri səyahət etməyi sevib. Təsadüfi deyil ki, balaca Honq məhz buna görə uşaqlıq illərinin bir qismini ölkə xaricində keçirməli olub. Onun cəmi 3 yaşı olanda ailəsi Yeni Zelandiyaya köçüb. Honq-Min məktəbə məhz burda getməyə başlayıb. O, yerli ingilis dili və ədəbiyyatı təmayüllü məktəbdə təhsil almağa başlayıb. 9 yaşında isə ailəsi ilə birgə vətənə - Cənubi Koreyaya qayıdıb. Honq-Minə futbola həvəs atasından, Vonq-Canq Sondan keçib. Belə ki, ata Son futbolçu olub, hətta Cənubi Koreya millisində bir oyun da keçirib. Maraqlıdır ki, Honq-Minin atası hazırda onun "Tottenhem”də baş məşqçisi olan Maurisio Poçettino ilə dost olub.
"Hamburq”un diqqətini çəkən topdaşıyan
Sonun uşaq vaxtından futbola olan həvəsi "Seul” akademiyasına yazılması ilə nəticələnib. Honq-Min 2008-ci ildə bu komandada çıxış edib. O, bu klubun əsas komandasının oyunlarında topdaşıyan kimi də iştirak edirdi. Ancaq çox çəkmir ki, Son futbol skautlarının diqqətini cəlb edir. 2008-ci ildə ona Almaniyanın "Hamburq” klubu "elçi düşür”. Bundesliqada çıxış edən klubun skautları Sonun gələcək vəd etdiyini düşünüb, onu klub akademiyasına cəlb edirlər. O isə burda özünü doğrultmağı bacarır. Cəmi iki il sonra koreyalı futbolçu klubun əsas komandasına cəlb edilir. Son burda da öz oyunu ilə "dinozavrlar”ın məşqçilər korpusunun etimadını qazanır. O, 8-i əsas heyətdə olmaqla, cəmi 13 oyunda şans qazanıb, 3 qola imza atır. 18 yaşlı gənc üçün heç də pis nəticə deyil. Növbəti mövsümlərdə isə o, potensialının daha artığına imkan verdiyini göstərir. 2011/12 mövsümündə 27 oyunda 5 qol vuran Son, 2012/13 mövsümündə "Hamburq”un əvəzedilməz üzvünə çevrilir. O, 31-i əsas heyətdə olmaqla, cəmi 33 matçda şans qazanır, 12 qol vurur.

"Good job my Son”
"Hamburq”dakı parlaq çıxışı onu başqa klubların da diqqət mərkəzinə salır. "Bayer” 2013-cü ildə gənc koreyalını heyətinə cəlb edir. Burda isə o, nəinki Bundesliqada, həm də, Çempionlar Liqasında fərqlənmək bacarığını nümayiş etdirir. Qitənin ən nüfuzlu klub turnirinin 2014/15 mövsümündə şans qazandığı 10 oyunda 5 qol vuran Son, İngiltərənin "Tottenhem” klubunun diqqətini cəlb edir. O, 2015/16 mövsümündə "Bayer”də cəmi 1 oyun keçirdikdən sonra London təmsilçisinə transfer olunur.

Son qısa müddətdə atasının dostu olmuş baş məşqçi Maurisio Poçettinonun etimadını qazanır. O, hotspurluların heyətində keçirdiyi ilk mövsümdə şans qazandığı 28 oyunda 4 qol vurur. Son "Tottenhem”in heyətində Avropa Liqasında da fərqlənir. Koreyalı qitənin ikinci dərəcəli klub turnirində şans qazandığı 7 oyunda 3 qola imza atır. Avroliqadan söz düşmüşkən, 2015/16 mövsümündə "Tottenhem”lə bir qrupda təmsilçimiz "Qarabağ” da yer almışdı. Ağdam klubu ilə London təmsilçisi arasında "Vayt Hart Leyn” stadionunda baş tutan görüşün taleyini məhz Son həll etmişdi. Belə ki, koreyalı komandasının 3:1 hesablı qələbəsinə 2 qolla töhfə vermişdi. Oyundan sonra yerli qəzetlərdən biri manşetə matçla bağlı maraqlı bir başlıq çıxardı - "Good job my Son” ("Yaxşı iş idi oğlum” - ingiliscə "son” "oğul” mənasını verir).

Sonrakı mövsümlərdə isə koreyalı "Tottenhem”in əsas üzvünə çevrildi.


Rekordçu
Son həm də rekordçudur. Belə ki, onun cəmi 25 yaşı olsa da, bir neçə rekord qırmağa nail olub. O, ilk rekorduna "Hamburq”da imza atıb. Son "dinozavrlar”ın heyətində Bundesliqada "Köln”ün qapısına yol tapmaqla, Manfred Kaltsın uzunmüddətli rekorduna son qoyaraq, bu klubun heyətində fərqlənən ən gənc futbolçu oldu. 2013-cü ildə isə "Bayer”in tarixinə düşür. "Hamburq”dan Leverkuzen təmsilçisinə 10 milyon avro qarşılığında transfer olunan koreyalı, "asprinlər”in ən bahalı transferi oldu.

