AZE | RUS | ENG |


“Koreyalıların bacarmadığı şey yoxdur” – Soydaş

“Koreyalıların bacarmadığı şey yoxdur” – Soydaş
Fidan Ağacanova: “Universitetə daxil olan gəncə valideynin ən gözəl hədiyyəsi göz qapaqlarının əməliyyatı üçün pul verməkdir”


 
Deyir ki, azərbaycanlı gənclər hansısa xarici dili öyrənəndə, pis də, yaxşı da bilsə, o dildə danışmaqdan heç vaxt utanmır, cümlə qurub danışmağa çalışırlar. Onun sözlərinə görə, koreyalılarda bu barədə böyük kompleks var, çox çəkingəndirlər, özlərinə inamları azdır. Müsahibimiz Fidan Ağacanova Koreya barədə təəssüratlarını bizimlə bölüşdü. Qeyd edək ki, Fidan inkişaf etməkdə olan ölkələr üçün Koreya Hökumətinin qrant və əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyində (KOICA) altı ilə yaxındır proqram koordinatoru kimi çalışır. KOICA-dan əvvəl isə müxtəlif Koreya şirkətlərində tərcüməçi kimi fəaliyyət göstərib.
 
"Mənə deyirdilər ki, bu ixtisasla iş tapa bilməyəcəksən”
 

Azərbaycan Dillər Universitetinin Koreya dili ixtisasına qəbul olanda çoxları onu qınayıb ki, universiteti bitirəndə iş tapmayacaq. Çünki o vaxt hələ ölkəmizdə Koreya səfirliyi açılmamışdı, üstəlik, Koreya şirkətləri də fəaliyyət göstərmirdi. Amma Fidan bu dili seçdiyinə görə, heç vaxt peşman olmayıb. Universiteti bitirdiyi ərəfədə, iki ölkə arasında münasibətlər genişlənməyə başlayır. 2006-cı ildə Azərbaycanda Koreya səfirliyi, 2007-ci ildə isə Koreyada Azərbaycan səfirliyi açıldıqdan sonra ölkələr arasında əməkdaşlıq genişlənir və Koreya dili üzrə məzunlar işlə təmin olunur.
Fidan isə hələ üçüncü kursda olarkən iş həyatına atılır. Azərbaycana gələn koreyalılara tərcümə xidməti göstərməyə başlayır. 4-cü kursda isə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyində çalışır. SEBA 2005-ci ildə Azərbaycanda Koreya mədəniyyət günləri keçirir. Tədbirlər zamanı Fidanın koreya dilində danışığını Koreyadan gələn iş adamları çox bəyənir və söhbət zamanı bəlli olur ki, Fidan ömründə sözügedən ölkədə olmayıb: "Mən Koreyada olmaq istədiyimi söhbət əsnasında onlara bildirdim. Onlar da məni Koreyada oxumağa dəvət etdilər. Bütün xərclərimi qarşıladılar, SEBA-dan da mənə çox dəstək oldular və Koreyaya bir illik dil kursuna getdim. Sonra qalıb iki illik magistratura pilləsində pulsuz təhsil almaq imkanı qazandım. Səhhətimdə problem yarandığından geri qayıtmalı oldum. 2009-cu ildə isə Koreyaya 4 aylıq təqaüd proqramı qazandım. Bu, Koreya dilini tədris edən müəllimlər üçün ixtisasartırma kursu idi. 4 aylıq ixtisasartırma kursunu keçəndən sonra Dillər Universitetində 2 ilə yaxın koreya dilinin qrammatikası üzrə 1-ci kurslara dərs verdim”.
Bir müddət Koreyadakı şirkətlərdən birində çalışdığını deyən müsahibimizin hər il bir neçə dəfə iş ilə bağlı, həmçinin təlimlərdə iştirak etmək üçün Koreyaya səfərləri olur.
 

