• cümə, 29 Mart, 04:39
  • Baku Bakı 7°C

Kollektivlə, yoxsa fərdi işləməli? - Polemika

16.04.16 10:03 7074
Kollektivlə, yoxsa fərdi işləməli? - Polemika
Deyirlər “iş insanın cövhəridir”, yaxud “işləməyən dişləməz”. Ümumiyyətlə, iş haqqında aforizmləri saymaqla bitməz. Lakin işdə uğur qazanmaq, gördüyün işlə təkcə özünə yox, həm də cəmiyyətə faydalı olmaq heç də həmişə asan başa gəlmir. Sıfırdan başlayıb böyük şirkətlərin sahibi olan, karyerasında böyük uğurlar əldə etmiş insanlar iş haqqında müxtəlif fikirlərə sahibdirlər. Bəziləri qazandığı böyük nailiyyətləri çalışdığı şirkətin, yaxud həmkarlarının birgə - kollektiv uğuru, digərləri isə təkcə öz zəhmətinin bəhrəsi hesab edir. Bəs gənclərimiz necə düşünürlər? Uğura gedən yol fərdi zəhmətdən, yoxsa kollektivin birgə işindən keçir?
Birgə iş həm keyfiyyətli, həm də maraqlı olur
Ülviyyə Alıxanova, ictimai fəal
Ülviyyə fikirləşir ki, kollektivlə birgə işləmək daha əlverişlidir. Çünki birgə fəaliyyət hər zaman daha məhsuldar olur. Müsahibimiz deyir ki, kollektiv şəkildə işlədiyin zaman daha məsuliyyətli olmalısan. Çünki komandanın digər üzvlərini öz məsuliyyətsizliyinin qurbanı etmək haqsızlıqdır: “Hesab edirəm ki, kollektiv şəkildə işləmək hər zaman daha yaxşıdır. Düzdür, bəzən xasiyyətimə və təcrübələrimə əsaslanaraq işdən boyun qaçıran insanlara qarşı dözümsüz ola bilirəm. Ona görə də bəzən fərdi işləməyə çalışıram. Amma ümumilikdə komanda şəklində işləməyi doğru hesab edirəm. Təbii ki, bu, daha çox komanda üzvlərinin necə olmağından asılıdır. Hesab edirəm ki, qrup şəklində görülən işin müsbət tərəfləri çox olur”.
Həmsöhbətimiz öz başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Məsələn, mən elə öz başıma gələndən deyim. Ekologiyaya aid layihə həyata keçirirdik. Birgə olacağım qrupun üzvləri ilə tanış deyildim. Layihənin gedişatı zamanı özümdə bu günə qədər bilmədiyim xasiyyətlərimi, davranışlarımı kəşf etdim. Komanda üzvlərindən də bilərək və ya bilməyərəkdən nələrsə öyrənirsən. Komanda üzvləri ilə öhdəliklər düzgün bölüşdürülürsə, ortaya qoyduğunuz iş həm keyfiyyətli, həm də maraqlı olur. Həm də zaman baxımından da qazanmış olursunuz. Komandada iş zamanı əsas işi bir nəfərin görməyi düzgün deyil təbii ki. Elə problemlər də buradan başlayır. Buna görə də maksimum dərəcədə komanda üzvləri ilə dil tapmalısan. Başa düşməyən insan yoxdur, sadəcə, biz başa sala bilmirik. Mənim gördüyüm iş komandamın adına yazılırsa, bu məndə problem yaratmaz. Komandam deyib mənimsəyirəmsə, deməli, əvvəlcədən razılaşmışıq. Həm də ola bilər komanda üzvləri arasında o işi təkcə mən bacarırammış. Onlar da yəqin ki, iş prosesində mənə motivasiya veriblər. Tək şəkildə işləməyi sevirəm. Amma bu heç də uğurlu olmur. Bəzən hətta çətin də gəlir. Amma düşünəndə komanda işi mənə hər mənada çox şey qazandırır, bu zaman bu buna dəyər deyə düşünürəm”.
Kollektiv iş rəqabət formalaşdırır
Orxan Əzimov, fotoqraf