Cəmi iki il sonra - 2015-ci ildə Son növbəti rekorda imza atdı. "Bayer”dən "Tottenhem”ə 22 milyon funt-sterlinq (30 milyon avro) qarşılığında transfer olunan Honq-Min, futbol tarixinin ən bahalı asiyalı futbolçusu ünvanına yiyələnir. O, bununla, əfsanəvi yapon futbolçu Hidetoşi Nakatanın 14 illik rekordunu qırır. Nakata 2001-ci ildə "Roma”dan "Parma”ya 25 milyon avro qarşılığında transfer olunmuşdu.

Sonun hələ ki, son rekordu bu ilə təsadüf edir. Noyabrın 5-də Premyer Liqada "Kristal Pelas”la matçda (1:0) komandasına qələbə qazandıran qola imza atan Honq-Min, bu çempionatdakı ümumi qollarının sayını 20-yə çatdırdı. Bununla o, vaxtilə "Mançester Yunayted”in heyətində çıxış etmiş həmyerlisi Park Ji-Sunqun rekordunu qıraraq, Premyer Liqada ən çox qol vurmuş asiyalı oldu. Bu, hələ ki, onun son rekordudur. Ancaq bu gedişlə, koreyalı İngiltərədə hələ çox rekordlara imza atacaq.
Oyun tərzi
Sonun əsas üstün cəhəti hər iki ayağından istifadə etməyi bacarmasıdır. O, həm hücumçuların arxasında, həm də, yarımmüdafiənin cinahında, vinger kimi çıxış edə bilir. Koreyalının özü üçün isə harada oynamasının fərqi yoxdur. Onun fikrincə, əsas işi oyunu ilə komandasına kömək etməkdi.
Koreyalı futbolçunun digər əsas xüsusiyyətləri isə start sürətinin çox yüksək olması, meydanda cəld hərəkəti və əzmkarlığıdır. Honq-Min meydanda olduğu zaman komandasının qələbəsi üçün var qüvvəsi ilə mübarizə aparır.

Milli
Son Cənubi Koreya millisində 2010-cu il, dekabrın 24-də Suriya ilə yoldaşlıq görüşündə debüt edib. Cəmi bir ay sonra - Asiya Kubokunun Hindistana qarşı qrup oyununda isə (4:1) yığmada ilk qoluna imza atıb. Bu günə kimi millidə 61 oyun keçirmiş vinger, 20 qola imza atıb.
Son yerli futbol azarkeşlərinin könlünü qazanmağı bacarıb. Vətənində onu portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqayisə edirlər. Honq-Minə özünəməxsus ləqəb də verilib - "Sonaldo”.
Şəxsi həyatı
Honq-Minin atasının futbolçu olması barədə yuxarıda qeyd etdik. Ata Son butslarını mismardan asdıqdan sonra da futbol sferasında çalışıb. O, menecer kimi fəaliyyət göstərib. Honq-Minin anası daim öz oğluna dəstək verib. Son öz açıqlamalarında da uğurlarında anasının rolunu xüsusi qeyd edib. Onun özündən böyük bir qardaşı (Honq-Yun Son) var. O, bir müddət kiçik qardaşına menecerlik də edib.
Son şəxsi həyatı ilə tez-tez gündəmə gəlmir. Ancaq onun Honq-Konqda keçirilən əyləncə tədbirlərindən qalmadığı deyilir. Bir müddət öncə onun keçmiş sinif yoldaşı So Yonq ilə sevgili olduğu açıqlanmışdı. Yonq hətta açıqlamalarının birində Sonun ona bahalı hədiyyələr aldığını da bildirmişdi. Ancaq bu sevgi macərası çox uzun çəkmir. Honq-Minin son olaraq koreyalı müğənni və aktrisa Minayla sevgili olduğu barədə xəbərlər yayılıb.
Portret

Cənubi Koreya millisi kimi komandalar dünya çempionatı kimi nəhəng futbol yarışlarına böyük məqsədlərlə yollanmırlar. Ancaq bu mötəbər yarışlarda bu cür millilərin azarkeşlərini böyük iddialara heyətdə olan top-klubların üzvləri vadar edir. Son artıq bir neçə ildir dünyanın ən güclü çempionatlarından olan İngiltərə Premyer Liqasında, özü də, bu çempionatın iddialı komandalarından olan "Tottenhem”də çıxış edir. Elə məhz bu amil onun çiyinlərinə əlavə məsuliyyət qoyur. Son bu günə kimi çıxış etdiyi klublarda olduğu kimi, millidə də özünü doğrultmalıdır. Lakin bu dəfə ümumi ansamblın bir hissəsi kimi yox, lider kimi. Meydanda döyüşkən, məşqlərdə intizamlı xarakteri ilə ad çıxarmış Sonun bu vəzifənin öhdəsindən necə gələcəyini gələn il Rusiyada görəcəyik.
Elnur

banner

Oxşar Xəbərlər