 
"İnsanlar kitabxanaların qarşısında növbədə gözləyirlər”

 
Koreyaya gedəndə ölkə haqqında müəllimlərindən, internetdən məlumatlı olsa da, Koreyanın inkişaf səviyyəsinin nə qədər böyük olduğunu ağlına belə gətirməyib: "Ora gedəndə birincisi, təbiətinə valeh oldum. Amma orada yaşadıqca, apardığım müşahidələr nəticəsində Koreyada oxumağa, təhsilə çox önəm verildiyini gördüm. Valideynlər bütün günü övladlarını məktəbdən əlavə kurslara aparırlar. Orada hamı təhsilə köklənib. Koreyanın təbii sərvəti olmasa da, inkişaf etmiş ölkələrdən biridir. Bu da onların insan kapitalına önəm verməsindən irəli gəlir. Koreyalıların hədsiz dərəcədə çalışqan olması diqqətimi cəlb etdi. Kitabxanaların qarşısındakı növbələr isə məni təəccübləndirdi. Təsəvvür edin, imtahanlar ərəfəsində gecə 12-dən sonra da insanlar kitabxanaların qarşısında növbədə gözləyirlər. Kitaba, oxumağa çox böyük maraqları var. Bizdə tələbələrin əlində çox nadir hallarda kitab görərsən. Hətta koreyalılar Azərbaycanda olanda bizdəki universitetlərin yanından keçdiklərini, amma tələbələrin əlində heç bir dərs vəsaiti görmədiklərini təəccüblə qeyd edirlər”.
Koreyadakı növbə mədəniyyəti də həmsöhbətimizin diqqətini çəkir: "Universitetimizin yaxınlığında metro stansiyası var idi. Mən də Koreyaya yeni getmişdim. Gördüm ki, metro stansiyasının içərisindən başlayaraq çölə çıxana kimi uzun növbə var. Nəsə baş verdiyini düşündüm. Məlum oldu ki, metronun içərisindən avtobusun dayanacağına qədər insanlar növbədə gözləyirlər. Nəqliyyat vasitələrinin qarşısında təmkinlə öz növbələrini gözləməsinə həmişə qibtə etmişəm”.
 


"Oğlanlar o dərəcədə utancaqdırlar ki, adamın gözünün içinə baxa bilmirlər”
 
Azərbaycan və Koreya gəncini müqayisə edən Fidanın sözlərinə görə, azərbaycanlılarda özünəinam hissi var: "Əgər hansısa xarici dili öyrəniriksə, pis də, yaxşı da bilsək, o dildə danışmaqdan heç vaxt utanmırıq, çalışırıq, cümlə qurub danışaq. Koreyalılarda isə bu barədə böyük kompleks var. İngilis dilini mükəmməl bilsələr belə, özlərinə güvənləri olmadığından, utancaqlıqlarından danışmırlar. Azərbaycan gəncləri isə daha fəaldır, çəkinmədən bildiklərini ifadə edirlər. Koreyalı oğlanlar hətta o dərəcədə utancaqdırlar ki, üzbəüz danışanda adamın gözünün içinə baxa bilmirlər. Qızları oğlanlarından fəaldır”.
Hər iki ölkədə Şərq mədəniyyətinin olması oxşar xüsusiyyətlərimizin də varlığına  dəlalət edir: "Məsələn, orada da gənclər böyüklərə hörmət edir, otağa böyük daxil olanda ayağa qalxırlar”.
 


Burada estetik əməliyyat etmək adi haldır
 
Azərbaycanlı, yoxsa koreyalı qızların baxımlı olmasına gəlincə, bununla bağlı Fidan maraqlı bir nüansı açıqladı: "Koreyalı qızlar xarici görünüşləri ilə bağlı çox komplekslidirlər. Əcnəbi qızlar onlara çox maraqlı gəlir. Azərbaycanda çox da gözəl sayılmayan, ortabab qız onlarda çox gözəl hesab edilir. Mən özümü o qədər də gözəl saymıram. Amma Koreyada metroda gedəndə bu dili bilmədiyimi düşünüb, yanından keçdiyim insanlar "nə gözəldir” deyirdilər. Xarici görünüşləri ilə bağlı  kompleksləri olduğundan, estetik əməliyyatlara meyllidirlər. Məsələn, universitetə daxil olan bir gəncə valideynin ən gözəl hədiyyəsi göz qapaqlarının əməliyyatı üçün pul verməkdir. Onlar çəki gözlü olduğu üçün göz qapaqları yoxdur. Bu da onlarda böyük kompleks yaradır. Yaxud koreyalıların üz quruluşları dördbucaq formasındadır. Buna görə də onlar çox vaxt çənə yonma əməliyyatına girirlər. Bir də bizdən fərqli olaraq, burunlarının böyüdülmə əməliyyatını həyata keçirirlər. Çünki burunları çox kiçikdir. Əslində koreyalı qızlar mənə görə gözəldirlər, çünki onlar hər zaman xarici görünüşlərinin gözəl görünməsinə çalışırlar. Üz qulluğuna və saçlarına diqqət etdikləri üçün dəriləri və saçları çox gözəl olur. Amma kompleksləri ucbatından Koreyada estetik əməliyyatlar çox məşhurdur və buna görə onlar bir-birlərinə bənzəyir”.    
 


