Konsert yaxşıdı, suallar pis?
Bu gün ölkəmizin konsert salonlarında daha çox
xarici müğənnilərin konsertləri keçirilir. Azərbaycanda kifayət qədər tamaşaçı
kütləsi toplayan xarici ifaçılar burada həm sevənləri ilə görüşür, həm də
əlidolu öz ölkələrinə geri dönürlər.
Ötən gün "musavat.com” saytında bir xəbər diqqətimi
çəkdi. Deməli, Türkiyənin tanınmış ifaçısı Ebru Gündeş noyabrın 3-də Heydər
Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bakıda ən çox konsert verən
əcnəbi müğənni adını alan Ebrunun konsert öncəsi maraqlı tələbləri yenə özünü
göstərib. O, konsertində jurnalistləri görmək istəmir. Türkiyədə konsert
verdiyi məkanların sahiblərinə bildirir ki, zalda jurnalist olsa, o məkanda bir
daha çıxış etməyəcək. Buna səbəb isə həyat yoldaşı Rza Zərrabın həbs
olunmasıdır. Ebru Gündeşin konsertinə yalnız telekanallar və konsertin
informasiya dəstəkçiləri buraxılacaq.
Konsertin təşkilatçısı olan "A.M. Prestige
Production”-ın direktoruLeyla Xəlifəliaçıqlamasında deyib:"Mən
heç kəsə deyə bilmərəm ki, konsert haqqında xəbər yazma. Bu sizin hüququnuzdur.
Amma hər xəbər yazan saytı ora yığa bilmərəm. Mən çox istərdim ki, Ebru xanım
jurnalistlərlə görüşsün. Amma ifaçı mətbuat konfransına razı olmadı. Reportaj
və material lazım olsa, mən sizə göndərərəm. Amma akkreditasiya telekanallara
və dəstəkçilərə aiddir”.
Əgər ifaçı hər hansı bir ölkədə konsert proqramı
ilə çıxış etməyə razıdırsa, o ölkənin mediası ilə nə üçün görüşmək istəməsin?
Bu kimi suallarımızı ekspertlərə ünvanladıq. Onlardan müğənniyə haqq
qazandıranlar da oldu, onu tənbeh edənlər də.
"Müğənninin
müsahibə verməmək və media ilə görüşməmək haqqı var”
Uzun müddətdir, nəinki yerli ifaçıların, hətta
xarici ifaçıların konsertlərinin təşkili işi ilə məşğul olan Samir Xəttab bizimlə söhbətində
bildirdi ki, media nümayəndəsi tamaşaçı kimi də oturub konsertə baxa bilər:
"Səhnədə ifa edən müğənni zalda jurnalistin olub-olmamasını necə təyin edə
bilər? AZİS-in Bakıdakı konsertində heç bir telekanalı zala buraxmamışdım və bu
mənim şəxsi qərarım idi. Heç bir media orada yox idi. Yalnız KATV Chat Box
kanalını buraxmışdım. O özü də mətbuata müsahibə verməyə razılıq verməmişdi.
Çox müğənnilər mətbuata müsahibə verməkdən yayınırlar”.
Təşkilatçı deyir ki, əgər müğənninin şərtləri medianın
konsertində buraxılmamasıdırsa, burada heç bir şeyi dəyişmək mümkün deyil: "Müqavilədə
qeyd olunmur ki, sən açıqlama verməyə borclusan. Məndə belə bir məsələ olmuşdu.
Müğənniylə danışmışdıq ki, o, kanallarımızın birində çıxış edəcək. Öncədən
razılıq olduğu üçün gəldi çəkildi. Müqavilə şərtlərində onlar yer almır.
Problem ortaya çıxanda yenidən müzakirə olunur. Müğənninin müsahibə verməmək və
media ilə görüşməmək haqqı var. İstər son anda olsun, ya da ondan əvvəlki
anlar. Amma təşkilatçı əgər söz verirsə ki jurnalistlər orda olacaq, deməli o,
dəvət etmək gücündədir. Heç vaxt indiyə kimi jurnalistlərə xəbər göndərməmişəm
ki, bunu yayımlayın, sizi konsertə dəvət edəcəm. Bu mənim üçün reklam deyil. İndiyə
kimi heç bir konsertimdə informasiya dəstəyi olmayıb. Çünki bu saytların heç
biri mənə satış vermir. Elə bundansa, pullu səhifələrdə, "facebook”da ondan
yaxşı effektiv reklam əldə edirəm. Jurnalistin yazdığı sadəcə xəbər effekti
daşıyır, o da reklam vermir. Orada nə mənim afişam, nə də əlaqə nömrəm yazılır.
