• çərşənbə axşamı, 19 mart, 14:47
  • Baku Bakı 8°C

Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 22 il keçir

14.07.20 11:15 574
Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 22 il keçir
"Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslanaraq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıqlarının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 22 il keçir.
Konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranması və fəaliyyətə başlaması məhz ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkənin hüquqi, ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrində dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra demokratik əsaslarla formalaşmaqda olan dövlətin idarəçilik sisteminin, o cümlədən, hüquq-mühafizə orqanlarının, məhkəmələrin yaradılması və onların fəaliyyət istiqamətlərini müəyyən edən qanunların qəbul olunması prosesinə başlanıldı.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyaları əsasında tərtib edilmiş və qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatı olmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Əsas Qanun xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında həyata keçirilməsi kimi demokratik prinsipləri özündə ehtiva etdi.
Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi, bu hüquq və azadlıqları qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi təsbit olundu.
Konstitusiya bu gün də müstəqil dövlətimizin inkişaf istiqamətlərini və əsas prinsiplərini özündə ehtiva etməklə xalqın rifahına xidmət edən dövlət idarəetmə mexanizminin təməlidir.
Əsas Qanunun qəbulu ölkədə qanunvericilik sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə təkan verərək, yeni məhkəmə-hüquq sisteminin yaranması prosesinin əsasını qoydu.
Fəaliyyətə başladığı gündən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb. Bu illər ərzində Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyaya və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə mühüm töhfələr verib.
Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 429 qərar və 120 qərardad qəbul olunub. Bu qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Konstitusiya Məhkəməsi keçən fəaliyyət ili ərzində konstitusiya normalarından yayınma hallarının qarşısını almağa və pozulmuş hüquqların bərpasına yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil olan sorğu və müraciətlər əsasında qanunların düzgün anlamı və tətbiqinə dair şərhlər və izahlar verib, yeni qanunların qəbul olunması, yaxud mövcud qanunlara düzəliş və əlavələr edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq tövsiyələr verib.
Qeyd edilməlidir ki, 2019-cu il noyabrın 29-da Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini Səbinə Əliyevanın dövlətimizin başçısının təqdimatı əsasında, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilməsi Konstitusiya Məhkəməsinin bütün kollektivi üçün fərəhverici haldır. Konstitusiya Məhkəməsi bu mühüm təsisatla uzun müddət sıx əməkdaşlıq həyata keçirir və Əsas Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi naminə həmin əməkdaşlığı davam etdirəcək.
Məlum olduğu kimi, 2019-cu il noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Azərbaycan Respublikasının Milli Məclisinə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. 2019-cu il dekabrın 2-də isə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti müzakirəyə çıxarılıb. Şübhəsiz ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son vaxtlar uğurla həyata keçirdiyi islahatların vaxt itirmədən davam etdirilməsi idi.
Dövlətimizin başçısı ölkəmizin parlamenti tərəfindən qəbul olunan qərarın Konstitusiyanın müddəalarına uyğunluğunun yoxlanılması məsələsini zəruri hesab edib. Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında qəbul edilmiş"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair”2019-cu il 4 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan qanunvericinin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirilməsi vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.
Qərarın nəticəsi hissəsində Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edib:
- "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğun hesab edilməlidir;
- "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR nömrəli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.
Cari il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallara Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən xüsusi konstitusiya icraatı qaydasında baxılaraq seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilib.
Yeni seçilmiş parlamentin tərkibi dövlətimizin qanunvericiliyinin təkmilləşdirilməsində mühüm addımlar atır və bu prosesdə Konstitusiya Məhkəməsi ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sorğusu əsasında qəbul edilmiş"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci və 20.14-cü maddələrinin şərh edilməsinə dair”2020-ci il 15 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, Konstitusiyanın 25-ci maddəsinin tələbləri və bu maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri məhkəmələr tərəfindən işlərə baxılarkən dönmədən yerinə yetirilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlib:
- "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 20.1.11-ci, 20.14-cü və 22.4-cü maddələrinin, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 1-ci bəndinin, Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası”nın 1-ci və 6-cı bəndlərinin müddəalarına uyğun olaraq pensiya təyin edilməsi və hesablanması ilə bağlı fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün faktiki olaraq təkrar hesablanması ilə nəticələndiyindən yolverilməzdir;
- "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən "sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur;
- "Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci, 9.5-ci və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edib ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.
Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair”2019-cu il 15 noyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş saxtalaşdırma anlayışı rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Bu Qərarda həmçinin qeyd edilib ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və sair məqsədyönlü hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.