"Bir neçə ay restoranların qarşısından maska ilə keçmişəm”
 
Koreyadan danışıb, onun milli mətbəxindən söhbət açmamaq günah olar. Fidanın sözlərinə görə, onların mətbəxi çox spesifikdir, xüsusi ədvalardan, soğandan, sarımsaqdan çox istifadə edirlər deyə, bizim ağız dadımıza uyğun deyil: "Azərbaycanlılar ilk dəfə bu mətbəxlə tanış olanda onlara yeməklərin qoxusu, dadı pis gəlir. Görünüş olaraq da onların yeməkləri çox qarışıq görünür. Baxmayaraq ki, mən Azərbaycan Dillər Universitetində oxuyanda koreyalı müəllimlərimiz bizi evlərinə çağırır, öz milli yeməkləri ilə tanış edirdilər. O vaxt deməyəsən, müəllimlərimiz yeməkləri bizim ağız dadımıza uyğun hazırlayırmışlar. Elə bilirdim, çox dadlıdır, yeyə biləcəyəm. Amma Koreyaya gedəndə çox əziyyət çəkdim. Bir neçə ay restoranların qarşısından maska ilə keçdim. O qoxuya alışana qədər çox əziyyət çəkdim. Üstəlik, xörəkləri acılı olduğundan mədəmə ziyan idi. Amma Koreya milli mətbəxində bir xüsusiyyət var ki, onu dadana kimi çətinlik çəkirsən, qoxusunu bəyənmirsən, məcbur yeyirsən. Baxmayaraq ki, hansısa yeməyi sevməyərək dadmırsa, tədricən öyrəşirsən və o dad yadına düşür, yemək istəyirsən”.
 


Bir koreyalının təsviri
 
Son olaraq, həmsöhbətimiz bizim üçün bir koreyalını təsvir etdi. Ona görə koreyalılar iki qrupa ayrılır: "Azərbaycan Dillər Universitetində və  Koreyada oxuduğum dövrdə tanıdığım koreyalılar mənim üçün fərqli yerdədir. İş əsnasında tanıdığım koreyalılar isə ayrıdır. Dostluq, səmimi münasibətlərdən söhbət gedirsə, tanıdığım koreyalılar tam fərqli, işdə isə tam fərqlidirlər. Məsələn, işdə çox tələbkar olurlar, hər bir xırda detala çox diqqətlə yanaşırlar. Koreyada yaşadığım dönəmdə tanıdığım koreyalılar mehriban, kompleksli, utancaq, yardım etməyə açıq, savadlı, çalışqandırlar. Amma ilk növbədə koreyalı deyərkən, ağlıma gələn şey onların çalışqan olmasıdır. Koreya uzun müddət Yaponiyanın müstəmləkəsi altında olub, çox çətin dönəmlər yaşayıb. Böyük ölkələrin yardımına ehtiyacları olub. Amma qısa dönəmdə onlar özləri yardım alan dövlətdən yardım edən dövlətə çevriliblər. Buna da çalışqanlıqları, qarşılarına məqsəd qoyub dayanmadan o məqsədə doğru getmələri nəticəsində nail olublar. Buna görə hər zaman deyirəm ki, koreyalıların bacarmadığı şey yoxdur. İnsan kapitalı gücünə istədiklərinə, məqsədlərinə nail ola bilirlər”.
Lalə MUSAQIZI
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7014
GBP 1 İngilis funt sterlinqi 2.2116
TRY 1 Türk lirəsi 0.4775
KWD 1 Küveyt dinarı 5.6089
SEK 1 İsveç kronu 0.1960
EUR 1 Avro 1.9152
CHF 1 İsveçrə frankı 1.7506
USD 1 ABŞ dolları 1.7023