Orxan da Ülviyyə ilə həmfikirdir. O da fikirləşir ki, kollektiv fəaliyyət daha əlverişli və gəlirlidir: “Ümumiyyətlə, kollektivin gördüyü iş tək görülən işdən daha effektlidir. Bu baxımdan onun bir çox müsbət tərəflərini sadalaya bilərəm. Onlardan ən vacib olanı isə işin daha tez və rahat görülməsidir. Çünki kollektivdə hər kəs əlindən gələni etməyə çalışır. Bu, komanda işi olduğu üçün hər kəs istəyir ki, öz komandası digərlərindən daha üstün olsun. Burada həmçinin rəqabət keyfiyyəti də formalaşır. Rəqabət isə hər zaman keyfiyyəti artırır”.
Həmsöhbətimiz deyir ki, kollektiv fəaliyyət hər zaman uğurlu alına bilməz: “Komanda işinin mənfi cəhətləri də var. Bunlardan ən mühüm olanı isə iş vaxtı kollektivin üzə çıxan boşluqları olur. Burada isə ayrıca heç kəsi günahlandıra bilməzsən. Komanda şəklində görülən işin uğuru komandanın adına yazıldığı kimi, uğursuzluğu da bütün fəaliyyəti heç edə bilər. Fərq etməz, sən daha çox iş görmüsən, yaxud daha az. Əsas odur ortada nəticə var. Fərdi işləməyə gəldikdə isə, hesab edirəm ki, tək işləmək nə asan, nə də çətindir”.
Komanda işində haqsızlıq olur
Şəfa Dadaşova, tələbə

Şəfa isə Ülviyyədən fərqli olaraq, fikirləşir ki, fərdi iş hər zaman faydalıdır. Çünki bütün məsuliyyət sənin üzərində olduğuna görə özün öz işinə daha məsuliyyətli olursan. Qazandığın uğur da sənin olur. Müsahibimiz deyir ki, hətta əksi olsa belə, sən təcrübə qazanmış olursan və gələn dəfə o səhvləri etmirsən: “Fərqi yoxdur, hansı mövzu olursa- olsun, mən qrupla yox, tək işləməyi sevirəm. Təbii ki, əgər seçim məndən asılıdırsa, mən tək işləməyə üstünlük verərəm. Çünki fikirləşirəm ki, qrupla işləmək çətindir. Xüsusilə də qrup tanımadığın adamlardan ibarət olanda. Qrup daxilində hər kəsin öz işi olmalıdır. Yəni düzgün iş bölgüsü aparılmalıdır. Amma buna baxmayaraq, bəzi insanlar var ki, öhdələrinə düşən işi yerinə yetirmək istəmirlər. Bununla da digərləri ya məcbur qalıb onun da işini görməli olur, ya da onun ucbatından iş yarımçıq qalır”.
Müsahibimiz deyir ki, kollektiv işin təkcə mənfi tərəflərini sadalamaq yanlış olar. Birgə fəaliyyətin, çox nadir halda olsa belə, bəzən müsbət tərəfləri də olur. Müsbət tərəfləri odur ki, görülən iş bir komanda məhsulu olur. Hər kəs bu komanda daxilində ən yaxşı bildiyi işi edir. Bu da işin keyfiyyətini artırır. Eyni zamanda, insanlara zaman baxımından üstünlük yaradır. Hər kəs bir işin öhdəsindən gəlir və geriyə sadəcə olaraq onu birləşdirmək qalır. Bundan başqa, deyə bilərəm ki, qrupda bir lider olmalıdır və o, əsas göstərişləri verməlidir. Lakin kollektivdə məsuliyyətsiz insanlar bəzən işlərini vaxtında görmürlər. Bu da digərlərinin çalışmasına baxmayaraq, onlara mane olur. Bir növ onları ayağından geri çəkir. Qrupla işləməyi qəbul edərkən bunu da qəbul etməyə məcbur olursan. Çünki nə iş gördüyünü sən bilsən də, təqdim etdiyin şəxslər bilməyə bilər. Kollektiv işin ən mənfi tərəfi odur ki, uğur qazandığın zaman əsas işi öhdəsinə götürənin də payı olur, heç bir iş görməyənin də. Hesab edirəm ki, bu, bir qədər haqsızlıqdır. Komanda olaraq çalışmağı qəbul edirsənsə, bu haqsızlığa da göz yummalısan. Elə çox vaxt qruplarda buna görə problemlər çıxır. Ən adi nümunə kimi musiqi qruplarını misal çəkmək olar. Adətən qrupun tərkibində bir nəfər daha çox istedadlı olur. İnsanların daha çox diqqətini çəkir. Artıq bunu hiss etdiyi zaman solo fəaliyyətə başlamaq istəyir. Çünki əldə etdiyi uğurların özünə aid olmasını istəyir, qrupa yox. Əslində əvvəl qrup olaraq çalışmağı daha çox sevirdim. Lakin bir neçə dəfə gördüm ki, qrup olanda istər-istəməz səndən asılı olmayan səbəblərlə bağlı haqqın tapdalanır. Bəzən daha çox çalışmağına baxmayaraq, geridə qalan sən olursan. Ona görə də çətin də olsa, tək daha yaxşı olur. Ən azından çəkdiyin əziyyətə dəyir və işinin yeganə sahibi sən olursan”.

Şəbnəm Mehdizadə
Polemika">

banner

Oxşar Xəbərlər