• cümə, 19 Aprel, 02:49
  • Baku Bakı 18°C

“Komissiyanın yaradılması olduqca zəruri idi” - Fotolar

14.06.17 11:00 4907
“Komissiyanın yaradılması olduqca zəruri idi” - Fotolar
Prezident İlham Əliyev "Soyqırımı Memorial Kompleksi”ndəki mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı Memorial Kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. İyunun 9-da həmin komissiya üzvlərinin iştirakı ilə "Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxılıb, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Memorial Kompleks ziyarət olunub, problemlə bağlı Quba Rayon İcra Hakimiyyətində iclas keçirilib. Kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyət, bununla əlaqədar aparılan müzakirələr, atılacaq addımlarla bağlı "Kaspi”nin suallarını komissiyanın üzvü, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıcavablandırır.

- Mübariz müəllim, öncə bu kompleksin Azərbaycan tarixi və xalqı üçün əhəmiyyəti barədə fikrinizi öyrənmək istərdik.
- Biz tariximizdə baş verən hadisələr barədə həqiqətləri daim öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimiz, bütövlükdə ölkəmizə qarşı törədilən haqsızlıqlar, təcavüzkarlıqlar, eyni zamanda, əldə edilən uğurlar barədə çox obyektiv tədqiqatlar aparılıb. Bəllidir ki, müstəqil olmayan xalqın tarixi də müstəqil ola bilməz. Hansısa bir xalq müstəqil olmadıqda, onun tarixi özü tərəfindən deyil, həmin xalqı himayə edənlər tərəfindən yazılır. Buna görə də dövlət müstəqilliyimiz ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqının tarixi nailiyyətidir. Bu nailiyyət içərisində keçdiyimiz tarixi yolu da dəqiq şəkildə öyrənərək, təhlil edərək xalqımıza çatdıra bilirik. Xalqımıza qarşı törədilmiş olan soyqırımılar, vəhşiliklər, işğallar və sair tarixi hadisələrin də geniş şəkildə öyrənilməsinə, tədqiq edilməsinə, tanıdılmasına ehtiyac var. Vaxtilə ulu öndər Heydər Əliyevin, eləcə də dövlət başçısı İlham Əliyevin birbaşa tapşırıqları ilə bu istiqamətdə bir sıra işlər görülüb, araşdırmalar nəticəsində bir sıra faktlar üzə çıxarılıb. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər araşdırılıb, çoxsaylı tədqiqat əsərləri, kitablar ortaya qoyulub. İndi də bu proses davam etdirilməlidir. 1918-ci ilin 31 mart soyqırımı ermənilər azərbaycanlılara qarşı tətbiq etdiyi soyqırımı siyasətinə daha bir nümunədir. Quba rayonu ərazisindəki "Soyqırımı Memorial Kompleksi” də bu tarixi faciənin, erməni vəhşiliyinin öyrənilməsi, geniş dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət daşıyır.

- Son vaxtlar kompleksin məzarlıq hissəsindəki vəziyyətin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb.
- Məlumdur ki, 2007-ci il aprelin 1-də Quba ərazisində torpaq işləri görülərkən kütləvi insan məzarlığı aşkar edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, erməni vəhşiliyinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində kütləvi məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Beləliklə aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi iləQuba şəhərində "Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımıMehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər. Buradakı muzeydə erməni vəhşiliyi mühüm sənədlər əsasında xarici və yerli qonaqlara nümayiş etdirilir. Eyni zamanda, orada sənədli filmlər də göstərilir. Həmin muzeyi minlərlə insan ziyarət edib. Muzeylə bərabər, ərazidə kütləvi insan cəsədlərinin qalıqları kompleksin digər ərazisində olduğu kimi ziyarətçilərə nümayiş etdirilir. Son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunub. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sənədə əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib. Komissiyaya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Prezident Administrasiyasına təqdim etməsi həvalə olunub. Düşünürəm ki, komissiya kompleks ərazisində özünü göstərən problemin öyrənilməsi, həmin problemin aradan qaldırılması istiqamətində atılacaq addımların müəyyən edilməsində mühüm rol oynayacaq.

- Komissiyanın üzvü kimi kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyətlə yerindəcə tanış oldunuz. Bilmək istərdik, orada özünü göstərən əsas problem nədən ibarətdir?
- Kompleksin ərazisindəki toplu məzarlıq xüsusi tikili altındadır. Bu ərazinin yaxınlığından su arxının keçməsi, rütubətin yaranması oradakı sümüklərin deformasiyaya uğraması təhlükəsini yaradıb. Biz komissiya üzvləri vəziyyətlə yerində tanış olduq, ardınca Quba Rayon İcra Hakimiyyətində bununla bağlı iclas keçirdik. İclasda problem geniş müzakirə olundu, müxtəlif təkliflər səsləndirildi. Yekun qərar bundan ibarət oldu ki, insan cəsədlərinin qalıqları xüsusi şüşədən hazırlanmış bir vasitə arxasında saxlanılsın, nümayiş etdirilsin. Bununla da, hər hansı təbiət hadisəsi nəticəsində onlara zərər dəyməsinin qarşısı alınsın. Müzakirələrdə komissiya üzvləri ilə yanaşı, mütəxəssislər də iştirak edirdilər. Belə qərara gəlindi ki, komissiyanın ilk iclası, hadisə yerinə baxışı və müzakirələr nəticəsində əldə olunan nəticələr ümumiləşdirilsin, komissiyanın adından dövlət başçısına məruzə olunsun. Bundan sonra həmin ərazinin mühafizəsi və gələcək nəsillərə çatdırılması üçün müvafiq tədbirlər görülsün. Komissiya üzvü kimi mən də oradakı müzakirələrdə fikrimi səsləndirdim. Prosesə dini baxımdan, İslami dəyərlər çərçivəsində yanaşma da ortaya qoyuldu. Ümumi fikir belədir ki, üzdə olan və erməni vəhşiliklərini əyani şəkildə nümayiş etdirən toplu məzarlıq, cəsəd qalıqları qorunmaq şərtilə olduğu kimi saxlanılsın. Düşünürəm ki, komissiyanın yaradılması, orada müşahidə edilən vəziyyətin araşdırılması və nəticə etibarilə problemin aradan qaldırılması istiqamətində addımların atılması olduqca zəruri idi.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər