“Komissiyanın yaradılması olduqca zəruri idi” - Fotolar
Prezident İlham Əliyev "Soyqırımı Memorial Kompleksi”ndəki
mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə
müvafiq tapşırıq verib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı Memorial
Kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən,
kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq
təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın
sədri təyin edilib. İyunun 9-da həmin komissiya üzvlərinin iştirakı ilə
"Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və
sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxılıb, Heydər Əliyev Fondunun dəstəyi
ilə yaradılan Memorial Kompleks ziyarət olunub, problemlə bağlı Quba Rayon İcra
Hakimiyyətində iclas keçirilib. Kompleksin məzarlıq hissəsində yaranmış mövcud
vəziyyət, bununla əlaqədar aparılan müzakirələr, atılacaq addımlarla bağlı
"Kaspi”nin suallarını komissiyanın üzvü,
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıcavablandırır.
- Mübariz müəllim,
öncə bu kompleksin Azərbaycan tarixi və xalqı üçün əhəmiyyəti barədə fikrinizi
öyrənmək istərdik.
- Biz tariximizdə baş verən hadisələr barədə həqiqətləri
daim öyrənməli, gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra tarixi keçmişimiz, bütövlükdə ölkəmizə qarşı törədilən
haqsızlıqlar, təcavüzkarlıqlar, eyni zamanda, əldə edilən uğurlar barədə çox
obyektiv tədqiqatlar aparılıb. Bəllidir ki, müstəqil olmayan xalqın tarixi də
müstəqil ola bilməz. Hansısa bir xalq müstəqil olmadıqda, onun tarixi özü tərəfindən
deyil, həmin xalqı himayə edənlər tərəfindən yazılır. Buna görə də dövlət müstəqilliyimiz
ulu öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqının
tarixi nailiyyətidir. Bu nailiyyət içərisində keçdiyimiz tarixi yolu da dəqiq şəkildə
öyrənərək, təhlil edərək xalqımıza çatdıra bilirik. Xalqımıza qarşı törədilmiş
olan soyqırımılar, vəhşiliklər, işğallar və sair tarixi hadisələrin də geniş şəkildə
öyrənilməsinə, tədqiq edilməsinə, tanıdılmasına ehtiyac var. Vaxtilə ulu öndər
Heydər Əliyevin, eləcə də dövlət başçısı İlham Əliyevin birbaşa tapşırıqları ilə
bu istiqamətdə bir sıra işlər görülüb, araşdırmalar nəticəsində bir sıra
faktlar üzə çıxarılıb. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər
araşdırılıb, çoxsaylı tədqiqat əsərləri, kitablar ortaya qoyulub. İndi də bu
proses davam etdirilməlidir. 1918-ci ilin 31 mart soyqırımı ermənilər azərbaycanlılara
qarşı tətbiq etdiyi soyqırımı siyasətinə daha bir nümunədir. Quba rayonu ərazisindəki
"Soyqırımı Memorial Kompleksi” də bu tarixi faciənin, erməni vəhşiliyinin öyrənilməsi,
geniş dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət
daşıyır.
- Son vaxtlar
kompleksin məzarlıq hissəsindəki vəziyyətin araşdırılması və görüləcək işlər
barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb.
- Məlumdur ki, 2007-ci il aprelin 1-də Quba ərazisində
torpaq işləri görülərkən kütləvi insan məzarlığı aşkar edilib. Prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq, erməni vəhşiliyinin araşdırılması və dünya
ictimaiyyətinə çatdırılması məqsədilə 2007-ci ilin iyulundan etibarən Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin
sentyabrında tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində kütləvi məzarlığın
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı
olduğu müəyyən edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba
rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər
planı” təsdiq edilib. Beləliklə aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə
monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara
alınıb. 30 dekabr 2009-cu ildə Prezident İlham
Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz
siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin
milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi
iləQuba şəhərində "Soyqırımı
Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb. 2013-cü il
sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımıMehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi
ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər.
Buradakı muzeydə erməni vəhşiliyi mühüm sənədlər əsasında xarici və yerli
qonaqlara nümayiş etdirilir. Eyni zamanda, orada sənədli filmlər də göstərilir.
Həmin muzeyi minlərlə insan ziyarət edib. Muzeylə bərabər, ərazidə kütləvi
insan cəsədlərinin qalıqları kompleksin digər ərazisində olduğu kimi ziyarətçilərə
nümayiş etdirilir. Son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə
açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi,
torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunub.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin
araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq
tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sənədə əsasən,
kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq
təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın
sədri təyin edilib. Komissiyaya araşdırmanın nəticələri və görüləcək işlər barədə
təkliflərini bir ay müddətində Prezident Administrasiyasına təqdim etməsi həvalə
olunub. Düşünürəm ki, komissiya kompleks ərazisində özünü göstərən problemin
öyrənilməsi, həmin problemin aradan qaldırılması istiqamətində atılacaq
addımların müəyyən edilməsində mühüm rol oynayacaq.
-
Komissiyanın üzvü kimi kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyətlə
yerindəcə tanış oldunuz. Bilmək istərdik, orada özünü göstərən əsas problem nədən
ibarətdir?
- Kompleksin ərazisindəki toplu məzarlıq xüsusi
tikili altındadır. Bu ərazinin yaxınlığından su arxının keçməsi, rütubətin
yaranması oradakı sümüklərin deformasiyaya uğraması təhlükəsini yaradıb. Biz komissiya
üzvləri vəziyyətlə yerində tanış olduq, ardınca Quba Rayon İcra Hakimiyyətində
bununla bağlı iclas keçirdik. İclasda problem geniş müzakirə olundu, müxtəlif təkliflər
səsləndirildi. Yekun qərar bundan ibarət oldu ki, insan cəsədlərinin qalıqları
xüsusi şüşədən hazırlanmış bir vasitə arxasında saxlanılsın, nümayiş
etdirilsin. Bununla da, hər hansı təbiət hadisəsi nəticəsində onlara zərər dəyməsinin
qarşısı alınsın. Müzakirələrdə komissiya üzvləri ilə yanaşı, mütəxəssislər də
iştirak edirdilər. Belə qərara gəlindi ki, komissiyanın ilk iclası, hadisə
yerinə baxışı və müzakirələr nəticəsində əldə olunan nəticələr ümumiləşdirilsin,
komissiyanın adından dövlət başçısına məruzə olunsun. Bundan sonra həmin ərazinin
mühafizəsi və gələcək nəsillərə çatdırılması üçün müvafiq tədbirlər görülsün.
Komissiya üzvü kimi mən də oradakı müzakirələrdə fikrimi səsləndirdim. Prosesə
dini baxımdan, İslami dəyərlər çərçivəsində yanaşma da ortaya qoyuldu. Ümumi
fikir belədir ki, üzdə olan və erməni vəhşiliklərini əyani şəkildə nümayiş
etdirən toplu məzarlıq, cəsəd qalıqları qorunmaq şərtilə olduğu kimi
saxlanılsın. Düşünürəm ki, komissiyanın yaradılması, orada müşahidə edilən vəziyyətin
araşdırılması və nəticə etibarilə problemin aradan qaldırılması istiqamətində
addımların atılması olduqca zəruri idi.
Rufik
İSMAYILOV