Reklam xarakterli heç nə önəmli olmur. 16 illik təcrübəmdə bunu görmüşəm. Zaman
dəyişir, zaman dəyişdikcə də şəraitlər və şərtlər də dəyişir. Hər təcrübəmdə
yeni şərtlərlə qarşılaşıram. Ən kaprizli müğənni Halil Sezayi olub. Ən çətin
Dima Bilan olub. Halillə televiziyaya çıxmaqla bağlı problem yaşamışdıq.
Təşkilatçı əvvəlcədən danışıbsa, televıiziyaya gedib deyə bilməz ki, üzrlü
hesab edin, müğənni efirə çıxmaq istəmir. Son anda bir yol tapıb məsələni həll
etdim. Onun istəklərini oxuduqdan sonra dedim ki, mən onun konsertini təşkil etmək
istəmirəm. İnsan kulislə səhnənin arasındakı məsafəni təyin edir. Kulisdəki,
otaqdakı temperatura qədər istəkləri var idi...”
"Hər şey prodüser
və təşkilatçılardan asılıdır”
Prodüser, rejissor
Ər-Toğrul bildirir ki, Azərbaycanda konsert vermək üçün
istər Türkiyə, istər digər ölkələrdən gələn müğənnilər bilirlər ki, yerli
insanlar onların konsertinə bilet alıb sevdiyi sənətçini izləmək istəyirlər: "Azərbaycan
xalqı üçün konsert verən bir sənətçinin demək ki, bizim xalqımıza sevgisi var.
Əgər yerli mediamıza açıqlama, müsahibə verməkdən imtina edirsə, bu birbaşa həmin
müğənnilərin Azərbaycanda işini görən prodüser və təşkilatçılardan asılıdır.
Onlar deməlidirlər ki, əgər Azərbaycanda konsert verirsənsə, mətbuata da
açıqlama verməlisən. Çünki o bileti Azərbaycan vətəndaşları alacaq. O zaman
Valeri Meladze, Murat Boz Azərbaycana
gələndə onlarla birlikdə oldum və bu məsələ ilə bağlı təcrübəm var. Orda gördüm
ki, media ilə bağlı məsələlərdə qətiyyən ifaçıların özlərinin günahı yoxdur.
Müğənni təşkilatçıya deyə bilər ki, mən bu verilişə çıxıram, digərinə çıxmıram.
Bu məsələləri prodüser həll edir. Əgər onlar mətbuata açıqlama vermirlərsə, bu,
qətiyyən yolverilməzdir. Əgər müğənni konsertə 3-4 gün qalmış deyirsə ki mən
açıqlama və ya müsahibə verməyəcəm, bu çox yanlış hərəkətdir. Deməli, adamın mediaya çıxara biləcəyi bir
materialı, məhsulu yoxdur. Müğənni üzdə olan insandır. Media da onun haqqında
hər hansı bir xəbər əldə etmək hüququna malikdir. Açıq konsert keçirilirsə və mətbuat
iştirak etmirsə, bu çox qəribədir. Konsertdə tamaşaçı və mətbuat olmalıdır.
İstənilən halda bu mənim fikrimdir”.
"Onları çox şişirdirik”
Dekabrın 21-də Bakıda türkiyəli məşhur ifaçı Murat
Boz konsert proqramı ilə çıxış edəcək. Konsertin media ilə əlaqələndiricisi, jurnalist Dilarə Zamanova deyir ki,
onların işlədiyi müğənni Murad Bozun media ilə görüşmək istəməmək
kimi bir tələbi yoxdur və konsert günü təşkilatçılar tərəfindən yaradılan
şəraitdə o, media nümayəndələri ilə görüşəcək.
Xəyalə Rəis