Digər bir qərarda - Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair”2019-cu il 19 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd edib ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar.
Adı çəkilən Qərarda, həmçinin vurğulanıb ki, apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarının yalnız formal mülahizələrə görə ləğv edilməsindən çəkinməlidirlər.
Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlib ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, bu işlərə həmin Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar.
"Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə2020-ci il 17 fevral tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair”2020-ci il 24 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, mənəvi zərərin vurulmasının sübut edilməsi kifayət qədər mürəkkəb olduğundan, bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını və s. məhkəmə qarşısında sübut etməlidir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarda göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında qəbul olunan qərarlarda da ərizəçilərin pozulan hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqların məhkəmə müdafiəsi, bərabərlik, mülkiyyət, əmək, mənzil və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə təcrübəsi baxımından vacib hüquqi mövqelər formalaşdırır, qanunvericiliyi şərh edir.
N.Səlimovun şikayəti üzrə2020-ci il 20 may tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin təqdimat verilməsi məqsədilə məhkəməyə müraciət etməsi üçün müddətlərin axımının müəyyən edilməsinin məqsədəmüvafiq olduğunu hesab edib.
Eyni zamanda, qeyd edilib ki, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə hüquqları pozulan şəxslərin müraciəti əsasında təqdimatın verilməsindən Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci maddəsində göstərilən əsasla imtina edilməsi və bu əsasa formal yanaşılması Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatının həyata keçirilməsinə maneələr yaratmış olur.
Azərbaycanın dövlət müstəqilliyinin məlum təhlükələrdən qorunmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xalqımızın və ölkəmizin bütün sahələrdə tərəqqiyə doğru inkişaf yolunu müəyyən edən əbədi ideyalarına sadiq, bilik və bacarığı, təcrübəsi, eləcə də, cəsarətli və qətiyyətli addımları sayəsində dövlət idarəçiliyi, iqtisadi, siyasi, beynəlxalq, hüquqi və digər sahələrdə bu ideyaları daha da zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin hər sahədə heç zaman olmayan inkişaf səviyyəsinə, o cümlədən iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə nail olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində əldə edilən nailiyyətlər, sosial iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının inkişafı, beynəlxalq səviyyədə qazanılan uğurlar Konstitusiya müddəalarından bəhrələnir.
Məlumdur ki, bütün dünyada müşahidə edilən koronavirus pandemiyası bir sıra ölkələrdə çoxsaylı insan ölümünə səbəb olmuş, ölkələri ciddi iqtisadi, maliyyə, sosial, səhiyyə problemləri ilə üz-üzə qoymuşdur. Son müddət ərzində COVID-19 virus yoluxmasına məruz qalmış ölkələr iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır.
Pandemiyanın ilkin vaxtlarında bu bəladan zərərçəkmiş sahələrdə çalışan sahibkarlara və işçilərə dəstək vermək, iş yerlərini saxlamaq, əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə dövlət tərəfindən əlavə addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan koronavirusla mübarizəyə dəstək fonduna ilkin olaraq 20 milyon manat vəsait ayrıldı. Sumqayıtda "Gilan-Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu geyimlərinin istehsalı müəssisəsinin açılışında bilavasitə iştirak edərkən Azərbaycan Prezidenti bildirdi ki, insanların sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər dövlətin ən mühüm prioritetlərindən biridir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Qeyd edilməlidir ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks tədbirlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.
Azərbaycanın pandemiya ilə mübarizə prosesində ən mühüm hadisələrindən biri Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas qrupu formatında koronavirusla mübarizəyə həsr olunan "COVID-19 virusuna qarşı birlikdəyik!” mövzusunda Zirvə görüşünün videokonfrans vasitəsilə təşkil olunması idi. Dünyanın ən böyük siyasi təsisatlarından biri olan Qoşulmama Hərəkatının bu formatda ilk görüşünün keçirilməsi beynəlxalq miqyasda mühüm tarixi hadisə kimi qiymətləndirilir. Bu tarixi hadisə həm də Azərbaycan Respublikasının, onun Prezidentinin dünya sivilizasiyasına töhfəsi idi. Təşkilatın yeni formatda keçirilən toplantısına BMT Baş katibinin, Avropa İttifaqının ali nümayəndəsinin, Avropa Komissiyasının rəhbərliyinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun və Afrika İttifaqı Komissiyası sədrinin qoşulması Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə böyük nüfuz dairəsi olduğuna dəlalət edir.
Pandemiya dövründə Azərbaycanda prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Mart ayının əvvəlindən başlayaraq bütün təhsil müəssisələrində tədris prosesinin tədricən dayandırılması, daha sonra xüsusi rejim, martın 24-dən isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tətbiq edilməsi, koronavirus xəstələri üçün 20-dən çox xəstəxananın ayrılması, virusun diaqnostika və müalicəsi üçün zəruri olan testlərin, tibb avadanlığı və zəruri ləvazimatların respublikamıza gətirilməsi həyata keçirilib.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xüsusi karantin şəraitində dövlətimizin başçısının həyata keçirdiyi siyasətə uyğun olaraq fəaliyyətini vətəndaşlarımızın konstitusion hüquqlarının qorunması, pozulmuş hüquqlarının bərpası istiqamətlərində davam etdirib.
Konstitusiya Məhkəməsi tərəfindən dövlətimizin başçısının qəbul etdiyi mühüm qərarlara uyğun olaraq, 2020-ci il 17 mart tarixli Əmrlə iş davamiyyətinə güzəştli şərtlər tətbiq etməklə, Məhkəmənin əməkdaşlarına yaxın ünsiyyət və təmasda olmamaq və virusun yayılmasının qarşısını almaq üçün hər bir ehtiyat tədbirləri görmək tapşırılıb, Plenum iclaslarının müvəqqəti olaraq yazılı prosedurla həyata keçirilməsi, ərizə və şikayətlə müraciət edən vətəndaşların qəbulunun müvəqqəti dayandırılması, Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsi vasitəsilə onlayn şəkildə, habelə poçtla daxil olan ərizə və şikayətlərin qəbulunun həyata keçirilməsi təmin olunub.
Həmin dövrdə Konstitusiya Məhkəməsi vətəndaşların icraatda olan ərizələrinə, eləcə də məhkəmələrin və digər orqanların sorğu və müraciətlərinə baxılması işini davam etdirib, elektron formatda palataların iclasları keçirilib, müzakirələr aparılıb.
Bununla yanaşı, Operativ Qərargah tərəfindən elan olunmuş həftə sonu "evdə qal” tədbirləri zamanı Konstitusiya Məhkəməsinin bütün hakimlərinə və əməkdaşlarına bu tədbirlər dövründə rejimə ciddi riayət etmələri tapşırılıb və hər bir əməkdaşımızın səhhətinin diqqətdə saxlanılması təmin olunub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində qeyd etdiyi kimi, ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir.
Ölkə rəhbərliyinin təşəbbüsü ilə koronavirusla mübarizə üzrə həyata keçirilən tədbirlər zəminində Konstitusiya Məhkəməsinin kollektivi 100 min manat məbləğində vəsait toplayaraq pandemiya ilə mübarizəyə dəstək fonduna keçirib, aztəminatlı ailələrə, o cümlədən tək yaşayan ahıl yaşlı insanlara ərzaq məhsulları qismində yardımlar göstərib.
Pandemiya dövründə Konstitusiya Məhkəməsi öz beynəlxalq məhkəmə-hüquq əməkdaşlığını davam etdirərək bir çox ölkələrin Konstitusiya Məhkəmələrinin nümayəndələri ilə onlayn görüşlər keçirib, yaranmış vəziyyətdə konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri barədə müzakirələr aparıb. Qeyd edilməlidir ki, pandemiya ilə əlaqədar keçirilən tədbirlərdə Konstitusiya Məhkəməsinin əməkdaşları ilə yanaşı, Məhkəmədə təcrübə keçən könüllülər də fəal iştirak ediblər.
Məlum olduğu kimi, dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ili” elan olunub. Konstitusiya Məhkəməsi Könüllülər Proqramını uğurla davam etdirir. Məhkəmədə həyata keçirilən Proqram gənclər üçün böyük maraq kəsb edir. Belə ki, könüllülər Konstitusiya Məhkəməsi Aparatının müxtəlif şöbə və sektorlarında təcrübə keçir, Məhkəmənin Plenum iclaslarının təşkil edilməsi, səlahiyyətli subyektlərin sorğuları, məhkəmələrin müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə yaxından tanış olurlar.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hər zaman olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması, müstəqil Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın müddəalarının müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, xalqımızın maddi, mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin məhz bu ideyalar zəminində həyata keçirdiyi hərtərəfli islahatlara dəstək olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bundan sonra da öz fəaliyyətini daha da səmərəli qurmaq üçün səylərini əsirgəməyəcək.
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Sədri
banner

Oxşar Xəbərlər