• çərşənbə axşamı, 23 aprel, 23:25
  • Baku Bakı 20°C

Kompüter piratçılığından necə qurtulmalı?

01.11.17 12:30 5778
Kompüter piratçılığından necə qurtulmalı?
"Bu gün Azərbaycanda istifadə edilən proqram təminatlarının əksəriyyəti lisenziyasızdır”. "Microsoft” şirkətinin Bakıda təşkil etdiyi"Device Day” tədbirində səslənən bu fikirlər ölkəmizdə piratçılığın vəziyyəti və ona qarşı aparılan mübarizə tədbirlərini yenidən gündəmə gətirib. BSA şirkətinin rəsmisi Nəriman Ramazanov Azərbaycanda piratçılığa qarşı apardıqları maarifləndirmə işlərinin öz təsirini verdiyini və ölkə bazarında piratçılığın ümumi səviyyəsinin 92%-dən 86%-ə, sonra isə 84%-ə düşdüyünü deyib.
Belə ki, Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların qadağan edilməsi piratçılığın inkişafına müsbət təsir edir: "2015-ci ilin dekabrında qərar çıxdı ki, sahibkarlıq sahəsində yoxlamalar 2 illik dayandırılsın. Əvvəllər biz yoxlamalar üçün hansısa quruma müraciət edirdik, amma indi bu, alınmır. Bu səbəbdənhələ də piratçılığın səviyyəsi 84% civarında qalıb”. N.Ramazanovun sözlərinə görə, bazarda daha böyük paya malik olan şirkətlərin pirat proqramlarının yayılmasında rolu böyükdür: "Əslində, əgər lisenziyalı sistem olmasa, mağazalar texnikanı proqramı təminatı olmadan satmalıdır. Amma bir çox hallarda onlar pirat proqramlarından istifadə edir. Düzdür, bu sahədə moratorium elan edilib. Amma bizim məhkəməyə müraciət etmək hüququmuzu kimsə almayıb”.
İnternet proqramları ilə bağlı piratçılığın qarşısını almaq üsulları necə həyata keçirilir? Nəzərə alsaq ki, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, pirat proqram təminatının istifadəsi və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulması hesab olunur, onda məsələnin nə qədər əhəmiyyətli olduğu anlaşılır.
Piratçılığa münasibətdə mübarizə üsullarından tutmuş, açıqlanan rəqəmlərə qədər ekspertlərin və qurumların bəzən üst-üstə düşməyən fikirləri isə məsələnin aktuallığını daha da artırır.
Hər 3 proqram məhsulundan 1-i
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudovun sözlərinə görə, bu gün proqram təminatı sənayesinin inkişafını əngəlləyən əsas problemlərdən biri kompüter piratçılığıdır. Belə ki, hazırda bütün dünyada quraşdırılmış hər 3 proqram məhsulundan 1-i pirat proqramdır: "Kompüter piratçılığı yalnız proqram məhsullarının istehsalçılarına ziyan vurmur, bütövlükdə, informasiya texnologiyaları sənayesinə ciddi problem yaradır. Nəzərə almaq lazımdır ki, bu gün dünya iqtisadiyyatında və onun milli sektorlarında artım da müəyyən dərəcədə proqram təminatının inkişaf səviyyəsindən asılıdır. Kompüter piratçılığının vüsət alması iş yerlərinin itirilməsi, proqramçıların işsiz qalması, əmək haqlarının aşağı olması və ən əsası, dövlətin gəlirlərinin azalması və informasiya texnologiyalarına investisiya qoymağa marağın azalması deməkdir. Kompüter piratçılığı dövlətin informasiya təhlükəsizliyi baxımından da böyük risk yaradır. Bir çox hallarda pirat distribüter şəbəkəsi vasitəsi ilə konfedensial informasiya, o cümlədən dövlət sirri yayılır”.
R.Mahmudov hesab edir ki, kompüter piratçılığı ilə effektli mübarizə aparmaq, proqram təminatı sənayesinin dayanıqlı, effekli inkişafını təmin etmək üçün bir sıra zəruri şərtlərlə yanaşı, müvafiq hüquqi platformanın yaradılması vacibdir. O cümlədən proqramlaşdırma fəaliyyətinin yaradıcı fəaliyyət sahəsi olaraq intellektual mülkiyyət obyekti qismində hüquqi qorunması üçün zəruri əsasların yaradılması xüsusi aktuallıq kəsb edir. Şöbə müdirinin sözlərinə görə, kompüter piratçılığı termini proqram təminatına dair müəlliflik hüququnun pozulmasını ifadə edir: "Birbaşa mənada müəllif hüququ anlayışı - nüsxələrini yaratmaq hüququ kimi izah olunur. Müəllif hüququ, öz növbəsində, intellektual mülkiyyətin qorunması formalarından biri kimi çıxış edir. Proqram məhsulunun lisenziyalı nüsxəsini alarkən istehlakçı yalnız ondan istifadə hüququnu əldə edir. Proqramın özünə müəlliflik hüququ onu yaradanda qalır, alıcının mülkiyyətinə yalnız proqramın yayıldığı maddi daşıyıcılar keçir. Kompüter piratçılığı dedikdə, adətən, proqram təminatının icazəsiz olaraq nüsxələnməsi, istifadəsi və yayılması anlaşılır”.
R.Mahmudov hazırda proqram təminatının qanunsuz nüsxələnməsi və yayılmasında internetin böyük rol oynadığını bildirir: "Piratçılığın bu növü ona görə xüsusi olaraq fərqləndirilir ki, internet meydana gəldikdən sonra piratçılıq daha geniş miqyas almağa başlayıb. Pirat proqram məhsullarının reklam edilməsində də internetin imkanlarından geniş istifadə olunur”. Piratçılıqla mübarizə üsullarından danışan şöbə müdiri dünya təcrübəsinə istinad edərək təbliğat-təşviqat, istifadəçilərə təlim keçmək, onları öyrətmək, tematik seminarların, konfransların keçirilməsi, metodik və sorğu xarakterli ədəbiyyatın nəşri vasitəsi ilə istifadəçilərə qanuni əsaslarla daha ucuz proqram təminatını əldə etməyin yollarını öyrətməyin əsas istiqamətlərdən biri olduğunu deyir. Digər bir istiqamət kimi qiymət siyasəti göstərilir: "Poqram məhsulunu qanuni yolla əldə etmək üçün məsrəflər nə qədər çox olarsa, onun qeyri-qanuni yolla daha ucuz qiymətə əldə edilməsi halları bir o qədər artır. Kasıb ölkələrdə piratçılığın səviyyəsinin daha yüksək olması da bunun əyani göstəricisidir. Ona görə də proqram təminatı istehsalçıları kasıb ölkələrə münasibətdə güzəştli qiymət siyasəti həyata keçirməlidirlər ki, piratçılıq halları minimuma ensin”.
Piratçılıqla mübarizədə digər bir istiqamət kimi hüquqi metod və ya güc metodu tətbiq edilir: "Bu metod qeyri-leqal məhsulların istehsalçıları və satıcılarının müəyyən edilərək, onların cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Bu prosedur dövlətin hüquq-mühafizə orqanlarının – polis, prokurorluq, antiinhisar, gömrük və məhkəmə orqanlarının birgə fəaliyyəti sayəsində effektli ola bilər”. R.Mahmudov bildirir ki, kompüter piratçılığı ilə effektli mübarizə aparmaq üçün kompüter proqramlarının hüquqi qorunmasının təmin edilməsi vacibdir: "Kompüter proqramları hüquqi qorunmaya ədəbi əsər kimi cəlb edilir. Həmçinin kompüter proqramı müəllifin (həmmüəlliflərin) yaradıcılıq fəaliyyətinin nəticəsini özündə əks etdirməlidir”.
Qiymətlər bahadır
"Mikrosoft”un statistikasını tam real olmasa da, reallığa yaxın rəqəm hesab edən müstəqil ekspert Tural Mustafayevin fikrincə, piratçılıqla mübarizəni əsasən əlaqədar müstəqil qurumlar həyata keçirməlidir. Belə ki, böyük şirkətlərə öncədən xəbərdarlıq etməklə monitorinq aparırlar: "Onlar qanuni formada həmin təşkilatlarda kompüterləri, server avadanlıqlarını yoxlayırlar. Əgər lisenziyasız proqram təminatları ortaya çıxırsa, piratçılıq halları qeydə alınır”. Ekspertin fikrincə, piratçılığın aradan qaldırılması istiqamətində atılan addımlardan biri aparılan yoxlamalardır. Digər tərəfdən, bu, qanunvericiliklə tənzimlənməlidir: "Amerikada şəbəkədən lisenziyasız proqram yükləyirsinizsə və bunu hər hansı provayder ortaya çıxararsa, məhkəmə qərarı ilə həmin insanın evinə gəlib lisenziyasını yoxlaya bilərlər. Üzə çıxan detallar da məhkəmə qarşısında sübut kimi istifadə oluna bilər”.
Ekspert istifadə olunan proqramların qiymətlərinin baha olduğunu inkar etmir: «Devalvasiyadan sonra proqramların qiymətləri bir qədər də artdı. Düzdür, akademik müəssisələr, təhsil müəssisələri üçün müəyyən güzəştlər var, ümumilikdə isə qiymətlər bahadır. Evdə istifadə olunan ofis paketinin müxtəlif versiyaları mövcuddur və onların qiyməti 300-400 dollardan başlayır. Əgər adi istifadəçi windows sisteminin ofis paketləri üçün 500 dollara yaxın pul xərcləyəcəksə, bu, o qədər də ucuz deyil”. Ekspert məsələnin psixoloji tərəflərinin də olduğunu deyir: "Biz əvvəldən proqram təminatına pul verməyə öyrəşməmişik. Biz fikirləşirik ki, texniki avadanlığı pul verib alırıq, ancaq proqram təminatı virtualdır. "Əgər avadanlığa pul vermişəmsə, bunun proqramı pulsuz olmalıdır” deyə düşünürük. Necə ki, televizor alıb proqramlara pulsuz baxmaq istəyirik, bu proqramlardan da eyni qaydada istifadə etmək istəyirik”.
T.Mustafayevin fikrincə, Müəllif Hüquqları Agentliyi bu istiqamətdə maarifləndirmə işləri həyata keçirməli, ictimai aksiyalar təşkil etməli, "Mikrosoft”la danışıqlar aparıb hər hansı endirimlərə də nail olmalıdır.
84% - həqiqəti əks etdirmir
Müəllif Hüquqları Agentliyinin Əsərlərin Qeydiyyatı və Hüquq şöbəsi də öz növbəsində bildirir ki, son illər Azərbaycan hökuməti tərəfindən piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanun qəbul edilib və əqli mülkiyyət məhsulları bazarı daim Agentliyin monitorinqi altındadır: "Agentlik ilə "Microsoft Azərbaycan” şirkəti arasında uzun illər faydalı əməkdaşlıq mövcuddur və şirkət tərəfindən qaldırılan bir sıra problemli məsələlərin həllində yaxından kömək göstərilib. Bu əməkdaşlıq uğurlu nəticələr verməkdədir. Məsələn, bütün dövlət orqanlarında, ali və orta ixtisas təhsil müəssisələrində lisenziyalı proqram təminatından istifadəni təmin etmək üçün Agentliyin öz səlahiyyətləri çərçivəsində aidiyyəti dövlət orqanları ilə müvafiq işlər aparılıb və qeyd edilən qurumlarda lisenziyalı proqram təminatından istifadə təmin edilib. "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun tələblərinə uyğun olaraq əqli mülkiyyət məhsulları bazarına çıxarılan malların qanunauyğunluğunu təsdiqləyən nəzarət markalarının tətbiqinə başlanılıb, dövlət qurumlarında tam lisenziyalı proqram təminatına keçid təmin edilib və digər antipirat tədbirləri həyata keçirilib. Bütün bunların nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə xeyli aşağı düşüb”.
MHA bəzi beynəlxalq təşkilatların, xüsusən də BSA-nın Azərbaycanda kompüter təminatı sahəsində piratçılığın səviyyəsinin 84% olması barədə açıqladığı rəqəmin həqiqəti əks etdirmədiyini bildirir: "Əslində bu sahədə piratçılığın səviyyəsinin həmin rəqəmdən çox aşağı olduğu dəlillərlə sübuta yetirilib. Gələcəkdə belə hesabatlar hazırlanarkən bu sahədə fəaliyyət göstərən qurumların verdikləri məlumatların əsas götürülməsi diqqətə çatdırılıb”. MHA-dan bildirildiyinə görə, müəlliflərin (hüquq sahiblərinin) pozulmuş müəlliflik hüquqları ilə bağlı sorğularını cavablandırmaq üçün Agentlikdə 960 nömrəli "Qaynar xətt” və ictimai əsaslarla "Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Agentliyin elektron poçtuna, facebook səhifəsinə, "Hüquq məsləhətxanası”na və "Qaynar xətt”ə pozulmuş müəlliflik hüquqları ilə bağlı daxil olan hər bir müraciət və sorğu operativ şəkildə cavablandırılır, müraciətdə qaldırılan məsələ barədə ətraflı məlumat verilir, məsələnin həlli yolları izah edilir və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir: "Pozulmuş müəlliflik hüquqları ilə bağlı Agentliyə daxil olmuş yazılı müraciət müvafiq qaydada araşdırılır. Bu məqsədlə müəllif (hüquq sahibi) əsərin, o cümlədən proqram təminatının və pirat ehtimal edilən əsərin, o cümlədən proqram təminatının nüsxələrini Agentliyə təqdim etməlidir. Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və piratçılıq faktının olub-olmaması barədə rəy hazırlanaraq müəllifə (hüquq sahibinə) təqdim edilir. Eyni zamanda, piratçılıqda təqsirləndirilən tərəf Agentliyə dəvət edılir, müəllifin (hüquq sahibinin) müraciəti barədə məlumatlandırılır, ondan müraciətdə qaldırılan məsələ barədə izahat alınır. Bundan başqa, məsələyə müəllifin (hüquq sahibinin) iddiası əsasında qanunvericiliyə uyğun qaydada məhkəmə qaydasında baxıldığı halda, Agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir”.
Göründüyü kimi, ölkəmiz piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biri olsa da, problem qalmaqdadır. Digər tərəfdən, ekspertlərin dediyi kimi, əgər proqram təminatı sənayesinin inkişafı yeni cəlbedici, yüksəködənişli və yüksəktexnoloji iş yerlərinin yaradılmasını stimullaşdırır, dövlətin gəlirlərini və bütün iqtisadi fəaliyyət sahələrində keyfiyyət və effektivliyi artırırsa, onda problemə niyə daha çox diqqət yetirilməsin?
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər